Azərbaycanda dövlət-din
modelinin uğurları Aİİ timsalında
Hazırda ölkəmizdə həyatın bütün
sahələrində dərin, rasional və praqmatik islahatlar
uğurla həyata keçirilir.
Şərq
və Qərbin, Şimal və Cənubun qovşağında
yerləşən respublikamız, bir növ, XXI əsrin
iqtisadi möcüzəsini yaradır - dinlər, mədəniyyətlər,
sivilizasiyalararası tarixən qırılmış əlaqələri
bərpa edir, digər tərəfdən, humanitar aspektdə
dialoq, humanizm və birgəmövcudluq, tolerantlıq,
multikulturalizm fəlsəfəsi kimi insan zəkasının
arzusu olan böyük idealları siyasətin fəlsəfəsinə
gətirir. Həmçinin, dünyada hər kəsin
ehtiyac duyduğu dəyərlərin reabilitoloqu və naviqatoru
kimi misilsiz missiyanı həyata keçirir. Şübhəsiz,
bütün bunlar ölkə rəhbərinin bütün sahələrə
- elmə, mədəniyyətə, iqtisadiyyata, təhsilə,
humanitar sahəyə, milli-mənəvi dəyərlərə,
bir sözlə, həyatın bütün sahələrinə
diqqət və qayğısı nəticəsində
reallaşır və bu dəyərlər Respublika Prezidentinin
möhtəşəm fəaliyyətinin məhsuludur.
Dünyada gedən proseslərə elmi-nəzəri
anlamda yanaşdıqda görürük ki, hazırda baş
verən tendensiyaları birmənalı qiymətləndirmək
mümkün deyildir. Cəmiyyətdə sürətli dəyişikliklər
fonunda təzahür edən müxtəlif hadisələr
göstərir ki, qloballaşma kimi xarakterizə olunan tarixi
dövrdə müasir tendensiyaların çox aspektliliyi istənilən
dövlət üçün ziddiyyətlər yarada bilir; bu,
faktdır və onu təkzib etmək mümkün deyildir.
Zaman-zaman aydın oldu ki, prosesin fəlsəfi
istiqamətini müdrikliklə duyan şəxsiyyət
dövlətə rəhbərlik edərsə, həmin
ölkə nəinki çaxnaşmalardan qurtula bilər, hətta
müharibə vəziyyətində olmasına baxmayaraq,
bütün sahələr üzrə inkişaf edərək,
hər kəs üçün dünyada modelə - yeni tarixi
nümunəyə çevrilə bilər. Müasir Azərbaycandan söhbət gedərkən
fərəhləndirici haldır ki, dünyada artıq əksəriyyət
bu nümunədən danışmaqdadır. Fakt budur ki, hazırda iqtisadiyyat, humanitar və ictimai
sahələrdə həssas sahə hesab edilən dövlət-din
münasibətlərində, etiqad azadlığında
multikulturalizm və tolerantlıq siyasətini uğurla həyata
keçirməklə Azərbaycan Respublikası sözügedən
istiqamətdə yeni nümunə kimi dünyada xatırlanmaqdadır.
Şübhəsiz, bu uğurun və möhtəşəm
strategiyanın fəlsəfi əsasları Ulu Öndər
Heydər Əliyev tərəfindən Ana Yasa kimi təsbit
olunmuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi
ilə rasional və praqmatik siyasətlə uğurla davam edir.
Bütün bu nailiyyətlərin kökündə
isə müdrik və uzaqgörən siyasət dayanır.
Dövlət-din münasibətlərindən bəhs edərkən
nəzərə çatdırmaq lazımdır ki, bu istiqamət
kimlər üçünsə sadə və asan məsələ
təəssüratı yarada bilər. Əslində, bu sahə
mürəkkəb çalarlara, dərin məzmun və fəlsəfi
qatlara malik amil kimi
dəyərləndirilməlidir. Hər
halda, fəlsəfə tarixi və ümumiyyətlə, bu sahə
ilə məşğul olan mütəxəssislərə
sözügedən tendensiyanın tarixi dinamikliyi və fəlsəfi
problematikası aydındır. Yaxın tarixdən
danışarkən Qərb və Şərq ölkələrində
baş verən hadisə və proseslərin timsalında bunu nəinki
filosof və ya alim, az qala, əksəriyyət
dərk etməkdədir.
Bir
faktı da qeyd edək ki, ölkə ərazisində yerləşən
dini abidələrin qorunması, bərpası və yenidən
tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi,
dövlət-din münasibətlərinin hüquqi cəhətdən
tənzimlənməsi və digər sahələrdə
görülən işlər - dini təhsilin keyfiyyət və
kəmiyyətcə artırılması istiqamətində
verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə
atdığı addımlar, keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar
ardıcıllığı ilə yanaşı, həm də
dərin fəlsəfi məzmuna malikdir. Eyni zamanda, respublikada
təşkil olunan dinlərarası, mədəniyyətlərarası,
sivilizasiyalararası dialoq və əməkdaşlıq
platformalarını, konfransları, humanitar formları, yüksəksəviyyəli beynəlxalq
tədbirləri, Heydər Əliyev Fondunun rəhbəri,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyada
apardığı möhtəşəm fəaliyyəti də
bura əlavə etdikdə görürük ki, Azərbaycan rəhbərliyi
dünyada sülh və əmin-amanlığı qorumaq,
multikulturalizmi insanların həyat fəlsəfəsinə
çevirmək üçün həm ölkədə, həm
də respublikanın hüdudlarından kənarda nə qədər
möhtəşəm işlər aparır. Əslində,
bir yazıda bu fəlsəfənin mahiyyətini əhatə
etmək mümkün deyildir.
Yuxarıda qeyd etdik ki, din sahəsi nəzəri fikir
üçün daim həssas sahə olmuş və
hazırda da belə qalmaqdadır. Bütün bu həssaslıq
isə sözügedən sahənin daim dövlət himayəsinə
və qayğısına, hətta nəzarətinə belə
ehtiyac yaradır. Yeri gəlmişkən, bir məqamı
vurğulamaq istərdik: yaxşı olardı ki, filosoflar, həmçinin,
digər mütəxəssislər din mövzusuna müraciət
edərkən bəzi hallarda dinlərin özəllikləri və
fərqlilikləri barədə düşüncələrini
qabartmaq əvəzinə, onları birləşdirən
ümumi cəhətlər haqqında daha geniş
araşdırmalar aparsınlar. Adətən,
ölkəmizdə belə məsələlərdə dinləri
birləşdirən cəhətlər daha çox
maraqlandırır ki, bu da dövlətimizin humanitar və
dini-təhsil strategiyasının ən vacib istiqamətlərindəndir.
Bu istiqamətin həyata keçirilməsində Heydər
Əliyev Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin və bu təşkilatın tərkibində
ölkə rəhbərinin xüsusi Sərəncamı ilə
yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun, Qafqaz
Müsəlmanları İdarəsinin, AMEA-da fəaliyyət
göstərən müvafiq şöbələrin, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin xidmətlərini
xüsusi qeyd etmək vacibdir.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi Ulu
Öndər Heydər Əliyevin Fərmanı ilə 21 iyun
2001-ci il tarixdə yaradılıb. Komitənin bu illər ərzində
gördüyü iş və fəaliyyət nəticəsində,
ölkədə dini etiqad azadlığının həyata
keçirilməsi, milli-mənəvi dəyərlərin
qorunması və təbliği istiqamətində
çalışmaların mahiyyəti göstərdi ki, bu qərarın
qəbulu həmin dövr üçün nə qədər
vacib və zamanında atılmış müdrik addım
olmuşdur. Qlobal anlamda bu qərarın fəlsəfəsinə
nəzər yetirsək, onun miqyası daha aydın
görünür.
DQİDK-nin bu illər ərzində səmərəli fəaliyyəti Azərbaycan Prezidentinin bu sahəyə həssaslıqla yanaşdığının, qayğı göstərdiyinin, diqqət yetirdiyinin bariz nümunəsidir. Ölkədə fəaliyyət göstərən fərqli dinlərə etiqad göstərən insanların inanc azadlığını təmin etmək, onların bir-biri ilə əlaqə və münasibətlərini daha da inkişaf etdirmək və tənzimləmək üçün sözügedən Dövlət Qurumunun təsis olunması vacib məsələlərdən biridir. Qeyd edək ki, bu, həm də dövlətin strateji siyasətində praktik anlamda multikulturalizm strategiyasının alternativsizliyini sübut edən praktik fəaliyyətdir. Bütün bu illər ərzində DQİDK-in dövlət-din münasibətləri, dini etiqad azadlığı, dini və dünyəvi təhsilin inkişafı istiqamətində göstərdiyi fəaliyyət və irəli sürdüyü təkliflər, heç şübhəsiz, öz məntiqi inkişafında daha yüksək yeni qərarın verilməsi ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərancamına əsasən, DQİDK-nın tərkibində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında qərar qəbul olundu. 31 may 2018-ci il tarixdə isə İnstituta rektor təyin edildi.
Hazırda İlahiyyat İnstitutunun fəaliyyətinin əsas istiqamətini dövlətin müəyyən etdiyi başlıca kursa - sekulyar əsaslara söykənməklə, dini təhsilin ölkədə dərin və elmi-teoloji aspektdən tədrisi, tələbələrə öyrədilməsi ilə yanaşı, dünyəvi təhsil təşkil edir. İnstitutun qısa zaman kəsiyində fəaliyyəti və gördüyü işlər, keçirdiyi tədbirlər, ölkə daxilində və hətta ölkədənkənar bu sahədə çalışan mütəxəssislərlə, alim və ziyalılarla, xarici ölkə səfirləri, ictimaiyyət nümayəndələri və başqa nüfuzlu insanlarla görüşləri, məsləhətləşmələri, AMEA-nın müvafiq institutlarının elmi əməkdaşları ilə mübadilələri göstərir ki, ali tədris ocağı dinamik fəaliyyətdədir. Məqsədimiz institutun keçirdiyi tədbirlərin, seminar və konfransların, görüşlərin təfsirini vermək deyil. Bir məqamı vurğulamaq istərdik ki, qısa zaman ərzində müxtəlif istiqamətlərdə elm, din, təhsil sahələrinin mütəxəssisləri ilə əməkdaşlığın yaradılması; elmi-təcrübi mübadilənin aparılması; birgə beynəlxalq elmi konfransların keçirilməsi və digər məsələlərdə uğura nail olmaq o qədər də asan məsələ deyil və bu, Aİİ kollektivinin yüksək əməksevərliyininbariz nümunəsidir. Həmçinin, anlayırıq ki, bütün bunlar İlahiyyat İnstitutunun gənc və perspektivli komandasının üzərinə böyük məsuliyyət qoyur.
Məlumdur ki, DQİDK-nin nəzdində İlahiyyat İnstitutunun yaradılması Azərbaycanda həyata keçirilən əsaslı islahatların məntiqi nəticəsidir və ondan böyük gözləntilərin olması başadüşüləndir. Müsbət məqamlardan biri budur ki, İnstitut müasir təhsilin multidissiplinar istiqamətli olmasından irəli gələn fəlsəfi əsaslara üstünlük verməklə müasirliklə, bir növ, ənənəni, dini dünyagörüşlə elm və bilik sahələrini yaxınlaşdırmağa cəhd edir. Bu göstərir ki, İnstitut rəhbərliyini təmsil edənlər müasir çağırışların pozitiv istiqamətini dəyərləndirmək imkanlarına malik perspektivli mütəxəssislərdir. Ali tədris müəssisəsinin İslamşünaslıq və Dinşünaslıq ixtisaslarına tələbə qəbulunu həyata keçirməsi bir daha göstərir ki, məqsəd dinin teoloji əsasları ilə məhdudlaşmayacaq, onun istiqamətində fəlsəfi məqamlar da üstünlük təşkil edəcəkdir.
İlahiyyat İnstitutunun qısamüddətli fəaliyyətinə nəzər saldıqda görürük ki, tədrisdə təhsil standartlarının müəyyənləşdirilməsi üçün rəhbərlik Harvard, Oksford və Kembric kimi aparıcı dünya universitetlərinin, o cümlədən, Şərqin tanınmış ali təhsil ocaqlarının təcrübəsindən bəhrələnməklə fəaliyyətini davam etdirir. Bu, müsbət haldır, həmçinin, ilkin zamanlar üçün böyük uğurdur. Maraqlı məqamlardan biri də odur ki, İnstitutda İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ilahiyyat üzrə əsas ənənəvi fənlərlə yanaşı, dinlərin sosiologiyası, psixologiyası, fəlsəfi və tarixi aspektlərdən tədqiq edilməsi həyata keçirilməkdədir. Bu da müasir Qərb teoloji institutları istiqamətində uğurlu gediş hesab oluna bilər. Həmçinin, İslam dini ilə yanaşı, qısa zamanda aparıcı dünya dinlərinin - Yəhudilik, Xristianlıq, Hinduizm, Buddizmin; Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizmə giriş kimi sosial və humanitar fənlərin tədrisinin təşkili istiqamətində görülmüş işlər böyük rəğbət doğurur.
Hazırda respublikamız üçün əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkədə savadlı ilahiyyatçılar yetişdirməklə yanaşı, həm də dinşünas alimlərə böyük ehtiyacın duyulmasıdır. Ölkədə dinşünas alimlər mövcuddur, hər halda, onların sayı hazırda yetərli deyildir.
Aİİ-də qeyri-dini təhsilin dini təhsillə paralel öyrədilməsi isə yeni çağırışların istiqamətini dərk etmək deməkdir ki, bu da son dərəcə mühüm amildir. İlahiyyat İnstitutunun yaradılması və orada İslam dini ilə yanaşı, digər səmavi dinlərin teoloji əsaslarla öyrədilməsi, bu istiqamətində araşdırmaların aparılması, artıq onun gələcək miqyasından - perspektivliyindən xəbər verir. Dinlərarası münasibətlərin genişlənməsinə, dinlərin institusional anlamla, teoloji əsaslarla dialoqda olmasında (sonuncu müddəadan söhbət gedərkən, bəzi din nümayəndələri buna müəyyən etirazlar edə bilər) bir zərurət vardır. Fəlsəfənin ən dərin problematikası kimi bu, daim izlənilməkdədir. Fəlsəfə ilə əməkdaşlıq, yaxud dinin mahiyyəti, əslində, bu əsaslardan uzaq deyil. Bu səbəbdən, hazırda dünyada multikulturalizm siyasəti, dinlərarası dialoqların aparılması bütün cəmiyyətlər, ölkələr üçün daha vacibdir. Bu anlamda, Azərbaycan nümunəsinin aktuallığı göz önündədir.
Faktlar göstərir ki, dünyada elmi biliklərlə
dini biliklər arasında tarazlığı saxlamaq bir
çox halda mümkün deyil. Bu, Qərbdə bir formada,
Şərq ölkələrində isə başqa şəkildə
təzahür edir. Fəlsəfi anlamda bu, onların bir-birini
inkar etməsi demək deyildir - əməkdaşlıq həmişə
vacibdir. Yaxın tarix, həm də qonşu ölkələrdə
baş verən tendensiyalar sübut edir ki, dini biliklərin
inkişafı yalnız ilahiyyatla məhdudlaşmır. Dinin
elmlə, biliklə, fəlsəfə ilə əməkdaşlığa
gəlməsi zərurətdir və o, hətta müasirliyin
ümdə problemlərindən hesab edilir. Bu anlamda, Azərbaycanda
mövcud dövlət-din modelinin uğurları, aparılan
islahatların perspektivləri dünyada əksəriyyət
üçün böyük ümidlər yaradır. Bu
ümidlərin adı mədəniyyətdir, elmdir, sülh və
əmin-amanlıqdır - multikulturalizm, dialoq və birgə
mövcudluq fəlsəfəsidir.
Ceyhun
MƏMMƏDOV
Azərbaycan
İlahiyyat İnstitutunun rektoru
525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.10.