Ziyarət

 

Başqa dünyaya

protokol ziyarətinə gəlirmiş kimi

kədərlə qəbiristanlığa gələn qocalar

evə qayıtmalı olduqlarını,

həmişəlik

qala bilmədiklərini

düşünməkdən yorulublar.

 

Yorğunluq

 

Necə də sözəbaxan ölülərimiz var!

Vulkan kimi püskürmürlər,

Onları özünə bünövrə etmiş

Divarların altında tərpənmirlər.

Başqalarının seçilmiş hərəkətlərini

Heykəllərdə əbədiləşdirirlər.  

Naməlum yollarda

Bayraqlara qoşulmağa, 

Şumlanmağa razıdırlar,

Çürüməyə hazırdırlar,

Torpağa gübrə olurlar.

Necə də sözəbaxan ölülərimiz var,

yorğundurlar!

 

Məncə

 

Məncə, bitki xalqıq biz.

Xəzan olarkən

Bu qədər səssiz qala bilməyin

başqa adı varmı? 

Başqa səbəbi ola bilərmi

Yenidən doğulacağına inanaraq,

Yuxunun döngələrində

Qorxmadan

Ölümə qədər

Getmə cəsarətinin?

Məncə, biz bitki xalqıq -

Heç görmüsünüzmü 

Bir ağacvaxtsa üsyan eləsin?

 

Jalə İsmayıl rumuncadan tərcümə edib

 

Ana Blandiana

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.23.