Firəngiz Əlizadə: "Almaniyadakı konsert
"Nəsimi ili"nə böyük
töhfə oldu"
"Azərbaycan Bəstəkarlar
İttifaqı müstəqillik
dövründə ilk dəfə
özünün təşəbbüsü
ilə Almaniyada üç gün konsert verib".
APA-nın məlumatına
görə bunu, Berlində keçirilmiş
“In Memoriam Nasimi – 650 Jahre
Imadeddin Nasimi” adlı konsertə həsr olunmuş mətbuat konfransında Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə deyib.
F. Əlizadənin sözlərinə
görə, birinci gün balet truppasının iştirakı
ilə "Nəsimiyə
ithaf" əsəri
təqdim olunub:
"Bu gözəl səhnə
əsərinin təqdimatında
xareoqraf Nailə Məmmədzadənin böyük
əməyi var. Anar Mikayılov da Nəsiminin obrazını
çox gözəl canlandırdı".
Xalq artisti konsertin birinci günündə bəstəkar Aliyə Məmmədovanın "Mərhəba"
əsərinin və Tahir İbişovun "İşıqdan qopmuşlar"
simli kvartet və vokal ifaçısı
üçün musiqili
kompozisiyasının səsləndirildiyini
də vurğulayıb:
"Konsertin ikinci günündə daha çox musiqi parçaları təqdim
olundu. Mənim "Muğam sayağı
kvartet"im və Səid Qəninin "İstəməz" pyesi
səsləndirildi. Konsertin sonunda
isə Mütəllim
Dəmirovun ifasında
bəstəkar Firudin Allahverdinin "Hardadır
yaradan" musiqili kompozisiyası təqdim olundu. Hər iki əsərin
dirijoru Tahir İbişov idi".
F. Əlizadə üçüncü
konsertin "Teatron"
salonunda keçirildiyini
bildirib: "Bunlar hamısı böyük uğurdur, Berlin kimi şəhərdə insanları
konsertlərə cəlb
etmək hər kəsə nəsib olmur. Bildiyiniz kimi "Nəsimi ili" çərçivəsində
Azərbaycanda bir sıra tədbirlər
keçirilib. Almaniyada keçirilən
konsert isə "Nəsimi ili"nə böyük töhfə oldu. Biz inanırıq
ki, Almaniyada da Nəsimini sevdirə bildik".
Xalq artisti alman oxuculara
Bəstəkarlar İttifaqının
hazırladığı broşürlərin
təqdim edildiyini vurğulayıb: "Bu broşürlarda
Üzeyir Hacıbəyli,
Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarımız,
Azərbaycanda keçirilən
musiqi festivalları haqqında məlumatlar əks olunub. Təəssüf ki, vaxt darlığına görə, biz yalnız beş broşür
buraxa bildik. Biz ilin axırına
kimi bunların sayını artırmağı
düşünürük".
Əməkdar artist İlham Nəcəfov
isə bütün musiqiçilərin konsertdə
çox yüksək
səviyyədə iştirak
etdiklərini söyləyib:
"Deyim ki, folklor alətlərimiz də alman dinləyicilərinə
çox ciddi təsir bağışladı".
Bəstəkar Aliyə Məmmədova
konsertdə ifa edilən əsərlərin
üçünün yeni
olduğunu söyləyib:
"Onların məşqi
də konsertdən bir neçə ay əvvəl baş tutmuşdu. Ona görə bizim konsertə hazırlığımız
çox gərgin iş şəraitində
baş verdi,
nəticədə musiqiçilərimiz
böyük uğurla
çıxış etdilər".
Qeyd edək
ki, sentyabrın 11-də
Almaniyanın paytaxtı
Berlin şəhərində İmadəddin Nəsiminin
650 illiyinə həsr
olunmuş, bəstəkarlarımızın
əsərlərindən ibarət
“In Memoriam Nasimi – 650 Jahre
Imadeddin Nasimi” adlı konsert təşkil edilib. Konsert Azərbaycan
Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə baş tutub.
525-ci qəzet.- 2019.- 20 sentyabr.-
S.8.