Qəzan mübarək, Paşam!  

 

 

"Qardaşımın şəhid olması qəlbimi qədər yandırdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayadı" - deyirdi Nuru Paşa.

15 sentyabr Azərbaycanı sevən onun azadlığı üçün canından keçməyə hazır olan böyük türk sərgərdəsinin zəfər günüdür. Həmin gün Bakı düşmən caynağından qurtuldu. Xəzərin sahillərinə sığınmış baş şəhərimiz o andan dünyaya səpələnmiş azərbaycanlıların paytaxtı oldu statusunu hələ qoruyur. Belə ki, beş aydan artıq sürən ağır döyüşlərdən sonra 1200 şəhid verən Qafqaz İslam Ordusu erməni-bolşevik işğalçılarını paytaxtdan birdəfəlik qovdu. Həmin gendən sonra daşnaklar Bakıya qayıtmağı hətta xəyallarından keçirməyə qorxurlar.

15 sentyabr azadlıq günüdür. İllərlə düşmən məngənəsində sızlayan şəhərə gələn payız nəfəsliyidir. Bu balaca nəfəslikdə ürəklərdə yaşayan müstəqillik o qədər böyüdü ki, yenilməz oldu. "Bir kərə yüksələn bayraq" növbəti dəfə ucaldı...

Dünyanın müxtəlif ölkələrində "Şəhər günü" bayramı var. Almaniya, Fransa neçə-neçə heç vaxt işğal təhlükəsilə üz-üzə qalmayan ölkələr, şəhərlər... Hətta MDB məkanında belə bu ənənə var. Məsələn, Qazaxıstan. Minillik dövlətin , onillik müstəqilliyin şəhər günü var. Biz isə hələ ümid edirik...

Hər il sentyabrın 15-i Azərbaycanın müxtəlif şəhər rayonlarında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Amma bu tarix hüzndən çox-çox uzaqdadır.

Bir əsrdən çox zaman keçməsinə baxmayaraq, bu tarixin - o günün işığı bugün üzümüzə düşür...

Məncə, bizim günümüz məhz 15 sentyabrdır! Elə Nuru Paşanın da, Azərbaycanın da, Bakının da...

"Şəhər günü"n mübarəkdir, şəhərim!..

 

 

Ruslan DOST ƏLİ

Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin məzunu

 

525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.6.