Əzrayılın erkək-dişiliyi
hekayə
(Molla Rəşidin
Qarabağda dolaşan ruhuna)
... Oturmuşdu, daha doğrusu, yayxınmışdı
stula. Yorğun görünürdü.
Elə bil biçindən gəlmişdi.
Kök adam, isti də nə təhər təntitmişdisə,
mağarın ortasındakı sərinkeşin gətirdiyi
mehi də səhra küləyi kimi hiss edirdi.
Camaat bu dəqiqə
Şuşada, Dəlidağda sərin bulaqların başında əmlik
qabırğasından kabab çəkəndə, kef
partladanda, O da yayın bu istisinin adamı mindiyi bir vaxtda yeddi
gün oturmalıydı bu qaramat mağarda. Ömrü bu
qaramat mağarlarda ağrı-acıların içində
keçirdi, xüsusilə də rəhmətə gedən
cavan olanda bu ağrı-acını daha çox hiss edirdi.
İncəvara, bir az əvvəl dəfn
elədiyinə Əzrayıl çoxdan qayıb
yazırdı.
Oturmuşdu
bu qaramat mağarda, 1400 il əvvəl
baş vermiş və nağıllaşmış hadisələrdən
danışmalıydı. Hansı ki camaat bu
nağılları bəlkə yüz dəfə
eşitmişdi. Onun başqa mollalardan fərqi o idi ki, həmin
nağıllara özünün rəngini qatardı,
gözünə də bir az duz vurardı.
Bu da onun apardığı məclisləri
maraqlı edərdi.
Süfrədə bircə quş südü yoxuydu. Yas Sahibi
bazarı ələk-vələk eləsə də, tapa bilməyib
əsəbləşmişdi. Quş südü satanlar
da Seyid Lazım ağanın cəddinə and içmişdilər
ki, yoxdu, nə bilək dədən öləcək, Ağcabədinin
ispolkomunun atasının bu gün üçüdü, səhərin
gözü açılmamış adamları
tökülüb bazarda nə qədər quş südü
vardı yığıb apardılar.
Beləcə, stolun üstə Ağcabədinin
ispolkomunun atasının zibilinə bircə quş
südü əskik idi. Heç toylarda belə süfrə
açılmırdı. Hətta
badımcana oxşayan bir sarı meyvə də vardı ki,
çoxları da onu ilk dəfəydi görürdü.
Amma heç kim o meyvəyə əlini
vurmurdu. Eşitmişdilər ki, onu Afrikada
meymunlar yeyir. Bu meyvənin yetişdiyi
ölkələri də elə onun adıyla
adlandırırdılar - Banan Respublikası. Düzdür, Darvin sübut eləmişdi ki, insanlar
meymundan əmələ gəliblər, Sovet alimləri də
bunu təsdiqləyirdilər. Onlar isə
Sovet hökumətinin Allahsız alimlərinə
inanmadıqları kimi Darvinə də inanmırdılar.
Ümumiyyətlə, çoxu heç Darvini
tanımırdı da, ona görə də bu meyvəyə əl
vurmurdular.
Toydan fərqli olaraq süfrədə bircə araq
çatmırdı. Amma O bilirdi ki, yeyib-içən
oğlanlar ehsan vaxtı ya vurub gəlirlər, ya da keçib
qonşu həyətdə əvvəlcədən gətirib
qoydurduqları urus "vodka"sıyla boğazlarını
yaşlayırlar. Əslində, bu urus
"vodka"ları girdirməydi, rayondakı şərab
zavodlarında hazırlayırdılar, amma butulkanın
üstünə yapışdırdıqları
"Moskovskaya vodka" etiketi girdirmə deyildi, uşaqlar
Moskvadan göndərirdilər.
Oturmuşdu, hərdən süfrədəki mer-meyvədən
dadırdı.
Meymunların sevdiyi meyvəyə O da əl uzatmırdı,
badımcandan zəhləsi gedirdi, onda ki hələ onun
sarısı ola. Və hərdən
də çayçının işarəsi ilə bir
"Fatihə" verirdi ki, getmək istəyənlər
getsinlər. Amma yerindən tərpənən
olmurdu. Bilirdilər ki, belə bahalı
süfrənin bahalı da ehsanı olacaq.
Qarabağda varlı adamların toylarını adətən
Qədir Rüstəmov aparardı, yasların da Qədir
Rüstəmovu O idi. Səsi də, düzdür, Qədirin səsi
kimi olmasa da, Şahmalı Kürdoğlunun səsi kimi
qaymağıydı, xalis Qiyaslı qaymağı. Dilinin şirin olması da avazına bir rəng
qatardı. Bəlkə yeganə
mollaydı ki, o şirin avazı, şirin boğazlarıyla
"Quran"ı elə oxuyardı ki, məclisə bir qəbiristanlıq
sükutu çökərdi.
Bəzən eyni gündə iki saytal adamın yası
düşürdü. Onda qanı bərk qaralardı, deməli,
mütləq birinin xətrinə dəyəcək.
Bu gün də elə olmuşdu. Hətta onu
atalarının yasına aparmaq üçün qapıya gələn
saytal adamlar öz aralarında dava salıb bir-birlərinin
üstünə silah da çəkmişdilər. O da
Seyid Lazım ağanın cəddinə and verib onları
sakitləşdirə bilmişdi.
- Arvad, qəstyumumu
gətir, yenə zivilə düşmüşəm.
- Noluf?
- İki yas birdən düşüf. Dalımca gələnlər
az qala bir-birlərini
qırmışdılar. İndi bilmirəm
hansına gedim.
- Ay kişi, sən bellə də,
razılaşdır, birinin üçünü ver, birinin
yeddisini. Denən qırxın da ayrı-ayrı
günə salsınlar.
- Arvad
deyil ey, Sokratdı.
Başqa mollalardan fərqli olaraq bahalı və səliqəli
geyinməyi xoşlayardı.
Geyinib-keçinib düşmüşdü
aşağı, hər iki tərəfin adamları gözləyirdi. Uzun çək-çevirdən
sonra onları ortaq məxrəcə gətirə bilmişdi.
Ölənin nəvəsi maşını elə bərk
qovurdu ki, onun da sürətlə gedən maşından zəhləsi
gedərdi, qorxurdu. Yas yerlərində də tez-tez deyərdi:
- Ay
camavat, day Əzrayıl öz yerini "Jiquli"yə verif,
siz də onunla çilingağaş oynuyursuz.
Gözü qalmışdı sürətölçəndə. Əqrəb 130-u göstərəndə
day özünü saxlaya bilmədi:
- Qardaşoğlu, saxla maşını!
- Nə olub, Rəşid əmi?
- Saxla deyirəm, saxla dana.
Uşaq maşını saxladı.
- Dədən ölüf?
- Başa düşmədim.
- Niyə başa düşmədin, soruşuram dədən ölüf?
- Hə.
- Toşnu ölüf?
- Əşi, deyirəm ölüb də. Ölməsə sənin dalınca niyə gəlirdik ki?
- Qardaşoğlu, mən skorıy pomoş döyüləm ey, pokoynu pomoşam. Mən ölüləri diriltmirəm ey, o dünyaya yola salıram. Gedif basdırajıyıx dana, yarım saat tez, yarım saat gej.
Qarağacıya o qədər adam yığılmışdı ki, heç 1 Mayda hökumət Lenin meydanına bu qədər adam yığa bilmirdi. Göydən də od tökülürdü, tər dabanından axırdı. Yas Sahibinin xoşuna gəlmək, gözünə girmək üçün millət də bir basabas salmışdı, az qalırdı onu itələyib salsınlar məzara.
- Ə,
bir geri durun dana, qoyun camavat işin
görsün.
Kimsə
dedi:
- Rəşid
əmi, deyəsən, məzarı bir az
dayaz qazıblar ey, bir təpkeş də vursalar, pis olmaz.
Dönüb
tərs-tərs onu deyən adama baxdı:
- Ə,
boş-boş danışma, durub qaçajax?! O yaşda
heç Qarqarda daş da qalmıyıf. Basdırın gedək!
Məclislərdə yeyib-içən cavanlar Rəşid
əmiyə cavabı olmayan suallar verməyi, onunla məzə
tutmağı xoşlayırdılar. Və onu da bilirdilər
ki, mütləq vəziyyətdən çıxacaq, nə isə
qeyri-adi və ləzzətli bir söz deyəcək ki, xoruz
banı da eşitməyib.
Onu yas məclislərinin Qədir Rüstəmovu eləyənlərdən
biri də zarafatları və hədərə suallara hüdərə
cavab verməsiydi.
"Quran"ı çox gözəl bilirdi. Amma heç
vaxt özünü savadlı, guya ərəbcəni gözəl
bilən mollalar kimi aparıb ayələri ağzını əyə-əyə,
bəlağətlə ərəbcə söyləyib, sonra tərcümə
etməzdi. Elə azərbaycanca deyərdi
və elə şirin Qarabağ ləhcəsində deyərdi
ki, adama elə gələrdi "Quran" elə azərbaycanca,
özü də Qarabağ ləhcəsində yazılıb.
Bu vaxt Çayçı Əziz əlində ikirəng
çay girdi içəri. Şalvarının
balağını da bir az qatlayıb
çirməmişdi. Məcməyini də əlində
nümayişkarcasına tutmuşdu. Bu yerlərdə
adət idi, toylarda hörmətli qonaqlara ikirəng şirin
çay gətirərdilər, qonaq da
çayçının məcməyisinə ondan-on beşdən
nəmər atardı.
Və
Çayçı Əziz çayı gətirib qoydu Onun
qabağına:
- Rəşid
əmi, təzə dəmdi, birincisini saa gətirmişəm.
Başa düşdü ki, lağbazlardan kimsə
çayçının cibinə beşdən-ondan basıb
məzə qılır.
O da
özünü o yerə qoymadı, çıxarıb məcməyiyə
bir onluq atdı. Sonra çayı qarışdırıb bir
qurtum aldı və dedi:
- Ay
Əziz, deyirəm kaş sənin kimi səliqəli bir
arvadım olaydı.
Məclisi pıqqıltı tutdu.
Başladı Əzrayıldan bir hədis
danışmağa.
... Qəbul imtahanları yaxınlaşırdı. Bakıya getməliydi. Kiçik oğlu oboxeyisliyə girmək istəyirdi. Taxçada-boğçada nə vardı hamısını yığıb-yığışdırıb bir on min manat düzəltmişdi. İnstitut müəllimlərini söyürdü ki, ay it uşağı, mən bu qədər pulu yığmaq üçün heç bilirsiz nə qədər ölü götürmüşəm, məclis yola salmışam ki, verəm siz yeyəsiniz?
Hərdən oğlunu da danlayırdı:
- Gözünə su ver dana, kaçaqar Məyişin oğlu gedif Maskvada yurfaka girir, sən burdan-bura Allahın xaltəsərrüfatına girəmmirsən.
Oğlu:
- Ata, öyrən gör bu şəhərdən bircəcə uşaq ora öz biliyi ilə giribsə, gəl məni sal təpiyinin altına.
Bu şəhərdə institutların qəribə adları vardı: Politexnikin adı "QAİ məktəbi"ydi.
-
Oğlun harda oxuyur?
-
Raykomluqda.
Deməli, Universitetin tarix fakültəsində. Xalq Təsərrüfatının
da adı "oboxeyislik" idi. Ən dəbdə
olanı da Tibb İnstitutuydu ki, oranın da qiyməti əlli
minə qalxmışdı. Bütün
imkanlı adamlar uşaqlarını bəhsə-bəhsə,
daha dəqiq desək, bir-birinin acığına Tibb
İnstitutunda oxudurdu.
Bir dəfə tanışlardan biri uşağı
imtahandan kəsildiyinə görə onu aparmışdı
Tibb İnstitutuna, kafedra müdiri işləyən qohumunun
yanına minnətə.
Dəhlizdə
o qədər tanış uşaq gəlib
onunla görüşmüşdü ki, kafedra müdirinə
demişdi:
-
Prafessor, elə bu inistutun filialını bizim rayonda
açın dana. Baxıram,
hamısı bizimkilərdi. Həm
uşaxlar yazıxdı, evdən-eşikdən uzaxda əziyyət
çəkillər, həm də bu şəhərin canı
oxumaxdan daha çox avaragorluq edən bu davakar uşaxlardan
qurtarsın.
Sonra da
qayıtmışdı ki:
- Vallah, əgər
bu uşaxlardan doxtor olarsa, məndən də
şeyxülislam olar.
Arvad da yapışmışdı ki, kimin
qızından əskiksən, niyə uşağı
"medinstituta" qoymursan?
- Rəhməddiyin
qızı, abaxeyisdiyin pulun zorla düzəltmişəm. Uşağı medinistuta qoymax üçün gərəh
şəhərdəki pullu kişilərin yarısını
basdırım. Yazıxdılar axı.
Bu gün
bir az rahatlanmışdı ki, yayın bu
cırhacırında Bakıya gedəsi olmayacaqdı. Xalq Təsərrüfatının prorektoru Yas
Sahibinin qohumuydu və eşitmişdi ki, artıq yoldadı, gəlir.
Yas Sahibi
də demişdi:
- Rəşid
əmi, ürəyini buz kimi saxla. Elə bil
uşaq oturub Xalq Təsərrüfatında.
Hətta
Əzrayılın bir tikə çörək kəsdiyi
çobana o bir tikə çörəyin xətrinə ona
zaman tanıması hədisini bitirəndən sonra bir
"Fatihə" verdi.
Lağbaz
cavanlardan biri:
- Rəşid
əmi, Allahın neçə Əzrayılı var?
- Ə, nə düşüh-düşüy
danışırsan, əlbəttə, bir dənə.
- Bəs,
onda necə olur ey, eyni vaxtda biri Ağdamda, biri Ağcabədidə,
biri Moskvada , biri Nyu-Yorkda... bir günün içində
yüz minlərlə adam ölür, Əzrayıl bunları
necə çatdırır?
- Sənin
dayın Mingəçevirdə qesdə işdəyir, eləmi?
- Hə.
- Gələndə
dayından soruş, bax, orda urus İvan rubilniki vuranda bir
göz qırpımında Gürcüstanda da, Ermənistanda
da və bizdə də neçə milyon işıx
yanır. Yəni sən deyirsən Allahın
Əzrayılı o urus İvanca da yoxdu?
Lağbaz
geri çəkilmək istəmədi:
-
Yaxşı, Rəşid əmi, Əzrayıl erkəkdi,
yoxsa dişi?
-
Qardaşoğlu, belədi dana, hələ
mənim sinəmə qonmuyuf. Nə vaxtkı sənin
sinənə qonajax, onda əlinlə altdan-yuxarı bir
yoxluyarsan. Əlin bir şeyə dəydisə,
deməli, erkəkdi. Dəymədisə...
- Rəşid
əmi, bax, niyə Allahın mələkləri olan
İsrafilin, Cəbrayılın, Mikayılın adını
camaat uşaqlarına qoyur, amma Əzrayılın
adını heç kim qoymur?
- İnsannar özdəri ad qoydular-qoymadılar elə
Əzrayıla dönüf, ona görə.
Məclisdəkilərin
qırışığı bir az da
açıldı, lağbazın özü də
güldü.
***
Ehsan vaxtı çəngəl-bıçağın səsi mağarı başına elə götürmüşdü ki, elə bil bazardakı dəmirçilər məhləsindəsən. Gözünün ucuyla baxırdı. Görürdü ki, cavanlar aradabir çıxırlar, qayıdanda da sifətləri qızarmış qayıdırlar. Ona elə gəldi ki, elə Yas Sahibi də deyəsən, qonşu həyətə dəyib.
Ehsan
bitdi, "Fatihə"sini verdi. Süfrə yığılandan sonra söhbətə
başladı.
- O gün bir ovçu dostum zəng eliyif deyir ki, Ağcabədidən yaxşı turaş vuruf gətirmişəm, axşam gələrsən turaşplov yeməyə. Getdim. Sağ olsun xanımı, şahlara layıx plov dəmləmişdi. Oturdux süfrəyə, oğlanları da oturdu, xanımı da qulluq edir. Bir də gördüm xanımı gəlif böyük oğluna deyir ki, səni telfona çaarırlar. Uşax çıxdı, heş iki dəyqə keşmədi qayıtdı. Özündən balaca qardaşına dedi ki, ə, məni yox ey, səni çaarırlar. O da çıxdı yan otağa, qayıtdı. Bir az keşmiş xanımı balaca oğluna dedi ki, a bala, səni telfonda iş yerindən axtarırlar. O da getdi telfonla danışmağa. Tez döndü, böyük qardaşına dedi ki, ə, mamam səhv salıf ey, səni çaarırlar. Gah onu çaarırlar telfona, gah bunu çaarırlar. Telfonla danışdıxca üzləri də başdıyır qızarmağa. Dedim, nədi a bala, telfonda sizi dannıyırlar, hamınız qıfqırmızı qızarmısız? Evin xanımı bir də uşaxlardan hansınsa telfona çaaranda, dedim, ay bajı, o telfonu gətir qoy ortalığa, bu uşaxlar adam balası kimi rahat çörəhlərini yesinnər. İndi baxıram, yaman tez-tez qonşuya telfon dalınca gedirsiz. Belə getsə yaxın zamanlarda, - əli ilə Stepanakertdən gəlib Dorik müəllimin yanında oturmuş erməniləri göstərdi, - elə onnar kimi telfonu gətirif qoyassız ortalığa.
Yas Sahibi güldü:
- Rəşid əmi, işin olmasın, dədəm özü də yeyib-içən kişi olmuşdu. Neyləsinlər, Ləvənin plovu elə-belə getmir də.
Rəşid əmi:
- Nə deyirəm, Allah o yeyif-içən dədənə o dünyada da yeyif-işmək qismət eləsin.
***
Bayırda
bir hərəkətlilik hiss olundu. Kimsə
içəri girib Yas Sahibinin qulağına nə isə
pıçıldadı, o da durub çıxdı bayıra.
Əgər Yas Sahibi qonağın ayağına
çıxırsa, deməli, qonaq ya vəzifəli adamdı,
ya da uzaqdan gələn.
Fikirləşdi ki, yəqin Prorektordu. Amma içəri
Prokurorla Rəis daxil oldu. Stepanakertdən gələnlərlə
ayrıca görüşdülər, camaata da başları
ilə salam verib keçib yuxarı
başda əyləşdilər və Rəşid əmi ilə
də ayrıca salamlaşdılar. O da söhbətini
saxlamadan salamlarını aldı və
danışdığı hədisi bir az
da qısa eləyərək bir "Fatihə" verdi və
üzünü tutdu Rəisə:
- Ay Rəyis,
prakuror da burdadı, bu şəhərə niyə əl gəzdirmirsiz?
- Rəşid
əmi, nə olub bu şəhərə?
- Hərdən
başın açılanda bir bulvar tərəfə get, cavanlar məhf oluf gedir. O şeyi bura
dadandıranların öyü yıxılsın. Hər gün dava-qırğın, hər gün
bıçaxlaşma.
Rəis
zarafata salmaq istədi:
- Rəşid
əmi, belədi də, sənin çörəyin ölənlərdən
çıxır, bizimki də dava-qırğından,
bıçaqlaşanlardan.
- Allah
ikimizin də çörəyini kəssin.
- Rəşid
əmi, sən Allah, heylə demə, ağzı dualı
adamsan.
- Rəyis,
qorxma, Allahın işi-güjü yoxdu elə oturuf gözdəyir
görsün Molla Rəşid nə deyir?!
Kimsə
gördü ki, Rəşid əmi Rəisi
sıxışdırıb, söhbəti dəyişmək
üçün soruşdu:
- Rəşid
əmi, deyirlər ki, nə vaxt dəvə incəlib iynənin
ulduzundan keçəcək, onda da cəhənnəm əhli əzabdan
xilas olacaq. Adamın heç inanmağı gəlmir
ey, o boyda dəvə iynənin ulduzundan necə keçə
bilər?
-
Çox asan. Sənin gözüyün didəsi
elə iynənin ildızı boyda döyül? Nejə olur ki, Allah günəşi, ayı, nə
bilim, neçə milyon kilometr uzaxda olan ildızdarı,
heç uzağa getmiyək, bu boyda mağarı sənin o iynənin
ildızı boyda olan didəndə yerrəşdirə bilir,
amma dəvəni iynənin ildızından keçirə
bilmir?!
- Rəşid
əmi, vallah, sən alimsən.
- Alim
deyiləm ey, sadəcə olarax Allaha səndən daha
çox inanıram. Allah qadir Allahdı. Bu dünyanı yoxdan var edən Allahdı.
... Gün gələcəkdi məclisdə şirin
avazla, özü də "Segah" üstündə
"Quran" oxuduğu vaxt qəfil yer-göy
dağılacaqdı. Mağarın
yaxınlığına düşən "Qrad"ın qəlpələri
elə "Quran" sədaları altında mağarı
dağıdacaq, neçə adamı qanına qəltan edəcəkdi.
O isə surəni yarımçıq saxlayıb təlaş
içində ora-bura qaçanlara, vay-şivən qoparanlara
baxacaqdı, sonra özünü toxtayıb surəni
axıradək oxuyacaqdı. Və bu, Onun yas məclislərində
oxuduğu son "Quran" olacaqdı.
Günü qəbiristanlıqlarda keçəcəkdi,
şəhidlərin dəfnində. Şəhidlər o qədər
çox olacaqdı ki, dəfn etməyə molla da
çatmayacaqdı, heç yas mərasimləri də
qurulmayacaqdı. Elə dəfn qurtaran kimi
hamı silahını götürüb səngərə
qaçacaqdı. Yalnız cəbhə xəttindən
uzaq kəndlərdə camaat özü şəhidlərə
yas saxlayacaq və ehsan verəcəkdi.
... Hələ o günə çox vardı. Hələ dünya gözəl dünyaydı.
Hələ bu şəhərdə avtomobil qəzalarını
saymasaq, insanlar gül kimi qocalıb çox gözəl də
ölürdülər.
Hələ O qocalıb gözəl ölmüş bir ağsaqqalın yasında başda əyləşib məclisi aparırdı.
İçəri girəndə görmüşdü ki, rəhmətliyin cavanlıq şəklini vurublar gəbənin üstünə, özü də qalstuklu-zaddı. Hansı ki yazıq ömründə heç vaxt qalstuk taxmamışdı, bu şəhərdə qalstuk taxana belə birtəhər baxırdılar.
Başını bulayıb demişdi:
- Ay bala, bu şikli dəyişin. Kənardan gələnlər elə bilərlər növcavan ölüf, ehsan yeməzlər.
Bu şəhərdə cavanların yasında ehsana əl uzatmazdılar.
Yas Sahibi də onun sözündən sonra şəkili dəyişmişdi...
İsti onu lap təntitmişdi. Mağardakı sərinkeşlər yaxalarını cırsalar da, az tafovut eləyirdi. Sərinləmənin yeganə yolu çay idi. Əli ilə işarə elədi ki, çay gətirsinlər. Bunu görən lağbaz cavanlar bir-birlərinə göz-qaş elədilər, başlamaq vaxtıdı. Hamı yaxşı bilirdi ki, Rəşid əminin bir şakəri var, əgər söhbət edirdisə, çay içməzdi və çay içəndə də söhbət eləməzdi. Çayçı Əziz stəkanı gətirib qoydu Rəşid əminin qarşısına. Kişi əlini atıb stəkanı götürəndə cavanlardan biri:
- Rəşid əmi, bu təsbeh niyə otuz üç dənədi ey?
Stəkanı qaytarıb qoydu nəlbəkiyə. Tərs-tərs sual verən cavana baxıb sözə başladı. Azı iyirmi dəqiqə məlum hədisi danışdı. Fikrini bitirdikdən sonra əli ilə Çayçı Əzizə işarə elədi ki, bu çayı dəyiş.
Çayçı Əziz ikinci stəkanı gətirib qoydu onun qarşısına. Əlini atırdı ki stəkanı götürsün, başqa bir cavan:
- Rəşid əmi, o namərdki məsciddə həzrət Əlinin kürəyinə xəncər vurdu ha, necə olub ki, həmin gün Müaviyəni də öldürməliydilər, amma öldürmədilər?
Yenə stəkanı qaytarıb qoydu nəlbəkiyə, yenə tərs-tərs həmin cavana baxdı. Sonra dəsmal ilə üz-gözünün, boyun-boğazının tərini sildi və başladı həmin hədisi danışmağa. Bir yarım saat da bu çəkdi.
Söhbəti bitirdi. Hirs vurub kişini, boğazı quruyub, yenə işarə elədi ki, tez bu çayı dəyişin. Baxdı ki cavanlar bığaltı gülümsəyirlər.
Üçüncü stəkan gəldi. Əlini çaya atmaq istəyirdi ki, cavanlardan bir başqası:
- Rəşid əmi, o xəndək davasındakı həzrət Əli...
Rəşid əmi cavana sualını tamamlamağa imkan vermədi. Stəkanı götürdü və dedi:
- Ay oğul, ciyərim yanır, qoy bir bu çayı içim. Allah qoysa, onu da sənin dədəyin yasında danışaram.
Məclisi pıqqıltı tutdu. Söz özünə də ləzzət elədi, özü də güldü.
Yenə bayırda bir hərəkətlilik yarandı. Yenə kimsə girib Yas Sahibinin qulağına nəsə pıçıldadı, o da durub çıxdı bayıra.
Fikirləşdi ki, yox ey, bu dəfə gələn mütləq Prorektordu. Yanılmadı. Mağara əvvəl Prorektor, arxasınca da Katib girdi. Beş-altı nəfər ayağa qalxmaq istədi. Katib əli ilə işarə elədi ki, olmaz.
Hər ikisi gəlib onunla əlbəəl görüşdülər və sağ tərəfdə əyləşdilər.
***
Çox qəribə bir təsadüf baş vermişdi. Aşura günü 1 Maya düşmüşdü. Aşurada Qarabağın demək olar ki, bütün rayonlarının camaatı bu şəhərə axışırdı. Ölkədə rəsmi olaraq fəaliyyət göstərən 4-5 məscidin biri də bu şəhərdə idi. Qətl günü məscidin qarşısına bəlkə də 50-60 min adam yığılırdı, iynə atsan yerə düşməzdi. Məscidin ətrafındakı yolları da maşınlar üçün bağlayırdılar ki, camaat əziyyət çəkməsin.
Ehsan verilərdi, şərbət paylanardı, dürməkdə halva paylanardı. Və bu ehsanı da gələn camaat öz gücüylə təşkil edərdi. Kasıbın olanından - kimin evində nə bişirdisə bir qazanını vurub qoltuğuna, gətirirdi bu ehsan süfrələrinə.
Kəlbəcərlilər, laçınlılar özləriylə gətirdikləri say-seçmə qoyunları Məscidin böyründə xüsusi yerdə kəsib iri qazanlarda bozartma bişirərdilər ki, adam yedikcə yemək istəyərdi.
1 May günü təbii ki, Lenin meydanında böyük bir nümayiş olurdu. Məktəblilər, idarə və müəssisələrin işçiləri sıra ilə əllərində də Siyasi Büronun üzvlərinin portretləri, qardaş respublikaların bayraqları gəlib Lenin heykəlinin qabağında quraşdırılmış tribunanın önündən keçirdilər - sevinclə, əl yelləyə-yelləyə, "Urra!" bağıra-bağıra.
Həmişə də nümayişin önündə əlində Stalinin portreti Dəli Kərəm keçərdi. Dəliliyi-filan yox idi, sadəcə elə belə hərəkətlərinə görə "dəli" deyib yola verirdilər. Şüarı da "Yaşasın Stalin" idi. O Stalin ki Dəli Kərəmin nəslinin yarısını güllələtmişdi, yarısını da yük vaqonlarına doldurub göndərtmişdi Qazaxıstana. Və hələ də çoxu elə orda yaşayırdı. Özü də internat uşağıydı.
Lenin meydanına yol Məscidin önündən keçirdi. Nümayiş saat 10-da başlayırdı və bir saatdan da çox çəkirdi.
İndi çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki saat 10-dan da camaat yığılırdı Məscidin önünə.
Raykomun instruktoru gəldi Rəşid əmigilə.
- Rəşid əmi, Katib səni çağırır.
- Ölüsü düşüf?
- Yox.
- Bəs onda Katip məni neyniyir?
İnstruktor güldü:
- Yəqin partiyaya keçirəcək.
- Ay bala, mən İmam Hüseyn partiyasının üzvüyəm, ondan da böyük partiya tanımıram.
Oturdu instruktorun maşınına, gəldilər raykoma.
Katib Allah adamıydı, "Quran"ı da çox gözəl bilirdi. Təkcə İslamı yox, elə bütün dinləri bilirdi. Hətta iclaslarda "Quran"dan misallar çəkməkdən çəkinməzdi.
Rayona gələn kimi də ilk işi iki əsr yaşı olan Məscidin böyür-başındakı, üzbəüzündəki dükanları, yeməkxanaları sökdürmək olmuşdu. Məscidin önünü, üzbəüzdəki ərazini bağ-bağat eləmişdi, gül-çiçək əkdirmişdi. Hələ bir Çay evi də tikdirmişdi. Məscidin önünə bulaq çəkdirmişdi. Yolu məscidin önündən keçənlər və ya namaz qılmağa, nəzir-niyaz verməyə gələnlər hər gün Katibin dədəsinə rəhmət oxuyurdu.
- Rəşid kişi, bilirəm ki, sənin təkcə bu şəhərdə yox, bütün Qarabağda xətir-hörmətin var, ağır kişilərdənsən, səni eşidirlər. Bəlkə bir camaatla danışasan Aşuranı bir saat arxaya çəksinlər ki, biz nümayişimizi keçirə bilək, yoxsa aləm dəyəcək bir-birinə.
Rəşid əminin üzünə bir istehzalı təbəssüm qondu:
- Katip, təh
bizim camaat olsa birtəər yola verməy olar. Mən
Laçına, Şuşaya, Ağcabədiyə, Bərdəyə,
Kəlbəcərə, Stepanakertə nejə
çatdırım ki, Aşuraya saat on birdən sonra gəlsinlər.
Bir də Qətli nejə arxaya çəhməy
olar, saat on ikidə sınır. Bunu mənnən
yaxşı bilirsən.
- Bəs
indi neyləyək?
- Katip, sənin
əlində qəzet var, radyo var, böyük bir təşkilat
var. İmkanın var ki məytəvlərə, təşkilatlara
xəbər göndərəsən ki, nümayiş saat onda
yox, doqquzda başlıyajax. Vəssalam, sənin
də işin düz getsin, bizim də.
Katib bir
xeyli fikrə getdi, sonra dedi:
- Rəşid
kişi, sən doğrudan da deyilən kimi
varsan, müdrik adamsan. Qoy elə sən deyən
kimi olsun.
Sonra
üçüncü katibi çağırıb göstərişlərini
verdi.
Rəşid
əmi qalxdı ayağa:
- Elə
sən də Allah adamısan. Allah işini avand eləsin! İndi gedə bilərəm?
Katib:
- Bir dəqiqə
gözlə, - dedi və keçdi arxa otaqdan məxmərə
bükülmüş bir kitab gətirdi, - Rəşid kişi, bu da məndən sənə bir hədiyyə.
Qurandı, Azərbaycan dilində. - kitabı öpüb verdi Rəşid əmiyə.
Rəşid
əmi də kitabı öpüb gözünün
üstünə qoydu və dedi:
- Sağ
ol, Katip. Maa bunnan böyük hədiyyə ola
bilməz.
Və səhərisi gün nümayiş də çox
sakit keçmişdi, Aşura da.
***
Söhbətə
Katib başladı:
- Rəşid
kişi, işlər necədi?
- Elə
də yaxşı deyil.
- Niyə?
- Əvvəla, ölənlər çoxalıf. Havadandı,
yeməhdəndi, nə bilim nədəndi, həm də
cavanlar yaxşı böyümür. Bulvar oluf o iki adam ölənəcən
döyüşür ey, onun adı nədi?
Kimsə
yerdən dedi:
-
Qladiator.
- Hə,
hə, qladyator meydanı. Qorxuram bunun
axırı heş yaxşı olmaya.
Bu
sözü eşidəndə Rəisin bir az
rəngi qaçdı.
Katib:
- Rəşid
kişi, sən bu rayonun
sayılıb-seçilən ağsaqqallarından birisən. Özün də dinimizi, tariximizi bilən bir
ziyalısan. Gözəl sözlərini,
fikirlərini yas yerlərində deyirsən. Deyirəm bəlkə
hərdənbir məktəblərdə sənlə
görüşlər keçirsinlər, ya ayda bir dəfə
müəllimləri, məktəbliləri yığaq mədəniyyət
evinə, sən də bir az dinimizin əxlaqi
dəyərlərindən onlarla söhbət edəsən?!
- Sağ
ol, ay Katip. Onsuz da özüm hərdən bizim
uşaxların oxuduğu məytəvə valideyn
iclaslarına gedirəm, orda da sözümü deyirəm.
Yaxşı olar ki, məytəvlərdə tədbirlərin
sayı artırılsın, rayon tədbirləri tez-tez olsun,
uşaxların başı qarışsın belə tədbirlərə,
bulvardan, bazardan, çayxanalardan yığışsınlar.
Bayaq Rəyisə də deyirəm, özü də
hələ uşax milisi də var, bir çıxsınlar
bazara, meydana, çayxanalara. Əvvəllər internat
uşaxları olardı, indi az qala
bütün məytəvlərin uşaxları elə internat
uşaxları ola! Yaxşı ki Yusif müəllim
var, heç olmasa bu dəjəl-düjəl uşaxların
çoxunu küçələrdən
yığıf-yığışdırıf gətirif
idman məytəvinə.
İdman məktəbinin direktoru Yusif müəllim də
məclisdəydi. Təbii ki, rayona yeni gəlmiş Katibə
onun haqqında deyilən xoş sözlərdən məmnun
oldu, başı ilə də Rəşid əmiyə bir təşəkkür
elədi.
Katib:
- Rəşid
kişi, çox düz buyurursan. Elə bu yaxınlarda fikrim var rayon ziyalılarını
yığım bir yerə, elə siz də orda olasız, bu
dediklərinizi də, həm də demədiklərinizi orda bir
müzakirə eləyək.
- Katib,
bilirəm Xuduynan, Bəxtiyarnan, Nurəddin doktornan, elə
bizim Şahmarnan bərk dossan. Onnar da tez-tez
rayona qonax gəlirlər, sən də onnarı
götürüf aparırsan Şuşuya, ya Dəlidağa.
Yaxşı eliyirsən. Amma
onnar gələndə təşkil elə qoy mədəniyyət
evində, məytəvlərdə görüş
keçirsinlər.
Onnarın sözü mənim dedihlərimdən daha
ötkəm olar. Onnar məndən müdrik adamlardılar.
Öyün Zeynal məllimə deyirəm, deyirəm
ki, bu qojaları başına yığıf Füzulidən
danışdığını get məytəvlərdə
uşaxlara danış. Sən gəl
Zeynal məllimi maarif midiri qoy ey, həmkarları hamı
işdədə bilər.
Katib
güldü:
-
Neçə dəfə demişəm, deyir yaşım
keçib, təzədən məktəblərlə işləyə
bilmərəm.
-
Partiyanın əsgəri döyül? Hara deyirlər ora da
getməlidi dana.
Katib:
- Rəşid
kişi, yaxşı bilirsən ki, o, partiyadan çox, Füzulinin əsgəridi.
Məclisin qırışığı təmiz
açılmışdı. Katibin Rəşid əmiylə
belə səmimi söhbəti hamıya ləzzət eləmişdi.
Prorektor da sakitcə oturmuşdu, söhbətə
qarışmırdı.
Sonra Katib
dedi:
- Rəşid
kişi, bəlkə bir "Fatihə"
verəsən, iş çoxdu. Professor da
qonağımızdı. İstəyirəm rayonda gedən
işlərlə yaxından bir tanış
olsun. İcazə versən, sonra lap
Şuşaya da apararam.
Rəşid
əmi güldü:
- Katip,
hamı icazəni sənnən alır.
Katib:
- Rəşid
kişi, buranın da katibi sənsən də.
Bir
"Fatihə" verdi. Katib Prorektorla
qalxdı, yenə Rəşid əmiylə əlbəəl
görüşdülər, sonra da onların ardınca
Prokuror, Rəis Yas Sahibinə başsağlığı
verib çıxdılar.
Rəis çıxmamışdan əvvəl gəldi Rəşid
əminin yanına. Cibinə bir əllilik basdı:
- Rəşid
əmi, dədəmə bir Quran oxuyarsan.
- Nayran
olma, bir hazır surə var, tapşıraram dədənə.
Rəis başını bulaya-bulaya güldü və
çıxdı.
Onları yola salandan sonra Yas Sahibi gəldi Rəşid əminin
yanına, qulağına pıçıldadı ki, axşam
saat 9-dan sonra gedərsən Qonaq Evinə, Prorektor səni
gözləyəcək. Dedi ki, arxayın olsun.
-
Amanatı da aparım?
- Yox. Amanatı səhərdə-birisigündə mənə
çatdırarsan, qaçhaqaç deyil ha. Özü
də dedi ki, kasıb adamdı, on min çoxdu, elə beş min versə bəsdi.
- Allah
onun da, sənin də balalarını saxlasın. Dədənə də elə bir yasin oxuyajamkı cənnətdə
nə qədər huri-qılman var yığışajax
başına. Elə burdakı kimi orda da
kef partdadajax.
Sonra da yerini rahatladı, yenə bir stəkan çay
içdi və başladı şirin avazla "Yasin" surəsi
oxumağa.
Yas Sahibi də gözlərini yumub ləzzətlə
qulaq asırdı və dədəsini cənnətdə
huri-qılmanların arasında təsəvvür edirdi.
Amma bilmirdi ki, bu dəqiqə dədəsini
Qarağacıda inkir-minkir salıb çubuğun altına,
bu dünyada etdiyi günahlara görə
şülüyürlər.
***
... Dayanmışdı Küllük təpənin
üstündə. Haçansa bu təpə
də qəbiristanlıq olmuşdu. Özü
də çox qəribəydi ki, burda müsəlman məzarlarının
arasında neçə-neçə xristian qəbiri də
vardı. Səbəbini heç bilən də
yoxuydu. Bu təpədən şəhər
əl içi kimi görünürdü. Baxırdı yanan şəhərinə.
Göydən od yağırdı şəhərə.
Təpənin yanından keçən yolda
maşın-maşına dirənmişdi. Yüzlərlə
də adam pay-piyada. Bəzilərinin
də qucağında, boynunda uşaqlar üz tutmuşdular
yaxın kəndlərə.
Müharibə başlayandan yüzlərlə şəhidi
dəfn eləmişdi. Heç çoxuna ölü namazı da
qılmamışdı, çünki vaxt yoxuydu. Yas yerlərini çatdırmaq olmurdu. Qarağacı da Əsgəran tərəfdən
güllə altında qaldığından şəhidləri
də tələm-tələsik basdırırdılar. Məsciddən sayı hesaba gəlməyəcək
qədər şəhid kəfənlədib haqq
dünyasına yola salmışdı.
Çoxlarını heç kəfənləmək də
olmurdu, ya parça-parçaydılar, ya da
yanmışdılar deyin əyindəkiləri çıxarmaq olmurdu. Məcbur olub hələ qanlarının,
yaralarının üstünə torpaq səpdirirdi, sonra da elə
geyimli-gecimli kəfənlədirdi, belələrini tabutda
basdırdırdı. Bəzilərinin üstündən heç sənəd
də çıxmırdı, haralı olduqları, kim
olduqları bilinmirdi. Məscidin axundu Barata
deyirdi ki, bunların şəkillərini çəkdir, qəbirlərini
də nömrələ vur dəftərə, bir gün sahibləri
çıxar.
İndi isə gözünün qabağında şəhəri
şəhid olurdu - "Quran"sız, "Fatihə"siz.
Baxırdı və fikirləşirdi ki, 70 il qulluğunda durduğu Allah bu zülmü nətəhər götürür. Təkcə şəhərdəki evlər yanmırdı, təkcə camaatı qırılmırdı, şəhid olmurdu, bu şəhərin duzu da, zarafatları da, suyu da, havası da şəhid olurdu.
Bu şəhər şəhid olmalı şəhər deyildi axı...
Və şəhər yanırdı. 70 ildən çoxuydu hər namazda, hər "Quran" oxuyanda Allahdan əmin-amanlıq istəmişdi, bu millətə xoş günlər arzulamışdı, bu şəhərə xoş günlər arzulamışdı. Və indi nədənsə Füzulinin bir beyti dolanırdı başında:
"Allah, bu nə zülm, bu nə sitəm,
Qiyami qiyamətlər içində bu qiyamət".
İndi qiyamət günü deyildi, bəs, onda bu nə qiyamət idi, bu nə zülm idi, bu nə sitəm idi? Allah bu 70 ildə onun dualarını eşitməmişdimi? Və Allah bu zülmü, bu qiyaməti görmürdümü? Elə isə Allah niyə susurdu? Niyə göz yumurdu bu zülmə, bu qiyamətə?
Və birdən-birə şəkk elədi. Və çöndü
oğluna dedi:
- Allah
yoxdu, oğul!
Və çox qəribədi ki, Allah onun 70
illik dualarını qəbul etmədiyi halda, şəkkinə
qəzəbləndi və bir "Qrad"ı düz
Küllük təpəyə tərəf uçurdu.
Aqil ABBAS
525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.18-19;24.