Anam Urmu...
1969-cu ildə Urmiya şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini Urmiyanın "Vəziri", "Azadi" və "13 Aban" okullarında alıb. 1988-ci ildə Binab Universitetinin Fars dili və ədəbiyyatı bölümünə daxil olub. 1992-ci ildə isə Universiteti bitirərək öyrətmən/müəllim ixtisasına yiyələnib.
1999-cu ildə Ankarada Gazi Universitetində Türkçə və Yabancı Dillər Öğrənim, Araşdırma və Uygulama Mərkəzinin (TÖMER) diplomunu alıb. 2000-ci ildə isə İzmirin EGE Universitetində Türk dili və ədəbiyyatı bölümünün "Türk ləhcələri və ədəbiyyatları ana bilim dalı"nda yüksək lisans (magistratura) təhsili alıb.
2003-cü ildə Prof.Dr.Yavuz Akpınarın rəhbərliyi ilə milli şairimiz "Bulud Qaraçorlu Səhəndin həyatı və əsərləri üzərində bir araşdırma" adlı tədqiqat işini elmi heyət qarşısında uğurla savunub//müdafiə edib.
2006-cı ildə Bakı Xəzər Universitetində professor Hamlet İsaxanlının rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı bölümünün PH.D dərslərini keçib. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı ("Məşrutiyyətdən günümüzə qədər Güney Azərbaycanda sərbəst şeirin gəlişimi") uyğun zamanda savunmağı//müdafiə etməyi planlaşdırır.
"Günəş tonqalı, yalqız bitki (1991)", "Buyur, addım at (1998)", "Bir salxım dan yeli (2007)" və "Sevda yoldaymış" şeir kitabları ilə oxucularına gerçəkdən böyük sevinc duyğuları bəxş edib. Yeni dövrün tələblərilə modern üslubda yazdığı elmi-tədqiqat işləri nəşr olunub...
Eşidirsinizmi siz də?
Urmuya qulaq asıram Urmu!
O qumruları səs-səsə
verənməmiş
çınarı dinləyirəm!
Siz də dalırsınızmı?
Urmuya dalıram mən, Urmu!
Fərələrini qorumağa qanad gərən
o vüqarlı "qu"ya...
Zərdüşt ocağı başındayam - İsti və sıcaq -
Odlar Yurdunun çörək qapısındayam.
Təndir, bərəkət qoxuyur tənim.
Un kimi üzüm ağ!
Üskük-üskük su daşıyır,
Dəyirman dolandırıram...
Urmunu işləyirəm Urmunu!
Ülkərəm!
Ağzında yüyən çatlayan
Urmudan gələn
bir at üstündəyəm.
Hələ də görürəm!
Siz də görürsünüz
Gördünüz, deyilmi?
... Qırmancladı "Saman
Meydanı"nda
Buğda
tığımı "qızıldiş
qəşə"
Gözü göy gavur qaldırdı bir baş
Məscidimin düz qapısında
qan piyaləsini!
Hələ də cingildəyir
bazarımın bacasında
- Eşidirsiniz deyilmi?
-
"Mal-i əcəm həlalə!" səsini...
"Qabağı donuz, Dalısı dəniz"
şəhərim!
Tanığımsan, Məhşər
günüdür, Şahidim
ol!
Minlərcə dağıldıq, yüzlərcə
boğulduq
Onlar yol, onlar yol...
Yenə
səndən umduq çaramızı!
Sadəcə sənin qapına gəldik.
Olub bitəni övladına sormadın,
Sən sarmadın!
Duzunla diri saxladın yaramızı
Ayınla
ulduzunla ayazınla
Döllədin qəbirlərimizi
"Kazım xan", "Qurd Osalı"
boğazıyla böylə
uladın:
Bu ölkədən bir çınqıl yad nalına dərilməz!
Can-başdan pay verilsə,
torpaqdan pay verilməz!
Və qalxdıq qəbirlərimizdən
At döşündən
İt dişindən aldıq səni,
Səni
yenidən doğduq əziz şəhərim,
Sən yenidən doğuldun kişi bətnimizdən.
Və sonra iliklərimizə işlətdin
bu yasanı hayqıraraq:
- Nə qədər varsa gəlsin,
Yurdumuza
göz tikən
Çağırılmamış qonaq!
Türkük qonaqsevərik!
Torpağımızın üstündə
də olmasa
Hamısına altında yer verə bilərik.
Yaşıl
Yağ,
yaşılım yağ!
Sinəmə sərpil sərin-sərin
Yağ,
yaşılım yağ!
Beyni ol başımın, dol mənə yaşıl
Dol!
- Əli kəsilsin su düşmanının
Beli bükülsün
beton sevənin.
Gözü görməz olsun
geydiyi qarasını
Görmək istəyənin
Yaşılın yarasını!
- Gəl mənə yaşıl, gəl
Ən uca ağacdan mənə ayaq ver,
Ən bala butalardan mənə bir cüt əl!
- Gül mənə, yaşıl, gül!
Bir sevgilim, bir də mən
Yağmur
yağırdı,
İşıq ikən bulud kölgəli,
İlıq ikən sərin,
Sakin ikən
Təri
gövdədən götürəcək
qədər
Xəfif
neysan əsintisində
Bir axşam gəzintisi...
Ətir
qoxusu gül-gül,
Bol-bol nəğmələr...
Ayaq qabımız çayır,
Yatağımız çəmən!
Bir dünyaydı,
Bir sevgilim,
Bir də mən...
Sallana-sallana salxım söyüdlər
Süzərək bizi
Sərxoş və key...
Qolboyun-qolboyun sarmaşırdıq...
Sanki o biri dünya
ətəyini altımıza
uzatmışdı...
İçinə çökmüştü məkan,
Zaman yatmışdı...
Dünyanın çaxmır öküzü
öyləsinə raaaam...
Hər nəfəs bütün ömrə bədəl bir il,
Qədəhsizcəsinə çaxırlaşırdıq:
Qırmızı-qırmızı qidamız
dodaq,
Məzəmiz Dil...
Göy dərin bir həzz ilə
Yumub gözlərini
Yaşam
həyəcanı ilə
çatmışdı
Muştuluğumu ver...
Gəldi,
Yol ol dum,
Güldü, Gül oldum
Aldı
əllərinə...
Qolundakı əl oldum...
Çox
şükür dünya!
Dola bildi içimə ən son
Ən qutsal dəliliklər...
Gəldi,
anıldıq
İki danılmış
ikən.
Bir karvan olduq,
İki karvandan
salınmış ikən.
Doldum,
Calandı.
Doldu,
Calandım!
Muştuluğumu ver Tanrım,
muştuluğumu!
Sevdalandım mən,
Sevdalandım!
Öygü
Sən
Vətən boyda bir məhtab ruhusan!
Sırğan
Ay parçası
Boyunbağın
Ülkər.
Dəniz
boyda bir işıq dalğası
Çarpıldığın;
Səhər...
Səsin
bir iksir kimi
Hər dilə
damınca dəyişir.
Sən Azərbaycan Türkcəsisən!
Dillənincə hər söz türküləşir.
Sən,
sərbəstlik kimi bir şeysən,
Dərilməmiş, dadılmamış!
Zaman boyunca çalınmamış
bir havasan...
- Adı qoyulmamış -
Nə
"Cəngi Koroğlu"su,
Nə
"Yanıq Kərəmi"si,
Nə
"Dilqəmi"si!
Sən eyyy... Sən
Sən!..Mənim ruhumun
Nuh gəmisi...
Mələklər qonaq gələcək
Deyiləm,
Artıq
yalnız deyiləm!
Naz könlündə saray-saray
Mənə yer açmış bir könüldaşım
var.
Və mən
Dünya dururkən orada yatacağam.
Bir məhşər olacaq bir gün!
Onun göylərdə tutduğum əlini
Torpaq üzərində tutacağam...
Olacaq,
Qiyamət olacaq bir gün...
Yer,
Göy,
Susacaqdır sayğımıza!
Bir məhşər olacaq bir gün!
Və mələklər
qonaq gələcək
qonaqlığımıza...
İsmayıl MƏDƏDİ OSALI (ÜLKƏR)
525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.15.