Ölməz "Koroğlu"
operası, məşhur "Uvertüra"...
Və bu əsərin
dahi Üzeyir Hacibəylinin taleyindəki mühüm rolu haqqinda
qeydlər
Azərbaycan professional bəstəkarlıq məktəbinin,
milli ("Leyli və Məcnun") və klassik ("Koroğlu") opera sənətimizin
banisi dahi Üzeyir Hacıbəyov
XX əsrin birinci yarısında dünya musiqisinin inkişafında
da müstəsna rol oynayıb.
Üzeyir
bəyin doğum günü ilə əlaqədar 1995-ci ildən
hər il qeyd edilən 18 Sentyabr - Milli Musiqi Günu münasibətilə onun,
zənnimcə, şah
əsəri olan "Koroğlu" operası, xüsusən də, bu operanın mühüm hissəsi olmaqla yanaşı, faktiki olaraq müstəqil musiqi əsərinə, Azərbaycan
xalqının azadlıq
himninə çevrilmiş
81 yaşlı "Qəhrəmanlıq
uvertürası"nı bir
daha xatırlamağa dərin ehtiyac duyduq. Ən çox da
o baxımdan ki, həmin "Uvertüra"
öz müəllifinin
taleyində müstəsna
rol oynayıb, hətta onun xilasına xidmət edib.
Üzeyir
Hacıbəyli misilsiz
yaradıcılığında böyük novator (yenilikçi) kimi çıxış edərək
milli musiqi mədəniyyətimizin, ümumən
Şərq bəstəkarlığının
inkişafına əsaslı
təkan verdi.
Sovet dövründə
vurğulandığı kimi,
"dünya və rus klassiklərinin ənənələrini mənimsəyərək
və davam etdirərək, onları milli-xalq incəsənətinin
xüsusiyyətləri ilə
üzvü surətdə
birləşdirən Ü.Hacıbəyli
bu əsas üzərində Azərbaycan
incəsənətində yeni,
professional musiqi dilini yarada bildi və
bununla da milli musiqi üslubunun
təməlini qoydu".
Xalq musiqisinin məzmunu Ü.Hacıbəylinin əsərlərində
famamilə yeni keyfiyyat - ümumavropa musiqi yaradıcılığının
professional janrları üçün
səciyyəvi keyfiyyət
kəsb etdi. Lakin milli zəminindən əsla ayrılmadı və özünəməxsusluğunu
itirmədi. Azərbaycan xalq
musiqisinin "harmonik və polifonik" əsasını üzvü
surətdə duyan bəstəkar bunu dahi novator cəsarəti
ilə işləyib Avropa "funksional" sistemilə əlaqələndirdi.
Onun ölməz musiqisi özündə məzmun
dolğunluğu ilə
ifadə səmimiliyini
birləşdirir, həm
professional musiqiçilər, həm də geniş dinləyici kütləsi üçün
eyni dərəcədə
sevilən və anlaşılandır.
Üzeyir Hacıbəyli parlaq istedad sahibi və nəhəng şəxsiyyət kimi xalqımızın tarixində
görkəmli alim-akademik,
həmçinin, alovlu
vətənpərvər, mütərəqqi
ideyaları təbliğ
edən, geniş ictimai fəaliyyət göstərən fədakar
ziyalı olaraq müstəsna yer tutur. Onun bütün ömrü
xalqın tərəqqisi
uğrunda çalışan
bir mübarizin həyat yoludur. Bu mənada, onun həyatı və yaradıcılığı ilə
əlaqədar hər
hansı bir yeni, az
məlum olan fakt böyük önəm və maraq kəsb edir.
Burada diqqətə
çatdıracağımız hər iki mühüm
tarixi məqam dahi sənətkarın
"Koroğlu" operası
ilə bağlıdır. Məlumdur ki,
"Koroğlu" operası
üzərində Üzeyir
bəy 1932-1936-cı illərdə
işləyib. Tale belə gətirib ki, "Koroğlu" operası Ü.Hacıbəylinin
həyat və yaradıcılığında çox əhəmiyyətli,
hətta "xilasedici"
rol oynayıb. XVII əsrin əvvəllərində
Azərbaycan xalqının
yadelli işğalçılara
və yerli feodallara qarşı apardığı azadlıq
mübarizəsi, xalq qəhrəmanı Koroğlu
haqqında yaranmış
məşhur dastanının
motivləri operanın
süjetinin əsasını
təşkil edir.
El arasında igid və qorxmaz
Koroğlu, onun sevgilisi Nigar, cəsur silahdaşları,
yel qanadlı Qıratı haqqında çoxlu rəvayətlər
vardır. Operanın
süjeti üçün
uzaq keçmişdə
baş vermiş kəndli üsyanları barədə rəvayətlərdən
istifadə edən
libretto müəllifləri Məmməd Səid Ordubadi və Heydər İsmayılov -
Üzeyir bəyin özünün də qismən iştirakı ilə - "sovet dövrünün ideoloji tələblərinə" uyğun
olaraq ona müasir ictimai məna verməyə çalışıblar. Xalqın keçmiş
qəhrəmanlığından, onun tarixi əhəmiyyətli
mübarizəsindən bəhs
edən Ü.Hacıbəylinin
bu əsəri həm milli, həm də hamı üçün əhəmiyyətli olan
professional ümumavropa opera üslublu yüksək bədiilik sintezinin parlaq nümunəsidir.
"Koroğlu"nun dərin
ideyalılığı, realizmi,
musiqi dilinin xəlqiliyi və kompozisiyanın bütövlüyü
milli incəsənətin
bu şah əsərinə ümumxalq
müvəqqiyyəti qazandirdı,
eyni zamanda, o dövr üçün Azərbaycan mədəniyyətinin
inkişafındakı rolunu
və "sovet opera sənətində" fəxri
yerini müəyyən
etdi.
Operanın premyerası 1937-ci il aprelin 30-da Bakıda M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində gerçəkləşib.
Bu fakt geniş
məlumdur və Üzeyir Hacıbəyli ilə əlaqədar bütün yazılı mənbələrdə göstərilib.
Lakin az
məlumdur ki, bu premyera çox
möhtəşəm keçib.
Tamaşanın ərsə gəlməsində,
məşhur teatr rejissoru İsmayıl Hidayətzadənin quruluşçu
rəhbərliyilə 500 nəfərlik
yaradıcı və texniki heyət iştirak etmişdı.
Ən maraqlı nüans burasıdır ki, "Koroğlu" operasını
ümumdünya səviyyəsində
məşhurlaşdıran melodik insrumental giriş hissəsi, operanın "Uvertüra"sı
ilk quruluşlarda olmayıb,
operanın premyerasından
yalnız bir ildən sonra ərsəyə gəlib.
"Uvertüra"nın
opera üçün son dərəcə
mühümlüyünü geniş oxucu kütləsinə çatdırmaq
üçün qısa
bir açıqlama verək. "Uvertüra"
"açılış, başlanğıc" mənaları
verir, musiqili teatr tamaşalarına
(opera, balet, operetta) simfonik
orkestrin çaldığı
başlanğıc, giriş
hissədir. Həmçinin, uvertüra hissəsindən
kantata və oratoriyalar, silsilə süita tipli musiqi növlərində və XX əsrdən başlayaraq kino musiqisində də istifadə edilir. Uvertüraların ümumi xüsusiyyəti
yaradıcı "niyyətin
ayrı - ayrı əlamətlərinin (hissələrinin)
ümümi və özü də ən parlaq şəkildə istrumental
musiqi vasitəsi ilə birləşdirilməsidir".
Tamaşaçılar, dinləyicilər üçünsə uvertüra
əsasən musiqili səhnə əsərlərinə
orkestr müqəddiməsidir.
"Koroğlu"nun premyerasından sonra, Avropa simfonik musiqi bilicilərinin, konservatoriya professorlarının tənqidi məqalələrində operanın bəyənildiyi ifadə olunur. Qərb simfonizmi ilə Şərq melodiyalarının Azərbaycan musiqi alətlərindən də istifadə etməklə uğurlu sintezi çox yüksək qiymətləndirilir. Ancaq Avropa simfonizmi üslubunda yazılmış operalarda zəruri, ənənəvi olan uvertüra hissəsinin burada yoxluğu bu əsər üçün yeganə qüsur kimi göstərilir. Bu irad Üzeyir bəyi "Koroğlu" operasını təkmilləşdirmək üçün yeni yaradıcılıq axtarışlarına sövq edir. Bu yaradıcı proses bir ilə yaxın müddətdə davam edir. Üzeyir bəy yaradıcılıq fəaliyyətində çox tələbkar, işinə, əsərlərinə hədsiz tənqidi yanaşan, xalq dilincə desək, "astagəl" işləyən bir sənətkar idi. O, bəyənmədiyi not yazılarını cırıb atır, yenisini yazır, ideyaya uyğun melodiya, musiqi axtarir, ilhamla işləyirdi. "Koroğlu" operasının "Uvertüra" hissəsinin üzərində işlədiyi müddət də hədər getmədi və meydana çıxan nadir sənət incisi həmin operanın ümumdünya səviyyəsində məşhurlaşmasına əlavə təkan verdi. Eləcə də "Uvertüra" özü inanılmaz dərəcədə populyar, tez-tez ifa edilən, Azərbaycanda və dünyada çox sevilən müstəqil musiqi əsərinə çevrildi. Birmənalı qəbul olunur ki, "Koroğlu" operasının "Uvertüra"sı bu janrın klassik nümunəsidir və bütün tələblərə cavab verir. Burada operanın qəhrəmanlıq ideyası, xalq kütlələrinin zülmə qarşı mübarizəsı, üsyan etmiş insan leytmotivi dahiyanə ifadə ilə səslənir. İndi bu operanı "Uvertüra"sız təsəvvür etmək ağlasığmaz görünür. Təsadüfi deyil ki, uzun zamandan bəri Azərbaycanda əksər təntənəli gecələr, festivallar, bəstəkarların plenumları, mühüm dövlət tədbirləri bu "Uvertüra" ilə başlanır.
"Koroğlu" operasının "Uvertüra"nın da daxil olduğu tam variantı tamaşaçı auditoriyası qarşısında, 1938-ci il aprel ayının 2-də Moskvada keçiriləcək Birinci Azərbaycan İncəsənəti Dekadası ərəfəsində, əsərin baş məşqində çalınıb. Maraqlıdır ki, bu dekada zamanı "Koroğlu" operası tamaşaçıların xahişi ilə iki dəfə təqdim edilib. Dekadanın gedişində Sovet İttifaqının rəhbəri - "Xalqlar atası" İosif Stalin operanı bəyənib, alqışlayıb və çox yüksək qiymətləndirib. Nəticədə, Üzeyir Hacıbəyliyə və əsas partiyanın - Koroğlunun ifaçısı Bülbülə SSRİ Xalq artisti adı verilib. Bu əlverişli məqamı - Stalinin Üzeyir bəydən razılığını və əsərdən məmnun qaldığını görən Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırov, fürsəti əldən verməyərək, dahi bəstəkarın taleyilə bağlı son dərəcə vacib bir məsələnin - həmin vaxt "mümkünsüz" hesab edilən (bəy oğlu, AXC-nin Himninin bəstəkarı, qardaşı Parisdə mühacir olduğu üçün), lakin o dövrdə "repressiyalardan" qorunmaq üçun həyati baxımdan zəruri olan - Umumittifaq Kommunist (bolşeviklər) Partiyasına üzvlüyü məsələsinin həllini irəli sürüb. Məlumatlar var ki, Mircəfər Bağırovu yüksək qiymətləndirən, onunla hesablaşan Stalin, şəxsi görüş zamanı Azərbaycan rəhbərinin "Üzeyir Hacıbəyovu partiyaya qəbul etmək lazımdır!" təklifinə gülə-gülə belə bir sualla cavab verir: "Bəs Hacıbəyova kim zəmanət verəcək?" Onda Mircəfər Bağırov usta bir gediş edərək: "Siz və mən!" Bu məqalənin muəllifi 1938-ci ilə aid "Bakinski raboçi" qəzeti toplusunda elmi axtarış apararkən o zaman may ayında dərc edilmiş bir materialda Üzeyir bəyin Kommunist Partiyasına qəbul olunması barədə maraqlı bir məlumata rast gəldi. Orada qeyd edilmişdi ki, "Yoldaş Üzeyir Hacıbəyov Kommunist Partiyasına üzv olmaq üçün ərizə verdikdən sonra Azərbaycan Kommunist Partiyasının üzvlüyünə birbaşa, namizədlik stajı keçmədən qəbul olunmuşdur". Maraqldır ki, hələ 1937-ci ilin dekabrında, Mircəfər Bağırov bu "xilasedici" prosesi daha etibarlı etmək ücün bəstəkar Ü.Hacıbəylinin SSRİ Ali Soveti (Sovet İttifaqı parlamentinə) deputatlığına Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından, "sarsılmaz bitərəflər və kommunistlər blokundan" namizəd irəli sürülməsinə və seçilməsinə nail olmuşdu. Bu, SSRİ və Azərbaycan SSR rəhbərlərinin Üzeyir Hacıbəyli şəxsiyyətinə, yaradıcılığına dərin ehtiramının nəticəsi idi. Beləliklə, "Koroğlu" operasının uğuru, SSRİ rəhbəri İosif Stalinin "toxunulmazlıq" göstərişi və Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırovun səyləri nəticəsində 30-cu illərin ikinci yarısından tüğyan edən repressiyalar Üzeyir bəydən yan keçir və dahi bəstəkar bundan sonra daha 10 il ömür sürərək, vətəninə, millətinə böyük faydalar verir.
Üzeyir bəyin musiqisi ölümsüzdür. Xüsusilə də onun "Koroğlu" operasının dahiyanə "Uvertüra"sı artıq 81 ildən çoxdur ki, az qala hər gün səslənir, Azərbaycan xalqı və dünyanın digər xalqları, böyük türk dünyası tərəfindən sevilir, alqışlanır. Dahi bəstəkarın əziz, işıqlı xatirəsi millətimizin yaddaşında və dünya musiqi tarixində haqlı olaraq əbədilik yer tutub.
Nizami AĞAYEV
Araşdırmaçı-publisist, Azərbaycan
Jurnalistlər Birliyinin
üzvü
525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.22.