Bakı Dövlət
Universiteti - Cumhuriyyətin yadigarı
Əsrin zirvəsində
parlayan elm ocağı
Bakı
Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi
böyüklüyümüzün simvolu hesab edilir. Azərbaycanda
ilk ali təhsil və elm ocağı olan
Bakı Dövlət Universiteti yarandığı tarixdən
bu günə qədər şərəfli yol keçib. Univerisitet 100 illik dövr ərzində məşəl
kimi Azərbaycanın təhsil yolunu işıqlandıraraq
qüdrətli elm məbədinə çevrilib. Ölkədə
ictimai, mədəni, elmi və siyasi düşüncənin
milli mənafe və məfkurəyə uyğun
inkişafı prosesində mühüm rol oynayan, fəaliyyətinin
bütün mərhələlərində azərbaycançılıq,
dövlətçilik ideyalarına sadiqliyi ilə seçilən
mötəbər ali təhsil ocağı
həqiqətən də xalqın milli sərvətinə,
qürur, fəxarət ünvanına çevrilib,
çağdaş tariximizə öz möhürünü
vurub.
ŞƏRQDƏ
İLK UNİVERSİTET
Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini
elan edəndən sonra məhz ilk qəralardan biri də təhsillə
bağlı olub. Parlamentin 1 sentyabr 1919-cu il tarixli
iclasında Bakı Dövlət Universiteti təsis edilərək
nizamnaməsi təsdiqlənib. Universitet ilk tədris
ilini 2 fakültə ilə - tarix-filologiya, tibb fakültələri
və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur
cərrah V.İ.Razumovski olub. Universitetin 1920-1930-cu illərdə
aparıcı müəllimləri yazıçı
Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar
- professor P.K.Juze, professor A.O.Makovelski, professor A.O.Mişel və
digər alimlər olub. Məşhur həmyerlimiz,
Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə
bu universitetdə təhsil alıb.
Cümhuriyyətin yadigarı olaraq BDU ötən
dövrdə mütərəqqi ictimai düşüncənin
inkişafında, xalqın milli-mədəni özünəməxsusluğunun,
düşüncə sisteminin qorunmasında, ümumən cəmiyyətdə
maarifçilik hərəkatının möhkəmlənməsində
müstəsna xidmətlər göstərib.
DİGƏR
UNİVERSİTETLƏRƏ ÖRNƏK
SSRİ dövründə Xalq Komissarlar Sovetinin qərarı
ilə 1930-cu ildə yenidən qurulma (reorqanizasiya) adı ilə
universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji
İnstitut yaradılıb. Ancaq 1934-cü ildə
Dövlət Universiteti yenidən işə başlayıb və
respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib.
İkinci Dünya Müharibəsi illərində
professor-müəllimlərin müharibəyə getməsi ilə
əlaqədar kəskin kadr
çatışmazlığına baxmayaraq, universitet ölkədə
öz öncül mövqeyini qoruyub saxlaya bilib. Həmçinin, universitet alimlərinin 1945-ci ildə
Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində
xüsusi xidmətləri olub. Respublikada fəaliyyət
göstərən ali təhsil ocaqlarının əksəriyyəti,
o cümlədən, Azərbaycan Tibb Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət
Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət
Universitetinin bazasında yaradılıb.
Milli
ideallara bağlı fəaliyyəti ilə ictimai həyatın
bütün sahələrinə nüfuz edən BDU ötən
illərdə Azərbaycan dilinin, fəlsəfi-hüquqi, siyasi
fikir tarixinin, ədəbiyyatının, mədəniyyətinin,
həmçinin, fundamental elm sahələrinin tədqiqində
və gənc nəslə ötürülməsində
öncül mövqeyə malik olub. Universitet təhsillə
yanaşı, elmi-tədqiqat işlərinin genişlənməsində,
elmin müxtəlif sahələrinin inkişafında daim fəallıq
nümayiş etdirib, özünəməxsus yolu ilə
dünya miqyasında seçilir.
Universitetin ölkənin tərəqqisi, çiçəklənməsi
və inkişafı naminə böyük xidmətlər
göstərmiş nüfuzlu ziyalıların - görkəmli
elm xadimlərinin bu prosesdəki müstəsna rolunu da
xüsusi vurğulamaq lazımdır. BDU-nun divarları
arasında yetişmiş intellektual səviyyəli, vətənpərvər,
vicdanlı ziyalılar onun şanlı ənənələrini,
nüfuzunu daim qoruyub saxlamış və estafeti özlərindən
sonrakı nəsillərə vermişlər.
Ölkənin
yüzlərlə görkəmli şəxsiyyətinin təhsil
aldığı BDU Heydər Əliyev kimi fenomenal liderin,
böyük dühanın ali təhsil
aldığı elm ocağı olması ilə qürur
duyur.
BDU-nun
DAHİ MƏZUNU
AMEA-nın
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik
Yaqub Mahmudov deyir ki, Ümumilli lider Heydər Əliyev Bakı
Dövlət Universitetinin Tarix fakültəsinin dünya
şöhrətli məzunudur. Ölkədə ali məktəblər çoxdur. Amma Bakı Dövlət Universiteti bu təhsil
ocaqları sırasında xüsusi yer tutur. Çünki onun məzunları arasında dünya
şöhrətli bir şəxsiyyətin - Heydər
Əliyevin adı var.
Y.Mahmudovun
sözlərinə görə, o, birinci kursda təhsil alanda
Heydər Əliyevin oxuduğu qrup BDU-nu bitirirmiş: "O
vaxt ulu öndər dövlət təhlükəsizlik
orqanlarında çalışırdı. Bunun
bizim hər birimiz üçün necə böyük əhəmiyyət
kəsb etdiyini yaxşı anlayırdıq. 1960-61-ci illər idi, IV kursda oxuyurduq. Özüm də tələbə komsomol təşkilatının
katibi idim. İstedadlı tələbələrdən
biri sovet dövlətini pisləyən vərəqələr
yaymışdı. Hamımız qorxurduq
ki, bu gənci məhv edəcəklər. Mənə
dedilər ki, qapalı komsomol yığıncağı
keçirim. Yığıncaqda Dövlət
Təhlükəsizlik Komitəsindən (DTK) gəlmiş Heydər
Əliyev də iştirak edirdi. Müxtəlif
çıxışlar oldu. Bir qrup gəncin
vəziyyətini yüngülləşdirmək, digər qrup
isə onun universitetdən qovulmasını tələb edirdi.
Yığıncaqda ulu öndər bir saatadək
çıxış etdi. Çox ibrətli
çıxış idi və sonda iki cümlə ilə bu gəncin
taleyini bütün təhlükələrdən qurtardı.
Dedi ki, "görürəm, burada yoldaşlarını cəsarətlə
müdafiə edən sağlam gənclik çoxluq təşkil
edir, onların bu gəncin tərbiyəsinə gücləri
çatar". Sonralar başa düşdük
ki, bir nəfər xalqını sevən cəsarətli azərbaycanlının
DTK kimi təşkilatda çalışması minlərlə
övladımızın məhvolma təhlükəsindən
xilası deməkdir. Mən sonralar da Heydər
Əliyevin xalqımızın bir çox
oğullarını, ziyalılarını repressiya qurbanı
olmaqdan xilas etməsinin dəfələrlə şahidi
olmuşam".
HEYDƏR
ƏLİYEVİN FƏXRİ: BAKI DÖVLƏT
UNİVERSİTETİ
BDU-nun
keçmiş rektoru Misir Mərdanov bildirib ki, Bakı Dövlət
Universiteti bugünkü səviyyəsinə, beynəlxalq nüfuzuna,
dünya şöhrətli məzunlarına və yüksək
elmi potensialına görə Heydər Əliyevə borcludur:
"Ölkənin həyatında dönüş mərhələsinin
başlanğıcı olan 70-ci illər BDU-nun tarixində də
əlamətdar olub. 1969-cu ildə Heydər
Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan
özünün həqiqi inkişaf yolunu tapıb. O
dövrdə ən geridə qalan ölkələrdən hesab
edilən Azərbaycanın inkişaf və tərəqqisinin əsası
məhz bu tarixdən qoyulub. Bu plenum Azərbaycan
xalqının tarixi müqəddəratında mühüm
hadisə oldu, ölkənin gələcək
inkişafında əhəmiyyətli rol oynadı. Bununla da Azərbaycan xalqının tarixində Heydər
Əliyev dövrü - böyük dönüş mərhələsi
başlanıb. Heydər Əliyevin milli oyanış
siyasəti sahəsində təhsil, elm, mədəniyyətin
tərəqqisi üçün geniş imkanlar
açıldı: "Xalqın milli mənlik şüurunun
formalaşması, Azərbaycan dilinin, tarixinin öyrənilməsi,
ali təhsil sisteminin daha da demokratikləşməsi
sahəsində ciddi irəliləyiş baş verdi. Məhz
bu dövrdə Azərbaycan ali məktəblərinin
bayraqdarı olan Bakı Dövlət Universitetinin həyatında
da böyük dönüş yarandı. Onun ölkənin ali məktəbləri içərisində
tutduğu aparıcı mövqe, Azərbaycan təhsil sisteminə,
onun inkişaf istiqamətlərinə göstərdiyi təsir
daha da gücləndi. 1969-cu ildə BDU-nun 50 illik yubileyi
dövlət tərəfindən yüksək səviyyədə
keçirildi: "Bütün dövrlərdə Bakı
Dövlət Universitetinə Heydər Əliyevin xüsusi bir
sevgisinin şahidiyik. O, BDU-ya olan məhəbbətini,
ehtiramını, sevgisini bu sözlərlə bildirirdi: "Mən
fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam",
- deyən Ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini
daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının
qarşısında bir sıra məsul vəzifələr
müəyyənləşdirmişdir. BDU daim dünya
şöhrətli məzununun xüsusi
qayğısını hiss etmiş, onun qarşıya
qoyduğu ali ideyalar universitetin tələbə
və professor-müəllim heyətinin əsas fəaliyyət
stimulvericisinə çevrilmişdir. Bakı
Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin
şərəfli səhifələri məhz Heydər
Əliyevin böyük diqqət və qayğısı sayəsində
yazılıb. Bir faktı xüsusi
vurğulamaq lazımdır ki, universitetin 1999-cu ildə 80 illik
yubiley mərasiminin keçirilməsi yenə də
ümummilli liderin adı ilə bağlıdır.
Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz
Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf
edir. Bu mənada Heydər Əliyevlə Bakı
Dövlət Universitetini bir-birindən ayrı təsəvvür
etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə
də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi,
yeni ixtisasların açılması sahəsində də ən
möhtəşəm nailiyyətlərini məhz Heydər
Əliyevin Azərbaycana rəhbərliyi dövründə
qazanıb".
AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİ, MİLLİ İFTİXARI
Millət vəkili Bəxtiyar Sadıqov vurğulayıb ki, Bakı Dövlət Universiteti Azərbaycan mədəniyyəti, ictimai-siyasi fikri, elm və təhsilin inkişafı sahəsində sanballı töhfələri olan məbədgahdır: "BDU hər birimiz üçün həm də ona görə əzizdir ki, Ulu öndər Heydər Əliyev bu universitetin məzunu olub. Ümummilli lider ölkə rəhbərliyinə seçiləndən sonra Azərbaycan dilində ilk çıxışını məhz BDU-nun 50 illik yubileyində edib. BDU ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb. Ali təhsil ocağı bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.
Universitetin tarixində həqiqi yüksəliş, tərəqqi və çiçəklənmə dövrü Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbər təyin olunduğu 1969-cu ilin 14 iyulundan başlanır. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində iştirak edən Heydər Əliyevin o zaman üçün fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan dilində çıxış etməsi universitet həyatında milli ruhun, milli özünüdərkin, milli dirçəliş və oyanışın hərəkətə gətirilməsi üçün siqnal rolunu oynadı. Azərbaycan ziyalısı sözün həqiqi mənasında qanı və canı ilə milli mənafeyi hər şeydən uca tutan həqiqi milli liderini gördü, tanıdı və ümidini ona bağladı. Respublika rəhbərinin ana dilində çıxışı Azərbaycan dilində tədrisin qüvvətləndirilməsinə, milli dilimizin hərtərəfli inkişafına xidmət edirdi. Bunun nəticəsində tezliklə universitetdə yaradılan 4 cildlik "Müasir Azərbaycan dili" dərsliyi Dövlət Mükafatına layiq görüldü. Ümummilli lider Heydər Əliyevin böyük fədakarlığı və mübarizəsi sayəsində Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi: "Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ilk dövründə (1969-1982) onun böyük himayəsi ilə universitet ölkədə ali məktəblərin həqiqi bayraqdarına çevrildi, universitetdə mənəvi iqlim saflaşdı, universitetlə bağlı yaranmış "Qoy, ədalət zəfər çalsın!" aforizmi Azərbaycanda mənəvi-əxlaqi prinsipə çevrildi, universitet o illərdə ölkədən kənara göndərilən 15 mindən artıq azərbaycanlı gənclərin seçilməsi üçün baş qərargaha çevrildi. Bütün bu uğurların ilhamçısı və rəhbəri olan Heydər Əliyevin universitetə hər gəlişi əsl ümumxalq bayramına çevrilirdi. Bu da həqiqətdir ki, universitetin 50, 60, 75 və 80 illiyi Ümummilli lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilib. Böyük iftixar hissi ilə deməliyik ki, BDU-nun məzunu, Ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının, Azərbaycanın milli sərvəti, milli iftixarı" adlandırdığı BDU fəaliyyət göstərdiyi yüz ildə, ölkəmizin elm, təhsil, mədəniyyət sahələrinə görkəmli şəxsiyyətlər bəxş etmiş, Azərbaycanın intellektual potensialının formalaşmasına əvəzsiz töhfələr vermiş, bu gün də müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək gənc kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir".
Bakı Dövlət Universitetinin xalqa bağlılığı onu uca tutmağımızı şərtləndirən ən böyük səbəbdir. Bu gün universitetin yetişdirdiyi, Azərbaycanın dünya arenasına çıxmasına dəstək verən və nəhayət, ləyaqətli vətəndaş adını daşıyan minlərlə məzunu var. 20 minlik tələbə ordusu olan təhsil ocağı bu ənənəsini bundan sonra da davam etdirəcək.
Sevinc QARAYEVA
Yazı "Bakı Dövlət Universitetinin
"100 ilin zirvəsində" mövzusunda keçirdiyi
müsabiqəyə təqdim olunur"
525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.8.