Üçgünlük sevgilim...  

 

 esse

 

Görəsən, həyatda elə bir insan varmı ki, onun xəyalları olmasın? Əminəm ki, yoxdur. Bəziləri xam xəyallarla yaşayır, bir başqaları da ən istəkli arzusuna bütün həyatını sərf edir. Kimisi sevdiyi qadın üçün, kimisi peşəsi üçün, kimisi sağlamlığına yenidən qovuşmaq üçün.

 

Uşaqlıqda mənim yaşıma xas məzəli maraqlı arzularım var idi. Göydə uçan təyyarələrə baxıb, "məni apar" - deyə qışqırır, arxası ilə qaçırdım. Yəqin ki, bu istək çoxlarımızın həyatında olub.

 

İnsanın xəyalları onun böyük ya kiçik, sadə ya qəliz olmasından asılı olmayaraq, özünü ifadə edir. Axı, çox zaman qurduğumuz xəyallar bizim yaşamağımızın məğzi, həyat məqsədimiz olur.

 

Tək özü üçün yaşayan, yalnız özünü düşünən insanlar da var ki, amalları sərvət rahatlıqdır. İnsan özünə bir belə zülm edəcək qədər ağılsız olmalıdır ki, daima hansısa avtomobilin, yaxud evin onun olmasını səbirsizliklə xəyal etsin, ömrü boyu daima iztirab ruh gərginliyi içində yaşasın.

 

Romantik insanların xəyalları da fərqlidir. Onların dəlicəsinə bir eşq, gözəl ailə, sağlam həyat xəyallarındakı ölkələrə uşaqlıqda arxası ilə qaçdığı təyyarələrlə səyahət etmək kimi arzuları olur...

 

Biz həkim, müəllim, təyyarəçi olmaq kimi xəyallarla böyüdük. Daha sonra arzularımızdakı müəllim bizə təhsil verdi, həkim sağlamlığımızın qeydinə qaldı, təyyarə isə bizi xəyallarımıza, sevdiklərimizə qovuşdurdu...

 

Bəli, qovuşdurdu! Mən o gün ilk dəfə xəyallarıma toxunurdum. İlk dəfə təyyarəylə səyahət edirdim. Bu, başlanğıc idi. O, yaxından daha əzəmətli idi. Göylərdəki kimi ovucumuza sığacaq qədər deyildi. Amma neçə xəyalları gerçəkləşdirmişdi. Bəlkə onun böyüklüyü elə burdan başlayırdı...

 

Bəlkə ilk səfərim olduğu üçün emosional idim. Əzizlərimlə vidalaşmaq, qarşıdakı səyahətin həyəcanı... Mənim üçün təyyarə ayıran yox, həmişə qovuşdurandır.. Sevdiyinə, arzusuna qovuşmaq üçün tələsənlərin ilk seçimi təyyarə olmalıdır. Mən təyyarəylə uçdum. Ona qovuşmaq üçün daha sürətlə gedən ikinci variantım yox idi.

 

Səbirsizəm. Ona gedən yolları izləyirəm. Özü qədər dərdi ağır olan Ağrı dağı məni müşayiət edir. O qədər möhtəşəm mənzərəsi var ki, gözlərimi çəkə bilmirdim. Göy üzü gömgöy idi. Günəş elə bil şıltaqlaşmışdı, atlanıb-düşür, buludların arasında batıb-çıxırdı. Sanki o da hiss edirdi bizim ilk dəfə görüşəcəyimizi. Dünyanın ən möhtəşəm əvəzsiz hissi idi.

 

Yolboyu mənzərəli yerləri gördükcə sevinirdim. Yəqin O da belədir. Ona gedən yollar qədər uzun, dağları qədər hündür, qoynunda açan çiçəkləri qədər təravətli incə ruhlu...

 

Yarıuçuq evləri, solğun mənzərələri gördükcə hürkürdüm. İlk dəfə toxunacağım xəyalımı belə mənzərədə görmək istəmirdim...

 

zaman yetişir, məsafə azalır... Uzaqdan türk əsgərlərinin postları görünür. Bu an sevindiyimdən gülmək keçir ağlımdan. anlayıram ki, xəyalımdakı O elə qüdrətli, elə möhtəşəmdir ki, bu cür qoruyurlar. Demək ona inanmaq, sığınmaq, sevmək olar...

 

biz qovuşuruq. Mən onunla tanış oldum - İğdır. Mən onu cavan, çılğın, baxımlı xəyal etmişdim... Amma o, qosqoca, əzəmətli həm dərdli idi... Göy üzü, buludları, ulduzları, bütün təbiəti ilə yadda qalan, inanılmaz bir şəhər... İğdır!

 

91 min nəfər əhalisi olan İğdırda məskən salan insanların çoxusunun dədə-babaları Arazın o tayından, Qərbi Azərbaycan torpaqlarından, əsasən İrəvandan gəliblər. Burda kimi dindirsən, bir acı hekayəsi mütləq var... Hər birinin taleyi bir kitaba sığmaz. Birinin əhvalatı lap sarsıtdı məni: üç oğlunu erməni vəhşətindən xilas etmək üçün Arazdan keçirmək istəyən atanın müsibəti... Sel bir yaşlı uşağı atanın əlindən alıb aparır, ata ciyərparasının meyitini olsa, tapsın deyə saatlarla sahilboyu yüyürür...

 

İğdır belə müsibətli talelərlə doludur. Mən bunları öyrəndikcə İğdıra mərhəmət hissi içimi doldurdu. Onun dərdi mənə doğmalaşırdı.

 

İğdırda Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın təşəbbüsüylə Türkiyə-Azərbaycan qardaşlığını, birliyini simvolizə edən möhtəşəm tədbir keçirildi. Qardaş ölkənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin Tuzluca qəsəbəsinə yaxın ərazidə yerləşən əzəmətli Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşünə qatıldıq (Tuzlucadan Təkaltı dağına uzanan yol Mübariz İbrahimovun adını daşıyır). Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımızı Təkaltı dağının zirvəsində dalğalandırdıq. O qədər möhtəşəm mənzərə yaratmışdıq ki, Zirvədən qarşıya, Araz çayının o tayına, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarına baxaraq, gələcək günləri xəyal edirdim. Kaş gün gələydi, o ərazilər də Qarabağla birlikdə yenidən türkün əbədi məskəninə çevriləydi. Bu gözəl duyğunu mənə yaşadan, İğdır oldu.

 

İğdıra heyran olmamaq mümkün deyildi artıq. Sevirdim onu. İnsanları da mehriban, qonaqpərvər və yardımsevər idilər. İğdırı həm də ona görə tez sevməyə başlamışdım ki, özümü elə Azərbaycandakı kimi rahat hiss edirdim. Biz onunla tez doğmalaşmışdıq.

 

İlk gündən çalışırdım ki, daha çox gəzim, onu daha yaxından, dərindən tanıyım, daha çox sevim ki, ömrümün sonuna kimi unutmayım. Gödüklərim çox, yazmaq istədiklərim sonsuz idi... Gəzməklə bitmirdi, anlatmağa söz yetmirdi. O, mənə çox şeylər anlatdı. Sən demə, unuda bilmədiklərini onunla unutmaq mümkün imiş. Mən artıq bu hissləri yaşadıqca onu daha çox sevirdim. Səhərləri daha gözəl idi İğdırın. Artıq səhər tezdən küçələrdə insanlar dolaşırdı. İşə tələsən kim, fırına odun atan kim, dua etmək üçün məscidə gedən kim... Hələ əzan səsinə oyanmaq. İnsanı saflaşdıran dualar etmək. Mənə bunları qaldığım otelin pəncərəsindən baxıb, seyr edir, düşünürdüm... Axşamları daha hay-küylü olur İğdırın. Ən gözəli isə burda hamının bir-birini tanıması, salamlaşıb, hal-əhval tutmasıdır.

 

Bir axşam məscidin yanında bir pişik yaxaladı məni. Azca oxşayıb, sığal çəkdim başına. Ayrılmaq istəyirdim, amma o, məni buraxmadı. Tək qoymadı. Mənimlə birlikdə İğdırı gəzdik. Yenidən məscidin yanına qayıtdım ki, bəlkə evi ordadır. Taksi sürücüləri dedi ki, bu, bizim sevimli pişiyimizdir. Bura gələn qonaqları hiss edir, onları tək qoymur. Pişiyin sədaqəti, dostluğu məni təsirləndirmişdi. Səhər açılan kimi otelin mətbəxindən bir paket düzəldib, tələsdim balaca, şirin dostumun yanına. Çətin olsa da, onu tapdım, sadiqliyimi göstərdim. Son dəfə ona sığal çəkib uzaqlaşdım.

 

İğdır müdrik qocaya bənzəyir, həm də özünü, daşıdığı tarixi bildiyi üçün sadəcə onu tanımağa cəhd etməyini gözləyir səndən. Onu sevdikcə daha çox çaşırsan, yanında qaldıqca daha da alışırsan, qopmamaq üçün ən sərt fərmana belə hazır olursan. Həm özünü aldadırsan, həm də bilərəkdən onunla razılaşırsan. Və sonda başa düşürsən ki, sən bu sevgini beyninə həmişəlik həkk etməkdəsən. Ayrılıq zamanı gələndə isə anlayırsan ki, ona ilk baxışda və ömürlük aşiq olmusan. Onu tanımaq mənimçün xoşbəxtlik idi. Ona biganə qalmaq, sevməmək üçün daşqəlbli olmalı idin.

 

İğdırın bir özəlliyi də var ki, o, heç vaxt səni tərk etmir,  sən isə...

 

Əlvida, üçgünlük sevgilim - İĞDIR...

 

 

Günel Yaz

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.24.