Tatlar   

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.

İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.

Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.

Sizə layihənin doqquzuncu yazısını təqdim edirik. Yazı tatlar haqqındadır. Birinci məqalə ləzgi, ikinci məqalə udi, üçüncü məqalə saxur, dördüncü məqalə avar, beşinci məqalə Şahdağ, altıncı məqalə yəhudi, yeddinci məqalə ingiloy, səkkizinci məqalə kürd xalqlarına həsr olunmuşdu. 

Azərbaycan respublikasının şimal-şərq ərazilərinin böyük bir hissəsində zəngin etnik tarixə və mədəniyyətə məxsus olan tatların yaşayış arealı yerləşir. Tatlar Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı rayonlarında və Abşeron yarımadasında yaşayırlar. Dini baxımdan tatlar müsəlmandır. Tatların qədim nəsilləri eramızın V-VI əsrlərində Sasanilər dövründə şimal tayfalarının hücumunun qarşısını almaq üçün Daryal dərəsinə Dərbənd tərəfə İrandan köçürülüblər və burada hərbiləşmiş yaşayış yerləri salıblar. Bir çox alimlər hesab edir ki, "tat" istilahı etnik səciyyə daşımır və ümumilikdə türklərin oturaq irandilli əhaliyə verdiyi addır. Təsadüfi deyil ki, tat əhalisinin müxtəlif qrupları özlərini fərqli adlandırırlar. Məsələn, Balaxanı və Suraxanı kimi Abşeron kəndlərinin sakinləri özlərini pars, İsmayıllı rayonunun Lahıc qəsəbəsinin sakinləri özlərini lohuc adlandırırlar. Quba-Xaçmaz bölgəsində yaşayan tatlar isə özlərini qubalı və ya dağlı kimi təqdim edirlər. Tatların kompakt halda məskunlaşdığı ərazilər qonşuları azərbaycanlılar tərəfindən "tatbasar" adlandırılmışdır ki, bu da həmin ərazilərdə əhalini başlıca olaraq tatlardan ibarət olduğunu göstərir.

Tatların dili Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir və fars dilinə çox yaxındır. Müxtəlif ərazilərdə yaşayan Azərbaycan tatlarının dilləri arasında müəyyən fərqlər mövcuddur. Məsələn, Abşeron, Şamaxı tatları ilə Quba, Xızı tatlarının dillərində dialekt və ləhcə fərqləri müşahidə olunur. Məhz bu səbəbdən tatların dilini üç qrupa bölürlər. Birinci qrupa Quba, Şabran, Qonaqkənd ərazisində yaşayan tat əhalisi daxildir. Bu qrup həm də tat dilinin Şimal ləhcəsi adlandırılır. İkinci qrup mərkəz ləhcəsi adlanır ki, bura Xızı rayonu ərazisində yaşayan tatlar aid edilir. Və nəhayət, üçüncü qrup cənub ləhcəsi adlanır. Buraya Abşeron, Lahıc və Şamaxının tat əhalisi daxildir.

Uzun sürən tarixi birgəyaşayış nəticəsində tatlarla azərbaycanlılar arasında təsərrüfatda, mədəniyyətdə və məişətdə çox sayda ümumi cəhətlər formalaşıb.

Məskunlaşdığı təbii-coğrafi şəraitdən asılı olaraq. Azərbaycan tatları başlıca olaraq əkinçilik, bağçılıq, bostançılıq, qismən maldarlıq, habelə sənətkarlıqla məşğul olublar. Tat kəndlərində əhalinin başlıca məşğuliyyətini əkinçilik təşkil edirdi. Təsadüfi deyil ki, Bərmək, Gəndob buğdası Quba-Xaçmaz bölgəsində məşhur idi. Əkinçilik təsərrüfatından əlavə, tatların məişətində bağçılıq və bostançılıq da aparıcı məşğuliyyət sayılır. Bu sahələrdə də tatların qədim ənənələri mövcud olub. Məsələn, onlar meyvələrin qurudulması və tədarükündə xüsusi vərdişlərə, ənənələrə malik idilər. Tatlar arasında alma və armudun "killə" vasitəsilə qurutma üsulu başqa bölgələrdə qeydə alınmayıb. Etnoqrafik materiallar təsdiq edir ki, keçmişdə hər bir tat ailəsinin 50-dən bir neçə yüzədək killəsi olardı. Uzunluğu təqribən 40-50 sm, eni 10-15 sm, dərinliyi 10 sm olub palçıqla samanın qarışdırılmasından hazırlanan killəyə meyvə düzülərək, təndirə qoyular və burada qurudulardı. Qurudulmuş meyvə (qax) qış aylarında əhalinin yemək və çərəz süfrəsində mühüm yer tuturdu.

Tatların məşğuliyyət formalarından biri də sənətkarlıq olub. Lahıc, Əhən, Zarat, Dəmirçilər, Afurça, Xaltan, Zıxır, Rustov kəndlərində əhalinin xeyli hissəsi dəmirçilik, miskərlik, ağaçişləmə sənətləri ilə məşğul olurdu. Lahıc qəsəbəsi nəinki Azərbaycanda, hətta Qafqazda və Yaxın Şərqdə miskərlik sənətinin mərkəzi kimi məşhur idi.

Tatların məşğuliyyətindən bəhs edərkən xalçaçılıq sənətini xüsusi ilə qeyd etmək lazımdır. Tatların məskunlaşdığı məskənlər, xüsusilə, Quba-Xaçmaz bölgəsinin Cimi, Ördüc, Çiçi, Pirəbədil, Qonaqkənd, Abşeronun Suraxanı, İsmayıllının Zarat, Lahıc kəndləri bütün Azərbaycanda xalçaçılıq sənətinin mərkəzlərindən sayılırdı. Təsadüfi deyil ki, tat qadınları tərəfindən toxunan "Pirəbədil", "Güllü Çiçi", "Ağqol Çiçi" çeşniləri Azərbaycan xalça sənətinin ən yüksək nümunələrindən sayılır. Tat kəndlərində xalçaçılığın bütün sahələri və eləcə də çeşid-çeşid corabların toxunması böyükdən kiçiyədək qadınların ənənəvi vərdişinə çevrilib.

Tatların ənənəvi yeməkləri əsasən sacın üstündə bişən nazik lavaşdan, gil təndirdə bişirilən üstünə yumurta sarısı sürtülmüş xaşxaşlı təndir çörəyindən, bozbaş, piti, xaşıl, xəngəl, plov, bəzən də kababdan ibarətdir. Tatlar xüsusilə xəmir xörəklərini çox sevir, undan müxtəlif adlı xörəklər bişirirlər: əriştə, ardava (südlü və südsüz), umac, xaşıl, xəngəl. Tatlar adətən ət az yeyirlər. Kənd yerlərində ət evə qonaq gələndə, yaxud qonşuda heyvan kəsiləndə olur. Bunlar uzun müddət olmadıqda isə bütün kənd və ya bir neçə qonşu birləşərək birinin qoyun, inək və ya öküzünü kəsər, öz aralarında bölüşdürərlər, əvəzində pul (yaxud onu əvəz edən və qonşuda olmayan başqa bir təsərrüfat məhsulu - un, yumurta, yun və s.) verərlər.

Tatların mədəniyyəti də müəyyən spesifik cizgilərə də malikdir. Məsələn, tatların dini baxışlarının tarixini üç mərhələyə bölmək olar. Birinci mərhələ - islamaqədərki dövr. Bu zaman bütpəsərtliyin, müxtəlif təbiət qüvvələrinə, ruhlara sitayişin hökm sürdüyü dövrdür. İkinci mərhələ - eramızın ilk əsrləri, Sasanilər imperiyasının hökmranlığı dövründə tatlar arasında zərdüştlüyün geniş yayılması ilə səciyyələnir. Və nəhayət, VII əsrdən başlayaraq Azərbaycan ərazisində islam yayılmağa başlayır. Buna baxmayaraq, tatların adət və ənənələrində islamiyyətdən xeyli əvvəlki dövrlərin izləri müşahidə olunur. Bu da tatların atəşpərəstlik etiqadları ilə bağlıdır. Onlar islam dinini qəbul etsələr də, uzun illər atəşpərəstlik ənənələrini aradan çıxarmamış, əksinə, ailə çərçivəsində olsa da onlara əməl etmişlər. Məsələn, əsasında Zərdüşt dininin qalıqları duran ölünün mənzildən götürüldüyü yerdə üç gün müddətində çıraq yandırma, habelə bir qab su qoyulması adətləri tatların məişətində indiyədək saxlanmaqdadır. Və yaxud tatlarda ocaqda odun sönməsi, qonşudan odun istəməsi yaxşı əlamət sayılmır. Ona görə də tatlar ocaqlarının odunu söndürməməyə, onu mühafizə etməyə çalışırlar. Ocaq tatlar üçün son dərəcə müqəddəsdir.

Tatların səma cisimlərinə etiqadı, onların dərdlərə şəfa verə biləcək inamı çox maraqlıdır. Tatların əqidəsinə görə Günəş kimi Ay və ulduzlar da ilahi qüvvəyə malikdirlər. Ağır dərdə, ruhi sarsıntıya düçar olmuş xəstələri müalicə etmək üçün tatlar gecə su və ya süd tökülmüş qabı evin damı üstünə, yaxud həyətə çıxarır, xəstə adam həmin qabın içinə baxır, Ayın, ya da ulduzların əksini orada görən kimi xəstə qabın içindəki su və ya südü başına çəkib birnəfəsə içməlidir. Guya xəstə bundan sonra şəfa tapacaqdır. Burada heç şübhəsiz, qədim dindən qalmış bir adət - səma cisimlərinin sakral gücünə inam etiqadı öz əksini tapıb.

Tatların adət və ənənələrində, dünyagörüşlərində "cin", "pəri", "div", "əjdaha", "hal" kimi fövqəltəbii varlıqlar özünü göstərir. Tatların ənənəvi dünyagörüşlərinə əsasən, adamlar içərisində son dərəcə pis nəzəri olanlar vardır ki, bunlar "hər şeyi gözə gətirər, hətta daşa da "yaxşı" desə, onu çatladıb torpağa döndərə bilər". Adətən hər kəndin özünəməxsus "pis gözə malik" adamı var. Tatlar çox vaxt yaxşı tanımadıqları adama öz uşaqlarını, yorğa atını, çox süd verən inəyini, arı pətəyini və s. göstərməkdən çəkinir, ehtiyat edirlər. Belə "pis nəzərə" məruz qalmış heyvanın, uşağın "nəzərini almaq lazımdır" onlar uşağın boyuna ip ölçür, "müqəddəs kitaba" baxır, orada göstərildiyi kimi, məsələn, ipi dua oxuya-oxuya bir kasa suya salır, aparıb qəbiristanlıqda basdırır, uşağa və ya heyvana "göz duası" yazdırıb boynundan asırlar.

Tatların fikrincə, gecə yaşıl ağacın altında yatmaq çox qorxuludur, belə halda adam gecə pis yuxular görər, narahat yatar, guya həmin adamı qorxunc qüvvələr boğmağa çalışacaq, o, gecə səhərə qədər bu qüvvələrlə vuruşacaq, ağacın altında yatan səhər qan-tər içində oyanacaqdır.

Qeyd edildiyi kimi, bu gün harada məskunlaşmasından asılı olmayaraq, tatlar özlərini azərbaycanlılardan ayırmır. Bu təkcə sözdə deyil, hər iki etnosun əslində, vahid maddi və mənəvi mədəniyyətə nail olmasında özünü göstərir.

1990-cı il dekabrın 14-də Azərbaycan SSR Ədliyyə Nazirliyinin kollegiya iclasında tat dilinin, onun tarixinin və etnoqrafiyasının öyrənilməsi və inkişaf etdirilməsi üzrə "Azəri" mədəni-maarif cəmiyyəti qeydə alınıb. O vaxtdan tat dilində əlifba kitabı, dərslik, müəllif əsərləri və folklor nümunələri nəşr edilir.

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb.

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.21.