Söz
Sözlər də adamlar kimidir. Uzunu-qısası var, gözəli-eybəcəri,
arığı-kökü var. Uşaq vaxtından sözləri yadımda saxlamaq üçün hər sözü bir şəklə bağlıyıb yaddaşıma
atırdım. İndiki dillə
desək, assosiativ üsuldan istifadə edirdim. Sonralar bu mənə
xarici dilləri öyrənməkdə də
kömək elədi.
Mənim üçün ən arıq söz -
"un" sözüydü.
"Kök" sözü
(sifət kimi) yadımda "Bir qalanın sirri" filmindəki Hadı kimi qalmışdı. O sözü
sevmirdim, gombul sözü ürəyimə
yatırdı. Çünki
gombul sözü toppuş sözüydü,
kök isə arıq sözüydü...
Ən gözəl
söz "ana" sözüydü. Simmetrik idi, həm də soldan-sağa, sağdan-sola eyni cür yazılırdı.
Dilimin əzbəriydi o söz.
Əlifba kitabındakı birinci sözüydü - yaddaşıma həkk olmuşdu. "Nənə" sözündən
ötrü ürəyim
gedirdi. Hər dəfə görəndə
nənəmi gətirirdim
gözümün qabağına,
sevinirdim, ağzım
sulanırdı - Nabat
idi adı nənəmin. Nənəmdən ötrü çox darıxırdım. Uzaqda olurdu.
Az-az görürdüm.
Uşağıydım...
Ən çirkin
söz mənim üçün - "sumbata"
sözüydü. Erməni
adına oxşayırdı, yəqin
ona görə. O sözü heç sevməzdim, həmişə
"najdak" deyirdim.
Çox
sonralar Ankarada bir dostumuzun fabrikasında onu mənə "zımpara"
kimi təqdim etdilər. Qayıtdım
dedim:"yox bir, zonquldaq!"
Türk
dostum birtəhər oldu: "Zonquldaq - bizdə şəhər adıdır"
Bəxtsizdir bu zımpara, hansı dilə çevirsən də, biədəb səslənir...
Eynilə bəxti gətirməyən
adamlar kimi, sözlər də bəxtsiz olurmuş.
Ən qısa söz - an sözüydü.
Atamdan soruşdum
ki, an nə deməkdir, əliylə bir kök çırtıq
çaldı. Budur, dedi.
Xoşum
gəldi...
Ən uzun və çətin sözlərdən iki söz vardı. Müəllim və mühəndis.
Tez-tez işlətməli olurdum bu sözləri. Anam müəllim, atam mühəndis idi. Soruşurdular - deyirdim. O sözləri
deyəndə üzüm
ağrıyırdı...
Sonra
"müsəllət" sözünü əzbərləməli
oldum və bildim ki, nəsə
bu "mü" ilə başlayan sözlərin elə suyumu beləymiş... Bir az sonra "mükəlləfiyyət"
sözünə qoşulub
getdik hərbi komissarlığa. "Mükəlləfiyyət" - gördüyüm ən uzun söz oldu.
Sözlər də adamlar kimidir.
Canlıdırlar. Cavan sözlər, qoca sözlər, unudulmuş sözlər, dustaq sözlər...
Bir neçə il
Sumqayıtda yasaq olunmuş bir söz vardı. "Şənlik" sözü.
Sovetin vaxtıydı,
şəhərin başçısının
adı Şənlik olduğundan onu yazılarda başqa sözlə əvəz etməyi tapşırmışdılar. Dustaq eləmişdilər
o sözü.
Sözüm onda deyil.
Sözümün canı odur ki, sözlər canlıdır, işiniz olmasın onlarla, dəyişməyin onları. Lap elə "mü" ilə başlayıb "ət"lə qurtarsa belə...
Sautgempton, Böyük
Britaniya
Rauf
QARAİŞIQ
525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.21.