Nəsimi haqqında Suriya
aliminin tədqiqatına dair
qeydlər
Böyük Azərbaycan şairi
və mütəfəkkiri
İmadəddin Nəsiminin
650 illik yubileyinin keçirilməsi haqqında
ölkə Prezidentinin
müvafiq sərəncamları
ədəbi-mədəni irsimizə
olan dövlət qayğısının təzahürü
olmaqla Nəsiminin
öyrənilməsi və
təbliği işinə
yeni təkan verir.
Ümumiyyətlə, klassiklərimizin öyrənilməsi
Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə diqqət mərkəzində
olub. Ədəbiyyatşünaslıq və ədəbiyyat tarixçiliyində belə
qənaətə gəlmək
olur ki, bu sərəncamlar və yubileylərdən sonra Azərbaycan ədəbiyyatının dünya
şöhrətli klassikləri
- Nizami Gəncəvi,
İmadəddin Nəsimi
və Məhəmməd
Füzulinin yaradıcılığına
maraq daha da çoxalıb. Bunu Misirdə və İraqda müşahidə
etmək çətin
deyil. Təsadüfi deyil ki, həmin ölkələrdə
Nizami və Füzuli haqqında nəşrlər ortaya qoyulub və araşdırmalar aparılıb.
İmadəddin Nəsiminin məzarının
yerləşdiyi Hələbdə,
ümumiyyətlə, Suriyada
da şairin həyat yolu, fəlsəfi lirikası, dini dünyagörüşü
və hürufi ideyalarının öyrənilməsinə
maraq yaranıb. Bunun nəticəsidir ki, Suriya alimi və
yazıçısı Əbdülfəttah
Rəvvas Qalaçının
"Hələb yaqutu
İmadəddin Nəsimi
(1370-1417). Həyatı, poeziyası, fəlsəfi
fikirləri" adlı
əsəri işıq
üzü görüb.
Ərəb dilində yazılmış
bu əsər 1991-ci ildə Dəməşqdə
nəşr olunub.
Qalaçı Ərəb Yazıçılar
Birliyinin üzvüdür.
Biz 2009-cu ildə Bakıda keçirilmiş
Azərbaycan-Suriya konfransında
bu əsər haqqında təqdim etdiyimiz elmi məruzədə Suriya aliminin işini dəyərləndirmişdik.
Müəllif bir çox tarixi və ədəbi qaynaqlardan yararlanıb. Onun istifadə etdiyi qaynaqlar sırasında Azərbaycanda nəşr olunmuş əsərlər
də vardır: "İmadəddin Nəsimi. Əsərləri". Bakı, 1973; "Nəsimi Divanı", Bakı 1973. Bundan başqa, Nəsimi irsinin nəşri və öyrənilməsi
bölməsində Salman
Mumtazın Nəsimi divanlarından seçib nəşr etdiyi kitab, Vaqif Aslanovun
yazdığı ön
sözlə Moskvanın
"Proqress" nəşriyyatında
Nəsiminin ingilis dilinə tərcümə
edilmiş şeirləri
toplusu (1973), Cahangir Qəhrəmanovun tərtib
etdiyi üçcildlik
Nəsimi əsərləri,
Həmid Araslının
müqəddiməsilə nəşr
olunmuş Nəsiminin
farsca divanının da tədqiqatçının
istifadəsində olduğu
göstərilir.
Qalaçının əsəri 7 bölmədən ibarətdir:
qısa tarixi icmal, Nəsiminin həyatı və təsirləndiyi mədəni
mühitlər, Nəsimi
və hürufilik, Nəsiminin məzarı, Nəsiminin şeirlərində
insan, şairin real duyğu və irfan məzmunlu qəzəlləri, seçilmiş
mətnlər (ərəb
dilinə filoloji tərcümə).
Dövrün tarixi icmalının verildiyi birinci bölmədə Teymur istilasından sonra Azərbaycanda, ümumiyyətlə,
sultanlığın ərazisində
yaranmış vəziyyət,
istila, talanlar, narazılıqlar və fikri cərəyanların
yaranmasından bəhs
edilir. Nəsimi haqqında məlumatların
saxlandığı ərəb
qaynaqlarına bələd
olan müəllif şairin boya-başa çatdığı Şirvan
mühitinin təqdimində
Azərbaycan alimlərinin
əsərlərində verilmiş
nəticələrə əsaslanmışdır.
O, Nəsiminin doğulduğu
yerin məhz Şirvan olduğunu göstərir, bu şəhərdə ədəbi-mədəni
inkişafdan söz açır. Qalaçı Azərbaycan alimlərinin
fikirləri ilə razılaşır və izahat verərək yazır ki, ərəb qaynaqlarıında
yalnız Nəsiminin edamı ilə bağlı məlumatlara rast gəlirik, ona görə Azərbaycan-türk mənbələrinə
əsaslanmağa ehtiyac
vardır. Daha sonra müəllif bir başa qeyd
edir:
("Azərbaycan ədəbiyyatı
tarixi"ndə göstərilir
ki...) Sonra isə şairin
vətəni Şirvan
yurdu və Şamaxı şəhərinin
ədəbi-mədəni tarixinə
keçir (Alimləri,
fəqihləri və
şairləri ilə
şöhrət tapmış,
tədris imkanlarına
malik bu şəhərdə Nəsimi
hərtərəfli ensiklopedik
mədəniyyətə yiyələnmək
üçün münasib
şəraitdə olmuşdur).
Nəsimi haqqında qaynaqlara və şairin əsərlərinə əsaslanan
suriyalı müəllif
şairin dünyagörüşü
və biliyinin genişliyini ayrıca qeyd edir. Qalaçı göstərir ki, Nəsimi fəlsəfə,
astronomiya, məntiq, riyaziyyat və təbiət elmləri sahəsində biliklər
qazanmışdır. O, doğma türk-Azərbaycan
dili ilə yanaşı, mədəniyyət
və ədəbiyyat
dili olan fars dilinə
yiyələnmişdir... O, eyni zamanda, dövrün
bütün yüksək
səviyyəli mədəni
adamlarının dili
- Quran və ibadət
dili, habelə islam maarifi
xəzinəsinin dili olan ərəb dilini bilirdi.
Bu qənaətlər Azərbaycan nəsimişünaslarına
məxsusdur. Professor Mirzağa
Quluzadə 1973-cü ildə
nəşr etdiyi
"Böyük ideallar
şairi"ndə yazır:
"Nəsimi öz doğma şəhəri Şamaxıda qüvvətli
mədrəsə təhsili
almışdır. O, ana
dilindən başqa, fars və ərəb
dillərinə mükəmməl
şəkildə yiyələnmiş,
bunların vasitəsilə
Yaxın Şərqin
zəngin mədəni
irsi ilə yaxşı tanış olmuş, təbiət, riyaziyyat, astronomiya, məntiq, fəlsəfə
elmlərini öyrənmişdir...
Nəsiminin vətəni olan
Şamaxı orta əsrlərdə Yaxın
Şərqin inkişaf
etmiş böyük feodal şəhərlərindən
biri idi. Burada Fələki Şirvani, Xaqani Şirvani, Zülfüqar Şirvani kimi məşhur şairlərin təhsil aldığı böyük
mədrəsələr, tanınmış
alimlər var idi.
Qalaçı Nəsiminin yetişdiyi
mühit haqqında qeyd edir ki,
Azərbaycandakı zəngin
ədəbi-mədəni irslə
yanaşı, Şərq
poetik ənənələri,
islam dini
və hürufilik Nəsiminin dünyagörüşünün
formalaşmasında başlıca
rol oynayıb. Teymur istilasından sonra Azərbaycanda və qonşu ölkələrdə
yaranmış vəziyyət
alim tərəfindən
obyektiv şəkildə
təsvir edilib.
Nəsiminin Hələb dövrü şairin həyatının
mühüm hissəsini
təşkil etdiyi üçün Suriya alimi həmin dövrlərdə Hələb
tarixinin əsas mərhələlərini illər
üzrə təqdim etmişdir. Kitabda Nəsimi acgöz
və təcavüzkar
hakimlərin başqa ölkələri soyub talamasına, zülmə və əsarətə qarşı çıxış
edən möhkəm iradəli bir şəxs kimi təqdim edilir. Şair ideyalarını
təbliğ etmək
üçün Hələbdə
münasib şərait
tapmışdır. "Hələb yaqutu İmadəddin Nəsimi..."
kitabında Nəsiminin
yaşadığı o vaxtkı
Hələb mühiti
olduqca real və təfsilatı ilə təsvir edilib. Hiss olunur ki, müəllifin
yazıçılıq müşahidəsi
güclüdür. Şairin
yaşadığı Fərafirə
məhəlləsinin təsviri
verilən bölməni
oxuduqca vaxtilə böyük mütəfəkkir
Nəsiminin getdiyi yollar göz önündə
canlanır. Müəllifin qənaətlərinə görə, böyük mütəfəkkirin təqib
edilməsi, cəzalandırılması
və edamının səbəbi dini deyil, siyasi baxışlarla
bağlı olub.
Qalaçı Nəsiminin hürufilik görüşlərini izah
etməyə geniş
yer verib. O, hürufilik
ideyalarının bəkdaşilik,
qızılbaşlıq, babilik
və bəhailikdə
də əks olunması, Şamda və Hələbdə hürufiliyin davamçıları
haqqında maraqlı məlumatlar verir. Müəllif hürufiliyin
təşəkkülündə Fəzlullah Nəiminin rolundan, onun çıxışlarının islami ruhundan, Quran təfsirlərində rəqəmlərlə
bağlılıq məsələsindən,
vəhdəti-vücud əqidəsinin
İbn Sina, Muhyəddin ibn Ərəbi və Əbu Hamid əl-Qəzali kimi təsəvvüf alimlərinin
əsərlərində göstərilmiş
mahiyyətindən bəhs
edir və münasib məqamlarda Nəsiminin qəsidələrinə
söykənir, onların
ərəbcə tərcüməsini
verir.
Nəsiminin qəzəlləri əsasında
onun poetik sənətkarlığını yüksək qiymətləndirən
suriyalı alim irfan rəmzlərinin işlədilməsi xüsusiyyətlərini
göstərməyə çalışıb. O, yeri gəldikcə, Nəsiminin
şeirlərini Fəridəddin
Əttar, Hafiz Şirazinin
qəzəlləri ilə
müqayisə edir və onları səciyyələndirən əlamətləri
göstərir.
Müəllif böyük mütəfəkkirin
humanist məzmunlu şeirlərini
dəyərləndirərək aşağıdakı nəticələrə
gəlir;
- Nəsimi hürufilik əqidəsi altında insanı müdafiə etmişdir;
- O, Fəzlullah Nəiminin əsərlərində təbliğ olunan hürufiliyi şeirləri və ictimai əlaqələri vasitəsilə yaymışdır;
- Şair əzilən insani oyatmaq, şərəfləndirmək və onu zalim hakimlərə qarşı qaldırmaq istəmişdir;
- Onun əsərlərində Allah sevgisi tərənnüm edilir;
- Adi insanı şərəfləndirən Nəsimi hökmdarları, hakimləri mədh edən şeirlər yazmamışdır. Sanki onun şeirlərində ardıcıl şəkildə üç obrazdan bəhs edilir: sevgili, Allah, insan;
- Nəsiminin dəvəti mərifətə, sevgiyə, Həqiqətə yönəlmişdir.. Onun məqsədi kamil insan uğrunda çalışmaq olmuşdur.
- Misir alimi Hüseyn Mucib əl-Misridən fərqli olaraq Suriya alimi Azərbaycanda Nəsimi əsərlərinin nəşri və öyrənilməsi sahəsində görülən işləri təqdir edərək göstərir ki, "Nəsiminin vətəni Azərbaycanda şairin irsi layiqli şəkildə qiymətləndirilir". Onun verdiyi qiymətdə hətta xoş həsəd hissi duyulur. Çünki müəllif bu qeydlərdən sonra Hələbdə də Nəsiminin əsərlərinin yayılmasını istəyir. Daha sonra Qalaçı yazır: Nəsiminin vətəni Azərbaycanda, habelə Türkiyədə onun şeirləri dildən-dilə gəzir və xalq tərəfindən oxunur. Orada Nəsiminin faciəli həyatı cəsarət, sevgi və dözümlülükdə əfsanəyə çevrilmiş, şəhid olmuş, qəddarlıqla öldürülmüş insanların timsalı kimi tanınmış və şairlər onu vəsf etmişlər.
Suriya alimi Nəsimini "böyük Azərbaycan mütəfəkkiri və şairi" kimi təqdim edir. O, Nəsiminin böyük xidmətini onun "doğma Azərbaycan dilində" (bi-lüğətihil-Azərbaycaniyyətil-əsiləti) divan yaradan ilk şair olduğunu göstərir.
Əbdülfəttah Qalaçının məlumatına görə, 1989-cu ildə Azərbaycan hökuməti Nəsiminin büstünü Hələb şəhərinə və Azərbaycan nümayəndə heyəti şairin Bakıda nəşr edilmiş kitablarını Ərəb Yazıçılar Birliyinə (Suriya) hədiyyə etmişdir. Müəllif əlavə edir ki, həmin büst Hələb Milli Muzeyində saxlanılır.
"Seçilmiş mətnlər" adlanan son bölmədə Nəsiminin qəzəl, məsnəvi, rübai və qitələrindən bir neçə nümunənin ərəb dilində tərcüməsi verilmişdir. Şeirlərin tərcüməsi Muhəmməd Ədib Bəlluv və Əbdulfəttah Qalaçıya məxsusdur. Təəssüf ki, tərcümə orijinal mətndən edilməmişdir. Burada dəqiq olmayan sözlərə də rast gəlinir. Məs.: "Məndə sığar iki cahan" misrasında "iki cahan" ifadəsi "iki ağır yük" (səqləni) kimi verilmişdir. Nəticədə şairin fikri olduğu kimi çatdırılmır və böyük təhrifə yol verilir.
Əbdulfəttah Qalaçının
müşahidəsinə görə, Hələbdə Nəsimi
qəbrini ziyarət edənlər şairin
irsi haqqında tam məlumata
malik olmurlar. Onlar yalnız qəbr sahibinin
"vəli" və "sufi" olduğunu öyrənirlər. Ona görə təklif edir
ki, Nəsiminin türk
və fars dillərində əsərlərini
ərəb dilinə çevirmək, ərəb
oxucularını, şairin məqbərəsini
ziyarət edənləri bu şeirlərlə
tanış etmək lazımdır. Bu halda Nəsimi haqqında onların təsəvvürü
daha geniş olacaq. Bu təklifi biz də dəstəkləyir və Nəsimi
şeirlərinin ərəb dilinə filoloji
tərcüməsini yerinə yetirməyi öhdəmizə götürürük. Bu
istək və arzu hələ 1968-ci ildə
Xalq şairi Rəsul
Rzanın Suriyaya - Hələbə səfəri
zamanı yazdığı təəssüratlarında ifadə
edilmişdi. Şair
yazır: "Vaxt gələcək həqiqət
yolunda, fikir
azadlığı yolunda qurban
getmiş böyük
Azərbaycan şairi Nəsiminin tunc heykəli yüksələcəkdir. Bu heykəlin qarşısında qoyulacaq ən dəyərli hədiyyə onun ana dilində və onlarca başqa dildə nəşr
edilmiş tam toplu əsərləri olacaqdır".
İmamverdi Həmidov
525-ci qəzet.- 2019.- 21 sentyabr.-
S.20-21.