Mühacirət dramaturgiyamızda Abay
Dağlı yaradıcılığının yeri və rolu
3-cü
yazı
Abay Dağlının "Füzuli" pyesinə qədər
də Azərbaycan ədəbiyyatında Füzulinin bədii
obrazı yaradılmışdı. Belə ki, poeziyada ilk dəfə
Xalq şairləri Rəsul Rzanın "Füzuli" və
Bəxtiyar Vahabzadənin "Şəbi-hicran"
poemalarında Füzulinin obrazı işlənmiş, məhəbbət
şairinin ilahi istedadı, ədəbi-tarixi və bədii-fəlsəfi
kimliyi bütün yönləri ilə
açıqlanmışdı.
1956-cı
ildə şairin ölümünün 400 illiyi dünya
miqyasında, o cümlədən, SSRİ-də qeyd
olunmuş, əsərləri, biblioqrafiyası nəşr
edilmiş, xatirəsinə "Dahi Azərbaycan şairi Məhəmməd
Füzuli" adlı poçt markası
buraxılmışdı. Füzulinin poetik irsi
kine-matoqrafçıları da ekran əsəri yaratmağa
ruhlandırmışdı, onlar 1958-ci ildə Məhəmməd
Füzulinin vəfatının 400 illiyinə ithaf olunan
eyniadlı film yaratmışdılar. Filmdə
şairin ata babasının Azərbaycandan İraqa
köçməsi, şairin Kərbəlada anadan olması,
yaradıcılığı barədə
danışılır. Azərbaycan
kinosunda bir epizodla da olsa, Füzulinin bədii obrazı ilk dəfə
olaraq, bu filmdə verilmişdi. 1994-cü il
YUNESKO xətti ilə Füzuli ili elan olunmuş,
dünyanın bir çox ölkələrində dahi
şairin yubileyi ilə bağlı tədbirlər
keçirilib. Azərbaycan Milli Bankı 1996-cı ildə
şair və mütəfəkkir Məhəmməd
Füzulinin 500 illiyinə həsr olunmuş 100 manat
nominalında qızıl, 50 manat nominalında isə
gümüş xatirə sikkələri buraxıb. Dahi Azərbaycan
şa-irinin anadan olmasının 500 illik
yubileyinə həsr edilmiş təntənəli gecədə
çıxış edən Ulu öndər dünya mədəniyyətini
zənginləşdirən Füzuli irsinə yüksək
qiymət verib. 1996-cı ilin oktyabrında Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı
ilə Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirin
adı verildi. Üzeyir Hacıbəyovun
Füzulinin "Leyli və Məcnun" poeması əsasında
yaratdığı eyni adlı opera, bəstəkar Cahangir
Cahangirovun "Füzuli kantatası", Füzulinin
Bakıdakı möhtəşəm abidəsi,
respublikanın rayonlarından birinə onun adının verilməsi
Azərbaycan xalqının dahi şairin irsinə verdiyi qiymətin
təzahürüdür.
A.Dağlının "Füzuli" pyesi isə bir
mühacir dramaturqun qüdrətli söz ustadının şərəfinə
özünəməxsus töhfəsi, onun xatirəsinə
ucaltdığı ədəbi abidədir. Bütün
mühacirlər kimi Vətən həsrəti ilə
yaşayan A.Dağlı da Azərbaycanda baş verən
ictimai-siyasi, ədəbi-mədəni hadisələri izləyir,
onlara münasibət bildirirdi. Mühacir
dramaturq Məhəmməd Füzulinin yubileyi münasibəti
ilə ölkəmizdə həyata keçirilən tədbirlərdən
az-çox xəbərdar idi. Təsadüfi
deyil ki, o, əsərə yazdığı "Füzuli
pyesləri" adlı məqalədə də
"Bugünkü Azərbaycanda Füzulini doğumundan etibarən
tanıdan uzun bir mənzum hekayə yazılmış"
olduğunu qeyd edir. Doğrudur, o, əsərin
və müəllifin adını çəkmir, lakin tam əminliklə
söyləmək olar ki, söhbət Bəxtiyar Vahabzadənin
"Şəbi-hicran" poemasından gedir. Ehtimal etmək olar ki, A.Dağlı B.Vahabzadənin
poemasından da müəyyən qədər bəhrələnib.
Çox güman ki, pyesdəki qəhrəmanlardan
"Hicran" adı da Bəxtiyar Vahabzadənin əsərinin
adındankı söz birləşməsindən - "Şəbi-hicran"dandır.
Əli
Nihad Tərlan yuxarıda adını çəkdiyimiz
"Füzuli və "Füzuli" pyesi" adlı
giriş sözündə Avropada nəinki tanınmış,
hətta ortabab şairlərin həyatlarına dair əsərlərin
yazıldığını, onların da millətlərinə
ədəbiyyat tarixlərinin "ağır və ciddi
havasının xaricində bir sənət atmosferi içində"
tanıdıldığını, bununla da "ədəbiyyatımızın
mühüm bir əskikliyini" aradan qaldırdığını
qeyd edir. A.Dağlının Füzuli haqqında pyes yazmaq təşəbbüsünü
təqdir edən tədqiqatçı yazır ki, möhtərəm
şair dadlı bir qərb türkcəsi şivəsi ilə
səhnənin imkan verdiyi qədər bizi çox yaxından
aşina olduğu Füzulinin lirizm dünyasına ustalıqla
çəkir, "qüsursuz bir nəzm dili" ilə
böyük sənətkarı bir həyat sahəsi
içində bizə göstərir. Əli
Nihad Tərlan bəzi qüsurlarına rəğmən əsəri
"yüksək qabiliyyətin və milli bir duyğunun
mümtaz bir məhsulu" adlandırır.
Pyesdə dramaturq Füzuli obrazını böyük
sevgi ilə tərənnüm edir, onu eşqi yolunda cəfa
çəkən, məhəbbətini hər şeydən
üstün tutan ideal bir aşiq kimi vəsf edir. Əsəri
oxuduqca, oradakı Füzulinin hiss-həyəcanları,
duyğu və düşüncələri dahi şair
Füzulinin yaratdığı Məcnunu xatırladır.
A.Dağlı Füzulini tamamilə "məcnunlaşdırmağa"
səy etmir, doğrudur, onun qəhrəmanı da dəlicəsinə
aşiqdir, lakin o, daha real düşünür, hisslərin
yox, ağlın diktəsi ilə hərəkət edir. Füzuli də
Məcnun kimi ictimai mühitlə uyğunlaşa bilmir, ədalətsizliyə
dözmür, onun həssas və zəngin daxili aləmi bu
cür həyat tərzi ilə barışmır, cəmiyyətin
çürüklüyünü aydın dərk edir. Məcnun Leylinin eşqi ilə səhralara üz
tutur, Leyli ilə rastlaşanda isə ondan imtina edirsə,
Füzuli xəstə, taqətsiz halda onun
görüşünə gələn Hicranı sevinc və həyəcanla
qarşılamağa hazırlaşır. Dərvişin
və Əbu Mərvanın dediyi kimi, Füzulinin qayəsi,
fikri-zikri qız və qadın deyildir. Füzuli
ona bütün qəlbi ilə vurulan Yaxşıya Hicranı
sevdiyini, onun yolunu gözlədiyini gizlətmir.
Yaxşı da istəyində israrlıdır, fikrindən
dönmür, Hicran qayıdarsa, "mən kölə olurum,
o, xanım olur" - deyir. Füzuli Hicrana sədaqəti,
vəfası, təmkinli davranışı, qədirbilənliyi
ilə, Yaxşı öz məhəbbəti uğrunda
mücadiləsi, təmiz qəlbi, saf niyyəti, sözə,
sənətə vurğunluğu, nəcibliyi və mülayim
xasiyyəti ilə oxucunun yadında qalır.
Əsərdə Balacanın dediklərindən məlum
olur ki, Hicran İraqda köçmən ailəsində
dünyaya gəlmiş, həddi-buluğa çatdıqda,
Füzuli ilə sevişmiş, bir müddət sonra isə
ata-anası ilə birlikdə Vətənə
dönmüşlər. Füzulinin dilindən bütün əsər
boyu düşməyən Hicran obrazı oxucuda böyük təəssürat
oyadır.
A.Dağlı burada Füzuli sədaqətini, onun məhəbbətinin
nakam, uğursuz, lakin ülvi, saf olduğunu lazımınca
qabarda bilib.
"Söz
mülkünün padşahı" Füzuli ustadı Həbibi
və Nəvaini yüksək dəyərləndirir, onlardan
öyrənib, onların yolu ilə getdiyini, onlara borclu
olduğunu səmimiyyətlə söyləyir...
Dramaturq
pyesdə Füzulini bizə həm də bir qərib,
dövrün gərdişinə, məmur
özbaşınılığına, rüşvətxorluğa,
haqsızlığa, dini ayrı-seçkiliyə, təriqətçiliyə
qarşı etiraz edən, müqavimət göstərən,
humanist, mərhəmətli, təvazökar və qədirbilən
insan və kəlam sahibi kimi təqdim etməyə,
tanıtmağa çalışır.
Pyesdə
köçmənlərin Füzuli ilə, eyni zamanda,
şairi gözü götürməyən, yerli xudpəsənd,
xəbis tiplərlə, məzhəbçilərlə
münasibəti, köçmənlərin həyat tərzi,
yad diyarda milli adət-ənənələrə
bağlılığı, onların Vətən həsrəti,
düşüncələri, qayğıları kifayət qədər
maraqlı və geniş təsvir edilmişdir. A.Dağlı
pyesdə Füzuliyə, onun aşiqlərinə,
köçmənlərə rəğbətini, sevgisini gizlətmir,
bu duyğunu hər sətirdə büruzə verir.
Burada bir məqam da diqqətdən yayınmamalı,
oxucunu çaşdırmamalıdır. Abay
Dağlının pyesdə bəhs etdiyi köçmənlər
əsrlər boyu İraqın şimalında məskunlaşan
qədim türk etnosu türkmanlar yox, XVI-XVII əsrdə Azərbaycandan
köçən həmvətənlərimizdir. Onlar qürbətdə də milli dəyərlərə,
adət-ənənələrə riayət edir, doğma dildə
danışırlar. A.Dağlı
köçmənlərin toy səhnəsini təsvir edərkən
bu məqamı xüsusi diqqətə çatdırır.
"Füzuli" pyesi ilə A.Dağlı nəinki
mühacirət, eləcə də bütövlükdə Azərbaycan
ədəbiyyatında ilk dəfə dram əsərində Məhəmməd
Füzulinin bədii obrazını yaratmağa müvəffəq
olub.
Mühacir müəllif pyesində əsas bədii-estetik məqsədini
bəyan edir: xalq böyük şəxsiyyətləri,
qüdrətli sənətkarları, milli-mənəvi irsi, adət-ənənələri
ilə tanınır, tarixdə qalır. Nəsildən-nəslə
ötürülən bu dəyərlər xalqın qürur,
iftixar mənbəyi və zəngin sərvəti, inamla və
ümidlə yaşamağa əsas verən stimuludur. Pyesdə Füzuli əsasən eşq-məhəbbət
motivi və yaradıcılıq qayəsi konteksində işlənsə
də, bitkin obraz təəssüratı yaradır. Xalq yazıçısı Elçin haqlı olaraq,
"Füzuli" pyesini bədii-estetik baxımdan zəif,
dramaturji baxımdan qüsurlu olduğunu qeyd etsə də,
pyesin ideya və məzmun baxımından dəyəri,
aktuallığı inkarolunmazdır və dahi şairin təbliğinə
bir töhfədir.
Dünya
söz xəzinəsinin, bəşər bədii təfəkkürünün
qədim və nadir incilərindən biri- "Kitabi Dədə
Qorqud" dastanından bəhs edərkən Xalq
yazıçısı Anar yazır ki, hər hansı xalq - ədəbi
irsi nə qədər zəngin olsa da bir, ya iki əsas kitaba,
təməl kitaba, Ana kitaba malikdir. Belə
baş kitab xalqın varlığını ən dolğun və
bitkin şəkildə əks etdirir. Belə kitab
xalqın mənliyini, mənşəyini və məsləkini
təsdiq edir, keçmişini və gələcəyini
müəyyənləşdirir, özlüyünü, bənzərsizliyini,
fəlsəfi və əxlaqi baxışlarını,
dünyagörüşünü və dünyaduyumunu, etik və
estetik dəyərlərini göstərir, xasiyyətinin, məcazının,
davranışının ən incə psixoloji
çalarlarını açır, torpağın ətrini və
rənglərini, dağlarının əzəmətini,
meşələrinin, çaylarının, bulaqlarının
sərinliyini, çöllərinin, düzlərinin
genişliyini canlandırır... Azərbaycan
xalqının şah əsəri, Ana kitabı "Dədə
Qorqud dastanı"dır. Elə bu səbəbdəndir
ki, şah əsərimiz, Ana kitabımız "Kitabi-Dədə
Qorqud", əsrlərdir ki, tariximizin yol-yoldaşı,
dilimizin, ədəbiyyatımızın, ümumiyyətlə,
mədəniyyətimizin iman, uman, güman, dayaq yeri,
xalqımızın qürur və ilham mənbəyidir. Dastan haqqında ölkəmizdə və xaricdə
onlarla kitab, yüzlərlə məqalə, monoqrafiya,
dissertasiya qələmə alınmış, dünya
şöhrətli alimlər bu söz abidəsindən
heyranlıqla danışmışlar.
Dədə Qorqud dastanları həm də yeni-yeni bədii
əsərlərin-povest, hekayə, pyes, poema və şeirlərin
yaranması üçün də zəmin olub. Ə.Dəmirçizadə,
Mikayıl Rzaquluzadə, Nəriman Həsənzadə, Mirzə
İbrahimov, Bəxtiyar Vahabzadə, Anar, Nəbi Xəzri, Səməd
Behrəngi, Ə.Muğanlı, Məmməd Aslan, Dilsuz, Arif
Abdullazadə, Eldar Baxış, Əjdər Fərzəli...
kimi yazıçı və şairlərimiz dastan və onun
boyları əsasın-da onlarca bədii nümunə
yaratmışlar.
Ötən
əsrin 50-ci illərdən sonra Oğuz türklərinin
böyük abidəsi olan "Dədə Qorqud kitabı"
rəssamların və heykəltəraşların da yeni
yaradıcılıq axtarışları üçün
ilham mənbəyi olub. Bu mövzuda çox
sayda təsviri sənət nümunələri ərsəyə
gəlib. Son illərdə isə, xüsusilə
"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 1997-ci il Fərmanından
sonra dastanın tədqiqi, təbliği ilə bağlı
mühüm tədbirlər həyata keçirildi, o cümlədən,
Bakı, Naxçıvan, Şirvan, Yevlax, Hacıqabul, Zaqatala
şəhərlərində Dədə Qorqudun heykəlləri
ucaldıldı, 2013-cü ildə Bakıda "Dədə
Qorqud parkı" yaradıldı.
Təbiidir ki, milli sərvətimiz kimi "Kitabi-Dədə
Qorqud" dastanı daim mühacirlərin də maraq dairəsində
olub. Dünya şöhrətli türkoloq, professor
Əhməd Cəfəroğlu bir sıra məqalə və
kitablarında dastana xüsusi yer ayırıb. M.Ə.Rəsulzadə
1949-cu ildə Ankarada nəşr etdirdiyi "Azərbaycan mədəniyyət
ənənələri" kitabında dastandan geniş bəhs
etmiş, 1940-cı illərin sonu, 50-ci illərin əvvələrində
Sovet Azərbaycanında dastana münasibətin dəyişdiyi
və onun əslində, "zərərli" elan edildiyi
dövrdə "Dədə Qorqud dastanları", "Dədə
Qorqud oğuznamələri" adlı məqalələr
yazmışdı.
Mühacirət ədəbiyyatının
tanınmış nümayəndələrindən Abay
Dağlının isə 1977-ci ildə eposun "Dirsə xan
oğlu Buğac xan boyu"nun motivləri əsasında 3 pərdə,
7 şəkildən ibarət "Dədə Qorqud" pyesi
işıq üzü görüb. Əlamətdar tarixi hadisələri,
böyük şəxsiyyətləri bədii əsərlər
vasitəsi ilə də yaşatmaq, təbliğ etmək Abay
Dağlı yaradıcılığı üçün səciyyəvi
cəhətlərdəndir. Dramaturq "Dədə Qorqud"
pyesini də bu məqsədlə qələmə
almışdı.
Abid
TAHİRLİ
525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.20.