Əhməd bəyin
Bakıdan bütün Rusiyaya
səslənməsi
Əhməd bəy Ağaoğlu-150
Ümumrusiya miqyasında götürdükdə
"Kaspi" əyalət
qəzeti idi. Doğrudur, bu
qəzetin "Neft"
rubrikasında verilən
materialları Moskvanın,
Peterburqun, hətta Avropa paytaxtlarının birjalarında diqqətlə
izləyirdilər. Bütünlükdə
isə "Kaspi"nin əsas oxucu auditoriyası, eləcə də toxunduğu problemlər əsasən Bakı şəhərini və Cənubi Qafqaz regionunu əhatə edirdi.
Lakin dövlət
həyatı və qanunçuluq, əxlaq və mənəviyyatla bağlı elə məsələlər var
ki, onlar heç bir sərhəd tanımır. Heç bir
halda regional, məhəlli
xarakter daşımır.
İstər uzaq kənddə,
istərsə də paytaxtda eyni dərəcədə aktual
və həyati səslənir.
Əhməd bəy Ağayev
"Kaspi" qəzetinin
səhifələrində tez-tez
təkcə öz soydaşları, təkcə
Bakı, yaxud Tiflis quberniyalarının türk-müsəlman
əhalisi üçün
deyil, dinindən, dilindən və milliyyətindən asılı
olmayaraq ucsuz-bucaqsız
Rusiya imperiyasının
bütün vətəndaşları
üçün maraq
doğuran çətin
və ağrılı
problemlərə toxunurdu.
Bu yolla da
onların maraq və mənafelərini qoruyurdu.
Belə
prinsipial yazılardan biri - aşağıda oxuculara təqdim etdiyimiz "Şablon kölələri" adlı
kiçik məqalə
(əsrin əvvəllərində
deyildiyi kimi "balaca felyeton") "Kaspi"nin 10 iyun 1903-cü il tarixli 124-cü sayında dərc olunmuşdu.
Həcm
etibarı ilə kiçik, amma böyük ümumiləşdirmə
gücünə malik
olan bu məqalənin
yazılmasına səbəb
xalq müəllimi, uşaqlar üçün
bir sıra gözəl əsərlərin
müəllifi kimi tanınan Süleyman Sani Axundovun (1875-1950) Bakı dəmir yol vağzalında məruz qaldığı
ayrı-seçkilik və
saymazyanalıq aktı
olmuşdu.
Süleyman bəy Şuşaya yola saldığı qadın qohumlarına əvvəlcədən ikinci
dərəcəli vaqonun
"Xanımlar" bölməsinə
bilet almasına baxmayaraq, vaqon bələdçisi (milliyyəti
göstərilməsə də,
müsəlmanlara yuxarıdan
aşağı baxdığına
görə, qeyri-millətə
mənsubluğunu təxmin
etmək o qədər
də çətin deyildir) onları öz yerinə buraxmamışdı. Çünki həmin qadınlar
bələdçinin təsəvvüründəki
"xanım" standartına
uyğun şəkildə
geyinməmişdilər. Şablona sığmayan zahiri uyğunsuzluq ona azərbaycanlı qadınları
"xanım" kimi
qəbul etməyə
imkan verməmişdi.
Rus dilində təmiz danışan S.S.Axundovun rəsmi müəllim uniforması, protokol tərtib olunması tələbi də problemin çözülməsinə
kömək göstərə
bilməmişdi.
Həmyerlisinin və dostunun üzləşdiyi xoşagəlməz
hadisədən xəbər
tutan Əhməd bəy onu "Kaspi" səhifələrində
ümumiləşdirmək, hamının və hər kəsin diqqətinə çatdırmaq qərarına
gəmişdi. Həm
də bu tipli hadisələrin təkcə imperiyanın ögey övladları sayılan Azərbaycan türklərinin deyil, bütün sadə rus vətəndaşlarının
həyatını zəhərlədiyini,
hansısa mənasız
prinsip və şablonlara görə onların dam əzab-əziyyət
çəkdiklərini, öz
qanuni haqlarını qoruya bilmədiklərini cəsarətlə açıb
göstərmişdi.
Gənc
müəllifin fikrincə,
tarixə islahatçı
kimi daxil olan çar Birinci Pyotrun fəaliyyəti sayəsində
rus həyatının
ən böyük faciəsi bu ölkədə həqiqi
mədəniyyət, etika,
insani münasibətlər
formalaşdırmaq əvəzinə
daha çox Avropa mədəniyyətinin zahiri
cəhətlərini - aksessuarları,
şablonları, atributları
kor-koranə tətbiq
etmək, yamsılamaq
olmuşdu. Ona görə də
bütün Rusiya, məcburiyyət qarşısında
qalan rus vətəndaşları həqiqi
mədəniyyət və
insanlığa yiyələnmək
yerinə onun zahiri təzahür formalarını yamsılamağa
üstünlük vermişdi.
Nəticədə onlar
gerçək avropalı
ola bilmədikləri
kimi özlərinin bir çox milli keyfiyyətlərini də itirmişdilər. Və Birinci Pyotrun qısa müddət ərzində dəyişdirmək,
avropalılaşdırmaq istədiyi
ruslar əslində, həqiqi mədəniyyət
sahiblərinə deyil,
onun kor-koranə təqlidçilərinə çevrilmişdilər.
Bir sözlə,
şablon kölələri
olmuşdular. İnsan simalarını itirmişdilər.
Etiraf olunmalıdır ki, çar Rusiyasından sovet Rusiyasına, oradan da bizə
keçən bir sıra mənasız şablonlar və onların davamlılığına
dördəlli səs
verən çoxsaylı
"şablon kölələri"
bu gün də müxtəlif sahələrdə həyatımızı
zəhərləməkdə davam edirlər.
Əhməd bəy də 1903-cü ilin əyalət Bakısından bütün Rusiyaya bu dəhşətli absurd
teatrı haqda həyəcan təbili
çalmağı bacarmışdı...
Vilayət QULİYEV
525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.10.