Sokratın sual sevgisi

 

esse

 

 

 

Bir çoxunuzun yaxşı bildiyi bəlkə tez-tez işlətdiyi klişe bir ifadə var: Fəlsəfədə əsas olan cavab deyil, sualdır. Bunun doğru olub-olmadığına toxunmadan bir şeyi deməliyəm ki, bu ifadə sual verməyin əhəmiyyətini çatdıran mesaja sahibdir.

Sual verməyi gizli nələrisə ortaya çıxarmaqla, qaranlığı aydınlatmağa çalışmaqla, mühakimə etməklə eyniləşdirə bilərsiniz. Bu bəzən "happy end"lə - xoşbəxt sonluqla nəticələnmir. Tarixə nəzər salsanız, sual verən, nələrisə qurdalayan insanların danışan, cavab verən insanlara nəzərən daha çox öldürüldüyünü görərsiniz.

Fəlsəfə qədər sual vermək üzərində qurulsa da, çox sual vermək burada belə ölümə səbəb olmuşdu. Antik Yunanıstanda 2418 il bundan əvvəl (e.ə. 399-cu il) çox sual verdiyinə görə Sokrat ölümə məhkum edilmişdi. Antik dövr fəlsəfəsi çirkin, nadir hallarda yuyunan, saçı-saqqalı bir-birinə qarışmış bu insanın düşüncələri sayəsində yüksəlmişdi.

Gəncliyində döyüşçü olmuşdu Peloponnes müharibəsində spartalılara, onların müttəfiqlərinə qarşı döyüşmüşdü. Yaşlandıqda qılıncı yerə qoyan Sokrat düşüncə döyüşünə başlamışdı. Afinanın meydanlarında gəzir, qarşısına çıxan insalara sadə görünən, amma dərin mənası olan qılıncdan da iti suallar verirdi. Evtidemə verdiyi sual bunlardan sadəcə biridir. Sokrat Evtidemdən aldatmağın əxlaqsızlıq olub-olmadığını soruşmuşdu. Evtimid "əxlaqsızlıqdır" deyə cavab vermişdi. Dialoqun davamında Sokrat Evtimidə bir nümunə göstərir: Əgər dostun özünü öldürmək istəyirsə sən onun bıçağını gizlədirsənsə, bu, onu aldatmaq deyilmi? Təbii ki, elədir. Amma bunu necə əxlaqsızlıq kimi qəbul etmək olar? Axı nəticə etibari ilə dostunun xeyrinə bir addım atıb. Deməli, aldatmağın əxlaqsızlıq, aldadanın isə əxlaqsız olması hər zaman doğru deyil. Bu arqumet qarşısında Evtimed "" deməklə kifayətlənmişdi.

Sokratın insanları sual atəşinə tutmağı elə-belə başlamamışdı. Dostlarından biri Apollon kahinindən "Sokratdan başqa müdrik varmı" soruşmuşdu kahin cavabında "Sokratdan başqa müdrik yoxdur" demişdi. Cavabı eşidən Sokrat təəccüblənmişdi. Çünki o, heç bilmədiyini iddia edirdi. Buna görə sofistlərdən fərqli olaraq onun söhbətlərinə qatılan insanlardan pul almırdı. Kahinin dediyini yoxlamaq üçün Afina meydanlarında, küçələrində qarşılaşdığı insanlara suallar verməyə başlayan Sokrat, bir müddət sonra kahinin doğru dediyinin fərqinə varır.

Sokratı müdriklik mərtəbəsinə yüksəldən səbəb daim sual verməsi (insanlara ya özünə) idi. O, bu suallarla qarşısına çıxan hər şeyi mühakimə edirdi. Onun dili ilə desəm: "Həyat ancaq etdiyimizi düşündüyümüz zaman məna qazanır. Mühakimədən keçməmiş varoluş insana aid ola bilməz".  Sokrat sual verməyi, bir növ söhbət etməyi sevdiyindən heç bir düşüncəsini digər filosoflar kimi yazmırdı. O, üz-üzə danışmağın, düşüncələri paylaşmağın daha yaxşı olduğuna inanırdı. Çünki yazdıqlarımızı müxtəlif xarakterə dünyagörüşünə mənsub şəxslər oxuyur. Oxuduqlarını öz prizmalarından dəyərləndirirlər. Üz-üzə danışıq zamanı isə düşüncələrini onlara başa düşdükləri şəkildə, yəni onların dilindən izah etmək daha asan olur. Həm üz-üzə danışarkən qarşındakı insanın düşüncələrinə görə onu tanımaq daha asan olur. Sokratın da dediyi kimi: "Danış, səni görüm".

Sokrat sual verməkdə o qədər irəli getmişdi ki, artıq tanrıları mühakimə etməyə başlamışdı. Onun nəzərində tanrı, insanların illər boyu dua etdikləri tanrılardan fərqli idi.

Sual vermək sevgisi Sokratı əcəllə üz-üzə gətirdi. E.ə. 399-cu ildə afinalı Melet onu gəncləri yoldan çıxardığı, tanrıları mühakimə etdiyi, insanları  tanrılardan uzaqlaşdırdığı, dövlətin təməllərini zədələdiyi üçün məhkəməyə verdi. Bunlardan hansının düz olduğunu demək çətindir. Amma Afina demokratiyasına ironiya ilə yanaşdığına dair bəzi sübutlar var.

Məhkəmə beş yüz bir nəfər afinalıdan ibarət münfislər heyətinin qərarı ilə Sokratı günahkar hesab elədi. Sual verməyi danışmağı sevən Sokrat istəsə, danışıb onları bu qərardan vaz keçirə bilərdi. O isə əksini etdi. Günahsız olduğunu afinalıların ömrünün sonuna qədər ona yemək verməli olduqlarını deməklə insanları daha da əsəbiləşdirdi. Ona "xallı badyan out"ndan hazırlanmış zəhər içirdib öldürdülər.

İnsan sual verərkən əslində, cavab axtarmır. Bildiyi nəyisə soruşur. Sokrat da bu yolu tutmuşdu. O, sadəcə insanların bilgi sərhədlərini müəyyən və insanların həyatlarının qayəsinə çevirdikləri nəzəriyyələri mühakimə edirdi.

 

 

Taleh EMİNOĞLU

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.16.