Nəsimi kimi

 

 

 

Tanınmış şair Oqtay Rzanın vəfatından 40 gün keçir.

Oxuculara təqdim etdiyimiz bu şeirləri Oqtay müəllim redaksiyamıza avqust ayında təqdim etmiş, qəzetdə sentyabr ayında - "ali məktəblərdə dərslər başlayanda, tələbələr rayondan gələndə" dərc olunmasını istəmişdi.

İndi sentyabr ayıdır, dərslər də başlayıb, tələbələr rayondan qayıdıb gəliblər. Biz, vəd verdiyimiz, daha doğrusu, Oqtay müəllimlə danışdığımız kimi həmin şeirləri dərc edirik. Amma təəssüf ki, bu gün Oqtay müəllim özü bizimlə deyil.

 

Ruhu şad olsun!

 

 

Sevginin sehrli rübabını mən

Çalmaq istəyirəm Nəsimi kimi!

İlhamı gözəldən, qüvvəti eldən

Almaq istəyirəm Nəsimi kimi!

Düşsəm də tufana, dumana, çənə,

Yaz mehi üzümdən öpəcək yenə;

Bülbülün, baharın, yarın seyrinə

Dalmaq istəyirəm Nəsimi kimi!

Dolaşır aləmi "Ənəlhəqq"li səs,

İgid şax dayanar, igid sürünməz!

Dözümdə misilsiz, qərarda dönməz -

Olmaq istəyirəm Nəsimi kimi!

Hələ cəhalətlə döyüşür bəşər,

Üzbəüz dayanıb xeyir ilə şər;

Yolu Şamaxıdan Hələbə qədər

Salmaq istəyirəm Nəsimi kimi!

 

Doğmadır təxəllüs, doğmadır ad da,

Şeir çiçəkləri gör neçə adda!

Özümdən sonrakı qaynar həyatda

Qalmaq istəyirəm Nəsimi kimi!

 

Adım, təxəllüsüm

 

Payızda - yağmurlu, çiskinli gündə

Doğuldum. Adımı Oqtay qoydular.

Atamın murazı güldü üzündə,

Səsimi eşidib fərəh duydular.

Adımı pay verdi valideynlər,

Yüz dəftər-kitaba yazıldı adım.

Gördüm xeyirxahlar, qəlbə dəyənlər,

Bəzən tərsinə yozuldu adım.

Düz seçə bilməkçün şeir kürsümü,

Oxuyub öyrəndim neçə ustadı.

Rza götürmüşəm təxəllüsümü,

Razılıq rəmzidir babamın adı.

 

Ömrümün əksimi o işıqlı dan?

Günəş gülşənimə baxır yaxından;

Ötən əsrimizdə yaranmağımdan,

Ərzə göz açdığım ildən razıyam.

Zirvə qarındakı ağlıq taleyim,

Toylarda səslənən sağlıq diləyim,

Gərək yaz gülütək saflıq ələyim,

Xoş söz bağışlayan dildən razıyam.

Bülbül təranəli, çiçəklər rəng-rəng,

Durna qaqqıltısı göyümə gərək;

Qürbətin mərməri nəyimə gərək?

Güyüm düzəltdiyim gildən razıyam!

Əgər yad havalar qopsa neyimdən,

Üstümə daş-kəsək yağdırın, dostlar!

Razılıq eyləsəm şairliyimdən,

Məni təxəllüssüz çağırın, dostlar!

 

Azərbaycan öyrədir

 

Karpatın haçabel başından aşdıq,

Nəğməm bələdçinin xoşuna gəldi;

Dunay sahilində səhəri açdıq,

Nağıllı günümüz sanki gödəldi.

Yunan gözəlinə qərənfil verdim,

Çexlər bayatımı əzbərlədilər;

Macar mətbəxində plov bişirdim,

Yedilər, "afərin", "əhsən" dedilər.

Tatar şairləri məclis qurdular,

Söz düşdü Vurğundan, Musa Cəlildən;

Bir neçə rübai oxutdurdular,

Qorqudu soruşdum türkdilli eldən.

Qarmonda çaldığım "Bayatı-Şiraz"

Dolaşdı Bişkekin küçələrini;

Çində dilləndirib "Cücələrim"i,

Alşıq yağışında yuyundum bir az.

Başlanır haradan, nədən yollarım?

Sərhəddə  qırılır hərdən yollarım;

Məni millətimə bağlayan teldir

Bakıdan hər yana gedən yollarım!

Duyğular bəzəyir könül bağımı,

Görüb-götürməyə hazıram yenə;

Ay dost, bildiyimi, bacardığımı

Anam Azərbaycan öyrədir mənə!

 

Ahıllıq yaşım

 

Oqtayam, atamın, anamın ilki,

Bu saat ərköyün uşağam sanki.

Bu saat o qədər ucalıram ki,

Buluda dəyirəm, ahıllıq yaşım!

"Haqq itməz" kəlamı gəzir ölkədə,

Qalmaz saldığın iz heç vaxt kölgədə.

Yanıqlı ah çəkib hərdən bəlkə ,

Xətrinə dəyirəm, ahıllıq yaşım!

Ömür-gün adlanan bağda barım var,

Düzdə bərəkətim, dağda qarım var.

Hələ həsrətim, qayğılarım var,

Bəxtəvər deyiləm, ahıllıq yaşım!

Xain, dişlərindən qan dama-dama,

Divə arxalanır, yanır yer, səma.

Əzabkeş, mübariz, müdrik xalqıma

Uğur diləyirəm, ahıllıq yaşım!

Qalib gələcəyik vuruşsaq da tək,

Yağı yuvasına yanğın düşəcək!

Mütləq Azərbaycan Bütövləşəcək,

İnamla deyirəm, ahıllıq yaşım!

Ordubad, Şamaxı, Astara, Xaldan...

Söz tacım töhfədir neçə mahaldan.

Məni gələcəyə səsləyən yoldan

"Sağ ol!" söyləyirəm, ahıllıq yaşım!

 

Məmura məktub

 

Yüksək vəzifəyə qalxandan bəri,

Məndən də nə qədər uzaq düşübsən;

Bilik ocağında ötən illəri

Bəlkə unudubsan, bəlkə küsübsən?

Bir xoş əhvalatı söyləyim qısa:

Yada sal təhsilin qızğın çağını;

Özünlə bərabər oxuyan qıza

Məktubu şeirlə yazdırmağını...

Bir əziz insanı məhv etdi fələk,

Qəflətən sim kimi qırıldı həyat;

Gəldim başsağlığı verib, qəm bölək,

Necə hönkürüb ağladıq o vaxt.

... Üzümdə qırış var, gözümdə çeşmək,

Yaş da rəqibidir bəzən hörmətin;

Qəbul otağında rəsmi görüşmək

Olub Çin səddini aşmaqdan çətin.

Son söhbət, danışıq - tanışıq sanki,

Görərsən çox şeyi geriyə baxsan;

İstefa küləyi əssə güman ki,

Əvvəlki  cərgəyə qayıdacaqsan!

 

 

Oqtay Rza

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.19.