Bakı Kitab Mərkəzinin
1 yaşı tamam oldu
Mərkəz Ötən
Bir İldə Uğurla Fəaliyyət Göstərərək
Ölkə Kitabsevərlərinin Sevimli Məkanına
Çevrilib
Çox
deyil, cəmi bir neçə il öncə
ölkəmizdə kitab
satışı, mütaliə
həvəskarlarının asudə vaxtlarını səmərəli keçirəcəkləri
kitab mərkəzləri
haqqında söhbət
düşəndə hər
birimizin qəlbini təəssüf hissi bürüyürdü.
Paytaxtın nəzərdən uzaq küçələrində, dalanlarındakı
kitabxanalar da ancaq tələbələrə,
elmi işçilərə,
bir sözlə, müəyyən məqsəd
çərçivəsində onların yolunu tanıyan istifadəçilərə
xidmət göstərirdi.
Son bir neçə il ərzində
isə bu sahədə sözün əsl mənasında görünməz bir sıçrayış yaşandı.
Şəhərin mərkəzi küçələrində
geniş, müasir, ən son nəşrləri
belə tapa biləcəyimiz kitab mağazaları şəbəkələri,
mərkəzləri fəaliyyətə
başladı. Heç şübhəsiz,
bu hadisə xüsusən gənclərin,
yeniyetmələrin kitaba
marağının artmasına
bilavasitə təkan oldu və olmaqda
davam edir.
***
Bir il öncə,
2018-ci ilin avqust ayında ədəbi ictimaiyyət yeni xəbərlə sevindi. Bakıda qeyri-adiliyi və xüsusi ab-havası ilə seçilən yeni məkan - Bakı Kitab Mərkəzi (Baku Book Center) açılışa
hazırlaşırdı. Təkcə yazıçı, ədəbiyyatşünaslar
deyil, eləcə də kitab həvəskarı
olan hər kəs açılış
mərasimini səbrsizliklə
gözləyirdi. Nəhayət, sentyabrın 1-də rəsmi
açılış mərasimi
ilə yeni kitab mərkəzi fəaliyyətə başladı.
Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə yaradılmış,
kitab satışına
tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzi çox qısa müddətdə
sevimli məkana çevrildi. Burada Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur.
Mərkəzin direktoru Günel Anarqızı açılış
mərasimində çıxış
edərkən demişdi
ki, Bakı Kitab Mərkəzinin əsas məqsədi - oxucularda xalqın mədəni, mənəvi
dəyərlərini və
faydalı bilikləri
daşıyan kitaba marağı, mütaliəyə
həvəsi oyatmaqdır.
Geridə
qoyduğumuz bir il göstərdi
ki, başda direktor olmaqla mərkəzin bütün
əməkdaşları bu
məqsədlərinə böyük
sədaqətlə xidmət
edirlər.
Bakı Kitab Mərkəzini digər kitab evlərindən, kitab mağazalarından fərqləndirən bir çox xüsusiyyətləri var. Başlıca fərq ondan ibarətdir ki, mərkəz birmənalı şəkildə kitab satışına fokuslanmayıb. Burada, həmçinin, "I love Baku" brendinin rəngarəng suvenirləri və "Azərmarka" şirkətinin məhsulları təqdim olunur. Eyni zamanda, 1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar da satılır.
Mərkəzin layihəsi üzərində çalışarkən, yaradıcılar kitabsevərlərin asudə vaxtlarını keçirmək üçün də imkan yaradıblar. Kitab satışı ilə yanaşı burada "Coffeemood" adlı kafe də fəaliyyət göstərir.
Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrı, uşaqlar üçün isə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.
Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin, sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər tədbirlər təşkil olunur.
Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif yerlərdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar verilir. Sensor ekranlarda Mərkəzdə satılan bütün kitablar haqqında məlumat almaq olar.
Bu ay 1 yaşını qeyd edən Mərkəzin əməkdaşlarının əməyi artıq xaricdə də yüksək qiymət aldı: MDB İcraiyyə Komitəsinin qərarı ilə kitab satışı və beynəlxalq kitab mübadiləsinin inkişafı istiqamətində gördüyü böyük işlərə görə Bakı Kitab Mərkəzi 2018-ci ilin nəticələrinə əsasən MDB üzvü olan ölkələrin kitab satış müəssisələri arasında keçirilən müsabiqənin qalibi elan edildi.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Bakı Kitab Mərkəzinin cəmi bir il öncə yaranmasına baxmayaraq, ədəbi prosesə və kitabın təbliğinə böyük təkan verdiyini vurğuladı. Mərkəzin əməkdaşlarını 1 yaş münasibətilə təbrik edən R.Məcid dedi: "Bakı Kitab Mərkəzinin açılışı mənim çox sevincli günlərimdən biri idi. Həmin gün mən həm sevinir, həm də qürur duyurdum. Çünki biz uzun müddət idi ki, Bakıda kitab mağazalarının, kitab şəbəkələrinin azlığından gileylənir, bunlara ehtiyac olduğunu deyirdik. Bir il öncə isə Bakıda böyük, əzəmətli, müasir, möhtəşəm bir kitab evi açıldı. Bunun sevinci hələ də yadımızdadır. Günel Anarqızının rəhbərlik etdiyi Bakı Kitab Mərkəzi bir il ərzində ən müxtəlif tədbirlərə, layihələrə ev sahibliyi etdi. Keçirdiyi bir sıra tədbirlərlə mütaliəyə maraq yaratmağı bacardı. Məsələn, məşhur türkiyəli tarixçi alim İlbər Ortaylıyla, Xalq şairi Ramiz Rövşənlə keçirilmiş görüşlər, ictimai-siyasi xadim, diplomat Həsən Həsənovun kitabının təqdimatı böyük rezonansa səbəb oldu. Fikrimcə, mərkəz bu bir ili böyük uğurla başa vurdu. Artıq kitab adı çəkiləndə hər kəsin ilk yadına düşənlərdən biri olmağı bacardı. Bakı Kitab Mərkəzini bir yaşı münasibətilə təbrik edir, gələcək illəri də bu cür və bundan da yaxşı uğurlarla qeyd etməyi arzulayıram!"
Biz də "525-ci qəzet"in əməkdaşları adından mərkəzin ilk yaşını təbrik edir, hər zaman kitabın, elmin nuruyla aydınlanmağı arzulayırıq!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.24.