Absurdda qeyri-səlis
absurd
2-ci məqalə
Birinci məqalədə qeyd etdiyimiz kimi, bünövrəsi
19-cu əsrdən boy verən, fransız
yazıçısı Alfred Jarri (1873-1907) tərəfindən
qoyulan absurd nəzəriyyə 1950-ci ildən başlayaraq
öz cərəyan seli ilə bütün Avropanı, sonra
daha geniş coğrafiyanı cənginə aldı.
İnsan düşüncəsində çevriliş
etdi. Təxəyyülü
yeni düşüncə ilə formalaşdıran bu cərəyanın
düsturları ilə çalışan
absurdçuların yaratdığı absurd teatr
estetikası, öz fəlsəfi qayəsi ilə o dövr
üçün yeni, lakin çətin qavranılan bir
formanı təklif edirdisə, eyni zamanda, dərindən
düşünmə və düşündürmə hikməti
ilə dərrakədə yeni üfüqlər
açırdı. Təəssüflər olsun
ki, bu üfüqlərdə Sovet İttifaqı məkanı
görünmürdü. Tənqidçi
O.Burenina-Petrovanın yazdığına görə,
"Absurd - ağıllıların məntiqidir, ona görə
də o, Rusiyada hələ ki..." (sosrealizm
dövrü nəzərdə tutulur - İ.P.) dərin
ağıl sahibləri üçün absurd teatr barədə
fikir formalaşdırmağa meydan yox idi. Lakin
sovet rejiminin günbəgün pas atmaqda olan çürük
ideologiyası ilə tam ziddiyyət təşkil edən
absurdizm bu məkana da həssaslıqla sızmağa
başladı və bu sızıntılar tədricən sovet
ədəbiyyatı deyilən bir ədəbi prosesə də
öz təsirini göstərdi.
Absurd teatrına marağın artması, bu teatrda
müasir səhnə palitrasını zənginləşdirən
teatr eksperimentləri aparmağın daha çox mümkünlüyü
ilə şərtlənir. Antonen Artonun "Qəddar
teatr"ı, J.P.Sartrın "Vəziyyətlər
teatrı", İvan Qollun "dramdan yüksək"
(sverxdrama), A.Jarrinin "Panik teatrı", Oktava Mannoninin
"Komik dəlilik teatrı", Patris Pavinin "Semioloji
teatrı", E.İonesko və S.Bekketin "Gülünc
teatrı" və digərləri illər sonra Rusiyada absurd
teatrın təşəkkülü üçün möhkəm
estetik baza rolunu oynadı. Qərb tənqidçilərinin
qənaətinə görə, A.P.Çexov
yaradıcılığı absurd teatrının
yaradıcı stimuludur. Amerika yazıçısı və
absurd tədqiqatçısı D.Kerol Oytsun
yazdığına istinadən, Çexovun "Albalı
bağı" və "Üç bacı" pyeslərinin
Avropa absurdizminin inkişafına böyük təsiri
olmuşdur. Keçən əsrin 80-90-cı illərində
D.Xarms, A.Amalrik, Ven-Yerofeev, A.Slapovskiy, L.Petruşevskaya,
A.Şipenko, A.Jeleznova, N.Sadur, Presnyakov qardaşlarının,
Y.Qrişkovtsun pyesləri absurd teatr nümunələridir.
Qeyri-səlis məntiq nəzəriyyəsinin yaranma
tarixi ilə bir dövrə təsadüf edən Azərbaycanın
60-cılar ədəbi nəslinin yaradıcılığa
yeni nəfəslə gələn nümayəndələri
istər-istəməz yaradıcı məkana yeni
düşüncə ilə yanaşır, avanqard nəfəslə
yazıb-yaradırdılar. Həmin dövr ədəbi
mühitində öz yeni ruhu, yaradıcılıq manerası
və üslubu ilə seçilən, indi
yaradıcılığını incələyərkən
görürsən ki, elə o zamandan etibarən qeyri-səlis
məntiqlə düşünən və absurd ədəbi cərəyanının
işıq selini Azərbaycan ədəbiyyatına
çıraq edən, sovet ideologiyasından xilas olmaq
üçün çıxış yolları axtaran zəka
sahiblərinə məxsus vəzifəni Azərbaycanın
görkəmli sənətkarı, Xalq
yazıçısı Elçin bir yazıçı kimi
tam olaraq öz üzərinə götürmüşdür.
Yaradıcılığına nəzər salarkən
aydın şəkildə görünür ki, Elçinin ilk
hekayələrində məhz yeni dünyanın
qavranılmasına istiqamətlənən bir pəncərə
açılırdı və bu əsərlərlə də
Elçin açıq şəkildə absurdizmin
özünü Azərbaycan ədəbiyyatına gətirmiş
oldu, görkəmli teatrşünas-alim, professor Aydın
Talıbzadənin təbirincə desək, "Elçin
öz nəsrində elə bil ki, Abşeronun qum
teatrını yaradıb: onun prozasının plastikası o qədərdir
ki... o qədərdir burada işıq-kölgə effekti ki,
ovqatlar, personajlar, siluetlər, görüntülər həməncə
anbaan dəyişir, ilğımlaşır, birindən digərinə
transformasiya olunur", həmçinin, "... bu hekayələrdə
absurd teatrından gələn poetika az rol oynamır, lakin təqlid,
yamsılama imitasiya səviyyəsinə enmir, mütləq mənada
"milliləşir" (V.Yusifli).
Hərçənd ki, zamanında ədəbi tənqid
bu fikrin üzərindən sükutla keçmişdir, ancaq mən
deyərdim ki, Elçinin "Poçt şöbəsində
xəyal" povestində absurdizm özünü çox
aydın şəkildə göstərir. Povestin sonradan
"Poçt şöbəsində xəyal" pyesinə
çevrilməsilə ilə isə, əsər səhnədən
canlı olaraq özünü elə ifadə etmişdir ki, cəsarətlə
deməyə imkan yaranır ki, biz bu pyesin absurd pyes olduğunu
etiraf edək. Absurd teatrın banisi
E.İoneskonun absurd əsərləri içərisində
"Stullar" pyesinə diqqət yetirsək görərik
ki, əsərin qəhrəmanları "bir mənanın,
bir qanunauyğunluğun, əxlaqi davranışın yüksək
formasının, heç bir başqa sözlə ifadə
olunmayacaq ilahiliyin axtarışındadırlar"
(E.İonesko). İlahiliyin axtarışında olan əsərin
qəhrəmanlarının - ümidsiz qocaların
uydurduqları xəyallar onların daxili dünyasına nə
qədər rahatlıq gətirirsə, "Poçt
şöbəsində xəyal" əsərində, əsərin
baş qəhrəmanı Ədilənin
düşdüyü ümidsizlik dünyasından xilas
olması üçün uydurduğu xəyali personajla olan səhnələri
də eynən, onun ümidsizlik girdabından xilas olmasına
köməklik göstərən ilahiliyin
axtarışıdır.
"Poçt şöbəsində xəyal" əsəri üzərində bir qədər geniş dayanaq. Çünki Elçinin yaradıcılığında xüsusi bir mərhələnin başlanğıcını özündə ehtiva edən bu əsərin İrəvan Teatrındakı tamaşası, əsərdən irəli gələn müəllif qayəsinin diktəsi ilə bütövlükdə fərqli konsepsiyada təqdim olunurdu. Yuxarıda qeyd etdiyimiz kimi, əsasən İkinci Dünya müharibəsinin xarabalıqlarından, insanların həyat tərzində yaratdığı pozuntulardan əziyyət çəkən, depressiv vəziyyətdən çıxış yolları axtaran, ümidsizliyə qapılma prosesindən çıxmaq üçün hər tərəfdə ümid və işıq gəzən, dövrün diktə etdiyi məntiqə qarşı çıxan və məntiqin məntiqsizliyini sübut edən, məntiqin kilidini, məntiqsizlik açarı ilə açan - daha çox sındıran desək - dünyanı absurd görən intellekt sahiblərinin yaratdığı absurd teatr cərəyan selinin axını nəticəsində Azərbaycan teatr mühitində Elçinin "Poçt şöbəsində xəyal" (1970) əsəri meydana çıxdı. Hər şeyi düz məntiqlə görməyi tələb edən sovet ictimai-siyasi quruluşunun diktəsinə protest olaraq, Elçin, "Poçt şöbəsində xəyal" əsəri ilə Azərbaycan ədəbiyyatında absurd cərəyanın elementlərinin cücərtilərini səpdi, sosrealizmin məntiqi diktəsini məntiqsizlik məngənəsində sıxıb əzməklə, yeni təfəkkür dünyasının cığırına daxil oldu və geniş yola çıxaraq, tam əminliklə demək olar ki, Azərbaycan ədəbi mühitində bu cərəyanın banisinə çevrildi. Yəni Azərbaycan ədəbiyyatında Elçin absurd cərəyanın banisidir. Hətta Elçin yaradıcılığını dərindən incələdikcə görünür ki, Elçini təkcə absurd yazıçı kimi qəbul etmək yox, onu həm də qeyri-səlis nəzəriyyəçi olaraq dəyərləndirmək doğrudur. Çünki Elçinin yaradıcılıq səviyyəsi absurd cərəyanın fövqünə yüksəlmişdir. Ədib absurdda, qeyri-səlis ölçülərlə qeyri-səlis rəngarənglik yaradır. Bir absurd əsərdə üç ayrı-ayrı mövzularla qeyri-yuvarlaq məsafəni qət etmək, yəni üç başqa mövzularla bir konsepsiyada müxtəlif bucaqlardan boy vermək, sonu olmayan fikir hüdudlarında cərəyan edən həmin konsepsiyanı ucsuz-bucaqsız məsafələrə istiqamətləndirmək, ancaq və ancaq qeyri-səlis nəzəriyyəyə aid olan potensialın göstəricisidir. Bununla da onu demək olar ki, Elçin absurdda qeyri-səlis absurdu yaradan yazıçıdır. Və bu gün Azərbaycan ədəbiyyatında ən çox absurd pyes yazan müəllif, ən çox absurd əsərləri səhnədə hazırlanan və ən çox da avanqard mövqedə dayanan dramaturq məhz Elçindir. Elçinin əsərlərinin avanqard səviyyəsini müəyənləşdirmək üçün müəllifin təkcə absurd təxəyyülə malik idrakının verdiyi məhsullarda deyil, bir başa onun qeyri-səlis məntiq nəzəriyyəsinin geniş fəzasında cərəyan edən Elçin zəkasında özünə yer tutmuş bir yüksəklikdə bərqərar olan müstəvidə axtarmaq lazımdır.
Geniş mənada Elçin, qeyri-səlis məntiq nəzəriyyəsinin açdığı meydanın verdiyi imkanlardan bəhrələnən, bu zəngin aləmdə ədəbi prosesə iti idrakla qoşulan, öz çoxxətli düşüncələr selinin verdiyi məhsullarla yaradan müəllifdir. Bütün bunları isbat edən tədqiqatlar və təhlillər açıq şəkildə göstərir ki, Elçin öz yaradıcılıq fəlsəfəsi ilə dünyəvilik miqyasına yüksələn yazıçıdır. Onun əsərlərinin mövzu arealı, bədii yükü, idrak və təfəkkür dərinliyi, dolğun fəlsəfi çəkisi, təxəyyül genişliyi dünya ədəbi nümunələri sırasında, rahatca şəkildə və heç bir tərəddüdə imkan vermədən, özünə yer tutan əsərlərdir. Elçinin bədii təxəyyülü, düşüncəsindəki fəlsəfi dərinlik, sənətkarlıq qüdrəti elə bir həddən boylanır ki, o yüksəklik dünya ədəbi mühitində ən mötəbər ədəbi mükafatlarla təltif olunmuş müəlliflərə məxsusdur. Elçin məhz həmin sənətkarların yaratdıqları əsərlərlə yanaşı dayana bilən əsərlər yaradan sənətkardır.
Elçinin yaradıcılıq yolunu izlərkən, yaradıcılığında hər müəllifə nəsib olmayan qeyri-yuvarlaq ölçülər, geniş bədii fəza, yaradıcılıq bazasının bədii fantaziyasından işıq seli kimi süzülən çoxxətli və çoxşaxəli elastik dinamika öz zəngin ahəngi ilə dolğun şəkildə, əsərlərinin ruhunda sayrışmaqdadır. Bütün bunlar yalnız və yalnız dərrakədə özünə yer tutmuş potensial gücün qeyri-adiliyinin göstəricisidir. Elçinin əsərləri milli sərvətimiz olduğu üçün onun dünya miqyasında özünə layiqli yer tutmasına kütləvi şəkildə çalışılmalıdır. Çünki bu, milli məsələdir. Fikrimcə, bütün klassiklərimizə, çağdaş ədəbi nümunələrimizə milli mövqedən yanaşmaq bizim ümdə vəzifələrimizdən biridir. Geniş mənada yalnız belə mövqedən yanaşmaqla öz dəyərlərimizi gərək olduğu miqyasa yüksəldə bilərik. Elçinin əsərləri isə heç də Avropa ədəbi cərəyanlarının ana xəttindən kənarda deyildir. 90-cı illərdən başlayaraq "Elçin teatr üçün absurd oyunlar yazırdı, bu oyunlarda adi olanı qeyri-adiyə çevirirdi, fantastik olanı isə adiləşdiridi, gerçəkliyi oyun modelində təqdim edir, oyun içində məxfiləşdirirdi" (M.Əlizadə). Ona görə də hesab edirəm ki, Elçin artıq elə bir həddə çatmışdır ki, görkəmli sənətkarın ədəbi nümunələrinin toplusu bütün yüksək meyarları ilə dünyanın ədəbiyyat və teatr sənətkarlarına layiq görülən ən mötəbər mükafatların üfüqünə yüksəlmişdir.
"Poçt şöbəsində xəyal" əsərinin baş qəhrəmanı Ədilə öz real həyatı ilə irreal həyatı arasındakı anlarda seçim üçün düşündükcə onu xoşbəxt etməyə çalışan ərinə qarşı nə qədər mehrli olmaq istəsə də, ruhunun qidası hesab etdiyi, xəyalında canlandırdığı (Kişi) ilə baş-başa qaldığı anların daha çox mənəvi rahatlıq gətirdiyini görür və ondan qaça bilmir. Reallıqla irreallığı qarşı-qarşıya qoymaqla və onların bir-birinə əks mövqeyini göstərməklə, oxucuya və ya tamaşaçıya hər iki qütbün sərhədlərinə nəzər yetirmək üçün imkan yaradan müəllif, irreal aləmdə daha geniş fəzanın, daha çox rənglərin, gaha sıx xətlərin olduğunu təsvir edir. Bununla da biz, müəllifin öz təxəyyül dünyasında yer tutan çoxxətliliyin, əlçatmaz sonsuzluğun qeyri-səlis məntiq anlayışı ilə işarələdiyini aydınca görə bilirik.
Fiziki anlamda xoşbəxtliyin həqiqətə səsləyən müəmmasını xəyali gerçəkliyin palitrasında daha rəngarəng çalarlarla tapmağın mümkün olduğunu göstərən "Poçt şöbəsində xəyal" əsəri ilə Elçin, idrak etmədə geniş kəhkəşan yaradır. Müxtəlif ədəbi priyomlarla oxucunu istənilən səmtə yönəltməyin gerçəkliyi ortada olduğu halda, Elçin öz oxucusunu və tamaşaçısını dram əsərlərinin səhnə təcəssümü ilə elə geniş anlayış nöqtələrinə istiqamətləndirir ki, həmin istiqamətlərdə konkret müstəvi yoxdur. Həmin müstəvidə konkret rəng və səs seli də yoxdur. Bütün bu ünsürlər yalnız hər bir oxucunun və ya tamaşaçının görmə və eşitmə imkanları ilə gerçəkləşir. Elçin oxucusu və tamaşaçısı qarşısında açdığı mənzərədə dərk oluna biləcək müxtəlif çoxluqların sayrışan qığılcımları arasında daima axtarışda olması üçün zəngin çalarlar, dərin fəlsəfi genişlik atmosferi yaradır. Elçinin göstərdiyi səmtlərdə, görünən müstəvilər, uzaq yola çıxmış yolçuya irəliləmək üçün işıq salan, bir-birini əvəzləyən keçidlər funksiyasını yerinə yetirir. Ədibin istiqamətləndirdiyi yolun bitməz-tükənməz sonsuzluğu, onun əsərlərində, o cümlədən də haqqında təhlil apardığımız "Poçt şöbəsində xəyal" pyesində özünü kifayət qədər aydın şəkildə sübut edir. Müəllifin yaradıcılığında geniş yer tutan, bir növ onun yaradıcılıq xüsusiyyətlərinə xas olan xəyal, yuxu, dəlilikdə dərin düşüncə, dərketmədə orijinallıq, psixoloji sarsıntılıqda ruhsal və mənəvi rahatlıq anlayışları ilə, konkret ölçülərə adekvat olmayan rəngarənglik, çoxxətlilik sistemini sərgiləyir. Məntiq və səlislik kriteriyası ilə, məntiqə qeyri-məntiqi baxış və qeyri-səlislik funksiyalarını qarşılaşdırır, onların ədəbi sferada çertyojunu cızır, əsrarəngiz tablosunu yaradır, məntiq və səlisliklə, absurd və qeyri-səlislik anlayışlarının fərqini aydınladır, ikincilərin çoxxətliliyi, geniş arenası və çevik dinamikası xəritəsində monumental əsərlər ərsəyə gətirir və ikincilərin səmərəsini göstərir.
"Poçt şöbəsində xəyal" tamaşasının rəssam işi haqqında xüsusi olaraq fikir söyləmək gərəkdir. Çünki quruluşçu rəssam Nabat Səmədovanın tərtibatı mahiyyət etibarı ilə absurd cərəyanın özünü ifadə edir. Yəni dekorların özləri belə, absurddur. Bu mənada uğurludur. Bu tərtibatın uğurunu təsdiqləmək üçün yalnız bir cəhətə nəzər salmaq kifayət edər. Rəssam həqiqətlə xəyallar dünyasının obrazını tam kamilliyi ilə göstərmək üçün, yerdəki dekorların fəzada əksini canlandırmaqla, əlçatmazlıq ilğımı yarada bilir. Arxası salona tərəf qurulan dekorlar, fikir etibarı ilə, salonda oturan hər bir tamaşaçını hadisələrin iştirakçısına çevirir. Absurd aləmdə absurd vəziyyətə salınan tamaşaçıların özlərini də səhnədə gedən oyun içində salonda oyunçulara çevrilən personajlar kimi ştrixləyir. Tərtibatın bu cür qeyri-adiliyi, bir tərəfdən də absurd təsiri yaradan müəmmalılığı rəssamın maraqlı tapıntısı kimi yenidir, tamaşanın məzmununa və ruhuna, eləcə də qayəsinə uyğundur və son dərəcə qənaətbəxşdir. Bu bədii tərtibat, müəllifin və rejissorun fikirlərinin açılmasına təkan verən, onların qayəsi ilə tam uyğunluq yaradan konseptual gerçəklikdir. Hətta musiqi də, seçmə olsa belə, rejissorun ideyalarının açılmasına düzgün xidmət edir.
Qənaətimə görə, bir növ, mövzu etibarı ilə sənətkarın "Poçt şöbəsində xəyal" əsərinin tale əkizi təsiri bağışlayan "Qatil" psixoloji dramı da absurd əsər hesab olunmalıdır. Cəmiyyət, öyrədənlərin çiyinləri üzərində bərqərardırsa, tale oyunu ilə həyat reallığı arasında çıxılmaz vəziyyətə düşən, psixoloji sarsıntılardan xilas olmaq istəyən əsərin baş qəhrəmanın - Qadının - öyrədənin (müəllimə) ümidsizliyə qapılması, hətta qatilə çevrilməsi absurddur. Fikrimcə, geniş incələmə apararkən Elçinin pyeslərinin əsas çoxluğunun absurd əsərlər olduğu ortaya çıxır.
Elçinin yaradıcılığının ən geniş tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Məryəm xanım Əlizadə 22.05.2019-cu ildə "525-ci qəzet"də çap etdirdiyi "Zamanın absurdu və yaxud absurd zamanı" adlı I məqaləsində Elçin dramaturgiyasının dərin təhlillərini aparmış, sənətkarın "Ah, Paris, Paris" (1992), "Mən sənin dayınam" (1992) komediyalarını əsaslı şəkildə təftiş etmiş və tutarlı elmi nəticə ortaya qoymuşdur. Hörmətli alim elmi əsaslarla sübut edərək haqlı olaraq həmin komediyaları absurd əsərlər adlandırmışdır. Alim 27.05 2019-cu il tarixində, eyni qəzetdə çap etdirdiyi eyni adlı II nəqaləsində bir qədər də geniş arealı əhatə etmiş, Elçinin "Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim" (1996), "Mənim ərim dəlidir" (1998), "Bolbolustan şahzadəsi, yaxud yaşasın imperator böyük Şir III Otibi Molimi Delembor Tır-tır" (2000), "Şekspir" (2006), "Taun yaşayır" (2000), "Cəhənnəm sakinləri" (2007), "Teleskop" (2010), "Şeytan əməlləri" (2018) pyesləri barədə də eyni qənaətə gəlmişdir. Hətta həmin əsərləri "eyni bir silsilə zəncirinin müxtəlif həlqələridir"-deyə dəyərləndirərək, fikirlərini konkretləşdirmişdir. Məryəm xanımın bu elmi qənaətini təqdir edir və əlavə olaraq bildirmək istəyirəm ki, hətta, yuxarıda da dediyim kimi, Elçin absurdda absurd yaradan müəllifdir. Elçinin pyesləri "yeni bədii-estetik paradiqmadır. Bu paradiqmada absurd faciə ilə, komediya dramla, tragikomediya siyasi pamfletlə qonşulaşır, magik realizm satira ilə, sürrealizm kinayə ilə, bədii şişirtmə eksklüziv reportajla qarışır... teatr qarşısında geniş hüdudlar açır, rejissor fantaziyası üçün səhnədə müxtəlif variasiyalar qurmaq imkanı yaradır" (M.Əlizadə).
Elçinin absurdda absurd yaratdığı gerçəklik "Şeytan əməlləri" absurd pyesində çox aydın şəkildə görünür. Üç fərqli mövzuların bir konsepsiyaya istiqamətləndirilməsi və hər üç pyesin rabitəsiz bağlılığı, bir-birinə zidd hadisələrin bir-birini izləyən dinamikası absurd oyun içində bir başqa absurd oyunun yaradılmasına gətirib çıxarır və bu da absurdda absurd fəlsəfəsinin göstəricisidir. Elçinin əsərlərində cəmləşən və bir-birinin içindən üzvi şəkildə keçən müxtəlif cərəyanlar seli, qeyri-səlis məntiq nəzəriyyəsinin qeyri-yuvarlaq sonsuzluğuna bənzəyən bir əsrarəngizlikdir. Bu da, mənanı puç edən, mənasızlıqda məna axtaran bir qanunauyğunluğun təcəssümüdür.
Bütün bunlar onu deməyə əsas verir ki, Elçin absurdda absurdu məhz qeyri-səlis məntiq nəzəriyyəsinin düsturları ilə yaradır. Ona görə də, absurdda absurdu yaradan qüdrət sahibi Elçin, əsasən qeyri-səlis məntiq nəzəriyyəsi ilə yaradan müəllifidir, demək doğru hesab olunmalıdır.
Bütün bu əsaslarla və yuxarıda qeyd etdiyimiz, Elçinin ilk hekayələrində açdığı pəncərədən görünən mənzərədə bizə sübut etdiyi kimi, onun yaradıcılığının ilk başlanğıcından bu günə qədərki yaratdıqları məhz absurd nəzəriyyənin, eləcə də bu nəzəriyyəyə adekvat olan qeyri-səlis məntiq nəzəriyyəsinin cərəyan seli ilə yüklənmişdir fikri ilə, tam əminlik yaranır ki, "Şeytan əməlləri" absurd əsərində Elçinin bizi absurdun absurdu ilə qarşılaşdırdığı fakt, onun qeyri-səlis məntiq nəzəriyyəsinin şifrələrindən mükəmməl şəkildə istifadə etdiyini təsdiqləyək. Bir əsərdə üç ayrı-ayrı hadisənin, başqa-başqa mövzuların bir konsepsiyada rabitəsiz cərəyanını biz yalnız Elçin yaradıcılığında müşahidə edə bilirik. Bu fikir, Elçinin düşüncəsində daima özünə yer tutmuş şəkildə həmişə öz dinamikası ilə hərəkətdə olmuşdur və ara-sıra bizlərə də tövsiyə olunurdu. Bu barədə bir qədər əhatəli söhbət açmaq istəyirəm. Elçin müəllimlə növbəti görüşlərimizdən birində, sənətkardan, belə bir fənd barədə bir daha, yenə də bir tövsiyə eşitdim. Tövsiyəyə əsasən üç ayrı-ayrı mədəniyyətlərin nümayəndələrinin, ədəbi nümunələri yaradan müəlliflərin əsərlərindən ibarət bir tamaşa hazırlamalı olduq. Elçin təxəyyülündə yer tutan qeyri-səlis anlayışdan doğan bu təklif ilə biz, İrəvan Teatrında 2016-cı ildə Elçinin "O da aşiq olub yaza dünyada" adlı pyesinin işığında "O da aşiq ola..." adlı bir layihə hazırladıq. Layihədə, dediyimiz kimi üç başqa mədəniyyətlərin görkəmli nümayəndələrinin fərqli mövzulardan ibarət əsərlərini bir konsepsiyada cəmləşdirdik. A.P.Çexovun "Elçilik", Elçinin "O da aşiq olub yaza dünyada" və B.İoseleviçin "Yelləncəkdə iki nəfər" adlı əsərlərinin üçünü bir yerdə, ayrı-ayrı mövzulardan ibarət olsalar belə, bir konsepsiyada - insan meyarına fəlsəfi baxış kontekstində bütöv bir tamaşa şəklində hazırladıq. Elçin müəllimin tövsiyəsi və təklifi ilə hazırlanan bu orijinal tamaşa son dərəcə maraqla qarşılandı və öz novatorluğu ilə diqqəti cəlb etdi.
"Yaradıcılıq vasitəsi kimi absurd iki tərəfi iti olan kəsici silahdır. Mən bu silahla çoxdan tanışam - Dostoyevski, Qoqol, İonesko, Vatsetis, Xarms. Bu dəfə də yeni təcrübə ilə "absurd dənizində" üzmək üsulumu nümayiş etdirmək istədim" - deyən teatr və kino rejissoru, dramaturq, ssenarist Sergey Yurski də 2010-cu ildə belə bir metoda əl atmışdı. Rusiyanın Mossovet Teatrında özünün rejissorluğu ilə "Absurd axşamı ¹ 3. Polonez" adlı eksperimental absurd tamaşa - realist fantasmaqoriya hazırlamışdı. "Versal", "Gəzinti", "Paltoda üç nəfər", "Polonez" - dörd müxtəlif süjetli kiçik səhnə oyununu özünəxas teatral dili və forması olan absurd tamaşada bir xətt ətrafında birləşdirən (pyeslərin müəllifi və baş rolun ifaçısı da Yurski özü idi - İ.P.) rejissor bu yeniliyində aktyorlardan qeyri-ənənəvi texnoloji və psixoloji yanaşma, tamaşaçılardan isə düşünmək, anlamaq və səhnədə baş verən hadisələrin iştirakçısına çevrilməyi tələb edirdi. Əsərlərin hər birini səhnənin bir küncündə yerləşdirmişdi. Eyni zamanda, bir-biri ilə rabitəsi olmayan hər dörd əsərdəki hadisələr, bir xətt ətrafında tamaşa boyu cərəyan edirdi.
Əlbəttə ki, bu yanaşma səhnədə çox qeyri-adi görünürdü. Bizim layihədə isə tamam başqa mənzərə canlanırdı. Fərqli müəlliflər, fərqli mədəniyyətlər, lakin İNSAN meyarında cəmləşən bir hikmət və bu hikmətin sərhədsiz sonsuzluqda bütövləşmə təəssüratı, istər milli ənənələr, istər milli mənəvi dəyərlər, hətta fərqli milli musiqi alətlərində eyni zamanda, səslənən melodiyaların ahəngdarlığı və sair, bütün bunlar rabitəsiz şəkildə mənanı mənasızlaşdırsa da, qəribə, zəngin, rəngarəng bir əhval yaradırdı. Sanki göz önündə nəyinsə düz olduğunu, ancaq həm də düzün tərs mütənasibliyini ifadə edən bir mənzərə canlanırdı. Bir-birinə yad düşüncələrin və mentalitetlərin hər biri, öz özünəməxsusluğu ilə göz oxşayan, könül açan al-əlvan bütövlük yaradırdı. Sanki tamaşaçı fərqli cərəyanlar selinin axınına tamaşa edirdi. Həm tamaşadakı hadisələrin absurd qarışıqlığı, həm də tamaşaçının düşdüyü anlaşılmaz vəziyyət, bütövlükdə absurd içində bir başqa absurdu da yaradırdı. Məhz Elçin təfəkküründən bəhrələnən teatrımız o günə qədər heç bir teatrın yaratmadığı absurd bir səhnə əsərini Azərbaycan teatr sənəti məkanında ərsəyə gətirdi.
Sənətkarın birbaşa bir
pərdəli absurd pyeslər kimi qələmə
aldığı "Mehmanxana nömrəsində
görüş" (1990), "Hövsan soğanı"
(1990), "Qisas" (1992), "Su" (1992) və üç
pərdəli "Şeytan əməlləri" (2018) pyesləri
arasında yalnız sonuncusu - "Şeytan əməlləri"
əsəri öz səhnə həyatına qovuşa
bilmişdir. Əsər S.Vurğun adına Azərbaycan
Dövlət Akademik Rus Dram Teatrının səhnəsində,
Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdanın
quruluşunda hazırlanmışdır. Premyerası 13 aprel
2019-cu ildə oynanılan tamaşaya mən, həmin vaxt
Bakıda olmadığım üçün baxa bilmədim.
Deməliyəm ki, oxuduğum əsərdən aldığım
həzz, əsərdəki absurd içindən doğan
absurdun səhnədə rejissor həllinin
canlandırılmasını görmək hissi məni səbirsizləndirirdi.
Nəhayət,
tamaşanın ikinci premyerasına 12 may 2019-cu il
tarixdə baxa bildim. Hərçənd ki,
tamaşa haqqında resenziya yazmaq qərarında idim, lakin
oxuduğum əsərdən aldığım təəssüratlar
tamaşada məni heyrətləndirməli olduğunu gözlədiyim
halda, heyrətləndirə bilmədi. Əsərdəki
plastika, elastik dinamika tamaşada cod əşya kimi
görünürdü. Əsər, nə
qədər səliqə ilə hazırlanmış olsa belə,
tamaşada özünü tapa bilməmişdi. Ona görə resenziya yazmaq işini ertələməli
oldum. Tamaşaya təkrar baxdıqdan sonra
bu məsələyə qərar verəcəyimi
düşündüm. Lakin artıq
teatrlarda yay mösümünün başlanması ilə əlaqədar
olaraq, tamaşaya təkrar baxa bilmədim. Tamaşadan
aldığım təəssürat, məni razı salan və
salmayan cəhətləri ilə önümdə öz mənzərəsini
yaratmışdı.
Öncə onu deməliyəm ki, absurd tamaşanın dərhal
qəbul olunması və ya ədəbi materialla uyğun
olub-olmaması ilk baxışdan sezilə bilmir. Bu tamaşada
da məhz belə bir reallıq var idi. Ancaq
əsər və tamaşa tandeminə diqqət yetirdikdə
baxırsan ki, müəllif fəlsəfəsi ilə rejissor
konsepsiyası arasında uçurum vardır. Əsərin ideya-məzmun mahiyyəti tamaşada
açılmamış şəkildə qalır. Elə cür əhval yaranır ki, sanki, sadəcə
bir neçə aktyorun söylədiyi hekayəni dinləyirsən
və salonla səhnə arasındakı məsafənin
uçurumunda qalırsan. Doğrudur, bu vəziyyətin
özü də absurdu ifadə edir, lakin rejissorun bir absurd
tamaşa yaratmağa çalışdığı
görünsə də, tamaşada absurdizmdən əsər-əlamət
görünmürdü. Sadəcə
aktyorlar müəllif mətnini peşəkarcasına, vəziyyətə
uyğun olaraq söyləyir, hər biri öz
bacarığına görə mükəmməl aktyor
oyunları ilə ənənəvi şəkildə səhnədə
performans göstərir və bununla da işlərini bitmiş
hesab edirdilər. Nəhayətdə
önümüzə səliqəli bir tamaşa
çıxarılsa da, hətta, keçidlər
üçün istifadə edilən, üzərində
müxtəlif anlarda əhvalatın bəzi parçaları
yazılan, səhnədə qurulmuş ekran vasitəsi -
rejissor öz yeniliyi kimi hesab etdiyi bu üsul, onu absurd
janrlı tamaşa hazırlaya bilməmək bəlasından
qurtarmırdı. Mən K.Şahmərdanın
Akademik Milli Dram Teatrının səhnəsində
hazırladığı Elçin müəllimin
"Teleskop" tamaşasına baxmışam və geniş
bir resenziya da yazmışam. Orada mənzərə
başqa idi. Doğrudur, o tamaşada da
razılaşdığım və
razılaşmadığım məqamlar var idi, lakin absurd
içində absurd yaradan müəllifin absurdun absurdu kimi təsir
bağışlayan "Şeytan əməlləri"
pyesinin yükü qarşısında rejissor fantaziyası,
sanki əsərin işıq seli qarşısında gözləri
qamaşıq kimi görünürdü. Səhnədən
asılmış ekran vasitəsi ilə, hətta
iştirakçıların adlarının yazılmasına
qədər yararlanan, bununla da özünü, bir çox məsələlərin
həllini tapmış hesab edən rejissor, diqqəti əsas
mahiyyətdən, üç ayrı mövzunu özündə
cəmləşdirən, lakin üçbucağın
cinahlarının, istiqamətlərinin çaşqın səmtlərində
bir-birinə qovuşmaq üçün can atan
ilğımların anlaşılmaz
bağlılığını tutmaqdan, yaxalamaqdan
yayındırmış, tamaşada görmək istədiyimiz
bizə gərək olan müəmmalardan, cəfəng
ilğım arxasında gizlənmiş aysberqin meh
axınında dərhal görünə biləcək vahiməsindən
çəkinirmiş kimi güməşmiş təsiri
bağışlayırdı. Tamaşada məni
məmnun edən bir tək, aktyorların mükəmməl
oyunları idi ki, bu barədə ağız dolusu
danışmaq mümkündür.
Aktyor oyunundan söz açarkən, burada daha bir incə
məqama da diqqət çəkmək yerinə düşər. Aktyorların taleyini absurd
adlandıran A.Kamyunun fikrincə, "...aktyorlar
yaratdıqları rollarda, rollar isə aktyor talelərində
yaşayırlar; aktyorlar yolçulara bənzəyir:
onların yolu - zaman, amalları - insan qəlbləridir". Kamyudan fərqli olaraq Elçinin bütün
tamaşalarında aktyor ifaları oyun improvizələrinə
köklənir. Bunun teatral səbəbi,
Elçinin aktyorlara obrazın özünü deyil,
"...obrazın kodunu, şifrəsini təqdim etməsidir.
Hər bir aktyor Elçin dramaturgiyasında
oynadığı rolu öz improvizəsinin gücünə
söykənərək yaradır" (M.Əlizadə).
Ədibin əsərlərini incələdikcə, həssaslıqla görünən bir xətt diqqəti olduqca duyğusal şəkildə özünə çəkir. Əsərdən-əsərə yeni mərhələyə yüksələn, yeni müstəviyə daxil olan müəllif təfəkkürü, hər əsərdə, növbəti əsərin himinə bir zəncir halqası salır. Hiss olunur ki, müəllifin ideyaları konkret bir ölçü çərçivəsində məhdudlaşa bilmir. Bu vəziyyət onun əsərlərində hərəkətdə olan bir neçə cərəyan selinin bir-birinin içindən keçən ilğımında özünü anlaşıqlı şəkildə göstərir.
Sanki Elçinin modernizmə qədəm qoyduğunu hesab etdiyimiz halda, onun postmodernizmdə və hətta postpostmodernizmə cərəyan etdiyini görürük. "Bu dinamikanı, mütəhərrikliyi təmin edən nəsnə isə Elçinin öz pyesləri üçün seçdiyi absurd formatıdır". Absurdla bağlı isə, Elçin belə düşünür, yuxarıda da qeyd etdiyimiz kimi, adsurdun özündə absurd yaratmaq, "içinin içinə nüfuz etmək". Absurd üçün isə "...səciyyəvi cəhət təklif olunan vəziyyətdə oynanılan oyunun cəfəngliyi və bu cəfəngliklə dramaturqun zarafatıdır, bu cəfəngliklə onun etdiyi ağlasığmaz tryuklardır" (M.Əlizadə).
Bu, yenidir və həm də müəllif idrakının ölçülərə sığmayan təfəkkürünün yeni ruhla sıçrayışıdır. Belə məzmunda sıçrayış isə, Lütfi Zadəyə görə qeyri-səlis məntiq nəzəriyyəsindən doğan amildir. Konkret ölçülərin yuvarlaq olmayan sərhədsizliyi, konkret rənglərin içindəki əsrarəngizlik və sair, qeyri-səlis cərəyan selinin axınıdır. Elçinin düşüncəsində yer tutan belə ölçüsüz dinamika, onun, yuxarıda haqqında söhbət açdığımız 2018-ci ildə qələmə aldığı "Şeytan əməlləri" üç pərdəli absurd pyesində absurdun absurdunu yaratmasına gətirib çıxardı. Bu əsərdə janra yanaşma yenidir. Dediyimiz kimi, üç ayrı-ayrı mövzu ilə bir pyesdə bir-birinə zidd hadisələrlə bir konsepsiya yaratmaq - deyək ki, insan psixologiyasında yer tutan ikiləşmə və ya özünü hər hansı bir örtük arxasında gizlətmə, qeyri-adiliyin qeyri-müəyyənliyini və ya, insan meyarının ölçüsüz dəyərlərdə kəşfinə çalışma və ya insan fəlsəfi yükünün heçlikdə mənalandırılması..., "...bütün insanları birləşdirən sosial, psixoloji, kültürəl və duyğusal amillərin bir araya gətirilməsi", bütün bunları ifadə edə bilmək üçün dramaturqun önündə elə bir səddi keçmək tələbi durur ki, bu tələb yalnız qeyri-dəqiqlik, qeyri-səlislik və ya qeyri-məntiqi şərh anlayışları ilə ərsəyə gələ bilir.
Əminliklə deyə bilərik ki, Elçini Azərbaycan ədəbiyyatının "qeyri-səlis - absud yazıçı"sı (İ.P.) hesab etmək doğrudur; çünki "Elçin öz absurd pyeslərində həmişə oxucusu-tamaşaçısı üçün qaranlıq tunelin sonunda bir işıq yandırmağa çalışır. Lakin elə məqamlar olur ki, heç müəllifin özü də bu işığın yandığına inanmır və başlayır öz içində bu işığa xısın-xısın gülməyə..." (M.Əlizadə) - yəni Elçin mənanın mənasızlığı içində cərəyan edən mənanı və rənglərin, ölçülərin hüdudsuzluğunda sonsuzluğa qədər yüksələn əsrarəngiz mənzərəni, bir növ qroteskvari ovqatla müxtəliflik kəsişmələrində saysız nöqtələrlə rövnəqləndirir.
Görkəmli sənətkarın
yaradıcılığının əsas qayəsi,
intellektinin enerjisi, bütövlükdə
yaradıcılığının məğzi və mənası
bənzərsizlik fəlsəfəsinə söykənərək
yaratmaqdan ibarətdir. Belə bir qənaətə
gəlirik ki, insan yaranışından üzü bəri bəşər
tarixində, ədəbiyyat və sənət arealında
böyük maraq doğuran, bəzən kəskin tənqidlə
qarşılanan, bəzən də təqdir və təbliğ
olunan absurd teatrı öz bənzərsizlik qayəsinə, fərdi
xüsusiyyətlərinə görə, İonesko demişkən,
"...həmişə var olacaq, absurdun bitib-tükənməyən
formaları öz varlığını qoruyacaq. Bəlkə
də sabah, ya da o biri gün bu sirrin üzərindəki
örtük qalxacaq". Bənzərsizlik isə, birmənalı
şəkildə qeyri-səlis məntiq nəzəriyyəsinin
bazasından qidalanan, həmin nəzəriyyənin elmi əsaslarına
söykənən düsturlarla yaradan müəlliflərə
nəsib olan sərvətdir. Azərbaycanın
görkəmli sənətkarı, xalq
yazıçısı Elçin məhz dünya ədəbi
üfüqlər qatında öz yaradıcılıq kəhkəşanını
bənzərsiz əsərlərli ilə zənginləşdirən
bənzərsiz yazıçıdır.
İFTİXAR
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi
iftihar-piriyev@mail.ru
525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.12-13.