ŞABLON  KÖLƏLƏRİ 

 

 

Bugünlərdə yerli qəzetlərin birində müəllim Süleyman Axundovun səciyyəvi məktubu dərc olunmuşdu. Məktubda c-b Axundov Bakı dəmiryol stansiyasında üzləşdiyi biabırçı vəziyyət haqda məlumat verirdi.

Cənab Axundov Şuşaya gedən ailəsini yola salırmış. Əvvəldən ikinci dərəcəli vaqona bilet almış, ilk zəngdən sonra yanındakılarla birlikdə qadın bölməsinə yaxınlaşmışdı.

- Hara soxulursan? - deyə yaxasında 33 nömrəli tanınma nişanı olan bələdçi  kobudcasına qarşısını kəsmişdi.

- Xanımlar üçün olan bölməyə.

- Oradaişin var?

- Bu xanımları yola salıram, - deyə c-b Axundov yanında dayanmış çadralı tatar qadınlarını göstərmişdi.

- Bunlar vaxtdan xanım olublar? Bunlar sadəcə... Daha sonra bələdçi burada yazılması münasib görünməyən epitetləri yan-yana düzmüşdü. Hiddətlənmiş Axundov "rəhbərliyə üz tutub jandarmın müvafiq protokol yazmasını" xahiş etməli olmuşdu.

"Əgər dəmiryolu xidmətçiləri əynində müəllim mundiri olan adamla bu cür rəftar edirlərsə, o zaman sıravi tatarlarla necə davranırlar? - deyə c-b Axundov məktubunu bu sözlərlə tamamlayırdı.

Aydın məsələdir ki, hətta protokolun olduğunu bilməyən haqqını qorumağı bacarmayan "sıravi tatarlarla" daha pis rəftar edirlər. Onların "xanımlarını" sadəcə vaqondan itələyib aşağı salırlar. "Rus müəllimi mundirindəki rus məmurunun" tələbi ilə tərtib edilən protokolun taleyi qaranlıq qalıb. Görəsən, bu cəhd bizim Rusiyada tez-tez təsadüf olunan növbəti vaxt, kağız qələm itkisinə çevrilməyib ki?

Lakin mənim üçün vacib olan məsələnin bu tərəfi deyil. Vacib olan faktın özüdür.

Bu fakt hər birimiz üçün, bütün Rusiya üçün çox səciyyəvidir. Həyat qüdrətli əlləri ilə bizi qabağa itələyir. Artıq vaqona minmək istəyirik. Lakin elə buradaca "tanınma nişanı" qabağımızı kəsir hökmlü səslə dayanmaq əmrini verir. O, bütün qanunlara, malik olduğumuz bütün haqlara rəğmən belə hərəkət edir. Axı qanunlarda heç bir yerdə yazılmayıb ki, tatar qadını xanım ola bilməz, yaxud pulla alınan bilet sahibinin kimliyindən asılı olaraq əhəmiyyətini itirib adi kağız parçasına çevrilə bilər.

33 nömrəli "tanınma nişanı" çox güman ki, dame (fr. xanım - V.Q.) sözünü fransız dilindən özünəməxsus şəkildə tərcümə edir. Əgər rastlaşdığı tatar qadınlarının başında au pluwage de polie (fr. kənarları enli şlyapa - V.Q.) dəbli şlyapa olsaydı, əgər sifətlərindən vual sallansaydı, yubkalarının ətəkləri arxalarınca sürünsəydi, bələdçi onları xanım kimi qəbul edər, öz əli ilə qadın bölməsinin qapısını açıb yol göstərərdi. Lakin bədbəxtlikdən tatar qadınları çadraya bürünmüşdü. Bu da tanınma nişanı sahibinin nəzərində onları dərhal "xanım" statusundan məhrum etmişdi.

Bu müqəddəs, əlçatmaz, toxunulmaz "33 nömrəli tanınma nişanı" qarşısında diz çökürəm! O, əsrlərdən bəri öz müqəddəsliyini hifz edərək bütün Rusiyanı sıxıb əzir. Əgər belə demək mümkünsə, Şimal Buzlu okeanından Şərqi Türküstan çöllərinə qədər başımızın üstündə ağalıq edir. O, hamınıza məlum olan ümumi səciyyəli eyni zamanda, özünəməxsus rus şablonudur!

Hamımız, demək olar ki, istisnasız şəkildə hamımız az ya çox dərəcədə "33 nömrəli tanınma nişanlarıyıq!" Şablonun ixtiraçısı isə rus həyatının ən məşhur şablonçusu kimi tanınan Birinci Pyotr olub. Bu böyük islahatçının təxəyyülündə Avropa mədəniyyəti yalnız müəyyən aksessuarlar, atributlar, şablonlar şəklində təcəssüm etmişdi. Sanki onlarsız mədəniyyətin mövcudluğu qeyri-mümkün idi.

Pyotrun təsəvvüründə ölkəsinə gətirmək istədiyi mədəniyyətlə rusların uzun saqqalı, geniş ətəkli paltarları məşhur rus sobası arasında bütün bu predmetlərin bir yerdə mövcud olmalarını istisna edən hansısa düşmənçilik vardı. Ona görə böyük islahatçı biri-birinin ardınca qayçı, parik, reverans dövrünü, assambleya iclaslarının başladığını xəbər verən borunu, ranqlar cədvəlini ixtira etmişdi.

Avropanın özündə parik reveransların çoxdan dəbdən düşməsinə baxmayaraq, bizdə ranqlar cədvəli assambleya borularının səsi həyatımızın ayrılmaz atributlarına çevrilib. Rusiyada qərbçilərdən tutmuş slayanofillərə, liberallardan tutmuş mühafizəkarlara, xalqçılardan tutmuş marksistlərə qədər hamı - bütün müəllimlər, həkimlər, vəkillər, qəzetçilər hamısı - nadir istisnalarla hamı şablonçu ranqçıdır, həmin o dediyim "33 nömrəli tanınma nişanının" daşıyıcısıdır.

Onların hər biri ilə ayrı-ayrılıqda danışın. Siz bu adamların fikirlərinin güzəştsizliyinə müstəsnalığına, baxışlarındakı ifrat dözümsüzlüyə təəccüb qalacaqsınız. Onların hər biri həyatın axınını özünə görə təyin edib, mədəniyyətin fərdi fəaliyyətinin miqyaslarını özünə görə, amma təbii ki, bəlli şablonlara əsaslanaraq müəyyənləşdirib. Onun nəzərində həmin şablon miqyasların sərhədindən kənarda başqa yanaşma tərzi, başqa fikir, başqa mövqe mövcud ola bilməz!

Bizim ranqlar cədvəli əsasında pərvəriş tapmış Duma (Bakı şəhər Duması - V.Q.) köhnəliyə sədaqətində xüsusi ilə seçilir - o, yeni rəngi, yeni çaları görmək belə istəmir. İdeya fərdiliyi, baxışlardakı orijinallıq bizim şablonla tam ziddiyyət təşkil edir. Ona görə də həyatda fanatik dərəcədə dözümsüzük, müstəsnayıq, əleyhdarlarımızın qarşısına əmr və hökmdən başqa heç bir şey çıxara bilmirik. Ona görə də "33 nömrəli tanınma nişanı" tatar qadının xanım ola bilməyəcəyinə belə israrlıdır. Bu tanınma nişanının parıldayan səthində hər birimiz - boz, simasız, lakin xeyirxah Rusiya vətəndaşları əks olunmuşuq...

 

Əhməd bəy Ağaoğlu

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.10