Rəşad Məcidin
statusları və SMS dünyası
Yaxud Sosial Şəbəkə
Ədəbiyyatına Giriş
Bugünlərdə "Qanun" nəşriyyatında
şair-publisist Rəşad Məcidin "Qələmsiz
yazılanlar" adlı yeni kitabı işıq üzü
görüb.
Müəllifin son 10 ildə yazdığı
status-esseler və SMS-esselərin toplandığı kitaba
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ön
söz yazıb.
Ön sözü oxuculara təqdim edirik.
Bir yaradıcı şəxsiyyət kimi orijinal bədii
əsərləri ilə və Azərbaycanda müstəqillik
dövrünün müstəqil qəzetini yaratmaq və
inkişaf etdirmək baxımından mətbuat sahəsindəki
böyük xidmətləri ilə Rəşad Məcid
özünü isbat etmiş, qəbul olunmuş
ziyalıdır. Azərbaycan cəmiyyəti Rəşad Məcidin
Baş redaktoru olduğu "525-ci qəzet"in əsasında
yeni tipli mətbuat məktəbi yaratdığını
etiraf etməkdədir. O, nisbətən az
yazmasına baxmayaraq, bədii yaradıcılıq sahəsində
də orijinal əsərləri ilə bənzərsiz bir ədəbiyyat
adamı olmasına heç kimsədə şübhə yeri
qoymamışdır. Vaxtilə Rəşad Məcidə
həsr etdiyim "Bütün yönləri ilə
yaradıcı" adlı kitabda (2014) yazdığım kimi,
lirika baxımından "Rəşad Məcid şeirlərində
dərin, zərif duyğularını, həyata və insana
baxışlarını tərənnüm etmir, elə bil
nağıl kimi danışır". Eyni
zamanda, Rəşad Məcid Azərbaycan ədəbiyyatına
"Roman" adlı ilk liro-epik poemanın müəllifi kimi
öz möhürünü vurmuşdur. Bundan
başqa, Rəşad Məcid "10 sentyabr" adlı hekayəsi
ilə böyük ənənəsi olan Azərbaycan hekayəçiliyinə
ciddi bir səhifə əlavə etməyi
bacarmışdır. Rəşad Məcidin
analitik təhlillə monoloqvari düşüncələrin
sintezindən yaranmış publisistikası da orijinallıq
nümunəsidir. Bir sözlə, o,
sözün əsl mənasında "bütün yönləri
ilə yaradıcı" olmaq missiyasını şərəflə
yerinə yetirmişdir.
Bütün
bunlarla bərabər, son illərdə Rəşad Məcidin
yaradıcılığında müşahidə olunan
yeniliklər ona aid edilən "bütün yönləri ilə
yaradıcı" anlayışındakı
"bütün" sözünün əhatə dairəsinə
yenidən baxmağı tələb edir. Əslində,
onun yaradıcılığında çatışmayan
dramaturgiyanın müəyyən əlamətləri
"Roman" adlandırdığı poemasında, yaxud
süjetli lirika nümunələrindən ibarət olan
"Dastan" qrupu şeirlərində müəyyən dərəcədə
ifadə olunmuşdur. Bu mənada o, hələlik
dram əsəri yazmasa da, bir qədər dramaturji məşq
keçmişdir. Onun süjetli
lirikasından dramaturji material toplamaq, səhnəciklər təşkil
etmək mümkündür. Lakin son on ildə
Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində
Rəşad Məcid tam yeni janrlara imza atmışdır.
"Status-esselər" və "sms-esselər"
adlandırdığı sosial şəbəkə
yazışmalarından ilk dəfə Rəşad Məcid
müstəqil janr kimi söz açmışdır. O,
"Qələmsiz yazılanlar" adı ilə "525-ci qəzet"də
oxuculara təqdim etdiyi yazılara ön sözündə tərəddüd
etmədən "bəlkə də bunlar da bir
janrdır" - deyə statusların və sms-lərin
müstəqil janr olması ehtimalını irəli
sürmüşdür. Rəşad Məcidin Nobel
mükafatı laureatı Orxan Pamukdan gətirdiyi mülahizələr
və görkəmli publisist Şirməmməd Hüseynovun
dilindən səsləndirdiyi "təzə janr" ifadəsi
ilə ədəbi mühitdə status və sms-lərin janr
olması barədə düşünməyin əsası
qoyulmuşdur. Bundan başqa, Rəşad Məcid
yarım ildən çox müddətdə hələ də
çapını davam etməkdə olduğu statusların və
sms-lərin konkret bir janr olmasını özünün təcrübəsində
praktik cəhətdən də nümayiş etdirir. Beləliklə,
Rəşad Məcidə aid edilən "bütün
yönləri ilə yaradıcı"
anlayışının əhatə dairəsi bir qədər
də genişlənmiş, bu ailəyə sosial şəbəkə
ədəbiyyatından gələn "status-esse" və
"sms-esse" kimi daha iki yeni janr da daxil olmuşdur.
Öncə, ilk dəfə Rəşad Məcidin Azərbaycan
mediasına gətirdiyi "qələmsiz yazılanlar"
anlayışına dair mülahizələrimi bildirmək istəyirəm. Əvvəla,
Azərbaycanda qələmsiz yazı üsulunun böyük
tarixi ənənəsi vardır. Fikrimcə,
məşhur Qobustan və Gəmiqaya qayaüstü rəsmləri
Azərbaycanda qələmsiz yazının ilk nümunələridir.
Məlum olduğu kimi, Azərbaycan
qayaüstü rəsm mədəniyyətində yazı
elementlərinin olduğu elmi fikrimizdə qəbul edilmiş
gerçəklikdir. Qobustan və Gəmiqaya
təsvirlərindəki piktoqramlar və damğalar Azərbaycan
yazı mədəniyyətinin bünövrəsini təşkil
edir. Hətta Azərbaycandakı
Qayaüstü mədəniyyət əsasında Gəmiqaya-Qobustan
əlifbası da tərtib edilmişdir. Bu
gün Rəşad Məcid tamam yeni bir müstəvidə
"qələmsiz yazı" anlayışını ədəbiyyatın
və mətbuatın gündəminə gətirməklə,
böyük bir qədim mədəniyyəti yenidən bərpa
etmiş olur. Nəinki indiki qələmsiz
yazılmış statusların və sms-lərin, hətta bir
çox hallarda sosial media şəbəkəsinin ilkin
funksiyasını ən qədim dövrlərdə Gəmiqaya
və Qobustan qayaüstü yazıları və rəsmləri
həyata keçirmişdir. Azərbaycanda
yazılı mətn, əlyazma kitab mədəniyyəti
meydana çıxanadək xalqımız özünün
fikirlərini qayaüstü rəsmlər və yazılarla
daşlara həkk etmişdir. Qobustan
düşərgəsindəki üstündə müxtəlif
təsvirlər və cizgilər əks olunmuş hər bir
böyük daşda ifadə edilən mətləblər
dövrün sosial şəbəkəsinin sözü kimi
öz dövründə oxunmuş, anlaşılmış, həmin
dövrün sözünü bizim günlərə qədər
gətirib çatdırmışdır. Gəmiqayadakı
Qobustanla müqayisədə kiçik olan yazılı
parça daşlar həmin tarixi mərhələnin
günümüzə qədər gəlib çatan
statusları və sms-ləridir. Sonralar bu
qədim mədəniyyət inkişaf edərək, artıq
yazının meydana gəldiyi Orxon-Yenisey mədəniyyəti
səviyyəsinə qalxmışdır. Məşhur
Orxon-Yenisey daş kitabələrindəki yazılı mətnlər
də, heç şübhəsiz, qələmlə deyil,
tişə ilə, yaxud ox ucları ilə yazılmış
örnəklərdir. Rəşad Məcidin
kəşf etdiyi "qələmsiz yazı" müasir Azərbaycan
mediasının Qobustan-Gəmiqayadan başlanıb,
Orxon-Yeniseylə inkişaf etmiş müasir dövrün
yazılı abidələri təəssüratı
yaradır. O zamankı daş çapacaq, dəmir
tişələri, yaxud ox ucları kimi yazı alətlərini
bu gün, Rəşad Məcidin zamanında kompüter
klaviaturası əvəz edir... Rəşad Məcidin
status-esseləri və sms-esseləri üçün Azərbaycan
folklorunun şifahi yolla qələmsiz yaranıb inkişaf
etmiş şifahi xalq ədəbiyyat nümunələri də
çox zəngin mənbədir. Bunlar o deməkdir ki, bu
gün Rəşad Məcidin Azərbaycan ədəbiyyatına
və mətbuatına gətirdiyi "qələmsiz
yazılar" ölkəmizdə tarixi ənənəsi olan,
uzun inkişaf yolu keçmiş böyük bir yazılı
mədəniyyətin yeni tarixi epoxadakı müasir vasitələrlə
ifadə edilən örnəkləridir. Rəşad
Məcid "Qələmsiz yazılanlar" silsiləsi ilə
qədim və böyük qələmsiz yazı mədəniyyəti
epoxasının ənənələrinin ölməzliyini, əbədiliyini
və müasirliyini bir daha təsdiq etmişdir.
Rəşad
Məcidin "qələmsiz yazılanlar"ı iki qismə
ayrılır: status-esselər; sms-esselər. Qeyd
edək ki, bu janrların təyinatını Rəşad Məcid
özü müəyyən etmişdir. Həqiqətən
də, həm statuslarda, həm də xüsusən sms-lərdə
esse janrının əlamətləri vardır. Esse janrına məxsus emosional düşüncə
və mənsur şeir əlamətləri, Rəşad Məcidin
statusları və sms-lərindəki bədiilik ünsürləri
onun jurnalistliyindən çox, şairliyindən irəli gəlir.
Əlbəttə, Rəşad Məcidin sosial
şəbəkə yazılarında publisistikanın
xüsusi yeri vardır. Status və sms-lərin
ideya-mövzu cəhətdən gündəmə aid olması,
cəmiyyətdə baş vermiş hadisələrlə səsləşməsi,
aktuallığı və müasirliyi publisistika ilə
üzvi surətdə əlaqədardır. Rəşad Məcidin statusları və sms-ləri
müasir dövrün yazıçı müşahidəsinin,
şair hissiyyatının və publisist müasirliyinin əsasında
yaranmış orijinal sosial şəbəkə ədəbiyyatıdır.
Sosial mediada sonsuz sayda sms-lər və statuslar yazanların
içərisində ilk olaraq həmin janrlarda
yazılmış "əsərlərini" ədəbi-ictimai
mühitin diqqətinə təqdim etməsi ilə Rəşad
Məcid bu yeni tipli ədəbiyyatın əsas yaradıcılarından
biri olduğunu bəyan edir. Bu, həm də ədəbi
mühitdə artıq konkret bir anlayış kimi qəbul
olunmuş "internet ədəbiyyatı"nın
sosial şəbəkələr vasitəsilə yayımlanan
şeir və hekayələrindən başqa, həm də
öz janrlarının da olduğunu isbata çatdırmaq deməkdir.
İnternet dili ilə desək, sms-lər və
statuslar sosial şəbəkə ədəbiyyatında Rəşad
Məcidin profili kimi meydana çıxır.
"Qələmsiz yazılanlar"dakı mülahizələrindən
görünür ki, Rəşad Məcid bədii-publisist
yaradıcılığı ilə birlikdə elektron mediaya
da yüksək tələbkarlıqla yanaşır. Rəşad Məcidin
"qəzetini göstər, sənin kim
olduğunu deyim" aforizmi mətbuat sahəsində öz məktəbini
yaratmış Baş redaktorun jurnalistikada özünəinamını
ifadə edirsə, "saytını göstər, sənin
kim olduğunu deyim" qənaəti də onun eyni dərəcədə
müasir elektron mediaya məsuliyyətli münasibətini nəzərə
çarpdırır. "Qələmsiz yazılanlar" məkanının
əsas ünvanları olan Feysbuk və İnstaqram
haqqındakı qənaətləri onun artıq sadəcə
"istifadəçi" qismində deyil, yaradıcı
statusunda elektron mətbuatın və ədəbiyyatın
içində olduğunu, özünü həmin mühitdən
kənarda təsəvvür etməsinin
mümkünsüzlüyünü göstərir. Yazıçı öz əsərini çap etdirmək
üçün münasib qəzet, jurnal və nəşriyyat
seçdiyi kimi, Rəşad Məcid də statuslarını
və sms-lərini yerləşdirmək məqsədilə
elektron medianı süzgəcdən keçirib, özünə
uyğun olan məkanı müəyyənləşdirir.
Onun fikrincə, İnstaqram "ağız deyəni
qulaq eşitməyən xaotik bir məkan", yaxud "hər
cür xırdavatın, kimin nəyi var, satışa
çıxardığı "talkuçka" kimi
"ciddi ədəbiyyat və publisistika üçün
münasib olmayan, yaramayan elektron mətbuat sahəsidir. Mülahizələrindən görünür ki,
elektron medianın Feysbuk məkanı Rəşad Məcidin
sosial şəbəkədən tələb etdiyi xüsusiyyətlərə
nisbətən daha çox cavab verən status
meydanıdır. İnstaqramı "düzəlməsi
imkansız görünən" internet mediası hesab edən
Rəşad Məcid Feysbuku sərbəst düşüncə
üçün nisbətən səviyyəli və tədricən
təkmilləşmək imkanları olan virtual
düşüncə məkanı kimi dəyərləndirməklə
ayıq-sayıq olmaqla ədəbi-ictimai fikrin bu məkana diqqət
yetirməsini münasib sayır: "Feysbuk isə
bütün əyər-əskiklərinə baxmayaraq, düzələsi,
normal virtual düşüncə mübadiləsi mərkəzinə
çevrilməsi mümkün olan bir məkandır. Siyasi maraqlar, məqsədli şərləyici
qruplar - trollar, bəsit fikirlər daha çox meydan sulasa da,
Feysbukda ciddi, səviyyəli və istedadlı adamların da səsi
eşidilir, sözü diqqəti cəlb edir. Düzdür, burada da ...narazıların ürəyini
boşaltması, uğursuzların kin-küdurət
püskürməsi, içinin xıltını tökməsi
üçün əlverişli, münasib şərait var.
Bir çoxlarının reallaşmayan arzularından doğan
qəzəbi, uğur qazananlara qısqanclığı burada
da aydın hiss olunur. Bununla belə,
Feysbukda maraqlı və fərqli fikirlər söyləyən
səhifələr, real profillər, millət vəkilləri,
siyasi xadimlər, yaradıcı adamlar, ziyalılar var və
get-gedə onların üstünlüyü
görünür".
Bununla belə, Rəşad Məcid canlı elektron ekran
və ya açıq mikrofon kimi çox geniş imkanlara malik
olan sosial şəbəkələrin yarada biləcəyi
çətinlikləri və ondan istifadə edənlərin
ayıq və məsuliyyətli olmasının zəruriliyini
də diqqət mərkəzinə çəkir. Belə məqamlarda onun
statusları həyəcan təbili çalır, XXI əsrin
qlobal çağırışlarına çevrilir:
"Yalnız bizə aid olması ilə
öyündüyümüz duyğular - insan hissləri,
ürəyimizin hökmü, qəlbimizin istəyi təhlükədədir.
Süni intellekt və kompüter alqoritmləri,
texnologiyalar o həddə çatıb ki, beyindəki neyronlar
vasitəsilə insan hisslərini idarə etməyə
qadirdir.
...Alqoritmlər neyronlar vasitəsilə sizin hisslərinizi idarə
edəcək, ürəyinizin hökmünü dəqiqləşdirəcək.
Nə yeməlisiniz, kiminlə evlənməlisiniz,
hansı partiyaya səs verməlisiniz... - hamısını
sizin yerinizə müəyyənləşdirəcək".
Fikrimcə, belə ayıq-sayıq mövqe əsl vətəndaş
yazıçının, cəmiyyət qarşısında məsuliyyətini
dərk edən vətəndaşın mənəvi borcundan
doğan addımdır. Elektron şəbəkə
materiallarından görünür ki, Rəşad Məcid XXI
əsrin sosial şəbəkə mediasını sağlam məcraya
doğru istiqamətləndirmək üçün onun öz
dilində danışmaqla, zəruri maarifçilik işi
aparmaqla müasir dövrün yazıçı-vətəndaş
missiyasını ləyaqətlə yerinə yetirir. Rəşad Məcidin Feysbuk səhifələrində
elan etdiyi şeir müsabiqələri də həm elektron
şəbəkə ədəbiyyatını inkişaf etdirməyə,
həm də informasiya cəmiyyətini
sağlamlaşdırmağa hesablanmış əhəmiyyətli
addımlardır.
Beləliklə, Rəşad Məcid yeni Zamanın
elektron mediasının geniş virtual məkanının
obyektiv mənzərəsini canlandırmışdır. Bu, elektron
media məkanının ədəbi fikir üçün nə
qədər münasib olduğunu müəyyən etməkdən
başqa, həm də onlayn ədəbiyyatın virtual
mühitdəki funksiyasına da işıq salır. Bu mənada Rəşad Məcidin statusları və
sms-ləri mürəkkəb elektron media məkanını
aydınlatmağa - durultmağa xidmət edən ədəbi-publisist
nümunələrdir. Həyatımızda
mövcudluğu qəbul olunan, geriyə
qayıdışı mümkün olmayan yeni əsrin elektron
media məkanını aydınlatmağa xidmət etmək nəticə
etibarilə müasir dövrün ədəbiyyatı və mətbuatını
formalaşdırmaq, inkişaf etdirmək vəzifələrinin
məsuliyyətini çiyinlərində hiss etmək deməkdir.
On ildən çox dövr ərzində
ardıcıl olaraq elektron mediada statusları və sms-ləri
ilə iştirak etməklə Rəşad Məcid yeni
dövrün ədəbiyyat və mətbuatının normal
inkişafı uğrunda mübariz bir profil nümayiş
etdirir. Bu, "525-ci qəzet"i yaratmaqla
ölkəmizdə müstəqil mətbuatın alternativi
olmayan nümunəsini meydana qoyan Rəşad Məcidin Feysbuk
kimi qatmaqarışıq bir virtual məkanın təkmilləşdirilməsi,
sağlam məcraya yönəldilməsi yolundakı səylərini,
yaradıcılıq təşəbbüslərini, həyəcanlarını
təsəvvür etməyə imkan yaradır. Fasiləsiz olaraq Feysbuk "səhifələrində"
cəmiyyətə təqdim etdiyi statuslar və sms-lər həm
də belə bir çətin və şərəfli
missiyanı yerinə yetirir. Beləliklə,
sosial şəbəkə ədəbiyyatı örnəkləri
kimi statusları və sms-lərini oxuculara çatdıran Rəşad
Məcid üçün Feysbuk müasir mətbuat və ədəbiyyatı
yeni bədii-publisist vasitələrlə inkişaf etdirmək
platformasıdır. Bu, Feysbuk istifadəçisi
olan başqa yaradıcı insanlar üçün və
ümumiyyətlə, bütün istifadəçilərdən
ötrü də əsl nümunədir.
Oxuculara təqdim olunan "Qələmsiz
yazılanlar"a daxil olan yazılar "status-esselər"
və "sms-esselər" kimi iki hissəyə ayrılsa
da, onların arasında daxili bir əlaqə vardır. Status-esselər
müəyyən ideya-məzmuna malik olan qısa mətnlərdir.
Statuslar Rəşad Məcidin cəmiyyət
hadisələrinə, ədəbi mühitə və insana
baxışının mahiyyətini ümumiləşdirilmiş
şəkildə ifadə edən profillərdir. Bunlar, sanki Feysbuk "kitabxanasında" Rəşad
Məcidin sms-lərinin adlarıdır. Nəhayət,
Rəşad Məcidin statusları sanki onun sms-lərinin
epiqraflarıdır. Rəşad Məcid
sms-lərində bir-iki səhifəlik məktublarda ifadə
olunan fikri statuslarında iki-üç cümlə ilə mənalandırmışdır.
Bir
çox hallarda statuslar Rəşad Məcidin sms-esselərindən
çıxarılan ibrətamiz nəticə və ya
ümumiləşdirilmiş aforizmlər funksiyasını
yerinə yetirir: "Yaxşılıq ən etibarlı dərmandır;
Qocalığın müalicəsi yoxdur; Təzə dost
müşkül işdir; Səhv bir dəfə olur, təkrardırsa
xarakterdir; Reallıq hissini itirmək təhlükəlidir; Pul
- maqnit kimidir, meylli adamları ardınca hara gəldi çəkib
aparır; Qadınlar dostluqda sədaqətli olurlar, sevgidə
deyə bilmərəm; Etibar bir dəfə itir" və sair
kimi statuslar həm də müəllifin mövqeyini bildirir. Bu
cəhətdən, ümumiyyətlə, Rəşad Məcidin
statusları və sms-ləri, xüsusən də
status-aforizmləri sosial şəbəkələrdən
özlərinin qeyri-pozitiv fikirlərini ifadə etmək,
insanları gözdən salmaq, aşağılamaq
üçün "qullanan" sui-istifadəçilər
üçün ciddi bir örnək, hətta geniş mənada
tərbiyə, nümunə məktəbidir.
Rəşad Məcidin "Qələmsiz
yazılanlar"ındakı sms-esselər miniatür elektron
hekayələrdir. "10 sentyabr" hekayəsi ilə bədii
nəsrdə də özünəməxsus
yaradıcılıq imkanlarına malik olduğunu göstərmiş
Rəşad Məcid sms miniatür hekayələri ilə
müasir miniatür elektron hekayə janrının əsas
yaradıcılarından biri olduğunu nümayiş etdirir.
Sms-ləri "keçmiş məktubları əvəz
edən" bir janr kimi təsəvvür edən Rəşad
Məcid əslində, özü də fərqinə varmadan
sosial şəbəkə ədəbiyyatında sms-məktub-hekayə
janrının əsasını qoymuşdur. Hər birində müəyyən əxlaqi-mənəvi
dəyərlərə, müəyyən tövsiyələrə
diqqət verildiyi üçün sms-esselər didaktik
miniatür hekayələrin funksiyasını həyata
keçirir. Rəşad Məcidin tam halda
illər ərzində yaranmış sms-ləri onun
miniatür elektron hekayə külliyyatıdır. Sms hekayələrin hər biri konkret bir mətləbin
mahiyyətini açıqlayan baxışlardır. Rəşad Məcidin sms-ləri onun həyat fəlsəfəsinin
səhifələridir. Məsələn, Rəşad Məcidin
Feysbuk sms miniatür hekayələrindən bir örnəyə
diqqət yetirək:
"Xoşbəxtlik -
göylərə qalxmaq, ruhun qanadlanması, nura
boyanmaqdırsa, həsrət, ağrı, acı, qüssə
- dərinə enməkdir. Dərinə
endikcə heyrətdən buza dönürsən.
Göylərdə,
səmada süzmək - kainatın eyni rəngindən və
sonsuzluğundan qanadlanmaqdırsa, dərində əsrlərin
yaddaşı hopan maddi nə desən var. Yəqin ona görədir
ki, qüssə, qəm içində insan dərinə enir və
dərinə endikcə də indiyəcən bilmədiyi sirlərdən
agah olur.
Düşünənə, hansısa suala cavab axtarana
"dərinə get" deyirlər.
"Göyə qalx"
çağırışında sual yoxdur.
"Göyə qalx" cavabdır.
Dərində batmaq, boğulmaq mümkündür.
Dərində batıb qalmaq mümkündür.
Göylərdən yerə mütləq düşməlisən,
amma dərində səni nələrin gözlədiyi, sonunun
necə olacağı bəlli deyil. Dərdin məkanı
dərinlərdədir. Göylər
müvəqqətidir. Əbədi məkanımız
isə torpağın dərinliyindədir və yazdıqca
tükənməz, düşündükcə bitməz
suallarla doludur.
...Xoşbəxtliyin
rəngi bir olduğu kimi, ömrü də azdır. Sıxıntının ömrü isə uzundur.
Bəlkə, həm də buna görədir xoşbəxtliyin
təsvirinin daha az olması. Uzun
ömürlü sıxıntılardan çox bəhs edilməsi
də elə buna görədir yəqin!
Dərinə
enməyi tək də bacarmaq olur!
Dərdi, sıxıntını, həsrəti təklikdə
çəkirsən.
Xoşbəxtliyi
isə tək yaşamaq olmur!
Enmək də batmaq, boğulmaqdır. Əl uzadan
olmasa, elə orada da qalasısan. Orada - dərinlərdə!..
Amma yenidən qalxmaq üçün enmək ən
gözəlidir.
Enmək
və yazmaq!
Sonadək
yazmaq!
Yenidən
uçanadək!.."
Rəşad Məcidin statuslarının da, sms-lərinin
də bir çoxunda süjet də vardır. Statusdakı
qısametrajlı süjetlər hadisənin təsvirini yox,
gedişatını ümumi şəkildə ifadə edir.
Süjetli sms-lər isə hadisənin də,
obrazın da cizgilərini təsəvvür etməyə imkan
yaradır. "Hava limanı-1", "Hava
limanı-2", "Pencək", "Yuxu",
"Ağanisənin duası", "Göy
üzü", "Qara reyhan" sms-ləri kiçik
miniatür hekayələrdir. "Köhnə
Bakı üçün nostalji" sms-essesi müasir
dövrün "Firuzə" hekayəsi kimi oxunur. "Adət etmək" miniatür hekayəsi sms-lə
statusun sintezindən yaranmış orijinal bir hekayədir.
Burada statuslar süjetin istiqamətini və ya
hadisələrin ümumiləşdirilmiş məntiqi nəticəsini
ifadə edir. Sms-lər isə hadisələrin
gedişatını, müəllif fikrinin dinamikasını əks
etdirir. Bu, təkcə internet ədəbiyyatında
yox, ümumən Azərbaycan hekayəçilik ənənəsində
Rəşad Məcidə məxsus olan tam yeni bir səhifədir.
Əyanilik xatirinə "Hava limanı-2" lirik-psixoloji
hekayəsini olduğu kimi oxuculara təqdim edirəm:
"Dərsdə otura bilmirdi. Darıxırdı.
Fikri onun yanındaydı. Sürpriz
etməliydi. Xoşbəxtlik bəxş
etməliydi. Bir anın içində qərar verdi - Hava limanına gedəcək. Onu qarşılayacaq. Fikirləşdi
ki, "saat 7-yə var hələ, gedərəm, yanında
adamlar olsa, yaxınlaşmaram".
Taksiyə oturdu. Hava limanına çatanda saat 6 idi. Gözü əvvəl sürücünü
axtardı. Sonra məlumat bürosuna
yaxınlaşdı. Saat 7 tamamda zəng elədi:
- Gəlmisən,
əzizim?
- Səsi
qulağına birtəhər gəldi. Hiss elədi ki, deyəsən,
qarşılamağından şad deyil. Özünə
hirsləndi. Çıxıb getməyi,
bu jestini, gəlişini qiymətləndirə bilməməsinin
cəzasını verməyi düşündü. Cavab yazmasam, bəsidir. Amma ürəyi
gəlmədi.
- Gedimmi?
- Gəlmisənsə,
gözlə!
Yenə çıxıb getmək istədi. Sonra fikrini dəyişdi.
Oturub gözləyirdi. Budur,
çıxdı. Ona sarı gəldi, əl
uzatdı. Kafeyə, çay içməyə
keçdilər.
Heyrət içində idi. Yəni bu, o
adamdır? Mat-mat baxırdı. Gəlməyinə peşman olmuşdu. Elə bil, başına bir vedrə soyuq su
töküb yuxudan ayıltmışdılar. Axı nə işim vardı burda, axı niyə gəlməliydim?
Yanaşı addımlayırdılar. Hiss edirdi ki, ondan aralı getməyə
çalışır. Özünü
qınayırdı. Hər şeyin belə
qəfil bitəcəyini ağlına da gətirməzdi.
İki hissin əlində qalmışdı: bir yandan
yanındakı ən doğma bir adamı hiss etməyə
çalışırdı, o biri yandan da buz kimi soyuq, yad,
özgə bir adamçün niyə buracan gəldiyini düşünürdü.
Səhəri görüşdülər. Sarsılmışdı: həm
bir həftə idi xəstəydi, həm də dünən
baş verənləri unuda bilmirdi. İndi necə desin? Hardan başlasın? Yaxşı
oldu. O, özü dedi. Və müvəqqəti
ayrılmağa qərar verdilər.
Müvəqqətimi?.."
"Qələmsiz yazılanlar"dakı statuslar və
sms-lər Rəşad Məcidin qələmlə yazılan əsərləri
kimi yeni, təsirli, cəlbedici, əhəmiyyətli və
orijinal əsərlərdir. Hiss olunur ki, bu yeni tipli
yaradıcılıq məkanı bütün mürəkkəbliyi
ilə bir yerdə Rəşad Məcidə tamam fərqli bir
yaradıcılıq ehtirası gətirmişdir. Yaradıcılığının indiki mərhələsində
özünü daha çox statuslarda və sms-lərdə
tapan Rəşad Məcidin artıq bu çətin, məsuliyyətli,
son nəticədə şərəfli yoldan geriyə dönməyə
imkanı yoxdur. Bütün bunlara görə
"Yazmaq-2" sms-essesi Rəşad Məcid yaradıcılığının
yeni dövrünün səciyyəvi manifesti kimi səslənir:
"Durmadan, dayanmadan yazmaq!
Beynindəki
fikirləri topalanıb başını sarmağa qoymadan
yazmaq! Azacıq qalxan buludu dolmağa qoymadan, deşik-deşik
etməklə yazmaq!
Bədəndəki
hüceyrələrin giziltisi şahə qalxmadan, siqareti sinənə
sümürüb tərpəşən hüceyrələri
beşiyində tüstüylə boğa-boğa yazmaq!
Narkotik
kimi! Narkoz kimi! Kosmos kimi! Yazmaq! Yazmaq!
Süsləşmiş,
keyləşmiş bədəni donmağa qoymamaq
üçün yazmaq!
Dəqiqələri
saatlara çevirib mənasız günlərdən bezməmək
üçün yazmaq!
Boğazını
saran qəhərdən ölməmək üçün
yazmaq!
Ağlamamaq, sızlamamaq üçün yazmaq!
Yatmamaq üçün yazmaq!
Ayıq olmamaq üçün yazmaq!
Düşünmək üçün yazmaq!
Düşünməmək üçün yazmaq!
Sağ qalmaq üçün yazmaq!
Unutmamaq üçün yazmaq!
Sevmək üçün yazmaq!
Doymamaq üçün yazmaq!
Günahını yumaq üçün yazmaq!
Güclü olmaq üçün yazmaq!
Zəif görünmək üçün yazmaq!
Bir daha səni görmək, sənlə olmaq üçün YAZMAQ!!!"
Bu, Rəşad Məcidin yaradıcılığının yeni mərhələsinin ədəbi andıdır. Fikrimizcə, Feysbuk səhifələrində ifadə olunmuş bu sms-məktub müasir virtual məkanda özünü görən və həmin məkanda baş sındıran hər bir yaradıcı şəxs üçün mükəmməl bir bələdçidir.
Rəşad Məcidin statusları və sms-esseləri - müstəqillik dövrü Azərbaycan sosial şəbəkə ədəbiyyatının yol xəritəsidir.
Rəşad Məcidin statusları və sms-ləri gələcək bir romanın eskizləridir.
Rəşad Məcidin statusları və sms-ləri - Azərbaycan qrafik ədəbiyyatının yeni tarixi mərhələdəki ilk təzahürləridir.
Nəhayət, Rəşad Məcidin statusları və sms-ləri böyük ədəbiyyatın Feysbukdakı stenoqramıdır.
Nəticə: Bütün yönləri iə
yaradıcı olan Rəşad Məcid sosial şəbəkələrdəki
status və sms dünyasına da yeni bir yaradıcılıq
ab-havası gətirən novator yazıçıdır. Rəşad Məcid -
miniatür elektron statusun və sms miniatür hekayənin
yaradıcısıdır. Rəşad Məcid - Azərbaycanda
Feysbuk hekayəçiliyinin nəzəri-təcrübi əsaslarını
yaratmışdır.
Yazımı
Rəşad Məciddən gətirdiyim
aşağıdakı statusla bitirmək istəyirəm:
"Tərəddüd etmədən inanırsansa,
...nəticə arzuladığın kimi olacaq".
Yeni ədəbiyyat
yollarında Rəşad Məcidə uğurlar arzulayıram!
15 iyul 2019-cu il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2019.- 14 sentyabr.-
S.14-15.