Azərbaycan dilçiliyində Məmmədağa
Şirəliyev mərhələsi
Professor Bəkir Çobanzadənin istedadlı tələbəsi, Azərbaycan Respublikasının dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, sovet dövrü Azərbaycan dilçiliyini ilk yaradanlardan biri, Azərbaycan EA-nın dilçilik sahəsində ilk akademiki, milli elmimizi dünya miqyasında tanıdan parlaq şəxslərdən biri, görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin 110 illiyi tamam oldu.
Məmmədağa Şirəliyev 1909-cu il
sentyabrın 13-də Şamaxı şəhərində
doğulmuşdu. O, 1927-ci ildə Bakıda orta məktəbi
bitirib Azərbaycan Dövlət Universitetinin (BDU - o zaman belə
adlanırdı) Şərq fakültəsinin dilçilik
şöbəsinə qəbul olmuş və 1931-ci ildə
oranı bitirmişdi. Ömrünün iki ilini Ağdam
rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən
sonra 1933-cü ildə Azərbaycan dilçiliyi
ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (APİ) aspiranturasına daxil olmuşdu. Aspirantura illərindən
sonra həmin institutda Azərbaycan dili fənnindən dərs
demişdi.
Məmmədağa
müəllim ömrünün 30 ildən çoxunu
respublikamızın müxtəlif ali təhsil
ocaqlarında dilçilik kursu üzrə mühazirələr
oxudu. 1933-41-ci illərdə APİ-də müəllim,
dekan müavini, dekan, 1941-45-ci illərdə və
1949-1960-cı illərdə Azərbaycan Dövlət
Universitetində (BDU-da) Azərbaycan dilçiliyi
kafedrasının müdiri, filologiya fakültəsinin
dekanı, Universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan
EA Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində
çalışdı. M.Şirəliyev ali
məktəblərdə yüksək vəzifələr tutsa
da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti
(1950-1991) Azərbaycan dilçilik elminin inkişaf və zənginləşməsi
işinə həsr olunmuşdu.
O,
1952-1960-cı illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun
dialektologiya şöbəsinin müdiri vəzifəsində
işləmiş, həmin illərdə BDU-nun (o zamankı
ADU) professoru olmuşdu. M.Şirəliyev 1960-1968-ci illərdə
(1968-ci ilin fevral ayına qədər) Nizami adına
Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsində
işləmiş, 1968-ci ilin fevral ayından 1969-cu ilin
oktyabrına kimi Azərbaycan EA İctimai Elmlər Bölməsinin
akademik katibi vəzifəsində
çalışmışdı. 1969-cu ildə
Azərbaycan EA-da müstəqil Dilçilik İnstitutu təşkil
olunduqdan sonra 1988-ci ilə qədər həmin instituta rəhbərlik
edir. Bütövlükdə o, 31 il
Dilçilik institutunun direktoru olub.
M.Şirəliyev
1949-cu ildə Azərbaycan EA-nın müxbir, 1962-ci ildə isə
həqiqi üzvü seçilir, 1960-cı ildə Azərbaycanın
Əməkdar elm xadimi adına, "Azərbaycan
dialektologiyasının əsasları" monoqrafiyasına
görə 1972-ci ildə Dövlət mükafatına layiq
görülüb. M.Şirəliyev 1944-cü
ildə "Qafqazın müdafiəsinə görə" və
Böyük Vətən müharibəsində "Əmək
igidliyinə görə" (1941-45) medalları ilə,
1946-cı ildə "Qırmızı Əmək
Bayrağı" ordeni, 1954-cü ildə "Şərəf
nişanı" ordeni ilə təltif olunub.
1953-1954-cü
dərs ilində M.Şirəliyev Bolqarıstan hökumətinin
dəvəti ilə Sofiya Universitetinin türk filologiyası
kafedrasının müdiri vəzifəsində
çalışmış, 1957-ci ildə Türk Dil Qurumunun
VIII qurultayında nümayəndə kimi iştirak etmiş və
bu qurumun müxbir üzvü seçilmişdi.
Akademik M.Şirəliyevin elmi
yaradıcılığı olduqca geniş və
çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin yaranması,
inkişafı və çiçəklənməsində böyük xidmətlər
göstərmişdir. Bu elmin bir çox yeni sahələrinin
diferensiallaşıb müstəqil elm kimi
formalaşmasında, Azərbaycan dilçiliyinin dünyada,
xüsusilə türkdilli ölkələrdə
tanınmasında, onun müqayisəyəgəlməz əməyi
elmi ictimaiyyətə yaxşı bəllidir.
Görkəmli
elm xadiminin adı dialektologiya, ədəbi dil tarixi, müasir
Azərbaycan dili, türkoloji dilçilik, ümumi
dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə
nitq mədəniyyəti, orfoepiya məsələləri,
üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və
b. sahələrdən hər birinin mötəbər tədqiqatçıları
sırasında iftixarla, şərəflə çəkilir.
Onu elmi yaradıcılığı, elmi irsi,
türkologiya elminin ən dəyərli əsərləri
sırasına daxildir. M.Şirəliyev
200-dən çox elmi əsərin, 8 kitabın müəllifi,
21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən
biri və redaktoru olub.
Dilçiliyimizin əksər sahələrinin yaranıb
zənginləşməsində Məmmədağa müəllimin
özünəməxsus, seçilən xidmətləri olsa
da, o, dilçilik arenasında daha çox görkəmli
dialektoloq kimi tanınıb, bu sahə ona dünya şöhrəti
qazandırıb. Onun 1941-ci ildə müdafiəyə namizədlik
dissertasiyası kimi təqdim etdiyi "Bakı dialekti"
araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən
yüksək qiymətləndirilib və heç bir tərəddüdsüz
o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə
layiq görülüb. Obrazlı şəkildə ifadə
etsək, rus ədəbiyyatında hekayə M.V.Qoqolun
"Şinel"indən, Azərbaycan nəsri Mirzə Cəlilin
"Poçt qutusu"ndan çıxdığı kimi,
dialektologiyaya həsr olunmuş sonrakı hər bir
araşdırma da Məmmədağa Şirəliyevin
"Bakı dialekti" monoqrafiyasından doğub, yaranıb.
M.Şirəliyevin bu tədqiqat əsəri nəinki
Azərbaycanda, eləcə də digər türk
respublikalarında dialektoloji araşdırmalar, xüsusilə
monoqrafik tədqiqatlar üçün bir örnək, etalon
kimi dəyərlidir.
M.Şirəliyev həmçinin, ekspedisiya yolu ilə də
Azərbaycan dialektlərini öyrənmək
üçün 1933-1958-ci illərdə fasilələrlə
Qafqaz ərazisində, o cümlədən, Azərbaycanın
rayonlarında elmi səfərlərə
başçılıq etmiş, materiallar
toplamışdı. O, haqlı olaraq, Azərbaycan dialektologiyası məktəbinin
qurucusu sayılır. Bu gün onun bu sahədəki
"Bakı dialekti" (1949, 1957)", Azərbaycan
dialektologiyasının əsasları" (1962, 1968, 2006),
"Dialektı i qovorı azerbaydjanskoqo əzıka" (1983)
və başqa əsərləri Azərbaycan dilçiliyinin
nadir nüsxələrə çevrilmiş inciləri
sırasındadır. M.Şirəliyev həmçinin,
türk dillərinin dilçilik coğrafiyası üsulu ilə
öyrənilməsi ideyasının müəllifidir.
Onun rəhbərliyi və şəxsi təşəbbüsü
ilə Azərbaycan dialektoloqları bu işə
başlamış və 20 il gərgin əmək sərf etməklə
128 xəritədən ibarət "Azərbaycan dilinin
dialektoloji atlası"nı 1990-cı ildə nəşr
etdirməyə müvəffəq olmuşdular. Bu
atlasın redaktorları akademik M.Şirəliyev və professor
M.İslamovdur. Bu atlas dünya
türkologiyasında ilk təcrübə, ilk nümunə
olduğundan dünyanın görkəmli dilçiləri tərəfindən
sonsuz maraqla qarşılanmış və yüksək elmi
qiymət qazanmışdı. Azərbaycan
dilçilərinin bu uğurundan sonra akademik M.Şirəliyev
haqlı olaraq keçmiş SSRİ məkanındakı
türk dillərinin ümumi dilçilik atlasının
yaradılmasına rəhbərlik etmiş və həmin atlas
üzrə təşkil olunmuş komissiyanın sədri
seçilmişdi.
M.Şirəliyev sözün əsl mənasında
böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti
ilə yanaşı, Məmmədağa Şirəliyev həm
də pedaqoji işdə, təhsil sahəsində də
xalqımıza əvəzsiz xidmətlər göstərib.
Onun professor Muxtar Hüseynzadə ilə
birgə yazdıqları "Azərbaycan dilinin
qrammatikası" (II hissə, sintaksis) orta məktəb dərsliyi
1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən
artıq müddətdə tədris
işinə alternativsiz xidmət edib. Həmin dərslik
bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.
Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi
və nəşri sahəsində də M.Şirəliyev dəyərli
xidmətlər göstərib. Belə ki, o,
1964-cü ildə çapdan çıxmış bircildlik,
Azərbaycan dilinin dialektoloji lüğəti"nin redaktoru
olub. Sonralar bu lüğətin
sözlüyü artırılaraq Ankarada 1999-2000-ci ildə
ikicildlik kimi nəşr olunub. Bəllidir
ki, XX əsrin 60-70-ci illərində Bakı şəhəri
hələ Sovet dönəmində də türkologiyanın
mərkəzi sayıldığına görə və
akademik M.Şirəliyevin türkologiya elminin inkişafında
dəyərli xidmətləri və onun böyük nüfuzu
nəzərə alınaraq "Sovetskaə törkoloqiə"
(indi "Türkologiya" adı ilə çıxır)
ümumittifaq jurnalı 1970-ci ildən Bakı şəhərində
nəşr olunmağa başladı və baş redaktoru isə
təbii ki, akademik M.Şirəliyev oldu. O, düz 20 il bu jurnalın baş redaktoru kimi
çalışdı.
Görkəmli elm xadimi M.Şirəliyevin Azərbaycan
dilinin tətbiqi məsələlərinə aid dəyərli
araşdırmaları və kitabları vardır. Onun əlifba,
terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii
əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik
və dilçilik məsələlərinə aid
apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirib.
Akademik M.Şirəliyevin yüksəkixtisaslı
dilçi kadrların, xüsusən dialektoloqların
hazırlanmasında da xidmətləri böyükdür. O, onlarla doktorların elmi məsləhətçisi
və 40-dan yuxarı elmlər namizədinin, həmçinin,
bu sətirlərin müəllifinin də elmi rəhbəri
olub və hər zaman minnətdarlıqla, ehtiramla
xatırlanır. Akademik Ağamusa Axundov, AMEA-nın həqiqi
üzvü Tofiq Hacıyev, professorlar
Rəhilə Məhərrəmova, Musa Adilov, Musa
İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov, Qəzənfər
Paşayev, İsmayıl Məmmədli və başqa alimlərin
elmi rəhbəri də məhz M.Şirəliyev olub. Onun rəhbərliyi ilə həmçinin
türkdilli respublika və vilayətlərdə çoxlu elmlər
namizədi və doktorları yetişib. Özbək,
qaraqalpaq, tatar, qazax, türkmən, çuvaş,
başqırd, Qaraçay-balkar, qumuq, yakut
(saxa) dilçi kadrlarının hazırlanmasında M.Şirəliyevin
nəcib əməyi unudulmazdır. Buna bariz nümunə
olaraq göstərmək istərdik ki, Qaraqalpaq, Muxtar
Respublikasının Ali Soveti akademik M.Şirəliyevi bu
respublika üçün kadrlar yetişdirməsinə və
anadan olmasının 70 illiyinə görə 1979-cu ildə fəxri
fərmanla təltif edib.
Görkəmli
elm adamı akademik M.Şirəliyev 1991-ci il
aprel ayının 19-da uzun sürən xəstəlikdən
sonra 82 yaşında dünyasını dəyişdi. Məmmədağa
müəllimin müasirləri onun yüksək elmi duyumunu, həssaslığını
bu gün də 28 il sonra da heyrətlə,
məhəbbətlə xatırlayırlar. Akademik Məmmədağa
Şirəliyev belə bir insan idi: diqqətli, tələbkar,
son dərəcə qayğıkeş, səmimi, nikbin,
yüksək həyat eşqi ilə yaşayan, həssas...
110 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin əziz xatirəsi heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə yad ediləcək, elmi ictimaiyyətin, onun tələbələrinin və onu tanıyanların qəlbində əbədi yaşayacaq. M.Şirəliyevin elmi irsi hər zaman dilçiliyimiz üçün örnəkdir, dəyərlidir və gərəklidir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun!
İsmayıl
MƏMMƏDLİ
525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.14.