Qadın bir çiçəkdir
Esse
Dünya
bir çəmən,
Fələk bir külək,
Qadın bir çiçəkdir.
Hər qadın
bir çiçəkdir. Rəngarəng, bəzən yabanı, bəzən zərif, şəfalı, ətirli,
ətirsiz və ya çox pis
qoxulu, faydalı və ya təhlükəli,
əsrarəngiz sirli bir aləmdir. Külək əsdikcə bu çiçəklərin hərəsini
bir tərəfə sovurur.
Bəzən hədər olur bu çiçəklər,
bəzən zəhər. Bəzən şəfa
verir, bəzən bəla. Bəzən çox hiyləgərdir,
bəzənsə çox
saf. Özünü çox ağıllı
zənn edər.
Əslində, çox ağıllıdır.
Çox
zərifdir gövdəsi,
ləçəkləri. Lakin bir ağacla bərabər küləyə
qarşı dayanacaq qədər dəyanətlidir.
Bəzən münaqişələrə səbəb olur, bəzən münaqişələrin
qarşısını alır.
Bəzən bir qala qurur, bəzən də bir qalanı
darmadağın edib, daşı daş üstə qoymur.
Yaradan hər qadını ayrı-ayrılıqda
özünəməxsus yaratmışdır. Lakin əsrlər
boyu, bu günümüzədək bu
zərif məxluqlar özlərini gözəllik
fədaisi etməkdən
yorulmurlar.
Qədim dövrlərdə kübar
cəmiyyətin qadınlarının
"gözəl görünmələri"
üçün bəzi
ağlasığmaz metodlardan
istifadə etməsi məcburiyyət halı almışdısa, bu günümüzdə qadınlar
heç bir məcburiyyət olmadan bir çox üsullardan istifadə edirlər.
Qədim Maya qəbiləsinin qadınlarının
kəllə sümüyü
xüsusi forma alması
üçün başa
kiçik yaşlardan
hər iki tərəfdən xüsusi
taxta lövhələr
bağlanır və baş kəllə sümüyü tədricən
deformasiyaya uğrayaraq,
qəbiləyə uyğun
olan baş forması şəklini alırdı.
Qədim
Çində isə
X əsrdən başlayaraq
yüzilliklər boyunca
beş yaşından
etibarən qızların
ayaq ölçüsünün
böyüməsinin qarşısını
almaq üçün
baş barmaqdan başqa bütün barmaqlar pəncə hissəsinə xüsusi ipək sarğılar vasitəsilə bağlanır
və nəticədə
bu gün də Çində məşhur olan "lotus
ayaqlar" əmələ
gəlirdi. Çin imperatoru Li Yunun çox sevdiyi bir kölə qızın kiçik ayaqları ilə lotus şəklində platformanın
üzərində etdiyi
rəqs Çində
dəb halını almış və uzun mübarizələrdən
sonra kübarlıq əlaməti sayılan bu "gözəllik işgəncəsi" XX əsrə
qədər davam etmişdir.
Orta əsrlərdə
Avropada qadınlarda
"böyük alın"
dəb halını aldığı üçün
onlar başın ön hissəsindəki saçlarını və
hətta qaş və kipriklərini təmizləyirdilər. İfrat
dərəcədə ağ bənizlik və arıqlıq XIX əsrdə İngiltərə
qadınları üçün
kübarlıq əlaməti
sayılırdı. Hətta bunun
üçün xüsusi
kimyəvi vasitələrdən
də istifadə edilirdi ki, bu
da çox ağır fəsadlara səbəb olurdu.
Təxminən 150 il əvvəl orta əsr Yaponiyasında qadınlar dişlərini
qara rəngə boyayırdılar. Meydzi dövrünə
qədər Yaponiyada,
Çinin cənub-şərq
əyalətlərində "oxaquro" - dişləri
qaraltmaq kimi məşhur adət mövcud idi. Yaponiya imperatorluğunun bütün
dövrlərində bu
proseduru zadəgan ailələrinin qadınları
əsasən gözəllik
məqsədilə edirdilər.
Eyni zamanda, yeniyetmə qızları tez ərə vermək üçün artıq böyüdüklərini cəmiyyət
bildirmənin bir yolu idi. Oxaquro adətinə
1873-cü ildə imperatorun
xanımının camaat
qarşısına ağ dişlərlə
çıxması ilə
demək olar ki, son qoyuldu. Rusiyada da çar Aleksey Mixayloviç Romanov dövründə
də qara dişlər zadəganlıq
əlaməti sayılırdı.
Bunun üçün bahalı
qəndlərdən istifadə
olunurdu ki, bu da tədricən
dişlərdə kariyesin
əmələ gəlməsinə
və dişlərin qaralmasına səbəb olurdu.
Fransa inqilabından
sonra isə qadınların çiyin
hissələri çox
açıq olan paltarlar geyinməsi bir dəb halını
almışdı. Hətta soyuq
fəsillərdə belə
qadınların çiyin
hissələrini açıq
saxlaması bir çox fəsadlara səbəb olur və çox qadınlar cavan yaşlarında soyuqdəymədən
dünyasını dəyişirdi.
Ərəb qəbilələrinin bəzilərində
bu günə qədər də qadınlar körpə yaşlarında ifrat dərəcədə kökəldilir,
bununla da ən gözəl gənc qız kimi erkən ərə verilir. Bu cür məcburi kökəlmə isə mədəaltı vəzinin
zədələnməsinə səbəb olur.
Öncə dəmir, sonra taxta karsetlər, hündür pariklər,
"tsokkoli və çopin ayaqqabılar",
qadınların gözəllik
xatirinə bunlardan istifadə etməsi nə qədər də absurd səslənir. Elə deyilmi?!
Lakin təəəsüf ki, elmin, sivilizasiyanın inkişafıyla gözəllik
uğruna işgəncəsi
azalmayıb, sadəcə
başqa standartlarla əvəz olunub.
Qədim dövrlərdə qadınlar
toplu halında bu prosedurlardan keçmək məcburiyyətində
qalırdılarsa, bu günümüzdə bəzən
qadınlar könüllü
şəkildə üz
və bədən nahiyələrində bir çox dəyişikliklər
yaratmağa cən atır. Plastik əməliyyatlar, çəki azaltma prosedurları və s. Bütün bunlar digər həmcinsindən
daha gözəl görünmək və ya əks cinsin
diqqətini daha çox cəlb etmək üçündür.
Əks cins dedikdə bu, hər qadın üçün fərqli
ola bilər.
Kimisi həyat yoldaşı, kimi də məşuqu
və ya sevgilisi üçün.
Kimin üçün və nə üçün etdiklərindən asılı
olmayaraq bu prosedurların hər biri sözsüz ki, öz fəsadlarını
göstərir. Sözsüz ki, insanda kompleks
yaradacaq bəzi fizioloji qüsurları aradan qaldırmaq üçün həkim müdaxiləsi və ya sağlam həyat tərzi üçün artıq çəkidən azad olma prosedurları istisna olmaq şərtilə,
əksər hallarda xarici görünüşün
estetik gözəlliyi
naminə edilən qurbanlar heç də əks cins tərəfindən birmənalı qarşılanmır.
Hər nə qədər şablon səslənsə
də, sadəlik həqiqətən də gözəllikdir! Hər qadının
surəti ona məxsus cizgilərlə yaradılmışdır. "Gözəllik dünyanı xilas edəcək" anlayışı
əslində, heç
də tibbi prosedurlar sayəsində simasını tam dəyişmək
mənasını kəsb
etmir. Bir qadının gözəlliyi
onun gözəl əxlaqı, gözəl
xasiyyəti, gözəl
əl qabiliyyəti, gözəl təbəssümlə
gülüşü, savadlı,
düzgün nitqidir.
Bir qadının gözəlliyi
onun sevgiylə gülən gözləridir.
Çünki bir qadın
sevildiyini bildiyi halda gözlərinin içi gülür və göz almacıqları daha da böyüyür, bu isə onun
baxışlarını daha
da mənalı edir. Bir qadın sevildiyini
bilərsə, onun yanaqları ənlik, kirşansız da gözəl görünür.
Odur ki, bütün xanımlara sevgi ilə gözəlləşməyi arzu
edirəm. Çünki həqiqətən də hər qadın bir çiçəkdir. Onun zəhərli
və ya şəfalısını seçməksə,
hər kəsin öz seçimidir.
Fidan MALİK
525-ci qəzet.- 2019.- 20 sentyabr.-
S.16.