Şərəfli yazıçı
ömrü
Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub.
ADU-nun (indiki Bakı Dövlət Universiteti) Jurnalistika
fakültəsində təhsil alıb. 1953-cü ildə universiteti
bitirəndən mətbuatda çalışan Ə.Əsgərov
jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri"
qəzetində fəaliyyətə başlayıb, bu qəzetdə
elan olunan gənclik mövzusunda səhnə əsəri
müsabiqəsində iştirak edərək mükafata layiq
görülüb. Yaradıcılığa
hekayələrlə başlayan Əfqan bu ilk səhnə əsərləri
ilə geniş tanınıb və ardıcıl olaraq
yazıçının bir neçə hekayə toplusu nəşr
edilib. Bir müddət sonra Moskvada ali
ssenari kursunda oxuyan Əfqan, Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında redaktor vəzifəsində,
daha sonra "Kommunist" qəzetinin ədəbiyyat
şöbəsinin müdiri vəzifəsində fəaliyyətini
davam etdirib. 1989-cu ildə "Sovet kəndi",
1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin
baş redaktoru işləyib. Əfqan
Əsgərov istedadlı yazıçı və dramaturq kimi
də məşhur olub. Onun qələmindən
çıxan "Gülyanaq", "Katib", "Həsrət
də bir vüsaldır", "Qartal əfsanəsi"
romanları, "Dədə Bəhmən" trilogiyası,
"Qozbel", "Məhəbbət ətirli qərənfilim",
"Dünya gözəlliyindir", "O, daş
deyildir" və başqa povestləri ədəbi nəsrimizin
inkişafında özünəməxsus rolu olan əsərlərdən
sayılır.
Tanınmış nasir, dramaturq Əfqan Əsgərovun
90 yaşı tamam olur. Əfqan Əsgərov 1920-ci illərdə
doğulan və bu günə qədər
yaşayıb-yaradan üç yazıçıdan biridir
(Vidadi Babanlı və Əli İldırımoğlu ilə
birgə). XX əsrin təzadlı, mürəkkəb, həm
də son dərəcə dramatik hadisə və olayları ilə
nəfəs alan bu
yazıçıların ömrü daha da uzun olsun!
Əfqan müəllim 50-ci illərdə bədii
yaradıcılığa başlayıb, o illərdə bir
hekayəçi kimi tanınıb, pyeslər qələmə
alıb, yetmiş-səksəninci illərdə isə ədəbi
aləmdə səs-səda doğuran romanları ilə diqqəti
cəlb edib.
Əksər yazıçılar
yaradıcılığa hekayə ilə başlayırlar və
Əfqan müəllim də bu ənənəyə sadiq
qalıb.
Hekayə janrı hər bir yazıçı
üçün nəsrin digər janrlarına keçmək
üçün bir təcrübə məktəbidir,
altmışıncı illərdə Əfqanın
"Gecikmisən", "Gözəllik
sorağında", "Sən tək deyilsən",
"Sarı əlcək" hekayələr kitabı
çapdan çıxıb. Onun hekayələri
ilk növbədə mövzu rəngarəngliyi ilə
seçilirdi, Əfqan Böyük Vətən Müharibəsinin
ağrı-acılarından, Azərbaycan
oğullarının igidlik və şücaətindən də
yazırdı, ailə-məişət münasibətlərindən
də. Həyatın neqativ, mənfi
hallarından da yazırdı, bu həyatın yaradıcı,
qurucu gənclərindən də.
Əgər
Əfqanın ilk dövr yaradıcılığının səciyyəsini
vermiş olsaq, deyə bilərik ki, onun hekayələrində
müxtəlif məsələlər əks olunsa da, bir əsas
problem aparıcı idi: Gözəllik. Əfqan
insan münasibətlərində də, ictimai həyatda da,
sevgidə də gözəllik axtarırdı. Və bu gözəlliyi insanın mənəvi
gözəlliyi kimi tərənnüm edirdi. Əgər həyatda, insan münasibətlərində
bir müşgüllük, çatışmazlıq varsa, deməli,
gözəlliyə qəsd olunur. Bu
ideyanı Əfqan daha sonralar, səksəninci illərdə qələmə
aldığı "Dünya gözəlliyindir" povestində
mükəmməl şəkildə ifadə elədi. Povestin qəhrəmanı Azər var-dövlət,
şan-şöhrət həvəsinə
düşmüş, əslində, mənəviyyatsızlıq
girdabına düçar olan, "həyatda nə
bacarırsansa, ona yiyələn" fikri ilə yaşayan
yaşıdlarının əhatəsinə düşür,
amma həmişə öz saflığını göz bəbəyi
kimi qoruyur. "Dünya gözəlliyindir"
- bu, onun dilində tez-tez səslənir. Nəticədə,
onun təsirilə Ofa adlı qız restoranlardan
ayrılır, Sumqayıtda fəhləlik həyatına qədəm
qoyur. Hekayələrində təsvir etdiyi
adi insanları da Əfqan məhz gözəllik prizmasından
təsvir edirdi. Məsələn,
"Gülxanım nənə" hekayəsi bu baxımdan səciyyəvi
idi. Əfqanın hekayələrində əxlaqi
məsələlər də mühüm yer tuturdu, "Daldan
atılan daş", "Bağışla" kimi hekayələrində
oxuculara bu fikir aşılanırdı ki, milli əxlaqi dəyərlər
qorunmalı, yaşamalıdır.
Əfqan Əsgərovu bir mənada "müharibə
uşağı" da adlandırmaq olar. Yəni onun
uşaqlıq, həm də ilk gənclik illəri 1941-1945-ci
illərə düşür. Bir neçə
hekayəsində o, bu müharibənin
ağrı-acılarından söz açmışdı,
amma ilk romanında - "Qartal əfsanəsi"ndə
müharibə mövzusu epik səviyyədə öz bədii
həllini tapır. Əfqan görmədiyi,
bilavasitə iştirak etmədiyi müharibəni təsvir
edirdi, o dövrün müharibə romanlarına xas olan bir
çox xüsusiyyətlər bu romanda da öz əksini
tapmışdı. Əsərin qəhrəmanı
İsmayılı müəllif müharibənin ən
ağır sınaqlarından keçirir, azərbaycanlı
döyüşçülərin igidliyini,
"qartallığını" təsvir edir.
Əfqanı bir yazıçı kimi daha geniş
tanıdan romanlar isə yetmiş-səksəninci illərdə
qələmə alındı. Əgər "Qartal əfsanəsi"ndə
Əfqan görmədiyi, iştirak eləmədiyi müharibədən
yazmışdısa (bunu ona irad kimi qəbul eləmək
olmaz, çünki yazıçı, necə deyərlər,
"müharibə, döyüş texnologiyasını
yaxşı öyrənmişdi), "Gülyanaq",
"Katib", "Halal çörək" romanlarında
gördüyü, müşahidə etdiyi hadisələri qələmə
almışdı. Yetmiş-səksəninci illəri
bəzən Azərbaycanın "sakit" dövrü kimi səciyyələndirirlər,
amma bu "sakitlikdə" necə fırtınalar
qopduğunun şahidi olmuşuq. Bu romanlarda Əfqan
"Rəhbər və Xalq problemi"ni təsvir
etdiyi bütün hadisələrin mərkəzinə gətirir.
Xalq və Şəxsiyyət (Rəhbər)
ayrı-ayrılıqda düşünülə bilməz,
Şəxsiyyət-Rəhbər Xalqın nümayəndəsidir
və onun iradəsini təmsil edir. Vəzifəli
şəxs kütləni, camaatı "öz prinsiplərinə"
deyil, özünü-istedad və bacarığını
onların istəklərinə tabe etməlidir. Xalqın
rəyi ilə hesablaşmayan hər hansı rəhbər
şəxs-vəzifəli adam gec-tez mənəvi
süquta uğramalıdır. Bu problem
Əfqanın trilogiya şəklində qələmə
aldığı "Gülyanaq" "Katib", "Halal
çörək" romanlarının da ideya-bədii istiqamətini
təşkil edir. Müəllif İsrafil İsrafilzadə
və Sabutay Canəliyev obrazları vasitəsilə sanki belə
bir suala cavab verir: xalqı öz arxasınca kim
apara bilər? Özünü ondan ayıran,
praktiki şəkildə təcrid edib bununla da mənəvi
uçuruma yuvarlanan katib, yoxsa xalq iradəsinin təmsilçisi
olan katib? İsrafilzadə o dövr nəsrinin
"müsbət qəhrəman" silsiləsinə tam
uyğun gələn, ən çətin anlarda da Dədə
Bəhmən kimi el ağsaqqallarına üz tutan, dövlət
planlarından daha çox insan amilinə diqqət yetirən rəhbər
idi. Canəliyevin "iş üslubunda" isə
əsas üsul tabeliyində olanları qorxu və itaət
altında saxlamaqdı. Yaponların
dibçək bitkiçiliyində möcüzələr
yaratmaları, palıd ağacını
cırtdanlaşdırıb dibçəkdə əkmələri,
Amerika alimlərinin cırtdan atlar yetişdirməsi Sabutaya
yaxşı məlum idi. O, adamlara da belə
yanaşırdı: palıd vüqarlı birisini qorxağa,
yalançıya döndərməyə cəhd edir, niyyəti
baş tutmayanda "səni rayondan qovaram", "partiya
biletini alaram" deyə açıq hədə-qorxuya,
şantaja keçirdi. Məsələn, "Şəfəq"
kolxozunun zootexniki Arığovu inəyi pambığa girdiyi
üçün partiyadan çıxartdırır,
saçı-saqqalı ağarmış bir qocanı
uzunqulağa ot yüklədiyi üçün
palçığa itələyir və s. Və bu rayonda tək
deyil, havadarları hər sözünə "bəli",
"baş üstə" deyənlər çoxdur.
Əlbəttə,
bu mənzərə bizə tanışdı, bir çox
rayonlarda "kiçik padşahların" iş üsulu
bizə yaxşı məlum idi.
Rus ədəbiyyatşünası
Timofeyev yazır: "Roman elə bir əsərdir ki, o,
inkişafda olan mürəkkəb həyat prosesini təsvir
edir. Romanda insan həyatının lövhələri
bütün mürəkkəbliyi və çoxcəhətliliyi
ilə verilir. İnsanın həyat yolu,
onun xarakteri romanda insan həyatının müxtəlif
dövründə, müxtəlif formalarda
işıqlandırılır". Əfqanın
trilogiyasında çoxlu insan taleləri
işıqlandırılsa da, daha çox iki obrazın - Dədə
Bəhmənin və Gülyanağın obrazları diqqət
mərkəzindədir. Deyərdik ki, Dədə
Bəhmən obrazı ilə Əfqan ədəbiyyata Vətənin
taleyini öz şəxsi taleyində əks etdirən qocaman
bir nəslin ədəbiyyatda mükəmməl
obrazını yaratmışdır. Bu nəsil
ən çətin inqilablı, mübarizəli və
müharibəli keçmişimizin nümayəndələri
idi. Və Dədə Bəhmən də
onlardan biri. Görkəmli tənqidçi Yaşar
Qarayev "Dədə Bəhmənin gücü və
gücsüzlüyü" məqaləsində
yazırdı ki: "Bəhmən adı
qarşısındakı "Dədə"
sözünün xüsusi mənası vardır. İyirminci
illərin bu savadsız kənd adamının kommunistliyinin
simasında yeni dövrün mənəvi norma
və prinsipləri ilə ağsaçlı, ağsaqqal
"yazılmamış qanunlar, uzaq əsrlərdən gələn
və həmişə müqəddəs tutulan əxlaq və
ənənələri arasında ümumiliyin
qovşağı və qaynağı tapıla bilir. Məhz buna görə də sırf ictimai,
partiyalı, siyasi kadr keyfiyyətləri Dədə Bəhməndə
həm də fərdi mənəvi-əxlaqi keyfiyyətlər
şəklində milliləşir. Dədə
Bəhmən deyir ki, "kommunistlik elə ən böyük
kişilikdir".
Lakin elə
bir dövr gəlir ki, torpağın dilini bilən, xalqla onun
öz dilində danışan bu "el atası"
özü də həmin dövrün "əyri yolla qəhrəmanlıq"
təbliğatına uyur və "artıq sahə" əkdirir
ki, onun tərifi daha da artsın. Amma sədrlikdən
çıxsa da, Dədə Bəhmən yenə xalqdan
uzaqlaşmır... Əsərlərdə
Gülyanaq obrazı yeni nəslin təcəssümü kimi
diqqəti cəlb edir. Oxumuş, savadlı
bir qızla Dədə Bəhmən arasında mənəvi
tellər heç vaxt qırılmır, lakin dövrə,
yeni ictimai münasbətlərə Gülyanağın fərqli
yanaşması diqqətdən yayınmır. O, Dədə
Bəhmənə, bu ailəyə sadiqdir, lakin köhnə
iş üsullarına qarşı çıxır və Dədə
Bəhmənlə fikir ixtilafı da burdan yaranır. Ümumiyyətlə, Əfqanın bu üç
romanı yetmiş-səksəninci illər Azərbaycan kəndində
gedən prosesləri həqiqətə uyğun əks etdirir,
o illərin ictimai, mənəvi-əxlaqi tarixini öyrənmək
üçün bu əsərlərə də müraciət
etmək lazımdır.
"Gülyanaq" romanı çapdan çıxan
kimi onu dəyərli bir əsər kimi qiymətləndirdilər
və bu sırada Xalq şairi Rəsul Rzanı xüsusi qeyd
etməliyik.
Rəsul müəllim yazırdı: "Hörmətli
Əfqan. "Gülyanağ"ı maraqla
oxudum. Yaxşı əsərdir. Mən öz-özlüyümdə romanı "həyatdan
səhifələr" adlandırardım. Bu, doğrudan da, belədir. Əsəri
oxuduqca ömrümüzün fərəhli, nisgilli səhifələri
gözlərimiz qarşısında canlanır. Bu, bəzəksiz-düzəksiz, bəzən
acı, göynəkli, bəzən qürurlu həyat lövhəsidir
- bu günlü (müasir) həyat lövhəsi. Vaxtilə
kənd təsərrüfatı sahəsində bir-birini əvəz
edən eksperimentlərin necə ziyanlar vurduğunu bədii
boyalarla göstərmisən... Əsərdə
yaradılmış bir sıra obraz həyat həqiqəti ilə
oxucunu inandırır, düşündürür, onda ötkəm
duyğular oyadır... Mənə elə gəlir
ki, son illərin nəsr əsərləri içində həyat
həqiqəti, vətəndaşlıq cəsarəti, bədii
səviyyəsi ilə "Gülyanaq" romanı xüsusi
yer tutur".
Təbii
ki, Yaşar Qarayevin "Dədə Bəhmənin gücü
və gücsüzlüyü" məqaləsi də
Əfqanın yaradıcılıq üslubunu yaxşı səciyyələndirir,
əsəri tənqidin gözü ilə oxumaq mənasında,
bu məqalə 41 il əvvəl yazılsa da, indi də maraq
dairəsindədir.
Əfqan müəllim həm də bir sıra pyeslərin müəllifidir. "Dağ seli", "Sarı əlcək", "Qız atası", "Gülməyən adam" pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulu. Xüsusilə, "Qız atası" Əfqanı bir dramaturq kimi şöhrətləndirdi.
Biz Əfqan müəllimə bu doxsan
yaşında daha uzun ömür arzulayırıq, onun
yazıçı ömrü doğrudan da şərəflidir
və bu şərəfli ömrün yeni səhifələrinin
yazılacağına da inanırıq.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2019.- 18 sentyabr.-
S.17.