Həyəcan
zəngi
Heç
bilmirəm, bu yazını necə başlayım, nə təhər
deyim ki, bütün varlığı ilə torpağa, xalqa,
Vətənə, dövlətçiliyimizin qüdrətlənməsinə
yaradıcı bir məhəbbətlə xidmət etmiş,
unudulmaz rəhbərimiz Heydər Əliyevin nəhəng
siyasi xəttinə həmişə sədaqətli olmuş
işıqlı bir şəxsiyyətin - respublikamızda
kifayət qədər tanınmış uzun ömürlü
(Allah qorusun!) istəklimiz, hörmətli Sadıq Murtuzayevin
"525-ci qəzet"in 11 sentyabr 2019-cu il tarixli nömrəsində
dərc edilmiş "İlisu süquta gedir" adlı
harayına səs verə, onun göy gurultusuna bənzər həyəcan
zənginin cingiltisinə qoşula bilim.
Böyük
Qafqaz dağlarının ətəklərində
salınmış şanlı keçmişi olmuş qədim
bu dağ kəndi haqqında on neçə il qabaq çox nəfis,
baxımlı, faktlarla zəngin, əhatəli,
tanınmış müəlliflərin iştirakı ilə
nəşr edilmiş, sanballı "İlisu"
kitabını (Bakı, "Oskar" nəşriyyatı,
2005-ci il, 360 səhifə) həvəslə, diqqətlə
oxumuşam və bu, olduqca maraqlı kitab barədə fikrimi
yazıb çap etdirmişəm.
Həmin
yazıda qeyd etmişdim ki, kaş yurdumuzun yaşayış məskənləri
haqqında belə qiymətli məlumatlarla diqqət çəkən
kitablar çox olaydı, ellərimizi yaxından
tanıyaydıq, onun qədrini biləydik, sosial-iqtisadi problemlərinin
həllini vacib sayaydıq, hər obanın, tirənin, məhəllənin
dirçəlib intişar tapmasına, əhalinin
həyat səviyyəsinin daha da yaxşılaşmasına
nail olaydıq.
Amma necə,
hamı çalışırmı, can yandırırmı?
Sadıq
müəllimin birinci cümləsi mənə güllə
kimi dəydi, dünya başıma dolandı, təəccübləndim,
sıxıldım, az qala, balaca bir
yumağa döndüm: "...birinci sinfə gedənlərin
sayı 100 nəfər idi. Keçən il
(2018-2019-cu dərs ili - R.M.) birinci sinifdə cəmi 3 nəfər
(?!) oxuyub"...
Mən bu 3 nəfər cocuğa nə deyə bilərəm? Deyə bilərəmmi ki,
hanı sizin gur-gur guruldayan sinif otaqlarınız, qulaq
batıran uşaq səsləri, oğlanlar, qızlar,
çiçək nəfəsli gül balalar... Necə olacaq
bu məktəbin sabahı, müəllimlərin beyninə qan
sızmazmı, həsrətdən, nisgildən məktəbin
divarları çatlayıb tökülməzmi...
Hanı
valideynlər, hara qeybə çəkildi bu qədim kəndin
cavanları...
Yadıma
ən azı 40 il qabaq İlisuda iştirakçısı
olduğum bir toy gecəsi düşdü.
O bölgənin
tanınmış ziyalısı, təsərrüfat rəhbəri
Şahid Muxtarov bir yay gecəsində oğlunun toy məclisini
qurmuşdu. Açıq havada, həyətdə
böyük bir çal-çağır vardı.
Səhv etmirəmsə, bu nəhəng toy məclisində
üç dəstə çalıb-oxuyanlar var idi.
Elə bil, göyün ulduzları gülə-çiçəyə
dönüb qonaqların üstünə səpələnirdi.
Toyun tamadası o yerlərdə hamının
tanıdığı, səmimi, işgüzar bir şəxs
olan Ürfan Əfəndiyev idi.
Mən də
Şəki Şəhər Partiya Komitəsinin birinci katibi
Sadıq Murtuzayevin, böyük elm xadimimiz Xudu Məmmədovun,
Gürcüstanın Laqodexi rayonundan gəlmiş Stalin
adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı
(təəssüf ki, adını unutmuşam) orta
yaşlı bir kişinin əyləşdikləri sırada
oturmuşdum.
Birdən
hörmətli tamada toyu təbrik üçün mənə
söz verdi. Hər iki
cavanı təbrik etdim. Deyəsən, Ürfan Əfəndiyevlə
birlikdə əməlli-başlı oynadıq da...
Sonralar həmin toy gecəsinə şeir yazıb
çap elətdirdim.
"İlisuda
toy gecəsi" adlı həmin şeirdən
aşağıdakı misralar hələ də
yadımdadır:
İlisuda
toy gecəsi
bir yay
nağılı,
Həmin
gecə həsrətlərin
bağrı dağıldı...
Elə bu
yerdə dünyadan köçüb getmiş Xudu Məmmədova,
Şahid Muxtarova, Ürfan Əfəndiyevə... Allahdan rəhmət diləyirəm.
Salıq
müəllimin dediyi fakt hamımızı
düşündürməlidir, necə yəni qədim,
tarixi İlisuda yeni nəslin kökü kəsilməkdədir...
Beləliklə, İlisu hara gedə bilər, necə gedə
bilər, gedirmi...
Sadıq
müəllim elm və sənətkarlıq sahələrində,
rəhbər dövlət quruculuğunda çalışmış,
təsərrüfat işlərində hünər göstərmiş
ilisululardan misal çəkərək fəxarət hissi
keçirməklə yanaşı, laqeydliyi, biganəliyi,
soyuqqanlılığı da qeyd edir, adamları bir az həssas olmağa,
mehribançılığa çağırır.
Özünün də doğulub, boya-başa
çatdığı, Hitler müharibəsinin çox
mürəkkəb və ağır illərində İlisuda
çəkdiyi müsibətləri bir sıra kitablarında
xatırlayan, sonrakı illərdə Mərkəzi Komitədə
işləmiş, dörd böyük rayon partiya komitəsinə
üst-üstə otuz ildən artıq bir müddətdə
başçılıq etmiş Sadıq Murtuzayev hər yerdə
yaradıcı-qurucu, təşəbbüskar təşkilatçı
kimi hörmət qazanmışdır və onun bu gün
doğma İlisu haqqında həyəcanla, təəccüblə,
təəssüflə, haradasa qəzəblə
danışmasını çox təbii və yerində
hesab etmək gərəkdir.
O,
İlisunu dirçəltmək, onun tarixi keçmişini bir
daha qiymətləndirərək, indiki geniş və hərtərəfli
sosial-inkişaf dövrünün imkan və vasitələrindən
canıyananlıqla istifadə etməklə, özünün
zəngin həyat təcrübəsinə arxalanaraq,
faydalı məsləhətlər verir, perspektiv inkişaf
yollarının istiqamətlərini göstərir.
Bir vaxtlar Qafqaz sərdarı Böyük knyaz,
general Voronsovu İlisuda qəbul etmiş İlisu sultanı
Danyal, həm də məşhur Şeyx Şamil hərəkatının
ən igid tərəfdarlarından biri olmuşdur və "general" hərbi
rütbəsi qazana bilmişdir.
Bu azman
kişinin xatirəsini yaşatmaq naminə kənddə, mədəniyyət
nöqtələrində nəsə etmək mümkün
deyilmi...
Bu, ona görə lazım deyil ki, nə vaxtsa turistlər
gəlib baxıb getsin, indiki vaxtda adamları təəccübləndirmək
müşkül işdi, həm də ona görə vacibdir
ki, biz özümüz öz tariximizi öyrənməliyik,
bilməliyik, keçmişimizlə fəxr etməyi,
öyünməyi bacarmalıyıq.
Sadıq
müəllimin bir cümləsi məni yerimdən tərpətdi:
"Vaxtilə İlisunun 11 məhəlləsinin hər birindən
bir naxır qaramal çıxardı və kəndin ətrafındakı
örüş yerləri də onları təmin edirdi.
İndi bütün kənddə inək saxlayan
10 nəfər yoxdur". Yəni
qatıq-süd almaq üçün rayon mərkəzinə
getməli olursan.
Bu yayın söhbətidir. Bakının bürküsündən
can qurtarmaq, bir az dağ havası almaq məqsədilə
oğlum Zaurla Daşkəsən tərəfə - Xoşbulaq
yaylağına üz tutduq.
İyulun son günləri idi. Az qala, göylərdən
sallanan Daşkəsənin Xoşbulaq yaylağının buz
kimi yaşıl havası bizə ləzzət verdi. Zaurun Valeh adlı dostu bizi dağların göbəyindən
süzülüb dərəboyu gələn bulaq
başına apardı. Ordan da onun ata-baba
yurdu Təzəkəndə yollandıq.
Əvvəla,
onu qeyd edim ki, yollarboyu dağların yamaclarında, ətəklərində
dərələrdə qoyun-quzu sürülərinin
boz muncuq kimi qatar-qatar sıralanıb
boyunbağı kimi yaşıl çəmənliklərə bəzək vurduğunu
görürsən, "Allah bərəkət versin!" - deyirsən.
Valehin əmisigilin dağdibi həyətində
toyuq-cücə əlindən tərpənmək olmurdu. Valeh əmisioğlunu
soruşdu, anası Firuzə xanım (pensiyaçı müəllim)
dedi ki, qoyun-quzunu dağın o üzünə otarmağa
aparıb, günortaüstü nahara qayıdacaq. Söz-söhbətdən məlum oldu ki, bu ailənin
250 başa yaxın qoyun-quzusu var. Nehrə yağı almaq istədiyimizi
bildirdik. Firuzə xanım qayıtdı ki, tapılar,
lap elə bu çəpərbir qonşumuzun 10 baş inəyi
var.
Hə, elə
bu həyətdəcə günəbaxan çiçəyi
kimi sapsarı nehrə
yağında bişirilmiş bir dağ çolpasını
tərifləyə-tərifləyə ləzzətlə yeyib,
üstündən də "Şair Cavad
bulağı"nın bal suyundan dəmlənmiş kəkotulu
çay içib, Bakı tərəfə gedən yollara
üz tutduq. Bulaq-abidəyə şairin şəklini də
vurublar: əlində qələm, qarşısında kitab-dəftər,
gəlib-gedənlərə baxır... Çox
bəyəndim. Sağ olsunlar.
Böyük
Qafqazın şöhrətli dağ kəndi İlisunun
bugünkü gününə bax, Kiçik Qafqazın ucqar
dağ kəndi Təzəkənddə büsata bax...
İlisudakı ötən əsrlərdən
qalmış qədim, tarixi abidələrin bərpası,
qorunub saxlanılması kimi vacib məsələlərə də
diqqət ayrılmasının əhəmiyyətindən bəhs
edən hörmətli müəllif kənd qəbiristanlığının
da səliqə-sahmana salınmasını istəyir.
Tibb
ocağının, aptekin olmasını vacib hesab edir müəllif.
Hər
cümləsi adamı düşündürən
yazının bir yerində oxuyuruq: "... heç bir işlə məşğul
olmayıb kəndin gimgələrində oturan əmək
qabiliyyətli kişilərə, iş axtaran qadınlara
baxıb ürək ağrısı keçirməmək
mümkün deyil".
Yay
aylarında aran rayonlarından gələn camaata kirayə ev verməklə nə qədər dolanmaq olar,
axı...
Hansı
istiqamətdə iş yerləri açmaq, imkanlı
adamları, təşkilatları İlisuya sərmayə
qoymağa həvəsləndirmək, iri sənaye, kənd təsərrüfatı
müəssisələrinin burada filiallarını açmaq
və s. haqqında kim düşünməlidir, təşəbbüsdə
olmalıdır görəsən?..
İlisu həm də müalicəvi sular
diyarıdır. Mineral suların arxasınca biz (elə mən
də daxil olmaqla) bahalı Şimali Qafqaz kurortlarına üz
tuturuq.
Torpaq altdan qaynar istisu çıxması özü təbiətin
bir möcüzəsi, sirridir.
Böyük
Yaradanın bu qiymətli lütfündən, payından, bu təbii
sərvətdən
müasir tibbi-sağlamlıq tələblərinə
cavab verə biləcək tərzdə səmərəli
istifadə etmək, müalicə yeri axtaranların
yönünü İlisuya tərəf yönəltmək
mümkün deyilmi?..
İndi
hansı dövrdə yaşayırıq ki, isti sudan istifadə etmək üçün adamlar
növbəyə dayanıb, "bəzən günlərlə
gözləyib 20-30 nəfərlik bir hovuza doluşurlar..."
Bulaq gözü açmaq, təmizləmək
savabdır. Əgər bu gün Beşbulağın gözü
tutulursa, yolu bağlanırsa, kimdir günahkar? Mən, sən,
o, biz, hamımız...
İlisunun
Ağayazı adlanan düzündə çalışanlara salam olsun! Bu yerlər İlisuya məxsusdur.
Sadıq müəllimin yazdığı kimi yaxın gələcəkdə
orada böyük sürətlə inkişafda olan badam, alma, üzüm, şaftalı, ərik
bağları bol məhsul verəcək, yeni emal obyektləri
açılacaq və şübhəsiz ki, işləyənlərin
də sayı çoxalacaq.
Başdan-başa qazlaşdırılmış, elektrik
enerjisi ilə təmin edilmiş İlisuda meşələrin
qırılması təhlükəsi yoxdur. Dağ meşələrinin
dirçəlib boy atmasına, yaşıllıqların çoxalmasına hər
cür şərait var.
Əslən
Qax rayonundan olan və uzun müddətdir ki, respublikanın meliorasiya və su təsərrüfatına
rəhbərlik edən, bu sahənin akademiki hesab olunan və mənim
də şəxsiyyətinə və fədakarlığına
inandığım hörmətli Əhməd Əhmədzadənin
İlisu camaatının sosial-iqtisadi dirçəlişi
istiqamətində həyata keçirdiyi və keçirəcəyi
tədbirlər məncə, ən yüksək qiymətə
layiqdir.
Belə
oğullar var olsun!
İlisu haqqında Sadıq müəllimin
yazdıqlarını həyəcansız oxumaq mümkün
deyil.
Hörmətli
müəllif bu nöqsanların, problemlərin səbəbini
də aqilcəsinə göstərməyi
bacarmışdır: "Laqeydlik və məsuliyyətsizlik!"
İlisu həm də Dövlət qoruğudur. Gəlin
qoruğumuzu qoruyaq. Və bu yazını məşhur
türk şairi Orxan Vəli Qanıqın "Vətən
üçün" şeiri ilə bitirmək qərarına
gəldim:
Bu Vətən
üçün nələr etmədik!
Kimimiz
öldük,
Kimimiz
nitq söylədik...
Şüvəlan, 15 sentyabr 2019-cu il
Ramiz MƏMMƏDZADƏ
525-ci qəzet.- 2019.- 21 sentyabr.-
S.16.