"Yeni dövr" Qərb fəlsəfəsində
tolerantlıq və multikulturalizm
Antik dövrdən üzü bəri mədəni olmaq əxlaqlı olmaqla, siyasi varlıq olmaqla bərabər tutulub. Aristotel
"Nikomax etikası" əsərində yazırdı ki,
"özünə münasibətdə fəzilətli davrananlar"
yox, "başqalarına münasibətdə fəzilətli
davrananlar" daha düzgün hərəkət etmiş
olurlar.
Digər
tərəfdən, qeyd olunmalıdır ki, orta əsr Qərb
cəmiyyətində üçlü sinif anlayışı
mövcud idi: dua edənlər (oratores), savaşanlar (bellatores)
və işçilər (laboratores).
Multikulturalizmin birbaşa tolerantlıq məfhumu ilə əlaqəsi
var. Tolerantlıq multikulturalizmin, o cümlədən,
bütün bəşəri münasibətlərin əsasında
duran etik əsaslardan biridir. "Tolerantlıq" latın mənşəli söz olub, dilimizə
"dözümlülük" kimi tərcümə olunur.
"Tolerantlıq" terminindən məna
baxımından "təmkinlilik",
"səbrlilik", "qarşılıqlı hörmət"
və "ehtiram" kimi sözlərə sinonim olaraq da
istifadə edilə bilər. Laruss lüğətinə
görə, "tolerance" sözü ilk dəfə 1361-ci
ildə dövriyyəyə daxil olub. "Toleration"
anlayışının yaranması isə XVI əsrə təsadüf
edir.
Orta əsrdə
qərb dünyasında baş verən din müharibələri,
XVII əsrdə bağlanan Vestfaliya sülhündən sonra
ortaya çıxan millət-dövlət anlayışı,
fəlsəfə tarixində Rene Dekartla başlayan modernizm, o
cümlədən, ictimai sferada modernləşmə təmayülləri
tolerantlıq və multikulturalizm anlayışlarının da
geniş yayılmasına səbəb oldu. 1562-ci
ildə katolik fransız kral tərəfindən protestantlara
ölkədə qalma icazə verilməsi məqsədilə
"tolerer" sözündən istifadə olundu. XX əsrin məşhur alman filosofu Yurgen
Habermasın da haqlı olaraq qeyd etdiyi kimi, bu məfhum XVI-XVII əsrlərə
qədər gedib çıxır. Ona
görə bu dövrlərdə katoliklər və kalvinistlər
bir-birlərindən nifrət edirdilər. Səksən il müharibələri sadəcə İspaniyaya
qarşı üsyan deyil, eyni zamanda, Ortodoks kalvinistlərin
katoliklərə qarşı apardıqları bir
"cihad" idi.
Yeni
dövr filosoflarından Con Lokk (1632-1704), Con Stüart Mill (1806-1873), Pyer
Beyl 1647-1706), Volter (1694-1778) və
başqaları, tolerantlıq ideyasının inkişafına
böyük töhfələr veriblər. İngilis
filosofu və təbii hüquq nəzəriyyəsinin banisi Con
Lokk "Tolerantlıq məktubu" adlı traktatında
xristian din qardaşlarına müraciətlə bir-birlərinə
qarşı dini dözümlülük göstərmələrini
və aralarındakı qarşıdurmanın tolerant hisslərlə
əvəz olunmasını aşılayırdı.
Liberal düşüncə maarifçilik dövründən
(XVII əsr) etibarən fərd və cəmiyyətin
formalaşmasını izah edən əsas məfhumlardan biri
kimi qəbul edilir. Klassik liberalizmə təbii hüquqlar,
praqmatizm, iqtisadi liberalizm, sosial darvinizm kimi məhfumlar aiddir.
Yeni dövr fəlsəfə tarixində Con
Stüart Mill müxtəliflik və fərdi azadlıq fikriylə
liberalizmin mühüm simalarından hesab olunur. O, ictimai
sferada liberalizmin labüdlüyünü düşüncə
sisteminin əsası olaraq təqdim etmişdir. Mill
liberalizm üçün əsas məfhum olaraq
tolerantlığı təqdim edir. Tolerantlıq
azadlıq və müxtəliflik kimi məfhumlardan daha
genişdir və onların var olmalarını zəmanətini
verir. Təsadüfi deyil ki, Millin
mühüm əsərlərindən biri "Azadlığa
Dair" adlanır. Con Lokkdan fərqli olaraq Mill
tolerantlığı sadəcə dini
dözümlülük mənasında deyil, bir çox aspektən
dəyərləndirir.
Con
Stüar Millin tolerantlıq anlayışı iki əsasa
istinad edir. Birincisi, "insan təbiətinin
müxtəlifliyi və onun özünü bu müxtəliflik
içərisində inkişaf etdirə biləcəyinə
inamdır". İkincisi isə yaşamağa dəyər olan həyatın,
şəxsin özünün seçdiyi və
özünün müəyyənləşdirdiyi həyat
olduğunu bildirən fərdi azadlıq inancıdır".
Mill, insanı ağaca bənzədərək,
onun canlı bir varlıq olaraq daxili, təbii gücləri
istiqamətlərində inkişaf edən və böyümək
istəyən bir varlıq olduğunu qeyd edir. Hər insan bu kontekstdə eyni zamanda, fərqli
qabiliyyətlərə malikdir və insanı eyni şərtlərə
məhkum etmək doğru deyil. Buna görə
də fərd inkişaf etmək üçün azad
olmalıdır. Bu mənada, Mill fərqliliyi,
müxtəlifliyi, o cümlədən,
multikulturallığı zənginlik olaraq qiymətləndirir.
Bu baxımdan Mill həqiqətin yalnız fikirlərin azad platfromasında ortaya
çıxacağını qeyd edir. O, fərdiyyətçiliyi
və fərdin azadlığını daha çox önə
çıxarması yanında insanın ictimai
yönünü da rədd etmir. Ona görə
"insan istər-istəməz məcburi şəkildə
yalnız öz fərdiyyətinə aid məsələlərlə
məşğul olan eqoist varlıq deyil". İnsan Aristotelin də qeyd etdiyi kimi, "ictimai
varlıq"dır.
Maarifçilik layihəsi, kainat, cəmiyyət və
insan təbiəti ilə bağlı bütün suallara veriləcək
cavabın universal və rasional şəkildə ifadə edilməsinin
vacibliyini qəbul etdi. Əsaslarını Lokkun
atdığı təbii hüquq anlayışı fərdlərdən
yola çıxaraq cəmiyyəti fərdlər
üçün qurulmuş struktur olaraq qəbul edir. Bu düşüncə tərzi XVII əsrin
sonlarından etibarən Qərb düşüncə tərzinə
hakim oldu. XVIII əsrin ortalarından etibarən
insanlar arasındakı fərdi müxtəlifliklərin əxlaqi
məzmun daşıdığı, bu səbəblə də
hər kəsin öz həyatını yaşayaraq
başqasına həsəd aparmadan yaşaması
mühüm əhəmiyyət kəsb edirdi. Daha sonralar isə böyük alman sosioloqu Maks Veberin
də təsiriylə protestant əxlaqına istinad edilərək
işləməyin, nizam-intizama uymanın və
istehsalçı olmanın yeni ibadət şəkli
olması cəmiyyətin inkişafı düşüncəsinə
dayanırdı.
Tolerantlığın
liberal interpretasiyası XVII əsrdə dini azadlıqla
bağlı mövzularda, xüsusilə, Lokkun fəaliyyəti
ilə ortaya çıxmışdır. Ümumi
mənada tolerantlıq və multikulturalizmlə bağlı
Lokkla yanaşı, Volter, Hobbs və Mill də əhəmiyyət
kəsb edir.
Con Stuart
Mill tolerantlıq məfhumunu əxlaqi mənada azadlıq və
müxtəliflikdən öncə gəldiyini
vurğulayır. Con Lokkdan etibarən mütəfəkkirləri
arasında liberalizm anlayışında əxlaqi dəyər
kimi qəbul edilən tolerantlığa dair ortaq
görüş mövcud idi. Çünki
müxtəlif həyat tərzlərinə və
düşüncələrinə malik fərdlərin
müştərək ictimai struktur daxilində birgəyaşamalarını
təmin etmənin əxlaqi formulu tolerantlıqdır. Təşkilatlanma
azadlığını inkişaf etdirən və beləliklə,
azadlıq məfkurəsini mühafizə edən bir cəmiyyət
tolerant cəmiyyətdir .
XVIII əsr maarifçi fəlsəfəsinin nəhəng fransız intellektuallarından biri də Volter olmuşdur. O, tolerantlıq mövzusuna "Fəlsəfi məktublar", "Fəlsəfə lüğəti" traktatlarında toxunmuşdur. Volter üçün tolerantlıq bir tərəfdən bütün demokratik azadlıqların əsası, digər tərəfdən isə əxlaqın qızıl qaydasına riayət etmənin nəticəsidir: "...başqalarının sənə qarşı pislik etməsini rəva bilmədiyin kimi, sən də başqalarına pislik etmə". Digər tərəfdən, o, "insanın ümumi təbiətinin zəif və xəta etməyə meylli olduğunu ifadə edərək insanların bu cəhətlərinin tolerant qarşılanmasının vacibliyini" qeyd edir. Ona görə "tolerantlıq təbii bir qanun"dur.
Yeni dövr fəlsəfəsində multikulturalizm ideyaların anlaşılması üçün İngilis filosofu Tomas Hobbsun (1588-1679) da görüşləri əhəmiyyət kəsb edir. Belə ki, Hobbs liberalizm kontekstində müxtəlif fərdlərin ehtiyac və tələbləri arasında qaçınılmaz rəqabətin olduğunu iddia edir. Ona görə, insanlar təbiətlərinə uyğun olaraq özlərini idarə edəbiləcək qabiliyyətə sahibdirlər. Onlar əllərindən alına bilməyəcək hüquq və azadlıqlara malikdirlər. Hobbs bütün bu fərdi xüsusiyyətlərin dövlət tərəfindən mühafizə ediləcəyini bəyan edir. Bu kontekstdə qeyd olunmalıdır ki, klassik liberal mütəfəkkirlərə görə insan təbiəti dövlətsiz ayaqda qala bilməz.
Yeni dövr fəlsəfəsində
multikulturalizm aspektindən ən mühüm məqamlardan biri
də insanların birgəyaşamını şərtləndirən
amillər. Bu,
daha çox ictimai müqavilə (social contract) anlayışına
istinad edir. Bu nəzəriyyəyə görə, insanların
birgəyaşamının əsasını rasional-konvensional
müqavilə təşkil edir. Bu mənada birgəşamaya
müxtəlif konfessiya və etnosların, o cümlədən,
müxtəlif mədəniyyətlərin konvensional həyat tərzləri
daxildir. Digər tərəfdən Lokk və
Hobbs siyasi iqtidarın ictimai düşüncədən
öncə gəldiyini və bunun yeni dövr fəlsəfəsini
müəyyənləşdirən amillərdən biri
olduğunu vurğulayır. Təsadüfi
deyil ki, orta və yeni dövr Qərb dünyasında baş
verən din və məzhəb müharibələrini ortadan
qaldırmaq üçün "kimin bölgəsində
yaşayırsam, onun dinini qəbul edirəm" (cuis regio,
eius religio) prinsipi səbəbilə dini azadlıq siyasi iqtidar
vasitəsilə müəyyənləşməli oldu. Bu mənada orta əsr düşüncəsində
hakim olan Tanrı və kilsə anlayışının yerini
dövlət tutmağa başladı. Məhz Hobbs 1651-ci
ildə qələmə aldığı "Leviafan"
adlı məşhur əsərində varlıq aləmini iki
qismə bölür: birincisi, Tanrı tərəfindən
yaradılan təbiət, ikincisi isə bunun insan tərəfindən təqlidi
ilə formalaşan "Commonwealth" (birlik), "State"
(dövlət) və ya
"Civitas" (vətandaş)dan ibarətdir. Bu
terminler eyni məzmunlu sinonim ifadələrdir. Bu təqlid nəticəsində fərdlərdən
ibarət cəmiyyət və dövlət meydana gəlir.
Və bu dövlətin əsasını onun
suverenliyi təşkil edir.
"İctimai müqavilə" əsərində fərdiyyətçiliyə
dair açıqlaması ilə Jan Jak Russo (1712-1778) fərdlərin
təbii və qaçınılmaz azadlığa malik
olduğunu ifadə edir. Eyni zamanda, Russo əksəriyyətin,
yaxud hamının istəyi tərəfindən idarə olunan
dövlətin, insanları/fərdləri azadlıqda
yaşadacağına dair geniş səlahiyyətləri
olacağını vurğulayır. Russo fərdin
öz sevgisinin cəmiyyətin digər üzvlərinə
qarşı bəslədiyi ehtiramla uzlaşacağını
ifadə edərək ictimai aspektdən bunun
konsepsiyasını təqdim etmişdir.
Maarifçilik dövrünün mütəfəkkirləri
insanı eyni zamanda, hər hansı bir mədəniyyətə
mənsub bir varlıq kimi də qəbul etdilər. Kartezian fəlsəfəsinin
XVIII əsr tənqidçisi Giambatista Vikoya görə təbiət,
yəni fenomenlər dünyasından fərqli olaraq tarix və
mədəniyyəti insanlar yaradır. İctimai həyatı
insanın formalaşdırdığını qeyd edən
Giambatista Vikodan sonra
tarixi, hüquqi və siyasi antropologiyanın banilərindən
Monteskyu və Herder də bu düşüncələri
inkişaf etdirdilər. Məhz Vikodan sonra Herder
ilk dəfə XVIII əsrdə mədəniyyət terminindən
istifadə etdi. Bu baxımdan Herderə
görə, "insan özü-özünü var edir.
O, həyatını yaxşı bildiyi situasiyaya görə
özü qurur".
Klassik liberalizmə mənsub mütəfəkkirlər
köləliyi, elitizmi, patriarxlığı, müstəmləkəçiliyi
və orta siniflərin siyasi iqtidarı müdafiə etmişlər. Bu kimi problemlər
müasir dövrdə neoliberal anlayışlar, o cümlədən,
demokratik qaydaların fərdi hüquq və azadlqlar üzərində
əsas parametrlər olduğuna dair həmfikirdirlər.
Beləliklə, yeni dövr fəlsəfəsində,
o cümlədən, maarifçi filosof və yazıçılar
multikultural ideyaları həm fərdin öz həyatında,
həm də ictimai sferada mühüm hesab edirlər. Antik
dövr, orta əsr və yeni dövr fəlsəfi cərəyanlarında
yekdilliklə insanın birgəyaşamasının ən əsas
səbəblərindən birinin tolerantlığın təşkil
etdiyi qəbul edilir. Məhz fəlsəfə
tarixinin yeni dövr mərhələsində mədəniyyətlərarası
münasibətlər, müxtəlif mədəniyyətlərin
qarşılıqlı inteqrasiyası, nəhayət,
çoxmədəniyyətlilik anlayışının əsasları
ciddi şəkildə tədqiq edilməyə başlandı.
Daha sonra XX əsrin ortalarından etibarən müasir
dövrümüz də daxil olmaqla multikulturalizm
tendensiyası, "multikultural vətəndaşlıq",
"konstitusional vətəndaşlıq" məfhumları
çərçivəsində daha da qabarıq şəkildə
araşdırılır.
Rəşad
İLYASOV
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin
müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.11.