Adını şərəflə daşıyır   

 

 

Adqoyma ənənəsi xalqımızın yaşı qədər qədimdir. Azərbaycanlılarda tarixən şəxs adları daha çox Tanrının, peyğəmbərlərin, müqəddəslərin, qəhrəmanların,  hökmdarların, şairlərin adları ilə bağlıdır. Qoyulmuş adları şərəflə daşımaq isə başqa məsələdir...

Ağstafanın Zəlimxan kəndində Qulu kişinin ilk övladı dünyaya gəlir. Eşidən qonum-qonşu, qohum-əqraba gözaydınlığı verir. Körpənin adını Nizami qoyurlar. "Şərəfli adı şərəflə daşısın, atalı, analı böyüsün. Gözünüz, könlünüzcə olsun. Elimizə, obamıza baş ucalığı gətirsin" söyləyirlər...

Nizami beşik nəğməsində, ana laylasında böyüdü, iməklədi, yeridi, yetirdi, ərkidi, bərkidi, kamala yetdi. Dostları arasında oxusu, səmimiliyi, zarafatcıllığı ilə sayıldı, seçildi. Mənalı həyata qədəm qoydu, çətin sınaqlardan keçdi...

Nizami hər şeydən əvvəl əşrəf insandı. Ləyaqətli, səmimi, şərafətli insan, əqidəli, inamlı, israrlı insan. Təbiətən rahat, bir qədər yumşaq, xoşrəftar, gülərüz. Eyhamlı danışmağı sevən, zarafatcıl. Qəlbi dupduru, bəmbəyaz, dümağ. Ləkəsiz, boyasız. Dedi-qodudan, umu-küsüdən uzaq. Suyu bulandıranlara, ara vuranlara qənim. Nizami istiqanlı, vətəncanlıdı. Söz sahibidi. Sözünün həm ağası, həm quludu. Dediyi dedikdi. Dedi qurtardı. Türk əsilli, türk nəsilli, türk oğlu türk.

Müəllimlik müqəddəs sənətdi. Çoxsaylı sənətlərin, peşələrin zirvəsi, əlçatmazı, ünyetməzidi. Xalqımızı gələcəyə uğurlayan nurdu, işıqdı. Heç vaxt sönməyən nur, işıq. Nizami atasının müəllimlik sənətini davam, inkişaf etdirəndi. Öyrədəndi, kamala yetirəndi. Əfəndidi, xocadı. Ucadan ucadı Nizami. Tələbələrinin sevimlisi, əzizi, doğması, unudulmazıdı.

Nizami işıq saçan, nur paylayan ziyalıdı. Bu onun sadəliyində, səmimiliyində açıq-aşkar sezilir. Bu alilik onun baxışlarında, davranışında nəzərə çarpır. Heç şübhəsiz, onun ziyalılığı onun elminə təsir göstərməkdədir.

Nizami gözəl bilir ki, elmi güclü olan xalq güclülər arasında, sırasındadı. Ona görə bu müqəddəs amal uğrunda bütün çətinliklərə sinə gərir, uğurlu qələbələr qazanır. Nizami ensiklopedik biliyə, geniş erudusiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik, əvəzsiz, bənzərsiz alimdi. Tayı-bərabəri olmayan alim. Xalqımızı sevindirən, elmimizə başucalığı gətirən alim.

Nizami 100-ə yaxın kitabın, yüzlərcə məqalənin müəllifidi. Onun yazıları, qayəsi, siqləti, dərin məna məzmunu ilə diqqət çəkir. Yazılarda dərin müşahidə qabiliyyəti, fikir dərinliyi, heyrət doğuran düşüncə tərzi ilə seçilir. Düşünür, daşınır, alimin nələrə, nəyə qadir olduğu aydınlaşır.

Əzizim Nizami! Səninlə fəxr edir, qürur duyur, öyünürəm. yaxşı sən varsan, ay Nizami! Sən təkcə xalqımızın deyil, Türk Dünyasının doğması, əzizi, sevimlisisən, böyük yazarısan. Türk həmrəyliyini, türk birliyini, bayrağını uca tutanlardansan. Sən mənim gözümdə, könlümdəsən. Səni bərk-bərk qucaqlayır, bağrıma basır, alnından öpürəm.

İndən belə Nizami adını şərəflə daşı. Dahi Nizaminin ruhunu şad elə, arzularına işıq tut. Elmimiz, mədəniyyətimiz, mənəviyyatımızla bağlı dərin məzmunlu əsərlərinlə qəlbimizə hakim kəsil. Bizi xəyallar, düşüncələr aləminə apar.

Əzizim, canın sağlam, ömrün uzun olsun. Qələmin iti, gözlərin nurlu, ürəyin təpərli, hünərli olsun, yaz, yarat!

 

 

Teymur BÜNYADOV

Xalqşünas

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.14.