Vurğun Əyyub dünyasını dəyişdi   

 

Taninmış alim və ictimai xadim dünən hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırıldı

 

 

"Adam var evdən gedir, adam var eldən gedir" - deyib atalarımız. Bu günlərdə sosial şəbəkələrdə yaşından, təhsilindən, statusundan asılı olmadan hər kəs tanınmış alim və ictimai xadim, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk rəhbəri Vurğun Əyyuba kədərləndi.

 

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən V.Əyyubovun səhhəti son günlər kəskin şəkildə ağırlaşmışdı. Dünən o, günorta saatlarında dünyasını dəyişdi. Elə həmin gün mərhumla vida mərasimi keçirildi və o, Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırıldı.

Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdu. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alan V.Əyyub 1992-1993-cü illərdə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik etmişdi.

Vurğun Əyyub az sayda insanlardan idi ki, siyasi baxışlarından və ictimai mövqeyindən asılı olmayaraq hər kəs ona böyük rəğbət bəsləyirdi. Son bir neçə gündə sosial şəbəkələrdə barəsində yazılan çoxsaylı isti, səmimiyyət, sevgi və ehtiram dolu təəssüratlar da məhz bu münasibətin təzahürü idi. Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları həmin təəssüratlardan bəzilərini oxuculara təqdim edirik.

Filosof Niyazi Mehdi:

- Adam sevinir ki, Vurğun bəylə bağlı bu qədər xoş sözlər səslənir feybukda. Deməli, camaatımız düşündüyümüz qədər nankor deyil, minnətdar olub bu duyğunu uzun sürə saxlaya bilir. İndiki halda Vurğun bəyin ailəsinin halı da az önəmli deyil. Ümid edək ki, bu qədər xoş sözlər onun qızlarına, xanımına çətin vəziyyətdə güclü olmaqda kömək edəcək. 60 yaşından sonra hamımızı tez, ya gec belə sürprizlər gözləyir. Neyləməli?!

Professor Bədirxan Əhmədli:

- Vurğun Əyyubun keçdiyi həyat yolu səsli, bir qədər də ziqzaqlı olub. Gördüyü işin əvəzində heç nə ummayıb, mümkün olduğu qədər (bəlkə daha artıq!) vətəndaşlıq mövqeyi, hədsiz prinsipiallıq göstərib, hər yerdə doğrunun yanında dayanıb. Azərbaycan reallığında hər zaman bu cür formada, bu cür mövqedə olmaq olmur. "Çənlibel" dərnəyinin yaradıcısı kimi milli hərəkatın əsas fiqurlarından biri olub. Tələbə qəbulunda bu gün də mövcudluğunu qoruyub saxlayan bir sistem yaradılmasında fəal iştirak edib...

Mənə elə gəlir ki, yaşanan ömrün müddəti əsas deyil, əsas olan ömrü necə yaşamaq və gördüyün iş, yazdığın əsərlərdir. Bu cəhətdən Vurğun Əyyub əlini ürəyinin üstünə qoyub rahatlıqla geridə qalan həyatı ilə öyünə bilər.

Cəmiyyət onun portretini yaxşı tanıyır. Bu obraz heç vaxt onların yaddaşından silinməyəcək. Apardığı dövlət işinə kölgə sala bilər deyə bacısını qəbul imtahanı vermək üçün sənəd verməyə qoymayan (hərçənd, Vurğun o zaman bacısına haqsızlıq etmişdir) Vurğun Əyyub böyük bir vətəndaşlıq missiyası həyata keçirib, təhsil sistemində öz imzasını qoyub. İdeyaları və idealları uğrunda nəfsinə, özünə qalib gəlmək və özünü yenmək hər adama nəsib olmur. Məncə, Vətəndaşlıq da elə burdan başlayır.

... Amma təəssüf ki, olmadı. Dualarımız boğazımızda düyünləndi, əcəl Vurğun bəyə bizdən daha çox sahib çıxdı. İşıqlı adamın gözlərindəki həyat işığı əbədi söndü. Bir neçə gün öncə onun sağalması üçün dua edən hər kəs indi ona rəhmət diləyir, böyük bir hüznlə vida edir:

Millət vəkili, yazıçı, publisist Aqil Abbas:

- Xalqımızın başı sağ olsun!

Bu millətin Vurğunu, bu yurdun Vurğunu, bu dövlətin Vurğunu, bu Azərbaycanın Vurğunu, bugünkü Azərbaycan gəncliyinin Vurğunu, müstəqilliyimizi o kövrək çiyinlərində qaldıran, sözün əsl mənasında bəy oğlu bəy Vurğun Əyyub... Heyf sənə, qardaş. Bütün mübarizələrdə dik durdun, qalib durdun, amma Əzrayıla gücün çatmadı.

Professor Qulu Məhərrəmli:

- Vurğun bəy bizi tərk etdi...

Zaman bir anlığa dayanır...

Biz bu itkinin miqyası haqqında düşünür, böyük müasirimizin ruhunu dərin ehtiramla yad edirik!..

Əlvida, işıq adam!..

Jurnalist Xaqani Səfəroğlu:

- Əlvida, həyatımızı dəyişən ADAM! Nə yaxşı ki, bizimlə oldunuz. Son iki gün göstərdi ki, ömründə xeyirxah iz qoymuş yaxşı adamları xalq heç vaxt unutmur. Böyük bir nəslin boğulmaqda olan oxumaq arzusunu rüşvət kəndirindən xilas etdiniz. Hamısı göz yaşı içindədir. Onlar sizin haqqınızda övladlarına, nəvələrinə, nəticələrinə danışacaqlar. Xatirəniz həmişə diri qalacaq!

Siz AXC hakimiyyətinin ən danılmaz möhürü oldunuz. Bu möhür bu gün də ən savadlı və istedadlı nəslə "yaşıl işıq" yandırır. Toyda, yasda tanımadığınız adamlar dəstə-dəstə sizə yaxınlaşıb minnətdarlıq edirdilər. Buna görə sağ olacaqsınız! Nə yaxşı ki, bizimlə oldunuz! Buna görə sağ olun!

Şair Qismət Rüstəmov:

- Vurğun bəylə illər öncə "Xəzər Universiteti”ndə bir yerdə işləmək qismət olmuşdu. Bilmədiyin nəyisə soruşanda səbrlə, xırdalığına qədər başa salardı. Harda ağıllı, istedadlı bir tələbənin öz tənbəlliyinə, hövsələsizliyinə bəhanələr uydurduğunu görsə, məyus olardı. Ömrüm boyu onun öz işinə qarşı abidəvi güzəştsizliyinə qibtə edəcəm.

İşıqlar içində yat, böyük kişi!

"525-ci qəzet"in baş redaktorunun müavini Yusif Rzayev:

- Bu dünyadan köçəndə insanların onun haqqında yalnız sevgi ilə danışması arzusu yəqin ki, hər kəsin qəlbinin bir küncündə yatır. Amma hər kəsə də nəsib olmur... Ruhun şad olsun, özüylə bir dünya sevgi aparan Adam -  Vurğun Əyyub!

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Nur mənbəyi, ürəyi sevgi dolu böyük insan, Tanrı dərgahına üzüağ getdin. Əlvida, Azərbaycana, onun dəyərlərinə vurğun - Vurğun bəy!

Jurnalist Vüsalə Məmmədova:

- O dünya, axirət, cənnət, cəhənnəm... Bunların heç birinə inanmıram. Amma ondan əminəm ki, onminlərlə insanın sevincində ən böyük pay Sizindir, Vurğun bəy!

Sayənizdə çoxumuz xəyalını belə qura bilməyəcəyimiz universitet təhsili almışıq... Nur içində uyuyun, işıqlı insan!

Hüquqşünas Ələsgər Əhmədoğlu:

- Bu gün çox dəyərli bir ziyalımızı daha itirdik. Vurğun Əyyub Sovet təhsil sisteminin rüşvət batağından Azərbaycan təhsil sistemini çıxaran o böyük dəyişimin memarlarından və icraçılarından biri idi. 1991-ci ildə Türkiyəyə Universitet təhsili almaq üçün gedən 50 nəfərlik tələbə qrupunu Ankarayadək müşayiət etmiş, orada yerbəyer olanadək bizimlə qalmışdı. O, bizimlə müəllim kimi yox, dost kimi davranan dəyərli əqidə insanı idi...

Nə yazıq ki, ölüm onu ömrünün ən məhsuldar dönəmində bizdən aldı. Allah rəhmət eləsin! Hər zaman qəlbimizdə yaşayacaq!

Yazıçı Aysel Əlizadə:

- Dəyərlərə sadiq insanı itirdik. Vurğun  bəyin kübarlığı, dürüstlüyü üzündə yazılmışdı. Bu ölkənin taleyində test üsulu ilə nə boyda rol aldı. Neçə-neçə imkansız ailəyə ümid verdi. Uşaqlarımızda inam yaratdı, inandılar ki, rüşvətsiz də ali məktəbə qəbul ola bilərlər. O inamla oxudular, qəbul oldular. Çoxlu dost qazandı, sevgi qazandı və getdi...

Jurnalist Aygün Muradxanlı:

- Hər insan yaxşı əməlləri ilə yüzminlərin qəhrəmanı ola bilmir. Tanrı Vurğun bəyə belə ömür yazmışdı. Prezident Elçibəy dönəminin ən parlaq hökumət üzvü kimi Azərbaycan təhsil sistemində islahatlara rəhbərlik etməsi onu Azərbaycanın qəhrənanına çevirdi. Sovetlər Birliyinin xərçəng kimi cəmiyyətə yaydığı rüşvət və qohumbazlıq bəlasını ali məktəbə qəbuldan Vurğun bəyin tətbiqinin başında dayandığı test sistemi kəsdi. Ali məktəbə qəbul prosesini illərdir inhisarlarında saxlayan qocaman təhsil dəllalları ilə kəllə-kəlləyə gəlməkdən çəkinməyən Vurğun bəy illər sonra ilk dəfə tibb, hüquq, şərqşünaslıq kimi prestijli fakültələrin qapısını atasının parasına yox, öz zəkasına güvənən gənclərin üzünə aça bildi. Tanrı da cənnətin qapılarını səninçün elə açsın, Vurğun bəy. Taybatay...

***

"Mən həyatdan beşəlli yapışan adam deyiləm. Yaşadığımızı yaşamışıq, gördüyümüzü görmüşük. Nəyi bacarmışam, onu eləmişəm. Vətən qarşısında da, xalq qarşısında da bir pis əməlim yoxdur, utanılası bir işim yoxdur. Xəstələnəndən bəri beynimdə iki misra dolaşır, haradan gəlib beynimə düşüb, özümün ağlıma gəlib, başqasınındır, bilmirəm. Amma iki misra beynimdə dolanır...

"Mən getsəm, dərələr, dağlar qalacaq,

Buludlar qalacaq, ağlar qalacaq".

İnsan həyatıdır, haradasa bitəcək"- deyən Vurğun Əyyubun bu dünyaya səfərinin müddəti 62 il imiş. Demək ki, o, bu həyatdakı, bu ölkədəki missiyasını tamamlamağı bacardı. Bundan sonrası bizlərə - uğrunda çalışıb, çarpışdığı gəncliyə əmanətdir! Tanrı bizi belə ziyalılarımızın ruhu qarşısında utandırmasın!

Ömrünü xalqının rifahına, gəncliyin sağlam gələcəyinə, doğruluğa, dürüstlüyə həsr edən Adam, saflığının nurunda rahat uyu!

Allah rəhmət eləsin!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.9.