Yüzillik müharibə
essesi
İnsan öz səssizliyində boğular hərdən. Kəlmələrdən daha ağırdır səssizliyin yükü.
Cümlələrə tökülən sözlər içinə
axdıqca kəlmələrin
altında əzilərsən
bəzən. Ayaza evsahibliyi
edən ürəyimlə
çəmənliyə çevrilmiş
simam qəribə bir təzad içində. Sağa-sola qaçan
dodaqlarım gülümsəməyi
biyar zənn edir. Xırda bir təbəssüm
ağır bir dağ yükündədir
sanki.
Səssizliyimdən qulaq tutulur. Hayqırışlarım dünyanı titrədəcək
cinsdən, baxışlarım
qılıncdan kəskin.
Susmağı unutmuş dilim
lal olub elə bil. İçimdə adını qoya
bilmədiyim duyğular
baş qaldırır.
Sanki yüzillik müharibədən daha ağır savaşdayam.
Tək əsgərlik div ordusu.
Qalxansız, qılıncsız, sualların önündə
sipər dayanmışam.
Dəli cəsarətdir mənimki.
Titrək nəfəsimlə aramsız çəkilən
ahlarım ciyərlərimi
dəlik-deşik edib.
Fəqət məğrur duruşumla
"niyə?"ləri
qorxuduram. Ara-sıra ürkək baxışlarım
da olur. Unuduram bir anlıq güclü duruşumu.
Başım dik, gözlərim
qara. Di gəl,
qəlbim savaşda.
Duyğularım çarpışır. Qanlı savaşdan salamat çıxmağa ümidim
yoxdur. Başlanğıcı bəlli, sonu
naməlum müharibəmin
zəfər bayrağı
süzülür barmaqlarımın
arasından.
Hər məğlubiyyət keçicidir. Heç bir qələbə əbədi deyil. Lakin mənim məğlubiyyətim əbədidir, deyəsən. Gücüm yoxdur savaşmağa. Ən ağır döyüş insanın özüylə müharibəsiymiş, anladım. İtkilər təktərəflidir. Hər iki nəticədə itirən mən olacağam. Ya özümü, ya da özümdəkiləri. Hər itki gücləndirir deyirlər, fəqət yorğun ruhum zəiflədir hisslərimi. Silinir yaddaşımdan xatirələr. Beynimin hər hüceyrəsi formatlanır sanki. Geri dönüşü olmadan silmək düyməsi basılı qalıb, elə bil.
Sonunun gəlməyəcəyini düşündüyüm müharibəm xarabalığa çevirib könlümü. Atılan oxlar sinəmi dəlik-deşik etsə də, dizlərim üstündə məğrur dayanıram. Qorxmuram artıq, nə topdan-tüfəngdən, nə də ciyərimi parçalayan ucu iti nizələrdən. Həlledici döyüş bu olsa gərək. Qəribə bir sancı var ürəyimdə. Yoxsa kürəyimə nizəmi saplandı? İlk deyil ki. Nəyə görədir bu təəccübüm?
Döyüş meydanında güləşçinin dediyi kimi, birinci zərbədən sonra artıq incitmir. Bəlkə də hissizləşdim. Məncə, bunun başqa bir adı var. Lüğəti alt-üst edirəm. Sözlərmi kasad? Mənmi tənbələm?
Hər böyük zəlzələdən sonra daşlar yerində oturur. Əsrlik müharibəm bitdikdən sonra həyatımdakı çalaçuxurlar qapanacaq bəlkə də. Daşlar yerinə oturunca qalibmi sayılacam? Bəzən insan qalibiyyətdən daha çox hüzur axtarır. Ruhun narahatdırsa, hansı qalibiyyət səni məmnun edər ki? Bəmbəyaz zəfər bayrağın al qana boyanacaqsa, bir önəmi varmı?
Hər insan zaman-zaman savaşlar yaşayır, itkilər verir. Hər savaşdan qalib çıxmasa da, qazancı daha böyük olur. Kimisi itirdiklərinə üzülsə də, kimisi qazandıqlarına şükür edir. Mən itirdiklərinə şükür edənlərdənəm, deyəsən.
Və budur, zəfərə doğru addımlayıram. Hardandır bu dəli cəsarət, bu özgüvən. Qəfil əsən ümid rüzgarlarımı gücləndirir məni? Yorğun ruhum qorxmaz bir sərkərdəyə dönüşüb. Qorxutmur məni tufanlar. Mən nə savaşlar gördüm. Nə zəfərlər yaşadım, ruhumu yaralayan. Məğlubiyyətlər sındırsa da qollarımı, mən ümidlərimdən qanad taxdım. Bu, özümlə sonuncu müharibəmdir. Dörd nala qaçan atın belində zəfər bayrağımı dalğalandırıram. Peşmanlıq dağımın zirvəsinə sancmaq üçün tələsirəm. Nərdivan kimi pillə-pillə endiyim peşmanlıqları bir göz qırpımında dırmanıram.
Özünə qalib gəlmiş insan dünyanı qarşısına alsa qorxarmı? Bu özgüvən, bu cəsarət... Birdə məğrur duruşum...
Mənimlə şahmat oynamağa çalışma, həyat. Bir gedişlə mat etdiyin aciz qız deyiləm artıq. Ustalaşdım. Sənin oyunların şahmat taxtasından kənara çıxmadı bəlkə, amma mənim səssizliyim bir rüzgar kimi əsib keçdi.
Bir az hoyrat, bir az çılğın, amma dəli cəsarətli oyunçu apardı. Yəni mən. Bir başqa oyunda sənə meydan oxumaq ümidilə... Dueldə görüşənədək...
Leyla CAMAL
525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.18.