Döyülən qadının xəcaləti
Gözünün altı göyərir, tonal kremlə üstünü, təbəssümlə üzünü örtüb heç nə olmamış kimi insan içinə çıxır, çünki xəcalət çəkir. Əli, ayağı qırılır, yıxılmışam, qapıya vurub əzmişəm deyib, heç nə olmamış normal yaşamağa davam edir, çünki xəcalət çəkir. Başına bu oyunu ərinin açdığını, sümüyünü atasının qırdığını, dodağını qardaşının partlatdığını deməkdən xəcalət çəkir qadın. Döyənin, ona bu vəhşiliyi edənin əvəzinə utandığı üçün bu cür bəhanələr uydurur. Və beləcə, cəhənnəm kimi həyat başlayır.
"Qısqanırsa sevir, sevdiyi üçün döyür, dalaşırsa, deməli, itirmək istəmir" bu gərəksiz sözləri hər beş qadının ikisindən eşitmək olur. Sevmək, aşiq olmaq, ailə qurmaq hər kəsin haqqıdır. Amma əhəmiyyətli olan bu yolun kiminlə birləşdirilməsidir. Ərə getməklə iş bitmir. Əsl həngamə birgə yastığa baş qoyduqdan sonra başlayır. Doğrudur, sonranı əvvəlcədən müəyyən etmək çətindir. Amma bir az ayıq davrananda kimin mahiyəti nədir anlamaq olur. Əgər bir kişi münasibətin əvvəlində sizinlə sərt davranırsa, bir müddət sonra canavara çevriləcəyini unutmayın. Sevgidir deyirlər. Yox, bunun kişinin psixi pozuntulu olmağından başqa adı yoxdur. Bir çox qadın "ora getmə, bunu geyinmə, sağa baxma, sola dönmə" kimi sözlərlə kişinin onu önəmsədiyini düşünərək öyünürlər. Sonra nə olacağını hesaba qatmırlar. Bir müddət keçir qadın kişinin çəkdiyi xətdən kənara çıxanda ağzı-burnu qan içində qalır və o dırnaqarası sevgi faciəyə çevrilir. Qadın şiddətə göz yumduğu andan uduzur. Getdikcə döymək və döyülmək alışqanlığa çevrilir. Bəzən nəticə həyatını itirməsi bahasına başa gəlir. Qadınlar var ki, bədəni göyərmələrdən toxunulmaz vəziyyətə gəlir, amma o, "sevirəm" deyib, vəziyyətdən ayrılıqsız çıxış yolu axtarır.
İnsan anlamaqda çətinlik çəkir. Səni döyən, öldürəcəyini hiss etdiyin adamı necə sevə bilirsən? Kişi boşanmağı və tərkedilməyi qəbul etmir. Bu addımı özü atsa da, qadının hələ də onun şəxsi əşyası olduğunu düşünür.
Ailələri tərəfindən üstün cins olaraq, "sən kişisən, sən güclüsən, qadın sənə itaət etməlidir, sözündən çıxsa başını əzməlisən" deyə yetişdirilənlərin silahı yumruq olur.
Ümumiyyətlə, cəmiyyət olaraq normal münasibət qurmaq kültürünü itirmişik. Sağlam əlaqələr qura bilmirik, uğurlu evliliyi bacarmırıq, xoşbəxt uşaqlar yetişdirməkdə çətinlik çəkirik.
Dünən bir yazı oxuyuram. Qadın sümükləri qırılacaq qədər döyülüb. Psixoloq ona məsləhət verib ki, artıq sənin 40 yaşın var, bu saatdan sonra boşansan nə olacaq? Oxuduqca insan dəhşətə gəlir. Bu ölkədə insanların uçmağa qanadını qıran həmin psixoloqun düşüncəsində olan milyonlarla şəxs var. İnsanı 40 yaşında cənazəyə çevirib üstünü torpaqlayırlar. Bir dəb yaranıb, "boşanan vaxtı deyil, qocalıb artıq sevə bilməz, yaşı əl vermir eşq onun nəyinə lazımdır" deyirlər. Hesab edirlər ki, insan bəlli bir yaşa gələndə həyatdan əlini ayağını çəkib, təqaüdə çıxıb ölümü gözləməlidir. Çoxumuz bunu çərçivəyə çevirib beynimizin ortasından asırıq. Sonra da baş verənlərə məhz o yerdən boylanırıq. Sırf buna görə rahatlıqla ittiham edib, yarğılaya bilirik.
Məsələn, bir müddət əvvəl hamı 55 yaşlı qadının sevdiyi adama qoşulub qaçmasından danışırdı. Qadın özü açıqlama vermişdi ki, əri onun insan yerinə qoymadığı üçün bu addımı atıb. Mətbuat hadisəni "şok" və ya "kuryoz" adı ilə tirajlayırdı. İnsanların təpkisi digər nüanslara deyil, qadının bu addımı 55 yaşda atmağına görə idi. Sevməyin bir yaşdan sonra sonlanmalı olduğunu deyir, qınaq edirlər. Qəbul edilən deyil. İnsan son nəfəsinə qədər sevə bilər. Heç kim bu duyğuya nə sərhəd, nə çərçivə təyin edə bilər. O qadın sonra açıqlama verdi, "ikinci bahar" yaşadığını dedi. İllərini məhv edən ərindən qurtulduğu üçün xoşbəxt görünürdü.
Boşanmaq da evlənmək kimi normaldır. Əgər aşağılanma, döyülmə, təhqir edilmə varsa, bu addımı mütləq atmaq lazımdır.
Qorxmayın, hirsdən gözü dönənlərdən uzaq durun. Həmişə sizi günahlandıran kişini tərk edin, əmr edərək danışanları silin getsin, təhdid edənlərin həndəvərindən işıq surəti ilə uzaqlaşın, əgər bunları etməsəniz, şiddəti öz aranızda leqallaşdıracaqsınız. Özünü özünə təsdiqləməmiş kişilər sizə həmişə zərər verəcək. Unutmayın, ağıllı, iti zəkası, beyni dolu olan kişilər heç vaxt qadına əl qaldırmır. Bunu edənlər içində cəhalət yatıranlardır.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.17.