Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının azad edilməsi

 

 

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlərboyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin sədr müavini Elçin Əhmədovun mövzu ilə əlaqədar məqaləsini təqdim edirik.

Qeyd etmək lazımdır ki, Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini, ilk növbədə, Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsini həll etmək idi.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi kütləvi soyqırımının qarşısını almaq Azərbaycan xalqının müstəqilliyini qorumaq üçün Osmanlı Türkiyəsi Azərbaycan silahlı qüvvələrindən təşkil edilmiş hərbi struktur Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərmişdir. Qafqaz İslam Ordusunun yaradılmasına hələ 1918-ci ilin əvvəllərində başlanmışdı. Azərbaycan xalqına qarşı daşnak-bolşevik qırğınının yaxınlaşması ilə bağlı olaraq Azərbaycan milli azadlıq hərəkatının liderləri yeganə çıxış yolunu Osmanlı Türkiyəsindən hərbi yardım almaqda görürdülər.

Bu səbəbdən, çətin beynəlxalq mürəkkəb geosiyasi şəraitdə müstəqilliyini elan etmiş, eləcə hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilə şərtlərinə uyğun olaraq, Mürsəl paşanın komandanlığı altında Beşinci Qafqaz firqəsi (diviziyası) Azərbaycana göndərildi. Həmin diviziya general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid strukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru paşaya həvalə olundu.

Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi ilə yanaşı, Qafqaz İslam Ordusunun şəxsi heyətinin təxminən yarısı yerli əhalidən toplanmış könüllülərdən ibarət idi.

1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır şəraitdə, eləcə soyqırımı taleyini yaşamış Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Belə ki, hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi.

Bu baxımdan ordu quruculuğu istiqamətində iyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə mühüm addım atıldı faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə iyul ayının 15-də Fövqəladə Təhqiqat komissiyası yaratmaq barədə qərar qəbul olundu komissiya Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi.

Qafqaz İslam Ordusunun hissə və bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələri ilə ağır döyüşlərə atıldı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun türk və Azərbaycan hərbi qüvvələri Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində və s. vuruşmalarda, hərbi tapşırıqların icrasında misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbə endirərək, onları bütün cəbhəboyu geri çəkilməyə məcbur etdilər.

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələndi. 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Bakının erməni-bolşevik işğalından azad edilməsində düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid vermişdir. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 4000 nəfər olmuşdur.

Bununla yanaşı, türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə həyata keçirdiyi birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biriQafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Yəni, Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.

Fəaliyyət göstərdiyi dövrdə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə biçeraxovçu rus müdaxiləçilərindən azad etdi. Ümumilikdə, Qafqaz İslam Ordusu Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynamışdır.

Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək, bugünkü müstəqilliyinin də təməlininin qoyulmasında çox mühüm, şərəfli və əlamətdar hadisə idi.

Bununla yanaşı, 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdibu hadisə Azərbaycanın Türkiyə ilə dost və qardaş münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.

 

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.9.