Azərbaycan kinosu yeni inkişaf mərhələsində  

 

 

Bu il 121 yaşını qeyd edən Azərbaycan kinosu mədəniyyət salnaməmizdə özünəməxsus yerə sahibdir. Həm sovet dövründə müxtəlif vaxtlarda, həm də müstəqilliyin ilk illərində bu sahə çətin sınaqlardan keçib.

 

Bununla yanaşı, milli kino sənətinin tarixində dəyərli ekran nümunələrinin ərsəyə gəldiyi, istedadlı, təcrübəli kino xadimlərinin yetişdiyi mühüm inkişaf mərhələləri olub. Mədəniyyətimizin böyük hamisi, Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə kino salnaməmiz bir çox maraqlı, məzmunlu örnəklərlə zənginləşib. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra, mədəniyyətimizin digər sahələri kimi, kino sənayesində də canlanma yarandı.

Dövlət tərəfindən kinonun inkişafına dəstək göstərilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin də mühüm istiqamətlərindən biridir. Bu baxımdan son on ili milli kino sənətimizin tarixində əlamətdar mərhələ kimi səciyyələndirmək olar. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafında mühüm rol oynayıb. Dövlət proqramında nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən diqqətəlayiq layihələr həyata keçirilib. O cümlədən, ötən illərdə ekran əsərlərimizin beynəlxalq festivallarda daha geniş miqyasda və uğurlu iştirakı bu dövrün mühüm nəticələrindən biridir.

Sənədə əsasən, mövcud problemlərin həlli, kino sənayesinin yenidən qurulması ilə bağlı C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal prosesinin təşkili, yarımçıq filmlərin tamamlanması, yaradıcı və texniki potensialın müəyyənləşdirilməsi və inkişaf etdirilməsinə diqqət artırıldı. "Xəzər dənizi" pitçinq (kino layihələrinin təqdimatı və müdafiəsi) layihəsinin icrası, ilk dəfə Kann kinofestivalında Azərbaycanın iştirakı, xarici mütəxəssislərlə müştərək layihələrin dəstəklənməsi və digər addımlar bu sahəyə göstərilən qayğının nəticələrdir. Bundan əlavə, gənc rejissorların "Azərbaycanfilm" kinostudiyasına cəlb edilərək yeni filmlərin çəkilişi, 2012-ci ildə Azərbaycan Prodüserlər Gildiyasının yaradılması və aparıcı kino şirkətlərinin birləşdirilməsi, kino istehsalında daxili imkanlardan daha səmərəli istifadə edilməsi qarşıya məqsəd qoyuldu və bu proses tədricən həyata keçirildi.

2011-ci ildən "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmiş Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bildirir ki, Prodüserlər Gildiyasının yaradılması ölkəmizdə prodüser kinosunun inkişafı istiqamətində atılan növbəti addımlardan oldu: "Bu qurumun təşkilində əsas məqsəd özəl və dövlət studiyalarının, o cümlədən, aparıcı prodakşn şirkətlərinin birgə əməkdaşlığını təmin etmək idi. Əgər bir prodakşnda texnika, digərində mütəxəssis varsa, biz onları bir araya gətirməklə həm maliyyənin ölkə daxilində qalmasına, həmçinin, şirkətlərin davamlı fəaliyyətinə şərait yaratdıq. Kino şirkətləri arasında sıx əlaqənin qurulması sahənin inkişafına təkan verəcək amillərdəndir". 

Gənclərə yaradıcı meydan

Bununla bərabər, "Azərbaycanfilm"in nəzdində "Gənc sinemaçılar" klubunun yaradılması, istedadlı gənclərin bu kluba cəlb olunması öz həllini uğurla tapdı. Kino sənətinə həvəs göstərən gənclərə özlərini sınamaq üçün imkanların yaradılması da bu proqramın bir hissəsini təşkil edirdi. "Azərbaycanfilm" kinostudiyası 2014-cü ildə qısametrajlı bədii film ssenariləri müsabiqəsi elan etdi. Həmçinin, 2013-cü ildə Azərbaycan Prodüserlər Gildiyası "Geniş baxış" adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsini keçirdi".

Bu müddət ərzində "Azərbaycanfilm" kinostudiyası film istehsalı ilə yanaşı, beynəlxalq layihələr çərçivəsində xarici şirkətlərlə təcrübə mübadiləsi aparıb. Yerli kadrların yetişdirilməsi və dəstəklənməsi məqsədilə layihə və təlimlər həyata keçirilib. Müxtəlif ölkələrdə yaşayan, təhsil alan, fəaliyyət göstərən gənc azərbaycanlı rejissor, ssenarist və operatorlar "Azərbaycanfilm"də film çəkmək üçün dəvət olunub. Onların iştirakı ilə 10-dək qısametrajlı bədii filmdən ibarət "4.1. Şəhər motivləri" və "40-cı paraleldə" kinoalmanaxları ərsəyə gətirilib.

Milli animasiya tarixində ilk dəfə çoxseriyalı cizgi filmlərinin istehsalı reallaşıb. Bundan əlavə, bir sıra sənədli və qısametrajlı filmlər məhz gənc mütəxəssislər tərəfindən ekranlaşdırılıb.

Film sənayesində fərqli təmayüllərin yaranması və inkişafı zərurəti nəzərə alınaraq reallaşdırılan müxtəlif səpkili müsabiqələr bu sahədə yeniliklərə də üfüq açıb. "Bu meydan, bu ekran", "Kino və tənqid", "Vətən and yerimizdir", "Yenifilm.az", "Xəzər", habelə cizgi filmləri üçün ssenari, Azərbaycan Prodüserlər Gildiyasının "Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqələri bu mənada diqqətəlayiq layihələrdəndir. Bu müsabiqələrə gənc rejissorlar və prodüserlər tərəfindən yüzlərlə kino layihəsi təqdim olunub. Münsiflər heyəti tərəfindən seçilən işlər əsasında müstəqil prodüser mərkəzlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 23 qısametrajlı film çəkilib.

Son illər yeni kinematoqrafçılar nəslinin beynəlxalq təcrübədən yararlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 10 nəfər gənc Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib. 2017-ci ildə Ümumrusiya Kinematoqrafiya Universiteti ilə əməkdaşlıq çərçivəsində nazirliyin dəstəyi ilə azərbaycanlı bir neçə gəncin kino ixtisası üzrə bakalavr səviyyəsində təhsil almaq üçün Rusiyaya göndərilməsi təmin edilib.

Tarixi yaddaş və mədəni irsə sayğı

Dövlət sifarişi ilə "Azərbaycanfilm"də lentə alınan "Dolu" (2012),  "Nabat" (2014) bədii filmləri Qarabağ müharibəsindən bəhs edir. "Nabat" filmi dəfələrlə beynəlxalq festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülüb. Bu da Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm kəsb edir. Həmçinin, dövlət sifarişi əsasında çəkilmiş "40-cı qapı", "Çölçü", "Axınla aşağı", "Qırmızı bağ", "İçərişəhər", "Qisas almadan ölmə", "Sonuncu", "Nar bağı" və s. filmlər son illərin maraqlı ekran əsərlərindəndir. Bu filmlərin bir çoxu Fransa, Almaniya, İngiltərə, ABŞ, Kanada, Avstraliya, Yaponiya, Çin, Rusiya və Hindistanda keçirilən beynəlxalq festivallarda 200 dəfədən çox nümayiş etdirilib, "Ən yaxşı film", "Ən yaxşı rejissor işi", "Ən yaxşı aktyor işi", "Ən yaxşı ssenari" kimi nominasiyalarda mükafat qazanıb.

Uzun fasilədən sonra ilk dəfə olaraq "Azərbaycanfilm"də uşaq filminin ("Dərs", 2015) çəkilməsi müasir kino salnaməmizdə hadisəyə çevrildi. Filmdə müasir Azərbaycan yeniyetmələrinin formalaşması, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələlərə toxunulur. Uşaqlar üçün 3D formatda "Cırtdan və sehrli xalat" cizgi filmləri istehsal olunub.

"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən "Salnaməfilm", "Yaddaş", "Azanfilm", "Mozalan" studiyalarında da maraqlı ekran əsərləri ərsəyə gəlir. Xüsusilə "Salnaməfilm"də Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunan silsilə filmlər, "20 Yanvar" ("Silahdaşlar"), "Cümhuriyyət tələbələri" kimi sənədli filmlər milli tarixi yaddaşın təbliğində xüsusi əhəmiyyətə malikdir. Tariximizin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin kino salnaməsinin yaradılmasına bu sahədə çalışan digər qurumların ekran işləri, özəlliklə Bakı Media Mərkəzində çəkilən "Əbədi ezamiyyət", "Sonuncu iclas" kimi maraqlı filmlər də mühüm töhfə olub.

Hazırda dünyada müştərək filmlərin çəkilməsi tendensiyası geniş yayılıb.  "Azərbaycanfilm" kinostudiyası da müxtəlif ölkələrin kino şirkətləri ilə birgə layihələrin həyata keçirilməsini diqqətdə saxlayır. Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə istehsalı olan "Mahmud və Məryəm" (2013) filmi,  Rusiya kinematoqrafçıları ilə "Qorxma mən səninləyəm. 1919" (2013) bədii, alman mütəxəssisləri ilə birlikdə Qarabağ atlarından bəhs edən "Sarılar" (2016) sənədli və başqa filmlər ərsəyə gəlib.

60-dək ölkədə 230-dan çox festivalda iştirak  

Kino sahəsində həyata keçirilən islahatlar tədricən öz bəhrələrini verməyə başlayıb. Azərbaycan kinosunun sorağı dünyanın bir çox festivallarından gəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə Kann kinofestivalında ölkəmizin xüsusi pavilyonu fəaliyyət göstərib. Minlərlə festival iştirakçısının ziyarət etdiyi milli pavilyonda yeni filmlərimiz nümayiş olunub.

Ötən dövrdə Azərbaycan paytaxtı da beynəlxalq film festivallarına ev sahibliyi edən şəhərlərin sırasına qoşulub. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı və Bakı Beynəlxalq İdman Filmləri Festivalı bu xüsusda yaddaqalan layihələr olub.

Bundan əlavə, milli kinonun beynəlxalq aləmdə təbliği də diqqət mərkəzində saxlanılır. Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan kinosu günləri keçirilib. Müxtəlif xalqların kinosevərləri kino mədəniyyətimizin zəngin ənənələri ilə tanış olmaq imkanı əldə ediblər.

Ümumiyyətlə, kino sahəsinin inkişafı ilə əlaqədar Dövlət Proqramının həyata keçirildiyi 10 il ərzində "Azərbaycanfilm" və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində 300-dən artıq bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilmiş 231 beynəlxalq film festivalında iştirak edərək müxtəlif nominasiyalarda 138 mükafat qazanıb. Təkcə 2019-cu ilin birinci yarısında 10 filmimiz 30 dəfə beynəlxalq festivallarda iştirak edib. 

Yeni hədəflərə doğru

Milli kinematoqrafiyanın müasir tələblər səviyyəsində inkişafını təmin etmək üçün kino sənayesinə yeni dövrün çağırışları kontekstində yanaşılması zəruridir. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 1 mart 2019-cu il tarixində "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalanıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası"nın hazırlanması tapşırılıb. Bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi qrupu yaradılıb. Ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara müvafiq məktublar göndərilərək sözügedən Konsepsiya ilə bağlı təkliflərini nazirliyə təqdim etmək xahiş olunub. "Azərbaycanfilm" kinostudiyası, "Salnaməfilm", Bakı Media Mərkəzi, "Nərimanfilm", "Ultra production", Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzi və s. qurum və müəssisələrin, bu istiqamətdə fəaliyyət göstərən ictimai təşkilatların, eləcə də müstəqil kino mütəxəssislərinin təklifləri dinlənilib, mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təqdim olunan təkliflər vaxtaşırı olaraq müəlliflərin iştirakı ilə İşçi qrupu tərəfindən müzakirə edilib.

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İşçi qrupunun üzvləri Litva, Macarıstan və Gürcüstanda səfərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələri təhlil ediblər. Bütün təkliflər nəzərə alınmaqla hazırlanmış "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası"nın layihəsi ölkə başçısına təqdim olunub.

Onu da əlavə edək ki, kino haqqında yeni qanunun qəbul edilməsi də bu sahənin inkişafı üçün gündəm mövzularındandır. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən verilən məlumata görə, yeni qanun layihəsi baxılması üçün Milli Məclisə təqdim olunub. Təbii ki, qanunun qəbulu kino sənayesinin inkişafına müsbət təsir edəcək.

Bununla bərabər, ölkə başçısının yuxarıda qeyd olunan sərəncamına əsasən, dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə bu ilin mart ayında bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub. Müsabiqəyə hər hansı janr məhdudiyyəti olmadan vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzuları əhatə edən 200-dək film layihəsi təqdim edilib. Ssenarilər tanınmış kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən təhlil edilib və 18 ssenari istehsal imkanlarından asılı olaraq film çəkilməsi məqsədilə seçilib.

Bu gün dövlətin sahəyə diqqət və qayğısı, o cümlədən, sənətdə öz sözünü deməyə başlayan yeni istedadlı yaradıcı nəslin yetişməsi və təbii ki, bu sənətə illərini vermiş kino xadimlərinin təcrübə və bacarığından səmərəli istifadə milli kinematoqrafiyanın inkişafı üçün yeni bir mərhələ və yaradıcılıq üfüqləri açır. Üstəlik, kinolentin yaddaşına köçürülməli o qədər aktual mövzu var ki... 

 

Lalə ƏLƏKBƏROVA

 

525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.18.