Kinder-sürpriz

 

 

esse

 

 

 

Uşaqlığımı xatırlayanda bezgin səslə mənə ünvanlanmış bir söz yaddaşımda əks-səda verir: "Başıma oyun açma yenə!" Əslində, bütün məsələ bu "yenə" sözünün içində gizlidir.

 

Nəzərə alın ki, bir-iki cümlə sonra sizə danışacağım əhvalat başıma gələndə uzağı 6-7 yaşım olardı, demək mənə deyilən cümlənin sonundakı "yenə" sözünün tarixi o qədər də qədim ola bilməz və deməli, dörd hərfli bu sözdə dəcəlliyimin salnaməsi yatır. Amma sizə deyim ki, "oyun açmaq" birləşməsi də xeyli maraqlıdır. Uşaq əvvəlcə özünü güzgüdə görür, aynadakı əksini yamsılayır, sonra güzgünün yerinə dünya/həyat keçir, beləliklə, hər şeyi təqlid edə-edə, oyun oynaya-oynaya ətrafını qavramağa başlayır. Fransız psixoanalitik Jak Lakan buna "Ayna mərhələsi" deyir. Kimsə daş atıb (bəlkə söz atıb?) aynanı sındırana qədər bu, belə davam edir.

 

Dəqiq tarixini xatırlamıram, amma mənə elə gəlir ki, 1992-ci il idi, deməli, 6 yaşım vardı. Babamın prokuror işlədiyi sonuncu rayon olan Göyçaydaydıq. Həyətdə ora-bura qaçıb darvazadan çölə çıxmışdım, yəni nəzarətdən qırağa. Deyəsən, yay ayları idi, çünki həmin günü xatırlayanda gözümün qabağına gələn görüntüdəki uşağın əynində, məncə, mavi zolaqlı şort və mavi-qırmızı rəngli köynək var. Elə bil, tünd göy beysbolkam da vardı. Həyət darvazasından nə qədər uzaqlaşdığımı xatırlamıram, amma dəqiq yadıma gəlir ki, bir yığın adamın qırmızı bir avtobusun ətrafına yığışdığını görüb onlara tərəf getmişdim. Deyilənə görə, o vaxtdan metafora hissim pis olmayıb, məsələn, avtobusu öz adıyla çağırsam da, trolleybusa "bığlı avtobus" deyirmişəm. Uzatmıram, həmin gün tanımadığım adamlarla birlikdə hara getdiyini bilmədiyim o qırmızı avtobusa mindim, içəridə ora-bura qaçdım, oturacaqlardan hansınasa dırmaşıb pəncərədən öz axarında olan rayon həyatının bir-bir dəyişən görüntülərinə baxmağa başladım. Sən demə, həmin gün rayon camaatı ellikcə məzarlığa gedirmiş. Tanımadığım adamlarla heç tanımadığım adamların dəfn olunduğu rayon qəbiristanlığında, dünyadan köçənləri üçün yasin oxutduran, qonum-qonşuya ayıb olmasın deyə evdən çıxanda özüylə hazır götürdüyü bir neçə damla göz yaşını yaylığının qırağı ilə silən bu insan yığınının içində, gərək ki, çox da narahat deyildim. Çünki, indi-indi düşünürəm, deyəsən, təkcə mən - 6 yaşlı balaca uşaq oyun oynamırdım, elə onlar da, o naməlum, adlarını heç vaxt bilməyəcəyim adamlar da öz monoton, rəngsiz, cansıxıcı həyatlarına az-maz da olsa rəng qatmaq üçün oynayırdılar - bunun fərqinə varsalar da, varmasalar da. Amma həmin günün oyunu bununla bitməmişdi, gəldiyi yolla qəbiristanlıqdan geri qayıdan avtobusu yolda polis maşınları saxlamışdı, aləm bir-birinə dəymişdi. Sən demə, bizimkilər elə bilibmiş kimi məni - prokurorun nəvəsini qaçırıblar. Ona görə rayondakı bütün yolları bağlatdırıblar, giriş-çıxış qadağan olunub, hər yana polislər göndərilib. Əsl hollivud ssenarisi!

 

Bilmirəm, bu yazıya köklənmişəm deyə belədir, ya yox, amma nədənsə fikirləşirəm ki, az qala, 25 il bundan öncəki həmin xırda hadisə ilə mənim estetik dünyagörüşüm arasında izaholunmaz bir bağ var. Qəribə şəkildə mənə elə gəlir ki, həmin gün o avtobusa minib getməsəydim, şüurlu, ya instinktiv şəkildə Oyuna qoşulmasaydım, yolumu bağlayıb mənə kimliyimi xatırlatmasaydılar, bu gün tamam fərqli düşünəcəkdim və çox güman ki, büsbütün başqa insan olacaqdım.

 

***

 

Nizaminin qəzəllərindən birində maraqlı bir bənzətmə tapdım, təxminən belədir: qocaların beli ona görə bükülüb ki, onlar əyilib, yerə düşmüş cavanlıqlarını axtarırlar. Zahirən ritorik fəndlərlə qurulmuş dil oyunu təsiri bağışlayan bu misranın canında maraqlı bir məsələ var: Uşaqlıqdakı oyunlarla - yerdə oturub oyuncaq oynamaqla Qocalıqdakı oyunun - ötüb keçən günləri xatırlamağın birləşməsi. Üstəlik, axtarış da var - cavanlıq axtarışı. Demək, insanlar - beşiyi yırğalanan bələkdəki körpədən qapını bağlayıb dünya ilə vidalaşan qocaya qədər hamı - axtarışdadır və bu axtarışın canında mütləq Oyun var, yəqin başqa cür yaşamaq maraqsız olardı.  

 

Dühaların yolları eyni yerə çıxır. Nizamini xatırlamışkən, başqa bir dahini yad etməsək olmaz. Şekspir bu gün o qədər də məşhur olmayan "Necə xoşunuza gəlirsə" adlı erkən dövr pyeslərindən birində sonradan çox məşhurlaşacaq bir pasaj yazmışdı. Sətri tərcüməsi belədir:

 

"Dünya bir səhnədir,

bütün kişilər və qadınlarsa onun aktyorları;

hamı səhnəyə gəlib-gedir.

Hamı birdən çox rolu ifa edir.

Bu tamaşada insanın yeddi dövrü var.

Birinci rol uşaqlıq çağındadır;

dayəsinin qucağında oynarkən,

sonra isə dəcəl məktəbli;

çantası əlində, üzündə səhərin parıltısı,

ayaqlarını sürüyüb dərsə gedən bir məktəbli...

Bundan sonra aşiq dəliqanlılıq çağı gəlir;

xiffətlə, sevgilinin qaşlarına yazılmış şeirlərlə.

Sonra əsgər gedib qəribə andlar içər,

leoparda bənzəyən saqqalıyla,

şəxsiyyətli və qısqanc, savaşda çevik və qorxmaz.

Topun ağzında belə şöhrət xəyalları quran dəliqanlı.

Sonra hakimliyə başlar.

Yekə qarnı ləzzətli ətlə dolu, gözləri ciddi, saqqalı səliqəli.

Müdrik atalar sözləri, çağdaş misallarla danışar,

beləcə, öz rolunu ifa edər.

Altıncı çağda isə təlxək paltarları ilə,

gözündə eynək, yanında çantası,

Cavanlıqdan qalma şalvarı arıq bədənində boş qalar

qalın kişi səsi uşaqlığındakı kimi nazikləşər.

Son səhnədə bu səs-küylü məsələ yekunlaşar.

İkinci uşaqlıqla hər şey bitər, dişsiz, gözsüz, heç nəsiz". 

 

Aşıq şeirindəki vücudnamələri xatırladan bu hissəni hər dəfə oxuyanda mənə nədənsə elə gəlir ki, burda qəribə bir sakral hava var, elə bil, mətn İncilin hansısa variantlarından birindəndi. Amma əsas məsələ burdakı Oyunla bağlıdır. Dünya səhnədir və biz də onun oyunçuları kimi monotonluğun, əbədi bir sıxıntının, yəni daim təkrarlanan doğum-ölüm tamaşasının bundan başqa seçimi olmayan seçilmişləriyik. Məncə, Şekspirin mətni dəhşətli, az qala, kosmik bir monotonluq haqqında - azman bir Tənhalıq Oyunu barəsindədir.

 

***

 

Bütün zamanların ən böyük estetlərindən olan Fridrix Şiller "İnsanın estetik inkişafı haqqında silsilə məktublar"ında yazırdı: "Sözün birbaşa mənasında deyim ki, insan ancaq insan olanda oynayır və oyun oynayanda tam olaraq insan olur". Şillerin düşüncəsinə görə, sənətlə oyun arasındakı bənzərlik ondan ibarətdir ki, ikisinin də məqsədi özüdür, ikisi də özündən başqa heç bir məqsədə xidmət etmir və ikisi də insanı azad edir.

 

İncəsənət tarixində təkcə estet ədəbiyyatçılar yox, rəssamlar, rejissorlar, filosoflar da Oyunun mahiyyəti haqqında düşünüb, xeyli maraqlı əsərlər ortaya çıxarıblar. Flamand rəssamlığının ustalarından olan Piter Bruggelin 1560-cı ildə çəkdiyi "Uşaq oyunları" tablosu bu əsərlərin ən məşhurlarındandır. Bu tabloda 80-dən çox uşaq oyunu təsvir edilib, amma maraqlı tərəfi odur ki, bu günə qədər həmin tabloya bir-birindən fərqli yüzlərlə yozum verilib. Bəzi tənqidçilər deyiblər ki, bu tablo uşaq oyunları ensiklopediyası kimi düşünülüb, bəzilərinin fikrincə isə burda insanın qızıl dövrü olan uşaqlıqdan bəhs edilir və bu tablo itib gedən məsumiyyət haqqındadır. Bir başqası deyib ki, uşaq oyunları insanın mahiyyətindəki axmaqlığa işarədir...

 

 

 

Mənə görə, bu tabloda təsvir olunanlar qətiyyən uşaq deyillər. Bu tablodakılar uşaq oyunları oynayan böyüklərdir və fikrimcə, Bruggel xırda bir yerdəyişmə ilə - böyüklərə uşaq oyunları oynatmaqla, insan həyatındakı Oyunun əbədiliyini və ən yaxşı çıxış yolu olmasını metaforikləşdirir.

 

Oyun nəzəriyyəsindən danışıb Yohan Heyzinqanı yad etməmək günah olar. Mənim üçün bütün dövrlərdə yazılmış ən yaxşı kitablardan olan, zaman-zaman dilimizə tərcümə etmək istədiyim əsərlərdən biri də Heyzinqanın "Homo Ludens"idir. Homo Ludens "oyun oynayan insan" deməkdir. Kitabın alt başlığı belədir: Oyunun ictimai funksiyası haqqında. Ötən əsrdə çap olunan kitabda Heyzinqa yazır: "Mədəniyyətdəki oyun ünsürlərindən danışarkən, oyunların mədəni həyatın müxtəlif sferalarında önəmli yeri olmağını nəzərdə tutmuruq. Mədəniyyətin təkamül prosesi nəticəsində oyundan yarandığını, yəni başlanğıcda oyun olanın başqa şeyə çevrilə bildiyini və buna mədəniyyət deyildiyini də iddia etmirik. Bizim fikrimizcə, Mədəniyyət Oyun formasında doğulur və o, başlanğıcından bəri oynanan bir şeydir".

 

Heyzinqa deyir ki, oyun əmrlə olmur, ona görə də onun canında azadlıq var. Oyun könüllü baş tutur, buna görə də zövq verir.

 

Oyunun canında, məncə, həm də gözlənilməzlik var. Kinder-sürprizin içindən çıxacaq oyuncaqları maraqla gözləyən, sevinən, həyəcanlanan uşaqları müşahidə etmişəm. Onlara maraqlı gələn oyunun gözlənilməzliyi, sirli tərəfidir. Gözlənilməzlik təkcə uşaqlar üçün yox, böyüklər üçün də həyəcan vericidir.

 

Tələbəlik illərində yaxın dostum Şaiqlə bir gün qərara gəldik ki, "dərs-ev" marşrutu çox monotondur, birrəngdir. "Yoldan çıxmaq" lazımdır, buna görə özümüzdən bir oyun uydurduq, adını da şərabçılıq tanrısı Dionisin şərəfinə "Dionis günləri" qoyduq. Hər ayın eyni günü bir şüşə şərab alır, rastımıza çıxan ilk marşruta minir, avtobusun hara getdiyinə fikir vermədən sonuncu dayanacaqda düşür, yaxınlıqda bir kafe tapıb əyləşirdik. Tanımadığımız adamları masamıza çağırır, tanımadığımız yerlərdə gəzib söhbətləşirdik. Sonra, deyəsən, hər ayın eyni günü eyni şeyi etmək də bizə monoton gəldi, "normal" rejimə qayıtdıq. O vaxtlar müşahidələrimi yazdığım bir bloknot tutmuşdum. İndi baxıram ki, ora belə bir qeyd yazmışam: "Şəhər addımbaşı özünü təkrarlayır - market, aptek, çayxana..." Çox sonralar isə bir şeirdə yazdım ki, adam getdiyi yerə özünü də aparırsa, getmək qeyri-mümkündür əslində... Məncə, bizi o vaxt xırda, anlamsız oyuna sürükləyən hiss gözlənilməzlik axtarışı idi.

 

***

 

"Don Kixot"u hər iki-üç ildən bir təzədən vərəqləmək ehtiyacı hiss edirəm. Hər oxunuşda bu əsrarəngiz kitab məni şoka salır, güldürür, əyləndirir. Məncə, Don Kixotun əsrlərdən bəri tükənməməsinin əsas səbəblərindən biri də onun Oyunla dolu olmasıdır.

 

Deyilənə görə, "Don Kixot"un birinci cildi çap olunduğu dövrdə bestseller olub, adamın inanmağı gəlmir, amma hardasa oxumuşdum ki, bir milyon nüsxəyə yaxın satılıb. Servantesi kitabın ikinci cildini yazmağa vadar edən də bu olub. Amma romanın ikinci cildinin əvvəlində bir yer var ki, bu gün belə, hədsiz eksperimental, oyunbaz, gözlənilməz və çağdaşdır. İkinci cildin əvvəlində Sanço Pansa təlaşla Don Kixota deyir ki, xəbərin varmı, kitabımız çıxıb, bütün macəralarımız da içində var, səndən də, məndən də, sinyora Dulsineyadan da öz adımızla bəhs olunur; kitabı yazan tarixçi bunları hardan öyrənib görən, mat qalmışam, heyrətdən xaç çəkdim... Don Kixot cavab verir ki, əzizim Sanço, əmin ol, bu kitabın müəllifi yəqin müdrik bir sehrbazdır, belələrindən heç nəyi gizlətmək olmaz. Kitab boyu Servantes bilərəkdən qəribə fəndlərə əl atır. Məsələn, Don Kixotun başına nəsə gələndə, müəllif əhvalatı kəsib başqa şey danışmağa başlayır və oxucu bilmir ki, qəhrəman ordan necə qurtuldu. Servantes bilərəkdən bu cür yazdığı həmin hissələrdə dünya ədəbiyyatında ilk dəfə ikibaşlı bir oyuna girişir - bir yandan köhnə cəngavər hekayələrinin natamamlığına işarə vurur, digər tərəfdən də isə realizmin hər şeyə iddia edən mütləqliyini şübhə altına alır. Ən maraqlısı isə odur ki, Servantes dünyada ilk dəfə sənəti öz-özünün mövzusuna çevirir, yəni romanın mövzusu elə romanın özü olur.

 

Stendaldan bəri (o demişdi ki, roman yol boyu gəzdirilən aynadır) çox yerdə sənəti gerçəkliyə tutulmuş aynaya bənzədiblər, ən çox da sosialist realizmi dövründə. Halbuki həqiqi mənada ilk roman kimi qəbul edilən "Don Kixot"un müəllifi Servantesin güzgüsü bir az başqa cür idi. Çünki, məncə, Servantes başa düşmüşdü ki, birəbir gerçəkliyə iddia etmək sənət deyil, onda sənət əsəri güzgü kimi vasitə, sənətçi də ötürücüdən başqa bir şey olmur. Sənətçi reallıqdan götürdüyünə "barmaq edən", onunla oynayan adamdır, əks təqdirdə bu yaradıcılıq deyil. Bu mənada belə deyə bilərik, Servantesin oxucu ilə xəyali "müqavilə"sində Hollivud filmlərindəki kimi "gerçək hadisələrə əsaslanır", yaxud "romandakı hadisələr həyatda baş verənlərdir" tipində bəndlər ola bilməzdi. Qəribədir, deməli, əslində, roman sənəti başlanğıcda daha "oyunbaz", daha yaradıcı idi. Sonra, deyəsən, get-gedə müəllifin güzgüsünü düzəltməyə çalışdılar, ardınca isə bunun sənəti jurnalistikaya döndərdiyini görüb "yeni romanı", "postmodern romanı" icad etdilər, yəni Servantesin həqiqətinə qayıtdılar. Ona görə də indiki dövrün eksperimental, yaradıcı romançıları daha çox "olduğu kimi yazmaqdan imtina edənlərdir", yəni relsdən çıxanlar.

 

"Don Kixot"dan danışıb Borxesi yad etməmək olmaz. Borxes esselərindən birində yazır: gəlin elə bir xəritə təsəvvür edək ki, o xəritənin içində bizim indi o xəritəni çəkməyimiz də görünsün. Bu mənim ağlıma rus "matryoşka"larını, "Min bir gecə nağılları" gətirir, iç-içə sonsuzluqlar... Borxes soruşur ki, sizcə, niyə Don Kixotun əsərdə "Don Kixot" haqqında kitabı oxuması, yaxud Hamletin öz əhvalatına işarə vuran bir hadisəni səhnələşdirməsi bizə ləzzət versə də, həm də bundan narahat oluruq? Borxesin fikrincə, narahat olmağımızın səbəbi budur ki, bu halda "biz də fiksiya, qurama varlıqlar, yaxud bir oyunun oyunçuları ola bilərik" şübhəsinə qapılırıq.

 

Sevdiyim yazıçılardan olan Luici Pirandellonun "Müəllifini axtaran 6 personaj" adlı gözəl bir pyesi var. Pyesin məğzi belədir ki, müəllifin beynində 6 personaj yaradılıb, amma bunlara uyğun hekayələr tapılmayıb. Ona görə həmin 6 personaj səhnəyə çıxıb müəllifi yola gətirməyə çalışır ki, bizi filan yerə uyğunlaşdır, bizə uyğun əhvalatlar yaz... Bu, Borxesin dediyi kimi, adamı düşünməyə, suallar verməyə vadar edir: görəsən, mənim həyatım da əsərdir, elədirsə, müəllifi kimdir və ən nəhayət, mən doğru hekayənin içindəyəm, ya yox?..

 

***

 

... Görəsən, "e" hərfi olmadan yazılan bir romanı dilimizə tərcümə etmək mümkündürmü?

 

 

QİSMƏT

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.17.