Bakıda "Rusiya filmləri həftəsi"nin açılışı oldu

 

 

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Rusiyanın "Kinofest" Prodüser Mərkəzinin "YARAT" Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil edilmiş "Azərbaycanda Rusiya filmləri həftəsi"nin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev bildirib ki, "Azərbaycanda Rusiya filmləri həftəsi" artıq ənənə halını alıb. Dalbadal beş ildir təşkil edilən "Azərbaycanda Rusiya filmləri həftəsi" iki ölkənin mədəni həyatında mühüm hadisədir. Rusiya kinematoqrafiyasının dünya kino sahəsindəki xüsusi yerindən önəmindən danışan direktor, vurğulayıb ki, Rusiya kinematoqrafı Azərbaycan tamaşaçısında böyük maraq doğurur. Bu tədbir ildən-ilə daha məzmunlu keçirilir. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "Rusiya filmləri həftəsi"nin uğur qazanacağına əmin olduğunu bildirərək, bu tədbiri iki ölkə arasında dostluq münasibətlərinin parlaq nümunəsi adlandırıb.

"Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin səmimi qəbula görə Bakı tamaşaçısına təşəkkür edərək deyib ki, Bakı dünyanın ən gözəl qonaqpərvər şəhərlərindən biridir. O qeyd edib ki, "Azərbaycanda Rusiya filmləri həftəsi" çərçivəsində Nizami Kino Mərkəzində 7 film, "YARAT" Müasir İncəsənət Mərkəzində üç film nümayiş etdiriləcək,

Sonra rejissor Anar Abbasovun "Döyüş" filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin tərkibinə tanınmış kinematoqrafçılar - "Tanklar" filminin rejissoru Kim Drujinin, "Damdabaca" filminin ssenari müəllifi aktyoru Dmitri Bedarev, "Van Qoqlar" filminin rejissoru Sergey Livnev, "Əziz ata" filminin prodüseri Georgi Malkov daxildirlər. Adıçəkilən filmlər sonrakı günlərdə təqdim ediləcək.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.14.