Borc ver...  

 

 esse

 

 

 

Bəzən həyatımızda elə insanlar peyda olur ki, varlığına ad qoya bilmirsən. An içində o qədər əzizləşir, doğmalaşır ki, heyrət edirsən. Elə bilirsən, minillik dostun imiş.

 

Varlığından zövq alırsan, cün-enerjin aşıb daşır. Yaşam mənbəyinə çevrilir. Bu ovqatdır anlamırsan, yaxşıdımı, pisdimi blmirsən. Hər şey o qədər sürətlə dəyişir irəliləyir ki, bunun necə olduğunu düşünmürsən, heç düşünmək istəmirsən. Onunla birlikdəykən içində bütün çətinliklərin öhdəsindən gələ biləcəyinə, ən çətin dağları aşacağına inam yaranır. O, səni özünlə, içindəki sənlə tanış edir, yatmış enerjini oyadır, gizlin qatlarını açır. Əgər belə biri hansı qiyafədəsə həyatınıza varid olubsa, onu tapıntı kimi qoruyun. Çünki belə insan sərvətdir, belə dost xəzinədir, belə sevgili möcüzədir. Sənin ağ-qara dünyaya rəngarəng baxdığını təkcə O görür. Duyğularını onunla bölüşməkcün ağzını açmağa ehtiyac qalmır. Onsuz da o, səni UZİ aparatı kimi oxuyur... Özünə belə etiraf edə bilmədiyin sirrini, yaşadığın hər ovqatı əzbər bilir. O, sənə necə güc verməyi, mənəvi dayaq olmağı əla bacarır. Üzüntülü anında hiss edib qısa mesajı ilə üzünü bir anlıq da olsa güldürür. Amma bu münasibətin soyumaması, bu hissiyyatın azalmaması üçün gərək sən qarşılıq verəsən - qayğını əsirgəməyəsən, diqqət göstərəsən. Onun necə sevimli olduğunu hər addımda hiss etdirəsən, onu ideallaşdırasan, qüsur axtarmayasan, onu ən ağıllı, ən yaxşı hesab etdiyini söyləməkdən çəkinməyəsən. Çünki hər dəfə bunları xatırladaraq ona güc, enerji verir, özünəinam yaradır, həm özünü onun gözündə dəyərə çevirirsən. Onda inanılmaz həyat eşqi yaradırsan... bu eşq öz həyatına da təsir edir. Həyatın sevincini, kədərini böyük həvəs cəsarətlə yaşaya bilən insanların bir yerdə çox xoşbəxt ola biləcəyini artıq hər iki tərəf anlayır. Artıq hər iki tərəf sevdiyini göstərmək üçün bəhanə gəzmir...

 

Qadın enerjisi kişi üçün sevgi açarı rolunu oynayır. Qadının saçları gözləri kişinin ilham, coşğu mənbəyinə çevrilir. Bu qapqara saçlarda sehir varmış! Gözlər isə qadının ağlının güzgüsüdür. Qadını cəlbedici, "cadugər" edən ovsunlayıcı baxışlarıdır. Qadın baxışları ilə həm mesaj ötürür...

 

Qadın daim xoş sözlər eşitmək, əzizlənmək, nəvaziş arzulayır, daim diqqət mərkəzində olmaq istəyir. Mütəxəssislər deyir ki, hətta xəstə qadına da kişi sevgi dolu baxıb ona ölüm döşəyində belə gözəl göründüyünü, ilahəyə bənzədiyini deyirsə, o qadında sağalma, yaxşılaşma başlayır.

 

Odur ki, münasibətdə gərək hər iki tərəf bir-birinə xoş sözləri, nəvazişi əsirgəməsin. Göründüyü kimi, sevgi, nəvaziş, gözəl münasibət bumeranq kimidır - özünə qayıdır. Əgər münasibətdə soyuqluq yaranırsa, tərəflərdən biri bunu hiss edirsə, enerji qarşılığı azalır. Güc azalan kimi depressiya yaranır, üsyan başlayır. Sevincinin, gülüşünün bitməsini istəmir. Artıq heç dilinə gətirmədiyi "darıxdım" sözünü ilk dəfə etiraf edir. "Sənsiz olmur. Bacarmadım, bu dəfə alınmadı məndə. Bəlkə sənin enerjin yox idi, ona görə. Gəl məni yad elə - şansım ol, dayağım ol yenə" etirafı dilinə qonur. Onun səhər gəlməyən mesajında sabahı necə açdığını anlatmağa çalışırsan, ya da gülərək kövrək səslə onu qədər düşünüb, kofenə qədər şəkər atdığını da unutduğunu deyirsən. Bilərəkdən şirinliklər edirsən ki, yenə səninlə qalsın. Amma qalmır. O yorulub. Eyni hissləri yaşamaq istəyir, eyni sevgi, eyni qayğı, eyni enerji umur.

 

Mövlana deyir: "Birinin ürəyində taxt qurmaq, sevgisini qazanmaq istəyirsinizsə, elə sevməlisiniz ki, mənliyinizi bir kənara qoyub sanki o olmalısınız".

 

Artıq təşəbbüsü öz üzərinizə götürməyinizin vaxtı yetişib, belə məqamda itirməmək üçün mənliyinizi bir kənara qoyub az qala yalvarır, o enerjini heç olmasa, borc kimi istəyirsən: "Mənə borc ver o hissləri, enerjini, qayğını görmək, qanadlanmaq istəyirəm - qaytaracam, vallah qaytaracam" deyirsən.

 

"Darıxıram"... bu qədər qısa... bu qədər dərin... bir o qədər əzablı. Qayğını əsirgəmə..

 

Anla borc ver mənə...

 

 

Günel YAZ

 

525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.24.