Xəstəlik
Doktor,
ölümcül nəsə hiss edirəm
Bax burda, həyatım tərəfdə
Bütün orqanlarım ağrıyır
Gündüz Günəşim
Gecə ulduzum, Ayım ağrıyır.
Göydə bir buluda saplanmışam,
Əvvəllər heç görmədiyim bir buluda.
Və hər səhər, nə işdirsə,
Qış əhvalında oyanıram.
Boş yerə o qədər dərman içdim
Nifrət etdim, sevdim, oxumağı öyrəndim
Hətta bir neçə kitab da oxudum
İnsanlarla danışdım, düşündüm
Özümü yaxşı və gözəl hiss etdim.
Bütün bunların heç bir təsiri olmadı, doktor
Bütün bunlara bir ömür xərclədim.
Məncə, doğulduğum gün
Ölümə yoluxmuşam, doktor.
Adəm
Nə
olsun ki, cənnətdəydi
Adəm bütün gün kədər içindəydi.
Anlamırdı axı nədir çatmayan,
Allah da Həvvanı yaratdı
onun bir qabırğasından...
İlk insan
o qədər sevdi ki, bu gözəlliyi
bir göz qırpımında
başqa bir qabırğa da üfürdü,
od tutub yanan barmaqları ilə
hiss etdi
musiqi notları kimi enib-qalxan
bərk məmələri,
şirin ombaları.
Qarşısında yeni Həvva doğuldu.
O, dərhal balaca güzgüsünü çıxardı
Və dodaqlarını
boyadı.
"Budur həyat!", - Adəm dərindən nəfəs
aldı.
Sonra birini də yaratdı.
Və hər dəfə rəsmi Həvva üzünü çevirdimi,
Ya da qızıl, ətirli qətran üçün bazara getdimi
Adəm
özünün qabırğa
hərəmxanasından
Yeni qadınını
çıxardı gün
işığına.
Allah baxdı, baxdı
Adəmin
bu özfəaliyyətinə
və yanına çağırıb,
cənnətdən qovdu -
sürrealizmə görə.
İnformasiya Müharibəsi
"Vay-vay,
informasiya müharibəsində
uduzdum..." -
pişiyin ağzında
deyinirdi siçan...
Marin SORESKU
Rumuncadan tərcümə edib
Jalə İsmayıl
525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.23.