Absurdda qeyri-səlis
absurd
1-ci məqalə
Birinci Dünya Müharibəsinin törətdiyi
dağıdıcı xaos nəticəsində insanlarda
psixoloji sarsıntılar və ruh düşkünlüyü
ilə müşahidə olunan anomal vəziyyət, eləcə
də, bu vəziyyətin törətdiyi fəsadların cəmiyyətdə
yaratdığı deformasiya Avropada yüksək intellekt sahiblərini
ciddi narahat etməyə başladı.
Ümidsizliyə
qapılmış insanların düşdükləri vəziyyətdən,
məhkum olunduqları xarabazarlığın cəngindən,
ruhsal sarsıntılardan xilas etmək üçün yollar
axtarmağa başladılar. Əlbəttə,
bu istiqamətdə bütün sahələrdə ciddi
çıxış yolları aranırdı. Sözsüz ki, texnogen sahədə daha çox nəticə
əldə etmək ümidverici görünürdü və
ona görə də vəziyyətdən çıxmaq, təfəkkürdə
və real həyat gerçəkliyində yeniliyə nail olmaq
üçün bu sahədə nailiyyət qazanmağa daha
çox maraq göstərilirdi. Ancaq
humanitar sahənin avanqard düşüncə sahibləri də
öz töhfələri ilə cəmiyyəti xilas etməyə
çalışırdılar və onlar inanırdılar ki,
humanitar sahənin açacağı yol, insanları psixoloji
sarsıntılardan xilas etmək üçün daha çox
təsiredici və səmərəverici olacaqdır. Ədəbiyyat və teatr sənətinin idrakı
daha dinamik güclə hərəkətə gətirmək
qüvvəsinə malik olduğunu anlayan bu sahənin
yaradıcı nümayəndələri ilk növbədə
insanlarda sənət vasitəsi ilə ruha qidaverici yeniliyin -
yeni cərəyan selinin axtarışında idilər. Axtarışında olduqları yeni cərəyanla,
məhz gələcəyə inamı qırılmış
insanları düşdükləri depressiyadan
çıxarmaq üçün, ruhən dirçəltməyə
və sağaltmağa çalışırdılar.
Lakin Birinci Dünya müharibəsinin
sarsıntılarından xilas olmamış, İkinci Dünya
Müharibəsi özünü ildırım sürəti ilə
çatdırdı və yeni, həm də daha
dağıdıcı, daha gərgin həyat rejimi diqtə edən
bir xaos, həm də "içində dünyaya yer verən,
dünyanı öz sahmansızlığından doğurub
sahmana..." (M.Əlizadə) sala bilməyən dərin xaos
baş verdi. Bu vəziyyət
insanları daha da çarəsiz və ümidsiz hala
saldı, çıxılmaz labirintlə üz-üzə
qoydu, hətta keçilməsi mümkün olmayan bir divar
qarşısına çıxardığını göstərdi.
Vəziyyətin belə ağır bir zamanında
insanların düşüncəsində yer tutmuş
"çıxılmazlıq sindromu məntiqi"nə məntiqsizlik
fəlsəfəsi ilə təsir etmək və insanların
düşüncəsini dəyişmək yeganə yol olaraq
görünürdü. Yəni "sarsıntılar məntiqi həqiqəti"ni məntiqsizlik məntiqi ilə silkələmək,
hətta diksindirərək ayıltmaq, bu üsulla yeni ruh və
əhval yaratmaq üçün, dadaizm, sürrealizm,
ekzistensializm fəlsəfələrində intişar tapan
absurdizm deyilən bir cərəyanın axın seli
özünün yeganə perspektivli xilas məhvəri
olduğunu diktə edirdi.
Bəli,
beləcə, əlbəttə ki, ilk zamanlar çətin
qavranılan, tamaşaçını öz cəfəng
oyunu ilə heyrətləndirməyə çalışan,
lakin o qədər də səmərəli olmayan, getdikcə
isə, məntiqi anlayışa öz məntiqsiz
baxış məntiqini diktə edən, yaranma tarixi daha əvvəllərdən
boy verən, insanların təfəkkür dairəsində
misqal-misqal böyüyən absurd deyilən bir nəzəriyyə
öz axın seli ilə hərəkətə keçdi. Absurd nəzəriyyə hələ Birinci Dünya
Müharibəsinə qədər Avropada bir cərəyan
olaraq ədəbiyyat və teatr xadimlərinin təfəkküründə
cücərməyə başlamışdı. Absurdizmin əsas sələfi, patafizika termininin
yaradıcısı olan fransız yazıçısı
Alfred Jarri hesab olunur. Jarri 19-cu əsrin
sonlarında Avropa, Amerika və Latın Amerikasının
avanqard ədəbiyyat və avanqard teatrının əsas
simasına çevrilib. 1896-cı ildə Alfred Jarrinin
müəllifi olduğu "Kral Ubyu" qrotesk-komik farsı ona geniş şöhrət
qazandırıb. 1926-cı ildə məşhur fransız
teatr islahatçısı Antonen Arto, Roje Vitrak və Rober Aronla
birlikdə "Alfred Jarri Teatrı"nın əsasını
qoyub və teatr qısa zamanda populyarlıq qazanıb. Artonun rejissor təfsirində hazırlanan "Kral
Ubyu" tamaşası kult əsər kimi məşhurlaşıb;
Kral Ubyu rolunu isə A.Arto özü oynayıb. Uzun illərdən sonra 2001-ci ildə Rusiya
Federasiyasının xalq artisti Aleksandr Kalyaginin
yaradıcısı və bədii rəhbəri olduğu
Moskva "Et-Getera Teatrı"nda "Kral Ubyu" pyesi yeni səhnə
təfsirini tapıb. Tamaşanın rejissoru A.Morfov, Kral
Ubyu rolunun ifaçısı A.Kalyagin idi; tamaşanın rejissoru əsərə Alfred
Jarrinin absurd ştrixli müəllif obrazını da əlavə
etmişdi.
Absurd nəzəriyyəsi, cəmiyyətin təxəyyülündə
yeni meydanların, yeni baxış bucaqlarının
açılmasına səbəb oldu. Bu nəzəriyyə
ilə, bir növ elektrik cərəyanının verdiyi
qıcıq təsirli diksindirici vəziyyət yaratmaqla, təxəyyülü
qıcıqlandırmağa başladılar və insanları
o günə qədərki düşüncələrinə
adekvat olmayan fəlsəfə ilə düşünməyə
vadar etdilər. Bu üsulla cəmiyyəti
tam olaraq istənilən nəticəyə gətirmək
mümkün olmasa da, hər-halda insanların təfəkküründə
ümidverici bir çaxnaşma təsiri yaratdı və
düşdükləri vəziyyətdən yeni
çıxış yolları axtarılmasında təsiredici
bir qüvvə kimi səmərəli oldu.
Bunu bacaran nəzəriyyəçilər,
yaratdıqları absurd ədəbi nümunələrini və
adsurd teatrı formalaşdırmağa başladılar. Bununla da
insanlarda bu teatr janrına maraq oyatmaqla, düşüncəni
dəyişməyə çalışdılar.
Absurd teatrı termini ilk dəfə 1961-ci ildə məşhur
ingilis tənqidçisi Martin Esslinin "Absurd teatrı"
adlı kitabında elmi araşdırmaya cəlb edilir, nəzəri
diskurs yaradır. Absurd teatrının fəlsəfi-estetik əsasını
Qərbi Avropa fəlsəfi fikrinin irrasionalist cərəyanları
- Jan-Pol Sartr (1905-1980) və Alber Kamyunun (1913-1960)
ekzistensializmi, Ziqmund Freydin (1856-1939) psixoanalizi, həmçinin,
Alfred Jarrinin (1873-1907) manifestləri, Antonen Arto (1896-1948) və
başqalarının dramaturgiyası və nəzəri
traktatları təşkil edirdi. Əsər
müəlliflərinin fikrincə, real həyatda subyekt və
obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey
üçün insan məsuliyyət daşıyır.
İnsan yalnız "sərhəd
situasiyasında", yəni ölüm qarşısında
dayandıqda özünü ekzistensiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları
ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində
təsvir olunur. "Sizif əfsanəsi"
adlı fəlsəfi essesində Alber Kamyu insan
mövcudluğunu bütün ömrünü hədər
işə həsr etmiş Sizifin əməyi ilə
müqayisə edirdi. Müəllif eyni
zamanda, o biri dünyada vəd olunan rahatlıq haqqında
xristian ideyasına qarşı çıxaraq həyatın mənasını
Sizif əməyində - gündəlik işdə,
bitib-tükənmək bilməyən mübarizədə,
daimi fəaliyyətdə görürdü.
Absurd
teatrın baniləri fransiz yazıçıları Ejen
İonesko (1909-1994) və Semyuel Bekket (1906-1989), sonralar bu cərəyanın
axınına qoşulan Jan Jene (1910-1986), Fridrix Dürrenmatt
(1921-1990), Edvard Olbi (1928-2016), Harold Pinter (1930-2008), Slavomir
Mrojek (1930-2013), Tom Stoppard (1937) və başqa onlarla avanqard
müəlliflər cəmiyyətdə birmənalı
qarşılanmasalar da, getdikcə bu janrla daha çox
şöhrət tapdılar və onların əksər
çoxluğu müxtəlif mötəbər mükafatlarla
təltif olundular. Bu, təfəkkürü
yeniləyə bilən yeni janrın yaradıcıları
getdikcə sənətə, sənət vasitəsi ilə cəmiyyətə
öz təsirlərini göstərməyə
başladılar. Beləcə, Birinci Dünya müharibəsinin
sarsıntılarından hələ xilas olmamış,
İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin
düçar olduğu mənasızlıqların
burulğanına düşmüş cəmiyyət, absurd
dünyada qorxu və güvənsizliklə, absurd zaman
içində absurd cərəyanla qarşı-qarşıya
çıxdı. O dövrdə dünyada baş verən gərgin
hadisələr fonunda özlərini uçurumun
qaşında hiss edən insanlara sonrakı həyat
reallığında gedişatın nələri vəd edəcəyini
məhz absurd teatrı öz mahiyyətində təlqin etməyə
çalışırdı. Absurd dramı
müəlliflərinin qənaətinə görə,
"Dünya, həyat, sağlam şüur, rasionalist təfsirlər
baxımından olduqca ziddiyyətli, anlaşılmazdır.
İnsan üçün həyatın
ağırlığını daşımaq çətinləşib.
İnsanlar içərisində
yaşadıqları gerçək vəziyyətlərin
ağırlığını nəinki şüuru ilə,
hətta hissləriylə də getdikcə daha çox
anlamağa, izah etməyə qadir deyillər. Deməli, heç kəs öz həyatını, hətta
özünü belə anlaya bilmir".
İnsanlar absurd teatrda qara komediyanın nəyi və niyə
hədəfə aldığını, bu "niyələr"in
niyə baş verdiyini, baş verənlərin nəyi izah etmək
istədiyini məntiqi əsaslarla aydınlaşdıra
bilmirdilər və bu özü də bir absurd əhvalın
yaranmasına səbəb olurdu. Absurd teatr "insan
halının mənasızlığı" duyğusunu və
ağlın, düşüncənin insanlığı tərk
etməsiylə bağlı olduğunu anlatmağa
çalışır. Bu teatr, ümumiyyətlə,
nəzəri cəhətdən insan mövcudluğunun şərtlərini
absurdluqda əritmiş, günün mübahisə obyektinə
çevirmişdir. Götürək E.İoneskonun
"Kərgədanlar", "Keçəl Soprano"
və digər əsərlərini. Bu əsərlərdəki
hadisələrin rabitəsizliyi, məntiqin məntiqsizliyi, ənənəvi
teatr anlayışının inkarına aparıb
çıxaran cəfəngiyat, cəfəng oyun və sair,
bütün bunlar insanları düşündürməyə
və ortada olan suallara cavablar tapmağa məcbur edirdi.
"Həyatda hər zaman güman yeri olduğu kimi, incəsənətdə
də mütləq güman yeri qalmalıdı" - öz
yaradıcılığında bu prinsipi əsas götürən
İoneskonun fikrincə, - "Bizə qədər yaradılan
bütün teatr əsərlərinin təqribən
yarısı, məncə, elə komik olduğu qədər də,
absurd xarakterlidir, çünki komiklik - həm də
absurdluqdur. Və
mənə elə gəlir ki, öz qəhrəmanının
diliylə: "Bu dünya - bir ağıldankəmin
hay-küylə və çılğınca
anlatdığı, hər cür məna və əhəmiyyətdən
məhrum bir hekayətdir", - deyən Şekspir bu
teatrın ulu əcdadı, onun banisi sayıla bilər. Absurd teatrın köklərinin daha qədim
çağlara gedib çıxdığını, hətta
Edipin də absurd personaj olduğunu iddia eləməyə əsasımız
var, çünki onun başına gələnlər, bir məqamı
çıxmaq şərtiylə, əsl absurd idi"
(E.İonesko). Absurd teatr kainat
qanunlarının anlaşılmazlığıdır,
reallıqla xəyallar arasındakı ziddiyyətlərdən,
insanın öz-özüylə münaqişəsindən
yaranır. İnsan olumla ölüm
arasındakı sərhəddə çıxış yolu
axtarır; eyni zamanda, həm ölümə, həm də
yaşamağa can atır.
Amma absurdizm nə qədər anlaşılmaz idisə,
bir o qədər də düşündürücü və
təfəkkürü hərəkətə gətirən
dinamik çeviklik idi. İonesko hesab edirdi ki, absurd teatr həm də bir
mübarizə teatrı idi: o, həm burjuaziya teatrını
parodiya edirdi, həm də realist teatra qarşı
çıxırdı. Ötən əsrin tam
yarısında, 50-ci illərdə meydana gələn absurd sənət incəsənətin
ən aparıcı sahəsi olan tear sənəti vasitəsi
ilə təfəkkürdə inqilab etdi. İonesko
özü bunu vurğulayaraq qeyd edir ki, yeni teatr mərhələsi
olan absurd teatrı 1950-ci illərdə formalaşmağa
başladığı zamandan az sonra, özünün müəllifi
olduğu "Kərgədanlar", "Keçəl Soprano", "Stullar",
"Borc qurbanları", eləcə də absurd
dramaturgiyanın digər görkəmli müəllifi Semyuel Bekketin "Məhəbbətsiz
münasibətlər", "Mörfi", "Kreppin sonuncu
lent yazısı", "Xoşbəxt günlər",
"Mersye və Kamye", "Oyunun sonu", "Qodonu
gözlərkən" pyesləri çox böyük
uğur əldə edə bildilər.
Araşdırmalar apardıqca ortaya absurdçuların
çox maraqlı baxış bucaqları, absurd cərəyanı
və absurd teatrı ilə bağlı təzadlı və
ziddiyyətli fikirləri çıxır. Absurdçuların
bir qismi absurd teatrı realist teatr kimi qiymətləndirir, digər
bir qismi absurd teatra irreal teatr kimi baxır və sair. Buradan belə qənaətə gəlmək olur ki,
absurdizmə baxışların özləri də absurddur.
Amerika
absurd teatrının nümayəndələrindən olan
dramaturq Edvard Olbi (1928-2016) də "Hansı teatr həqiqətən
absurddur?" essesində təsdiqləyir ki, absurd teatr,
ekzistensialist və postekzistensialist fəlsəfi cərəyanları
özündə birləşdirən sənət olaraq, zəmanəmizin
realist teatr hadisəsi adlandırıla bilər.
Absurd teatr realist personajları, vəziyyətləri,
hadisələri və digər teatr elementlərini inkar edir. Bu
tamaşalarda zaman və məkan təyinatsızdır, dəyişkəndir,
ən sadə səbəblərdən belə
dağılır, parçalanır. Mənasız
çəkişmələr, təkrarlanan dialoqlar, məntiqsiz
çərənləmələr, hadisələrin dramatik məntiqsizliyi
- bütün bunlar bir məqsədə yönəldilir: bəzən
nağıla bənzəyən, bəzən isə dəhşətli
əhvala köklənən vəziyyəti təqdim etməyə...
Məşhur irland yazıçısı Semyuel Bekketin
"Qodonu gözlərkən" pyesi nədən bəhs
edir: heç nədən və hər şeydən; hadisə
vaqe olur: heç yerdə və hər yerdə; zaman -
heç vaxt və hər dəqiqə; nə baş verir:
heç nə və hər şey; əsərin qəhrəmanları:
heç kim və hər birimiz... Belə olan surətdə nə etməli? Qodonu gözləməli. O gələrsə,
gözəl günlərin birində biz xilas olacağıq.
Bekket bu pyesi 1948-1949-cu illərdə fransız dilində yazmış və elə özü ingilis dilinə tərcümə etmişdir. Bekket ümidsizlik yazıçısıdır. O, öz dövrünə uyğunlaşmağa can atmırdı. Lakin biz "insan xoşbəxt olmaq üçün yaradılıb" fikrinə şübhəylə yanaşanda, Bekketin səsini duymağa başlayırıq. Absurd dramaturgiyasının tacı hesab edilən "Qodonu gözlərkən" pyesi "XX əsrin ən təsiredici dram əsəri" adına layiq görülmüşdür. Bekketin dediyinə görə, bu əsəri ona uğur gətirməyən prozadan uzaqlaşmaq məqsədi ilə yazıbmış. Lakin tənqidçilər əsəri Bekketin də iştirak etdiyi fransız qarşıdurmasındakı təcrübəsini alleqorik şəkildə təsvir edən hərbi dram kimi qiymətləndirirdilər. Müharibə veteranları deyirdilər ki, müharibə hər şeydən əvvəl sonu gözləməkdir. Və bu əsər də ikinci dünya müharibəsindən sonra yazılan digər əsərlər kimi, ümidin intizarıdır... " "Qodonu gözlərkən" - həyatın teatrı, illüziyası və qəddar həqiqətləridir; "gözləyə-gözləyə yox olub zamansızlıqda itirik... Bax, budur həyat, bax, budur absurd - zamansız gözləmə salonu..." (A.Talıbzadə).
"Dünya absurrddur və bundan çıxış yolu yoxdur" - bu hökmü verən absurd dramaturgiya və absurd teatrının qəhrəmanları belə düşünürlər ki, "düzdür, dünya absurddur, amma absurd dünya - dünyanın harmoniyasını poza bilməyəcək". Bu da bir paradoksdur ki, İonesko öz absurd pyeslərini "komik dram" və "fars" adlandırıb. Absurd teatrının atası hesab olunmasına baxmayaraq, o, kəskin şəkildə "absurdizm"in əleyhinə çıxır və yazdığı pyesləri realist əsərlər adlandırırdı: "bütün real həyat və əhatəmizdə olan hər şey nə qədər absurddursa, mənim pyeslərim də bir o qədər realistdir", - deyə söyləyir, bir çox hallarda absurd teatrı "gülünc teatr", bəzən isə "paradokslar teatrı" adlandırırdı.
20-ci əsrin avanqard əhvalı ilə yaşayan və yaradan nəzəriyyəçilərin axtarışları nəticəsində yeni cərəyanlar axını sel kimi bütün təfəkkürləri çulğamağa başladı və on il sonra, bu nəzəriyyələr seli nəticəsində öncə linqvistika elminə aid olunduğu düşünülməsinə baxmayaraq, kibernetika elmində həqiqi inqilaba səbəb olan, əslində isə texnogen sahəni tam olaraq ağuşuna alan, azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi doğuldu.
Mənim qənaətimə görə, absurd nəzəriyyənin yaranışı ilə, sonradan ortaya çıxan qeyri-səlis məntiq nəzəriyyəsinin yaranması, adekvat düşüncənin və təfəkkürü hərəkətə gətirən fəlsəfi konsepsiyanın məhsuludur. Necə ki, mənitiqin varlığına məntiqsizlik məntiqi ilə qarşı gələn adsur nəzəriyyə ortaya başqa ölçülərin, rənglərin çıxdığını, düşüncə aləmində sərhədsiz arenanın, qeyri-yuvarlaq sonsuzluğun fəlsəfəsini aydınca göstərirdi, eləcə də, qeyri-səlis məntiq nəzəriyyəsi özünə qədər, cəmiyyətin önündə olan səlis bir nəzəriyyəyə - "binar" nəzəriyyəsinə bir qeyri-səlis anlayışla üsyana qalxdı və sübut etdi ki, qeyri-səlislik bütün sərhədləri aşıb keçə bilən fövqəlsıçrayışdır. Elm aləmində böyük hadisədir və onun yaratdığı imkanlar həm təfəkkürün sürətlə inkişafını təmin etməyə başladı, həm də real həyat tərzinin inqilabi dəyişikliyinə səbəb oldu. Daha doğrusu, düşüncə fəzasında genişlik, təfəkkürdə sərhədsizlik, əhatəsizlik, çoxxətlilik, rəngarənglik palitrası, simfonik polifoniya və sair qeyri-yuvarlaq sonsuzluq meydanı yaradır. Bütün bunlar onun göstəricisi oldu ki, absurdçularla, qeyri-səlisçi Lütfi Zadənin vəhdət təşkil etdən düşüncə məhsullarının ərsəyə gətirdiyi hər iki nəzəriyyənin novatorçuluq xüsusiyyətləri ilə dövr, zaman kökündən dəyişdi. Hər iki nəzəriyyə yeni düşüncə erasının başlanğıc nöqtəsinin bünövrəsini qoydu.
Bu bünövrə Azərbaycan ədəbiyyatının
zənginləşməsində və yeni dünyaya
açılan pəncərədən Azərbaycan ədəbiyyatının
nəsnələrinin dünyaya inteqrasiya edilməsində
öz rolunu oynadı. Bu yolda əsas aparıcı qüvvə
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
xalq yazıçısı Elçinin
yaradıcılığı öncül oldu. Elçin
absurdizmin və qeyri-səlisizmin Azərbaycan ədəbiyyatında
ən parlaq nümayəndəsi olmaqla, hər iki nəzəriyyənin
Azərbaycan ədəbiyyatında banisinə çevrildi.
Görkəmli yazıçının çoxxətli
paralellərdən keçən "izm"lərlə dolu
olan xüsusən səhnə əsərləri onun,
"Elçin teatrı" epoxasının yaranmasını
təmin etdi.
İFTİXAR
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi
iftihar-piriyev@mail.ru
525-ci qəzet.-
2019.- 18 sentyabr.- S.18-19