Başqaları...  

 

 

 

Heç biri ilə şəxsən tanış deyilik, amma nə işdirsə, hər addımımızdan xəbərləri var. Bircə dəfə də olsun bir stəkan su verdiklərini görməmişik, amma yediyimizi-içdiyimizi rahatlıqla burnumuzdan gətirə bilirlər. Doğrumuza, yanlışımıza, geyim-keçimimizə, həyat tərzimizə onlar qərar verirlər. Kimlə evlənməli olduğumuzu ən yaxşı onlar bilirlər. Qapıdan qovsaq bacadan girir, bacanı qapatsaq bir yırtıq-deşik tapıb oradan gözətləyirlər.

 

"Camaat"ı deyirəm. Öz həbsxanamızı özümüzə inşa etdirən qruplaşmadır onlar. Etmək istədiyimiz bütün yenilikləri onlardan qorxduğumuz üçün içimizdə öldürürük. Qurduğumuz xəyalları nə düşünəcəklərini gözümüzün önünə gətirərək yox edirik. Qısa ömrümüzü onların iki dodağı arasına məhkum edərək yaşayırıq. Ən yaxşı yeməkləri yeyirik, ən gözəl yerlərə gedirik, kəndlərdən şəhərlərə axın edirik, "plaza"larda işləyib, "rezidens"lərdə yaşayırıq, amma heç cürə feodal düşüncə tərzindən qurtula bilmirik. Dəyişməmək, yenilənməmək üçün əlimizdən nə gəlirsə edirik. İstəmədiyimiz insanlarla ömür çürüdürük, içində zəlil kimi kimi hiss etdiyimiz evliliklərə camaatın tənəsinə görə dözürük. Ürəyimiz istəyəni deyil, onların bizi görmək istədiyi kimi yaşayırıq. Onların qorxusundan toylarımızı da, yaslarımızı da, digər günlərimizi də bir-birinə bənzədirik. Gücümüzü aşan toylar edir, cehizlər veririk. Masaya gələn sinilərin sayı bəlli olmur, hər tərəf yemək içməkdən aşıb-daşır, sonda restorana borclu qalaraq çıxırıq, adını da xoşbəxtlik qoyuruq. Yaslarımız da eynidir. Ölü qalır bir kənarda biz "camaatı" razı salmaqla məşğul oluruq. İlahi, bu necə eqoistlik, buduyğusuzluq, hissizlikdir? Şirniyyatların, müxtəlif cür yeməklərin, çərəzlərin, meyvələrin, yas məclisində nə işi var, axı? Bu günlərdə Türkiyədə yaşayan bir həmyerlimiz övladının məktəbə getdiyi fotonu, digər tərəfdə isə Azərbaycan məktəblərindən bir görüntü paylaşmışdı. Oradakı birincilərin əlində bircə dənə bayraq, bizdəki məktəblilərin əllərində isə bir-birindən böyük, dəbdəbəli gül buketləri, hədiyyə qutuları, parfüm bağlamaları vardı. Hələ sinif otaqlarına doldurulan şarları demirəm. Sual verirsən bu nədir, deyir "xalxın uşağından" geri qalmasın, yoxsa sonra camaat adama nə deyər? Qalırsan mat-məəttəl.

Tez-tez həm qız, həm də oğlan dostlarım üzləşdiyi basqılardan danışırlar. Ailələrin "evlən" deyə-deyə başlarının ətini yeməklərindən şikayətlənirlər. Baxıram ki, valideynlərinə qarşı çıxa bilmədikləri üçün çırpına-çırpına qalıblar. "Etiraz et" deyirəm, "camaat nə deyər" söyləyir. Analar tanıyıram "ərə get, sonra boşanarsan" deyib, qızını istəmədiyi, hətta nifrət etdiyi insana ərə verirlər. Səbəbini soruşuram, "deyəcəklər bu qız niyə ərə getmir, nə işi var ki, hələ də evdədir, qoy getsin, camaatın səsi kəsilsin" deyir. Dünyanın harasında bu cür düşüncəyə sahib olan insanlar yaşayır?! Dəhşətdir. Barmağını dişləyib, necə təhlükəli cəmiyyətdə yaşadığımızı düşünməmək mümkün deyil. Gör, valideynlər övladlarını nələrə vadar edir, hansı həyatları yaşamağa sürükləyirlər. Onların necə yaşaması, nə hisslər keçirməsi yox, camaatın düşüncəsini önəmsəyirlər. Niyə? Çünki hamımızın qorxduğu yerdir camaat. Qarşısında tir-tir titrəyirik. Mütəşəkkil cinayətkar dəstədir onlar. Heç kimlə hesablaşmırlar, heç kimə əhəmiyyət vermirlər, özlərinin yazılmamış qanunları var, istədiklərini yeritməklə məşğuldurlar.

Heç kim yaxasını kənara çəkməsin. Hamımızın içində "camaat" var. Qarajda, ağac oyuğunun içində, transformatorda və ağıla gəlməz bunun kimi min cür yerdə öpüşən gəncləri azmı gördük? Restoranlarda, mərkəzi küçələrdə fikir verirəm, çox az hallarda sevgililərə rast gəlmək olur. "El qınağından" kənar qalmaq üçün hərəsi bir künc-bucağa çəkiliblər. Nə var ki, birdən camaatın "yanındakı görəsən, kimdir" düşüncəsi hərəkətə keçər.

Təbii ki, cəmiyyət önəmlidir. Amma cığırından çıxırsa, bu, həyatın cəhənnəmə çevrilməsindən başqa bir şey deyil. İnsan inandığı kimi yaşamalıdır. Dəyərlərinə xəyanət edərək, istəklərini çeynəyərək deyil. Əgər başqalarına hesablayaraq yaşanırsa, bu, sadəcə bədbəxtlik gətirir.

Bir gün Molla Nəsrəddin oğlunu yanına salıb uzunqulaqla yol gedirmiş. Yoldan keçənlər deyirlər: "Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır".

Molla uzunqulaqdan düşüb uşağı mindirir. Yol kənarında oturanlar bunu görüb mollanı məsxərəyə qoyurlar: "Ağsaqqal kişiyə bax! Uşağı mindirib eşşəyə, özü piyada gedir".

Belə olanda molla eşşəyi minib uşağı tərkinə alır. Amma yenə də yoldan ötənlərin qınağına tuş gəlir: "Sən bir bunlara bax! İki yekə adam bir cansız eşşəyə minib".

Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür, piyada getməyə başlayırlar. Bunu görən yolçular gülüşürlər:

"Nə ağılsız adamlardır. Yanlarında eşşək ola-ola ikisipiyada gedir".     

Axırda mollanın əlacı kəsilir, uzunqulağı dalına almalı olur. Odur ki, deyirlər: "Hamıya qulaq assan, gərək eşşəyi dalına alasan".

Heç də əhəmiyyətli olmasın ki, başqaları nə fikirləşir. Çünki onlar istənilən halda nə isə fikirləşəcəklər. Yəni rahat yaşayın! Başqalarının hördüyü divarların arzularınızdan daha uca olmağına imkan verməyin.

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.16.