Əhməd bəy Ağaoğlu: Mən kiməm?  

 

 

 

Kitab ilk dəfə İstanbulda nəşr olunduğuna görə Türkiyə türkcəsiylə: "Ben neyim?" adlanır. Bu prinsipə əsaslansaq məşhur satirik Əziz Nesinin özünə seçdiyi sual-təxəllüs də Azəri türkcəsində: "Əziz Kimsən" şəklində səslənməlidir. Məsələ bunda deyil əlbəttə. Əhməd bəyin vaxtilə özünə özü haqqında verdiyi suala biz bu gün tam dolğunluqla cavab verə bilərik.

Əhməd bəy Ağaoğlu kimdir? 1869-cu ildə Şuşada dünyaya gəlmiş, ilk təhsilini elə bu şəhərdə almış, sonra Tiflisdə, Sankt-Peterburqda davam etdirmiş və nəhayət, Parisdə Sorbonna universitetində tamamlamış böyük mütəfəkkir, siyasi və ictimai xadim, yazıçı-publisist.

Parisdə yaşadığı illərdə Fransanın məşhur alimləri Ernast Renan və İppolit Tenlə yaxınlaşır. Renandan dərs alan Əhməd qısa bir zamanda müəlliminin sevimli tələbəsi olur, təhsilini bitirdikdən sonra Renan hətta ona Parisdə qalmağı təklif edir.

- Sən dünya miqyasında alim ola biləcək şəxssən - deyir. - Vətəninə dönmə. Şərq səni udar.

Əhməd bəy:

- Şərqin oxumuşlara ehtiyacı var - deyə cavab verir. - Sizdən aldıqlarımı soydaşlarıma çatdırmalıyam.

Vətənində firəng Əhməd deyə adlandırılan Əhməd bəy Ağaoğlu kimdir? Bir neçə qəzetin təsisçisi və redaktoru, Azərbaycanda "Həyat" (Əli bəy Hüseynzadəylə birlikdə) "İrşad", "Tərəqqi", Türkiyədə rəsmi dövlət xəbər agentliyinin - Anadolu Ajansının və "Türk sözü", "Akın" qəzetlərinin qurucusu. Azərbaycanda və Türkiyədə üç siyasi partiyanın əsas yaradıcılarından biri: Bakıda "Difai", İstanbulda "İttihad və Tərəqqi", Sərbəst firqə. Üç parlamanın deputatı: İstanbulda Məclisi məbusanın, Ankarada Böyük Millət Məclisinin, Bakıda Cümhuriyyət parlamanının üzvü.

Əhməd bəy Ağaoğlu kimdir? Türk, fars, ərəb, rus, ingilis, fransız, alman dillərinin bilicisi, İslam, İran və türklərin tarixini, Karamzindən (Qara Mirzədən) Maksim Qorkiyə qədər rus ədəbiyyatının, Qərb mədəniyyətinin mükəmməl bilicisi.

... hər şeydən əvvəl qürurlu, məğrur, heysiyyətini və ləyaqətini həmişə yüksək tutan millət fədaisi.

Əhməd bəyin ömrü - mübarizələrlə keçən, rastlaşdığı müqavimətlərə sinə gərən, əzab-əziyyətlərlə, itkilərlə, xəyal qırıqlığıyla dopdolu və bütün bunlara rəğmən daim tutduğu yolla dönmədən irəliləyən şərəfli və əyilməz bir həyatdır.

Bütün həyat yolunu əhatə edən xatirələrini yazmaq istəsə də, bunu etməyib. Amma Şuşada uşaqlıq günlərindən Parisdə təhsil illərinə qədər keçən bir dövrü əhatə edən "Altmış yeddi il sonra", Maltaya sürgünündən bəhs edən "Mütariqə və sürgün xatirələri", yeni partiyanın qurulması barədə "Sərbəst firqə xatirələri" Əhməd bəyin bütün tərcümeyi-halını ehtiva edir.

Şuşada ilk məktəbdə cəmisi beş nəfər türk çocuğu oxuyur, qalan çoxluq başqa millətlərdəndir, həm də türklərə qarşı aqressiv düşmənçilik ruhunda tərbiyə almış şagirdlərdir. Tənəffüslərdə türk çocuqları arxalarını divara dirəyib hücumlara müqavimət göstərirlər, "rəqibləri" onların başlarından bahalı xəz Buxara papaqlarını qapıb kos-kos oynayırlar. Axırda türk çocuqlardan məktəbdə tək bir nəfər - Əhməd bəy Ağayev qalır.

Yeniyetməlik dövründən Şuşadan ayrılmış və bir daha doğma şəhərə gələ bilməmiş Əhməd bu həsrəti həmişə qəlbində daşımışdır. Paris bulvarında bir əlində Alfred Müssenin şeir kitabı, o biri əlinlə lüğət fransız dilini öyrənə-öyrənə xəyalında yenə vətənini canlandırır: "Qarabağ yadıma düşdü. Şuşa şəhərinin dar, palçıqlı və qaranlıq küçələrini xatırladım".

Parisdə təhsil alan 23 yaşlı Əhməd 1892-ci ildə Londonda Avropa şərqşünaslarının IX konqressində iştirak edir. Böyük şəhəri dolaşır. "Budur, bu da Hayd Rark. Özünü elə bil doğma Şuşada, Topxanada, ya da köhnə dustaqxananın yanındakı erməni bulvarında hiss edirsən".

Əhməd bəyi tanıyanların şəhadətinə görə, otuz ildən artıq Türkiyədə yaşasa da, ömrünün sonuna kimi Qarabağ ləhcəsiylə danışırmış.

Şuşa məktəbində türk uşaqlarının xəz papaqlarıyla kos-kos oynayanlar böyüyüb, Daşnak, ya Qnçak partiyalarının üzvləri oldular və "Mşak" qəzetinin səhifələrində Əhməd bəyə qarşı indi də təbliğat (daha doğrusu, yalan-böhtan) hücumuna keçdilər.

1910-cu ildə E.Ter-Qriqoryan adlı birisi "Alov və qılınc" adlı pyes yazır və əsərin personajları sırasında Şükür ağa adıyla təqdim olunan Əhməd bəy, Hacı Əhməd adıyla təqdim olunan Hacı Zeynalabdin Tağıyev ermənilərin və rusların qatı düşmənləri kimi qələmə verilir. Ermənilərin 100 ildən bəri oxuduqları bir "mahnı" - guya ruslarçün ən böyük təhlükə türklərdir və bu təhlükənin qarşısını yalnız "böyük qardaşa" qul kimi sadiq olan ermənilər ala bilər.

Ter-Qriqoryanın pyesi haqqında məlumatı mən görkəmli alimimiz Vilayət Quliyevin Əhməd bəy Ağaoğlunun "Seçilmiş əsərləri"nə yazdığı Ön sözündən almışam. Türkiyədə Əhməd bəyin ən yaxın dostlarından və məsləkdaşlarından biri tatar əsilli Yusif Akçura qeyd edir ki, Əhməd bəy türkcə, rusca və fransızca məqalələri eyni həvəslə yazırdı. Əli bəy Hüseynzadənin fikrincə, Əhməd bəy rus və fransızca məqalələrini hətta türkcədən də asan yazırdı. Əhməd bəyin öz etirafına görə, həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər uzanan geniş bir yol ortaya gələ bilər. Nə yazıq ki, bu zəngin irsdən son otuz ildə - yəni müstəqililk dövründə çağdaş Azərbaycan oxucuları yalnız bir qismiylə tanış ola bildi və bu işdə Vilayət Quliyevin xidməti misilsizdir.

Müəllifi olduğu "Ağaoğlular", "Atatürk və Əhməd Ağaoğlu" kitablarından, Əhməd bəyin əsərlərinin hazırlanması, onlarçün şərhlər və izahlar verməsi, ön söz yazmasından başqa, Vilayət bu il - hörmətli Prezident İlham Əliyevin fərmanıyla böyük mütəfəkkirin 150 illiyi qeyd olunarkən də "525-ci qəzet"in şəhifələrində mütəmadi olaraq onun ayrı-ayrı məqalələrini giriş sözüylə dərc etdirir.

Bu yazımda mən Ə.Ağaoğlunun Azərbaycanda nəşr olunmuş "Seçilmiş əsərləri"nə, məqalələrinə, "Mən kiməm", "Sərbəst insanlar ölkəsində", "Sərbəst firqə xatirələri", habelə "Üç mədəniyyət"in Türkiyə nəşrinə, oğlu Səməd Ağaoğlunun "Babamın arkadaşları" kitablarına isnad edirəm. Amma bu mətnlərdən başqa, bir çox faktları bizim alimlərin və ilk növbədə Vilayət Quliyevin araşdırmalarından alıram. Hər dəfə bunu qeyd etməsəm də, nəzərə çatdırmağı vacib bilirəm.

Amma Əhməd bəyin öz əsərlərindən və alimlərimizin tədqiqatlarından istifadə etməklə bərabər, irəli sürdüyüm mülahizələr, gəldiyim nəticələr doğrusu və bəlkə də yanlışıyla təbii ki, bütünlüklə yalnız mənə aiddir.

Özünütədqiqin, özünüanalizin maraqlı örnəyi olan "Mən kiməm" əsərində Ə.Ağaoğlu varlığında iki zidd başlanğıcın - Çölüm və İçim adlandırıdığı iki xislətin, başqa sözlə, altruizm və eqoizmin münasibətlərindən söz açır və qibtə ediləsi bir səmimiyyətlə etiraf edir: "Mənim iki böyük ehtirasım var: zəngin olmaq və yüksək vəzifə tutmaq".

Lakin bu sahədə də içiylə çölü arasında dərin təzadlar və mücadilələr baş verməkdədir.

Ə.Ağaoğlunun həyat yoluna, fəaliyyətinə nəzər atdıqda bu mücadilədə altruizmin zəfər çaldığının şahidi oluruq. Yəni zənginlik ya yüksək vəzifə naminə Əhməd bəy heç bir prinsipindən, heç bir əqidəsindən vaz keçməyib, mənliyindən imtina etməyib. Bu qələbəni lap gənc yaşında qazanıb və ömrünün sonuna kimi yenilməyib.

Sankt-Peterburqda qısa təhsil müddətində ilk tanış olduğu azərbaycanlılar Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov olub. Əli bəylə dostluğu ömrü boy davam edib. Azərbaycanda çiyin-çiyinə mübarizə aparıblar. Az zaman fərqiylə hər ikisi Türkiyəyə köçür, mühacir həyatının fərəhlərini də, məşəqqətlərini də birgə yaşayırlar, bir yerdə Maltaya sürgün edilirlər. Ankarada yaşayan Əhməd bəyin qızları təhsil aldıqları illərdə İstanbulda Əli bəyin evində ailə üzvləri kim yaşayıblar. Ə.Hüseynzadənin ölümündən bir il əvvəl dünyasını dəyişən Əhməd bəyin vəfatını eşidən Əli bəy hönkür-hönkür ağlayıb.

Bütün bunlarla barəbər, bir fakt da əlamətdardır. Deyildiyi kimi, "Həyat" qəzetini H.Z.Tağıyevin vəsaiti ilə Əli bəy və Əhməd bəy birlikdə yaratmış və redaktə etmişlər. Amma hansı məsələdəsə Əli bəylə razılaşmadığı üçün Əhməd bəy ona belə bir məktub yazır:

"Sevgili qardaşım Əli bəy! Təvəqqə edirəm ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonra "Həyat" müdirliyindən xaric olub "Həyat" ilə heç bir əlaqəm yoxdur, Əhməd bəy Ağayev.

16 noyabr 1905"

Prinsipial məsələlərdə ən yaxın dostlarına belə güzəştsiz olan Əhməd bəy milli maraqların müdafiəsi uğrunda mubarizdə tamamilə barışmazdı.

Özəlliklə 1905-ci ildə Bakıda və başqa şəhərlərdə erməni-müsəlman toqquşmaları barədə erməni, rus və Avropa mətbuatında çıxan yalanları Əhməd bəy elə rus və fransız mətbuatında konkret faktlarla təkzib edir. Əhməd bəy bu hadisələr haqqında həqiqətləri hətta həmişə antimüsəlman və ermənipərəst mövqedə olan "Sankt Peterburqskie vedomosti" qəzetində belə çap etdirə bilmişdi.

Dil və üslub məsələlərində Əhməd bəylə müxtəlif mövqelərdə olsalar da, Mirzə Cəlil Məmmədquluzadə "Hardadırlar" adlı yazısında çox haqlı bir sual verir: "Hardadırlar rusca yazanlarımız. Bədxahlara cavab verən keçən vaxtlarda bircə Əhməd bəy olardı. Amma "İrşad" çıxandan sonra ...rusca yazmağa dəxi fürsət tapa bilmir. Niyə rusca oxumuş cavanlarımız hərdən bir qələm götürüb müsəlmanlar barəsində yalanlara cavab yazmırlar?"

Mirzə Cəlilin 120 il bundan qabaq verdiyi sual bu gün də cavabsız qalır.

Əhməd bəy "Bakı hadisələri haqqında həqiqət" adlı məqaləsində yazır:

"Guya qırğından əvvəl Bakı mollaları, Baş molla (???) məsciddə erməniləri qılıncdan keçirməyə çağırmışdır".

Tam əksinə olaraq danışırlar ki, ermənilər Şuşadan, Şamaxıdan və hətta az qala Türkiyədən başkəsənlər çağırmışlar ki, müsəlmanlardan intiqam alsınlar. Şayiələr yayılırdı ki, Lalayevin pulla ələ alınmış əsgərləri, Türkiyədən quldur dəstəsinin başçısı Andronik müsəlmanlara divan tutacaq (Naxçıvanda, Şamaxıda, Qubada və başqa yerlərdə elə belə də oldu). Əhməd bəy davam edir:

"Doğrudan da, ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü, ...daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikrindədir. Bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, onun ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətl törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparılan zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü".

Bu olay sovet vaxtı Dağlıq Qarabağda məhkum olunmuş üç azərbaycanlının həbsxanaya aparılarkən qızışmış kütlə tərəfindən linç edilməsini, elə maşının içindəcə yandırılmalarını yada salır. Tarix necə də təkrar olunur.

Tarix başqa bir cəhətdən də təkrar olunur. Bizim günlərdə Rusiyayla ABŞ və Fransa arasında ən azı ciddi gərginlik var. Amma hər üç ölkənin təmsilçiləri Qarabağ məsələsi üzrə Minsk qrupunda, əsasən ermənipərəst mövqedə dururlar, bu məsələdə yekdildirlər.

Keçən əsrin əvvəllərində də belə idi. Ə.Ağaoğlu yazır:

"Qafqaz hakim dairləri hər işdə erməniləri müdafiə edir və ruhlandırırdı".

Erməniləri nəinki rus çarı müdafiə edirdi, hətta türk sultanı da dəstəkləyirdi. "Üç mədəniyyət" əsərində Əhməd bəy yazır:

"Padşah hələ də ermənilərə sığınıyor, onlardan yardım istiyor. "Aziz və mühterem" olan erməni dostlarını hər gün sarayında sayqıyla kabul edərək, devlet işlerini ellərinə emanət ediyor. Duşmanlar sultan saraylarını müsadirə edərək eşyalarını sokaka atıyor, haremlerini yatak odası yapıyorlar".

Elə həmin əsərində Əhməd bəy Sultan Vahəddin zamanında ingilis zabiti Maksvelin əmri ilə ermənilərə hər islam və türk evinə girərək şübhəli gördükləri qızları ala bilmək üçün bəlgə (vəsiqə) verildiyini yazır.

Peterburqda təhsil illərini xatırlayaraq, Əhməd bəy qeyd edir ki, tələbələr arasında yalnız üç nəfər türk-tatar vardı. Qalanları erməni, gürcü, ləzgi və b. idi... "Bizi görər- görməz hamısı ayağa qalxdı, bizə tərəf gəldilər. Həmin dəqiqələrdə aramızda türklük, ermənilik, gürcülük, çərkəzlik-filan yoxdu. Hamımızı birləşdirən müştərək qafqazlılıq duyğusu vardı".

Bəs nə oldu? Erməni-türk münasibətləri niyə pozuldu? Türkiyədə "milləti-sadiq" adlandırdıqları və bu gün də bu ölkədə hüzur içində rahat yaşayan ermənilər haqda burada danışmıram. Qafqazda bu münasibətlərin, pozulmasına gəldikdə isə, bu, əlbəttə Çar hakimiyyətinin apardığı "parçala, hökm et", yaxud "ayır, buyur" siyasətiylə bağlı idi. Amma bu qarşdurmanın kökləri barədə erməni millətçilərinə xas olan bir cəhəti Əhməd bəy çox dəqiq göstərir: "Müsəlmanlar mədəniyyət yoluna qədəm qoyduqları ilk günlərdən başlayaraq, ermənilər qonşularını lazımi rəğbətlə qarşılamadılar".

"Lazımi rəğbətlə qarşılamadılar" hələ çox yumşaq ifadədir. Erməni millətçilərinin gözləri götürmədikləri ilk növbədə savadlı Azərbaycan ziyalılarıdır. Ermənilər qarşısında heç bir günahı olmayan, hər xalq kimi onlara da normal münasibət bəsləyən hər hansı Azərbaycan ziyalısı tanınmış və nüfuzlu şəxsiyyətdirsə, hökman erməni mətbuatında ləkələnir, terrorçu ASALA təşkilatının qətlinə qərar verilmiş adamların siyahısına düşür. Ermənilərin əleyhinə çığır-bağır salan "millət qəhrəmanlarıyla" işləri yoxdur, onlar ermənilərçün təhlükəli deyillər, nə qədər istəyirlər boğazlarını yırtsınlar. Amma qeyrətli və ağıllı ziyalılar - real qüvvədir, odur ki, ilk növbədə onları aradan götürmək lazımdır. Çox vaxt "özmüzkülərin" əliylə...  Əhməd bəy yazır:

"Qırğın zamanı nəinki ziyalı, hətta ən sadə müsəlman ailələrindən də eləsi yox idi ki, şəxsi təhlükəsizliklərini risk altında qoyaraq erməniləri gizlətməsin. Halbuki erməni ziyalıları tərəfindən bir təsadüfdə də olsun belə addım atılmamışdır".

Erməni yazıçısı, şamaxılı Aleksandr Şirvanzadə (Movsisyan) həmin o "Sankt-Peterburqskie vedomosti" qəzetində yazırdı:

"Mən bir müddət Bakıda qalıb hədsiz kədərlə müşahidə etdim ki, müsəlmanlarla ermənilər arasında mehriban münasibətlər pozulmuşdur. Hər yerdə, hər addımda bir-birinə qarşı aşkar inamsızlıq hiss olunurdu. Ədalət naminə deməliyəm ki, Ağayev həssaslıq göstərdi: geniş müşahidəli bir şəxs kimi o, ayrı-ayrı müsəlmanlarla ermənilər arasında şəxsi düşmənçilik zəminində tək-tək və tez-tez baş verən toqquşmalara ciddi məna verdi. Ağayevlə danışdığımızdan bir qədər sonra "Kaspi" qəzetinin redaksiyasında erməni və müsəlman ziyalılarının yığıncağı keçirildi. Bu iki qonşu millətin nümayəndələrinin ümumi və ictimai mənafe zəminində birləşməsi yolunda ilk cəhd idi. 20 nəfərin iştirak etdiyi həmin yığıncaqda çoxları böyük toqquşmaların törəyə biləcəyi barədə Ağayevlə mənim təşvişimə şərik oldular".

Bizim günlərdə də iki tərəfdən edilən belə ziyalı təşəbbüslərinin heç bir real nəticə vermədiyi bəllidir. Bu gün də Qarabağ münaqişəsinin həllinin açarı başqa əllərdədir. Erməni-Azərbaycan toqquşmalarının qarşısına almaq üçün Azərbaycan ziyalıları Tiflisə Qafqazın canişini Vorontsov-Daşkovla görüşə gedirlər. Bu görüşlərdə Əhməd bəy aparıcı fiqur kimi iştirak edir, necə deyərlər "birinci skripkanı" çalırdı. Amma bu təşəbbüslərin də səmərə vermədiyini dərk edən ayıq başlı Azərbaycan ziyalıları bir müdafiə təşkilatı yaratmağın zəruriyyətini duyurlar. Vilayət Quliyev yazır:

"Bu məqsədlə Ə.Ağaoğlu, doktor K.Mehmandarov, Ə.Rəfibəyov, B.Cavanşir və b. fəal iştirakı ilə 1906-cı ildə "Difai" partiyası yaradıldı. "Difai" əslində, həmin çətin dövrdə Azərbaycan türklərinin milli varlığını, şərəf və ləyaqətini qoruyan, onların imperiya zülmünə və erməni terroruna qarşı müqavimətini təşkil etməyə çalışan ilk siyasi təşkilat idi".

Dəyərli alimimiz Əziz Mirəhmədov "Əhməd bəy Ağaoğlu" kitabında yazır: "Difai"nin başçılarından olan Ə.Ağaoğlu bir sıra Azərbaycan şəhərlərinə gedərək, yerlərdə məhəlli şöbələrini təşkil etmişdi, Gəncədə təşkilat komitəsinə Ələkbər və Ələsgər Xaçməmmədov qardaşları, həkim Həsən Ağayev, Ələkbər Rəfibəyli, şeyxulislam Molla Məhəmməd Pişnamazzadə, gimnaziya müəllimi Mirzə Məhəmməd Axundzadə və başqaları daxil idi".

Məxəzlərdə Gəncədə "Difai" firqəsinin əsas rəhbərləri kimi Ələkbər bəy Rəfibəyli və Molla Məhəmməd Pişnamazzadə, Qarabağda Kərim bəy Mehmandarov göstərilir.

Çox zaman olduğu kimi, nüfuzlu ziyalılarımız xalqın maraqları naminə, millətin xilası yolunda çarpışarkən "özümüzkülər" - "sapı özümüzdən olan baltalar" onların ayaqlarını baltalayırdılar. Bəzi felyetonlarında Mirzə Cəlil öz üslubuna uyğun olaraq, Əhməd bəylə yüngülvari məzələnirdi:

"Heyif olsun o elminə ki, Firəngistan xarabasında təhsil eləyibsən. Gedib Avropanın veyilxanalarında guya elm oxuyubsan, bir mənə de görüm "asmurş" nədir? Həyə bildin! Asmurş bir cin adıdır. Di get, dəxi elmdən dəm vurma".

Mirzə Cəlilin amalından xəbərdar olan, onun yumor hissini qiymətləndirən, özü də bu hissə malik olan Əhməd bəy yazırdı:

"Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir! Nə qədər ağıl, zəka, məharət və zövq göstərir, nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edərlər!"

XX əsrin əvvəllərindəki Azərbaycan mətbuatının araşdırıcısı Əziz Mirəhmədov Əhməd bəyin buraxdığı "İrşad" qəzetinin qarşısına çıxan çətinliklərdən yazır. Çeşidli mürtəce qüvvələrin həmlələri, hakim dairələrə yağış kimi yağan danoslar, İran şahının tənqidinə qadağa qoyulması, çapxananın, müdirin evinin axtarılması, hətta Əhməd bəyin Qafqazdan qovulması təklifi və təhlükəsi qəzetin nəşrini davam etməsinə imkan vermirdi. Ə.Mirəhmədovun yazdığı kimi, "Çox əlamətdardır ki, belə bir vaxtla qəzetin dadına çatan "Molla Nəsrəddin" oldu".

Mətbuat səhifələrində hədələrlə və siyasi danoslarla kifayənlənməyib, muzdlu qoçulara indiki Filarmoniyanın binasında Əhməd bəyi döydürürlər. Belə bir şəraitdə Əhməd bəy mühacirət etmək qərarına gəlir: "Şiddətli tənqid edilənlər arasında idim. İş belə dərəcəyə çatmışdı ki, artıq daha izzət-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü".

Amma Əhməd bəy Türkiyəyə gedəndən sonra da ardınca atılan daşlar səngimir, onun müdafiə edən gənc Üzeyir bəyin qarabağlı qiyafəsində karikaturunu çap edirlər və fitnəkarlıqla araya qarabağlı-bakılı məsələsini atırlar. Əhməd bəy Üzeyir bəyin cavabıyla tanış olduqdan sonra gənc dostuna məsləhət görür ki, belə ucuz və düşük atmacalara cavab verməsin. Qoy nə deyirlər desinlər, nə yazırlar yazsınlar, sən bunlara əhəmiyyət vermə, öz işini gör, öz yolunla getməyə davam et - Əhməd bəyin tövsiyəsinin məğzi belə idi. "Qarabağlı-bakılı" söhbətinə Mirzə Cəlil də özünəməxsus şəkildə münasibət bildirir:

"Heç bir millət, heç bir işdə bizə oxşamır. Hər işimiz tərsinədir, qarabağlısan, yazıçılıq eləmək istəyirsən, cəhənnəm ol, get, otur öz Qarabağında nə qədər istəyirsən yaz, dəxi sənin Bakıda nə işin var. Bu, harda görsənib ki, insan qarabağlı ola-ola gedə otura bir özgə şəhərdə qəzet çıxarda? Amandır qardaşlar, huşyar olun. Əvvəla içinizə başqa şəhərdən gələn bir yad adamı qoymayın. Ərizə verməlidir, verin, şipyonluq eləməlidir eləyin, xülasə hər bir vasitə ilə olsa çalışın öz içinizdən rədd edin. Amandır qardaşlar qeyrət, qeyrət. (Əgər varsa!) İndi fürsət vaxtıdır, sonralar ola bilər ki, xalq ayıla və bizim qərəzbazlıq yolunda işlətdiyimiz xəbərçiliyə yol verməyə. Odur ki, danosbazlıq və şeytançılıq vıstavkalarında qızıl medal alan əvvəl müsəlman qardaşlar olur".

Mirzə Cəlil mübarizəsini davam etdirməkçün Qafqazda qalır. Əhməd bəy ömrünün Türkiyə dövrü başlanır - çətinliklərlə, fədakarlıqla, fərəhlərlə və peşmançılıqlarla dolu bir ömür. Ağayev - Ağaoğlu olur. Amma arada Nuri paşanın komandanlığı ilə Azərbaycana yardıma gələn Qafqaz-İslam ordusuyla Nuru paşanın siyasi müşaviri kimi vətənə gəlir. Aparılan danışıqlarda Nuri paşa və Əhməd bəy M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Milli şuranın ləğv olunmasına və Fətəli xan Xoyskinin rəhbərliyi ilə Nazirlər şurasının yaradılmasına razılıq verirlər. Bəlkə elə buna görə də M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Əhməd bəyin rolunu "ikinci dərəcəli və epizodik" adlandırmışdır. Əhməd bəyin Əlimərdan bəy Topçubaşovla münasibətləri də soyuq idi. Odur ki, mühacirətdə də soydaşlarından Əli bəydən başqa yaxın dostu yox idi. Müxtəlif Azərbaycan mühacir təşkilatlarına daxil olmadan türk siyasi həyatına inteqrasiya olunmuşdu.

Əhməd bəyin Türkiyə illəri barədə Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" kitabında ətraflı bəhs olunur. Təbiətinə və xislətinə uyğun olaraq Əhməd bəy İstanbulda ilk günlərdən aktiv siyasi-ictimai həyatın içinə girir, "İttihad və Tərəqqi" partiyasının qurucularından və ideoloqlarından biri olur, qəzetçilik fəaliyyətini davam etdirir.

Yenə də təbiətinə uyğun olan çılğınlığı, prinsipiallığı, ötkəmliyi və hətta tərsliyi, höcətliyi başına burda da bəlalar açır. Vilayət Quliyev yazır: "Ayağına balta vurmayınca sakitləşməyən adam!" - illər sonra gənclikdən tanıdığı Nazım Hikmətin Mikayıl Rəfili haqqında dediyi bu sözləri eyni ilə Əhməd Ağaoğluna da aid etmək olar".

Bu bənzətmə doğrudur, amma burda bir yanlışlıq da var: Mikayıl Rəfili haqqında bu sözlər Nazım Hikmətin ona həsr olunmuş şeirindən deyil, Rəsul Rzanın "Qızıl gül olmayaydı" poemasındandır, özü də belədir:

Dilinə soyuq söz gəlməyən,

ayağına balta vurmasa

dincəlməyən

bədbəxt adam.

Bir yanlışlıq Ə.Ağaoğlunun "Seçilmiş əsərləri"nin (2007) izahlar bölümündə də var:

"Mehmet Əmin Yurdaqul (1869-1844) Türkiyənin milli şairi, ölkənin dövlət himninin müəllifi" (səh. 380).

Türkiyənin dövlət himninin - Milli marşın müəllifi Mehmet Akif Ersoydur.

İngilislər tərəfindən illihadçılarla birlikdə Malta adasına sürgün olunmuş Ə.Ağaoğlunu və başqalarını Mustafa Kamal Paşa azad etdirə bilir, Ağaoğlunun sürgündən qurtulmasında Sovet Azərbaycanının hökumət başçısı Nəriman Nərimanovun da rolu olub. Ümumiyyətlə, Ağaoğlu köhnə dostu saydığı Nərimanova böyük hörmətlə yanaşır, ona yazdığı məktubda vətənə qayıtmaq haqqında müraciət edir. Nərimanov bu müraciətə müsbət yanaşsa da, xoşbəxtlikdənmi, bədbəxtlikdənmi bu niyyət baş tutmur. Bədbəxtlikdən ona görə deyirəm ki, Əhməd bəyin bir də Qarabağı, doğma Şuşanı görmək, vətən torpağına tapşırılmaq arzusu ürəyində qalır. Xoşbəxtlikdən ona görə ki, 37-ci ilin repressiya qurbanlarının - işgəncələrə məruz qalanların, güllələnənlərin arasında olmur.

Mustafa Kamal zəfər çalıb Türkiyəni işğaldan azad edəndən sonra onun ən yaxın silahdaşlarından biri də Əhməd bəy Ağaoğlu olur. Qazi onu mühüm bir vəzifəyə - Baş mətbuat idarəsinə müdir təyin edir. Böyük Millət məclisinə deputat seçilir. Qazinin ona xüsusi diqqətlə və qayğıyla yanaşması ətrafındakılardan bəzilərinin qısqanclığına səbəb olur, hər vəchlə onu Atatürkün gözündən salmağa çalışırlar. Ağaoğluna qarşı istifadə olunan ən yaramaz üsullardan biri hər fürsətdə onun Azəri türkü olmasını vurğulamaq idi.

 

Məclisdə Əhməd bəyin iradlarına qarşı Maliyyə naziri:

"Əhməd bəyə əvvəlcə türkcə öyrənməsini tövsiyə edirəm”, - deyə kobud atmaca atır. Əhməd bəy yerindəcə onu Konstitusiyanı pozmaqda ittiham edib susdurur. Ə.Ağaoğlunun yazılarını "saçma-sapan" adlandıran başqa bir millət vəkilinə elə məclisdəcə: "Sənə din də daxil olmaqla hər mövzuda yeddi il dərs verərəm" - deyir.

Qəzetəçi Cəlal Nuri bir çıxışında söylədiyi "Ağaoğlu Əhməd bəy deyilən adam rusdur" sözlərinə qarşı Əhməd bəy: "Mən Ağaoğlu Əhməd anamın, atamın və bütün əcdadlarımın damarlarında türk qanından başqa qan axmayan qarabağlı bir türkəm" cavabını verir. Belə cahil hücumlar tək Əhməd bəyə yox, onun ailə üzvlərinə qarşı da olurdu. Demokrat partiyasının fəallarından biri kimi tanınan Səməd Ağaoğlu haqda Cümhuriyyət Xalq Partiyasının orqanı "Ulus" qəzetində "Ağayevin oğlu" ifadəsi işlədiləndə bacısı Millət vəkili Tezer xanım etiraz əlaməti olaraq, CXP-dən istefa edir. Səməd bəy təhsilini davam etdirməkçün Strasburqa getmək istəyəndə Ədliyyə naziri Şükrü Saracoğlu "Vaxtı ilə cibində rus pasportunu daşımış bir adamın oğlunu Avropaya göndərə bilmərəm" qərarını verir. Əhməd bəyin başqa bir qızı - Türkiyənin ilk qadın hüquqşünası Süreyya xanım təhsilini davam etdirməkçün Parisə getmək istəyəndə "Milliyətçi (indi də milliyətçi ittihamı! - A.) Əhməd bəyin qızı belə seminara gedə bilməz" qərarıyla üzləşir.

Ömrü boyu Şərq despotizmiylə mübarizə aparan Əhməd bəy Avropa dövlətlərinin Türkiyə qarşı təcavüzündən, Malta sürgünündən sonra Qərbin mənəvi-əxlaqi dəyərlərindən də ümidini üzür. Bu dövrdə Sovet quruluşunun ilk dövründə elan olunan şüarlar, o cümlədən, millətlərin azadlığı və bərabərliyi barədə bəyanatlar Ağaoğlunun nəzərlərini Moskvaya tərəf çevirir. O zaman Sovet Rusiyasının Türkiyədəki səfiri olan S.Aralov xatirələrində Rusiyayla Türkiyənin yaxınlaşmasında, Leninlə Mustafa Kamal arasında xoş münasibətlər yaranmasında Əhməd bəyin rolunu xüsusi qeyd edir. Elə bu da Ağaoğlu bədxahlarının əllərində daha bir dəlilə çevrilir. Vaxtilə "Ağayoffun" Çar Rusiyasının təbəəsi olması başının qaxıncına çevrilir. Türkiyə Böyük Millət Məclisinin o vaxtki başqanı Rauf Orbay: "Hakimiyyəti-milliyə" Türkiyə hökumətinin, yoxsa Rusiya səfirliyinin mətbu orqanıdır?" - deyə Ağaoğlunun istefasını tələb edir.

Əhməd bəyin nüfuzlu əleyhdarlarından biri də Baş nazir İsmət İnönüdür. İsmət paşa Cümhuriyyət tarixində öz yeri olan, Atatürkdən sonra "İkinci adam" sayılan şəxsiyyətdir. Amma nədənsə Əhməd bəyə münasibəti heç də xoş olmayıb. Vilayət Quliyev bunun bir çox örnəklərini gətirir.

İsmət paşanın Əhməd bəyin yaxın dostu Y.Akçurayla münasibətlərinin pozulması da Yusif bəyin Məclisdə verdiyi təklifdən başlanır. Y.Akçuranın məmurların dövlət avtomobillərinin aradan götürülməsi təklifinə cavab olaraq, İsmət İnonü nümayişkaranə şəkildə xidməti maşınına minməyərək: "Haydı mənə bir taksi" - çağırmasından sonra Yusif bəy daha parlamanda çıxış etmir. Olsun ki İsmət paşanın da, bəzi başqa siyasi xadimlərin də rəyincə Türkiyəyə sığınmış azərilər, tatarlar "gəmidə oturub gəmiçiylə dava" etməsələr də, yersiz surətdə ölkənin işlərinə qarışırlar. İsmət paşa üzünü Əhməd bəyə tutaraq deyir:        "Əhməd bəy, siz xəyalpərəst idealistsiniz. Həyatdan xəbəriniz yoxdur, insanlar pul istəyirlər, pul! Və siyasətçilər onların bu istəyini nəzərə almağa borcludurlar. Siz belə şeyləri anlaya bilməzsiniz".

Əhməd bəy bu sözləri də cavabsız qoymur.

İsmət paşanın Ə.Ağaoğluna münasibətini Atatürk də bilirdi. Əhməd bəyin qızı Süreyya xanımın xatırladığı kimi bir məclisdə Qazi atasına yanaşaraq:

- Əhməd bəy, İsmət paşa "Əhməd bəyə dövlət qulluğunda yer yoxdur" - deyir.

Ağaoğlu: "Mən kimsədən dövlət qulluğu istəmədim" - deyə cavab verir.

Vilayət Quliyev yazır: "Baş nazir İsmət İnönünün "yetişmiş insan potensialının" olmamasından acı-acı şikayətləndiyi 1930-cu illər Türkiyəsində Əhməd Ağaoğlunun ensiklopedik zəkasına, universal biliklərinə, tükənməz enerjisinə tətbiq sahəsi tapılmamışdı".

İsmət paşa Ə.Ağaoğlunun Baş Mətbuat idarəsində tutduğu vəzifədən azad edilməsinə də nail olur. Yerinə İsmət paşanın adamı sayılan Mehmet Zəkəriyyə Sertel (1890-1980) təyin olunur.

İndiyə qədər bilmədiyim bu faktı Vilayətin kitabından öyrənən zaman qəribə hisslər keçirdim. Yüz il bundan qabaq, mənim doğulmağımdan on-on beş il əvvəl baş verən hadisələrdən söhbət getdiyi yerdə birdən birə şəxsən tanıdığım, dəfələrlə söhbət etdiyim adamın adına rast gəlməyim möcüzə kimiydi. Nazım Hikmətin yaxın dostu Zəkəriyyə Sertel ailəsiylə birlikdə bir müddət Bakıda yaşayarkən tez-tez atamgilə qonaq gələrdilər. Biz də bir neçə dəfə onların evlərində olmuşduq. Zəkəriyyə bəylə Parisdə də görüşmüşdük. Bakıda dəfn olunmuş həyat yoldaşı Səbihə xanımı da, qızları Yıldız xanımı da tanıyırdım. Yıldız xanımla Bakıdan başqa, Parisdə və İstanbulda da görüşmüşdük. Zəkəriyyə bəy "dostlarım Əli bəy Turan, Əhməd Ağaoğlu, Yusif Akçura" - deyəndə mənə elə gəlirdi ki, qoca bir az mübaliğə edir, onlardan xeyli cavan idi axı. Bir də ki, mənimçün əfsanəyə çevrilmiş insanların qarşımdakı qocayla dostluğu mənə Zamanların, Vaxtların qatıb qarışması, dəyişik düşməsi təsiri bağışlayırdı. Məşhur türk rəssamı Abidin Dino Bakıya məhz Zəkəriyyə bəyi görməkçün gələndə onu Sərtəllə birlikdə qarşılayıb ötürdük. Bütün bunlar haqqında "Kərəm kimi" kitabımda dərc olunmuş "Sərtəllər" adlı yazımda ətraflı bəhs etmişəm. Nazım Hikmətdən söz düşmüşkən indiyəcən bilmədiyim bir fakt da məni təəccübləndirdi. Elementar məntiqə görə türkçü-turançı, millətçi Əhməd bəy kommunist Nazım Hikmətlə antipod, ən azı siyasi rəqib olmalıydı. Əhməd bəyin qızı Süreyya xanım xatirələrində Ankarada evlərinə tez-tez gəlib gedən qonaqların sırasında Nazım Hikmətin də adını çəkir.

Əhməd bəyin İsmət paşayla münasibətlərinin daha da gərginləşməsi Sərbəst firqənin yaranmasıyla bağlıdır. Tək partiyalı Türkiyədə ikinci siyasi firqənin yaranması Atatürkün öz təşəbbüsü idi və bu təşəbbüsün səmimiyyətinə şübhələnməyə əsas yoxdur. Atatürk doğrudan da çoxpartiyalı Qərb demokratiyalarında olduğu kimi, ikinci bir partiyanın yaranmasını zəruri hesab edirdi. Sırf müxalifət partiyası olmasa da, hər halda bu firqənin öz proqramı, öz ideologiyası, öz siyasi davranışı olmalıydı. Əhməd bəy bir söhbətində deyir ki, İngiltərədə kralın müxalifəti olduğu kimi, bu da Qazinin öz təşəbbüsüylə yaranmış "Atatürk "müxalifəti" olmalıydı. Əhməd bəyin müdrik həyat yoldaşı Sitarə xanımın uzaqgörənliklə "bu, sizi dolaşdırmaqçün siyasi duzax ola bilər" xəbərdarlığına baxmayaraq, Əhməd bəy Qazinin niyyətinin xoşməramlı olmasına qəti əmin idi, yeni firqəni "çox qəribə və çətin dərk edilən insan olan Qazinin istəyi və razılığının bəhrəsi" hesab edirdi. Yeni firqəyə Atatürkün bacısı Məqbula xanımın da daxil olması bu fikri bir daha təsdiqləyirdi.

Amma məsələ ondaydı ki, hamının Türkiyənin xilaskarı kimi qəbul etdikləri Atatürkdən deyil, onun yeganə siyasi partiyasından və bu partiya hökumətinin yeritdiyi siyasətdən narazılar da çox idi və onlar yeni firqədə xilas yolu görürdülər. Sərbəst firqənin gün-gündən artan populyarlığı Cümhuriyyət Xalq Partiyasını və Hökumətinin başında duran İsmət İnönünü narahat etməyə bilməzdi. Samsunda söylədiyi nitqində İsmət paşa yeni siyasi partiyaya ciddi iradlarını bildirir. Cavab olaraq, Sərbəst firqənin qurucuları Əli Fəthi Okyar və Əhməd Ağaoğlu İzmirdə görüşlər keçirirlər. İzmir əhalisi yeni partiya rəhbərlərini olmazın çoşquyla, izdahamlı nümayişlərlə, bitib-tükənməyən alqışlarla qarşılayırlar. Bununla bağlı Əhməd bəyin bir etirafı düşündürücüdür: "Yüz minlik izdihamın nə qədər qorxunc varlıq olduğunu mən ilk dəfə burada gördüm. Onun məhəbbəti də, qəzəbi də bəladır".

Bu sözləri oxuyarkən 90-cı illərdə Azadlıq meydanındakı mitinqlərdən aldığım təəssüratı xatırladım.

Ağaoğlu yazır:

"1930-cu il avqustun 8-də təməli qoyulmuş Sərbəst firqə həmin il noyabrın 17-də, yəni heç yüz gün yaşamadan tarixə gömüldü".

Sərbəst firqəyə qarşı duran qüvvəni səciyyələndirərək Əhməd bəy qeyd edir:

"Yeni firqənin tərəfində yalnız on beş millət vəkili və Məqbula xanım vardı. O biri tərəfdə üç yüz millət vəkili, hökumət, İsmət paşa kimi kinli Baş nazir, dövlət, dövlətin malik olduğu bütün vəsait və qüvvələr vardı. Əsrlərlə əzilmiş və sındırılmış millətin tərəfdarları yalnız təhlükə və qorxu olmadığı zamanlar müsbət və işə yararlı qiymət alır".

Əhməd bəyin "Sərbəst firqə xatirələri" və "Sərbəst insanlar ölkəsində" yazılarını oxuyanda hər iki başlıqdakı ümumi sözə - "sərbəst" sözünə diqqət yetirməklə bərabər, belə bir fikrə də gəlirsən ki, Sərbəst firqə haqqında xatirələr Sərbəst insanlar ölkəsinə bir açardır.

"Sərbəst insanlar ölkəsinin" janrını təyin etmək çətindir. Tomas Morun və Kampanellanın əsərlərini yada salaraq bu yazını utopiya adlandırırlar. Amma Əhməd bəyin əsəri sırf utopiya deyil. Utopik bir cəmiyyət təsvir edirsə də, qəhrəmanın qurtulduğu əsarətdən bəhs edən səhifələr daha çox antiutopiya təsiri bağışlayır. Amma bu da əsəri tam xarakterizə etmir. "Sərbəst insanlar ölkəsində" həm də siyasi pamfletdir və məhz bu yönümdən onda yürüdülən bəzi fikirlər və mülahizələrin Sərbəst firqənin başına gələn olaylarla bağlantısını duymaq olur. Həm də tək Sərbəst firqənin tarixçəsi deyil, eyni zamanda, Əhməd bəyin yaşadığı dövrdə Türkiyənin bir çox problemləri bu siyasi pamfletdə, ya traktatda öz əksini tapmışdır.

Sərbəst insanlar ölkəsinin müdrikləri sayılan pirlər əsarətdən qurtulmuş insandan soruşurlar: "Əsarətin görünən bağlarını qırmısan, amma daxili halqalarını da qırıb atmısanmı?"

Əsərdən bəzi sitatlar:

"Azad olmaq asan deyildir. Köləlik bundan asandır. Kölə özünü başqasına təslim edir, iş bitir. Azad isə, əksinə, başqası haqqında düşünməyə məcburdur.

Qulluqgöstərmə, yaltaqlıq, kölələrin, əsirlərin işidir, ruhun büsbütün misgin və zəlil olduğuna dəlildir. Yaltaq adamda şərəf və heysiyyət olmaz. Bu qulluqgöstərmə və yaltaqlıq Şərq xalqlarını mənən gətirib yeyən illətlərin ən qorxuncu və ən dəhşətlisidir... Şərq qəsidəxanları özləri də hiss etmədən və fərqinə varmayaraq millətlərinə ən çox pislik edən insanlardır.

Azad olmayan məmləkətləri tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Belə məmləkətdə vətəndaşların xoş güzəranı və səadətlərindən daha artıq o tək adamın keyfinin qayğısına qalırlar. Adamın qədir-qiyməti onun bacardığından daha artıq özünü o tək şəxsə bəyəndirmək qabiliyyəti ilə ölçülür. Çəkişmə, tüfeylilik, şöhrət qazanmaq, hiylə və fırıldaq bu üsulun vasitələridir.

Məsələn, istibdad özünü maariflə, ticarətlə, əkinçiliklə, yollarla, sənayə ilə çox da yormadı. Əhalidən alınan milyonlarla pullar bu işlərə sərf olunmaq üçün beş-on adamın əllərinə verilməyə başlandı.

Hər məmur, hər xadim və dövlət adamı öz həyatı haqqında hər an hesabat verməyə borcludur.

Azadlıq nəzarətə istinad edir. Azadlıq nəzarət deməkdir. Nəzarət olmayan yerdə azadlıq olmaz və ola da bilməz.

Nəzarət heç kəsin ağzına gələni söyləməsi və haqlı-haqsız başqalarına öcəşməsi deyildir.

Nəzarət başqa, xəbərçilik başqa.

Tənqid etdikləri adamların heysiyyətinə toxunacaq bircə kəlmə belə işlətməkdən çəkinməli, onlara hörmət edilməlidir.

Bu sözlər əsarətdən qurtulmuş adama öz məmləkətindəki tənqidləri xatırlatdı, Aman, o necə də çirkin azğınlıq idi, nə küfrlər, nə söyüşlər idi! O nə qarışıq kəlmələr, nə qapalı işarələr, nə üstüörtülü və iyrənc simalardı!

Bəziləri ziyalı zümrəsinin çox vaxt milləti təmsil etmədiyini və bu iki məfhum arasında bəzən dərin təzadlar olduğunu, bir-birinə yad qaldıqlarını və hətta bir-birini anlaya bilmədiklərini və ona görə də ziyalı zümrəsinin daim millətə tərcümanlıq edə bilməyəcəyini misallarla sübuta çatdırmışlar.

Bunlara cavab olaraq Şekspir, Milton, Gete, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan Jak Russo, Viktor Hüqo, Dante, Puşkin, Lermontov, Tolstoyun adları çəkilir. "Şekspir və Milton olmasaydı, Kromvelin zühuru mümkün olardımı? Volter və Jan Jak Russo yetişməsəydilər, "Bəşər hüququ bəyannaməsi" işıq üzü görərdimi?

Susdurmaq, hərəkətsiz saxlamaq, və

təndaşların ağızlarını, gözlərini, qulaqlarını, beyinlərini bağlamaq istibdad üsulunun idaretmə sistemidir".

Bu parçanı oxuyanda M.Ə.Sabirin məşhur şeiri yada düşür: "Dinmə, danışma..."

Ə.Ağaoğluyla Mirzə Fətəli Axunzadənin də fikir yaxınlığı var. Bu, böyük İran şairi Sədiyə münasibətlərində görünür. Mirzə Fətəlinin "Gülüstan" və "Büstan" haqqında dedikləri məlumdur. Əhməd bəy "Üç mədəniyyət" əsərində yazır:

"Şeyx Sədi çağının ən böyük adamı və hətta ən böyük dahisi ola bilər. Üslubu farscanın ən mükəmməl və ən yüksək örnəyi sayılıyor. Fəqət genelliklə Şeyx Sədinin fəlsəfəsi, dünyaya baxışı, həyat haqqında telekkiləri, fəzilət və gözəllik denilən məfhumlara aid duyduqları bu gün, iyirminci yüz ildə, bizə ilham verəcək bir dəyər daşımamakdadır".

Bu əsər "Üç mədəniyyət" adlansa da və bu üç mədəniyyət ifadəsiylə Xristianlığa, İslam və Budda Brahma dininə işarə olunsa da, müəllif əsasən iki dinin - xristianlığın və islamın dəyərləri, tarixi və müqayisəsi üzərində durur.

"Sərbəst insanlar ölkəsində" əsərində şübhəsiz Atatürk nəzərdə tutularaq deyilir:

"Azadlığa doğru yürüyən bir millətin qabağında bu cür rəhbərlər oldumu, belə sayıla bilər ki, o millət artıq ən əsas istinadgahını tapmışdır. Bu rəhbərlərə göstərilən hörmət və etimad həmin məmləkət üçün əsaslı bir təhlükəsizlik sipəridir. Belə bir şəxsiyyət hər bir hərc-mərcliyə asanlıqla sinə gərə bilər. Doğrudur, bu kimi rəhbərlərin dalınca danışacaq alçaq təbiətli insanlar tapıla bilər. Lakin bunun əhəmiyyəti yoxdur. Cəmiyyətin sağlam ağlı və rəhbərə etimadı bu kimi əllaməliyi asanlıqla aradan qaldıra bilər".

Əhməd bəyin təsvir etdiyi Sərbəst insanlar ölkəsində kapitalist cəmiyyətinin bəzi məziyyətləri ilə sosializmin müəyyən üstün cəhətləri, məsələn, sosial sığorta və varlılardan vergi sistemi vəhdətdə verilir. Sanki çox illər sonra Bzejinskinin ortaya atdığı nəzəriyyə - konvergensiya təlimiylə üst-üstə düşür. Bu təlimə görə adil cəmiyyət hər iki quruluşun naqis cəhətlərini ataraq, müsbət tərəflərindən yararlanmalı idi.

"Ağ qoç, qara qoç" utopik və antiutopik povestimi yazarkən Ə.Ağaoğlunun bu əsəriylə hələ tanış deyildim. Amma mənim yazımdakı bəzi fikirlərim Əhməd bəyini əsəriylə necə uyğun gəldiyinə sevindim. Məsələn, "Ağ qoç, qara qoç"da olduğu kimi, "Sərbəst insanlar ölkəsində"də Parlament üç partiyadan - sağ, sol cinahlardan və orta partiyadan təşkil olunur.

Əhməd bəy Ağaoğlunun ən mürəkkəb, ən fərəhli və ən ağrılı problemi Atatürklə münasibətləridir. Bu münasibətlər müxtəlif mərhələlərdən keçir, Cümhuriyyətin ilk illəri bu münasibətlərin "bal ayıdır". Otuzuncu illərdən başlayaraq, bu əlaqələrdə müəyyən problemlər yaranır və Atatürkün son illərində xoşagəlməz şəkil alır. V.Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" kitabına yazdığı Ön sözdə akademik Nizami Cəfərov qeyd edir ki, Atatürkdən yaşlı (və təcrübələri, həm də daha intellektual) olan Əhməd Ağaoğlunun daxilində qaynayan qeyri-məhdud hissiyyatlar Atatürkün hərbi-rəsmiyyətçi (sonralar isə dövlət qurucusu) soyuqqanlığı ilə üst-üstə düşə bilməzdi".

Cümhuriyyətin ilk illərində Atarükün əhatəsində olanlar Qurtuluş savaşının qəhrəmanları, sərkərdələr və paşalar - İsmət İnönü, Kazım Qarabəkir, Fövzu Çakmak, Cəlal Bayar və başqaları hamısı siyasətə hərbçilikdən gəlmişdilər. Çar Rusiyasının çətin şəraitində qəzetçilik və siyasi həyatın bütün keşməkeşlərindən keçən Əhməd bəyin həyat təcrübəsi onlardan fərqli idi. Buna Əhməd bəyin şəxsi qürur hissi və əyilməzliyi də əlavə olunanda müəyyən intriqalar nəticəsində soyuqluğun yaranması gözlənilən idi. Əhməd bəy Atatürkə qibtə edirdi, onu tarixin və müasir dünyanın ən böyük insanlarından biri sayırdı, amma razı olmayanda onunla mübahisə də edir, öz fikrinin üstündə dururdu. Yazıçı və səfir Yaqub Qədri Qaraosmanoğlu Ağaoğlunun başına ağıl qoyaraq: - Əhməd bəy, bu məmləkətdə tək bir adam var, sən də onunla qovğaya çıxmısan - deyir.

Əhməd bəy Yaqub Qədrinin vaxtilə Atatürkə inanmadığını xatırlayaraq: - Biz inandıq, siz inanmadınız - deyir. - Biz inanmağımızın cəzasını çəkirik, siz də inanmamağınızın mükafatını alırsınız.

Bu mükalimə də mənə çox şeyi xatırladır. O cümlədən, elə Əhməd bəyin "Üç mədəniyyət" kitabında gətirdiyi bir epizodu.

Bu əhvalat Əhməd bəyin uşaqlıq çağıyla, Qarabağda eşitiyi bir rəvayətlə bağlıdır. Bir xan durbinlə uzaqlara baxıb: "Bu dağın yamacında nə gözəl bir at var, belində də çox gözəl bir xalı" - deyir. Sonra durbini əsabələrindən birinə verir, "sən də bax" deyir. O da baxır: Bəli, qurban olduğum, çox gözəl at və çox gözəl xalıdır. Durbinlə baxan əsabələrinin ikincisi, üçüncüsü də eyni sözü deyirlər. Nəhayət, xan bu söhbəti nəql edənə durbini uzadaraq: sən də bax - deyir, Adam baxır: Xan sağ olsun - deyir orda heç bir at və xalı görmədim. Xan qızır, başını çevirib gedir. Durbinlə at və xalı "görənlərdən" biri: doğrunu söyləmək üçün yermi tapdın? - deyir. Elə bilirsən mən də, başqaları da durbində bir şey görürdük? Biz görmədiyimiz kimi xanın özü də bir şey görmürdü. O, bizi imtahan edirdi. Ona nə dərəcədə bağlı olub-olmağımızı yoxlayırdı. Onun gözüylə gördüyümüzü, qulağı ilə eşitdiyimizi, qısası, özümüzdən keçərək "O" olub-olmamağımızı sınağa çəkirdi.

Əhməd bəy heç kəsin hüzurunda "durbinlə görmədiyinə" "gördüm" demədi. İttihad partiyasının qurucularından olsa da, Ənvər paşayla Mustafa Kamal qarşıdurmasında tərəddüdsüz Qazinin tərəfini tutdu. Amma sifarişlə Ənvər paşanı aşağılayan yazını yazmadı, yıxılana balta çalmaq olmaz əqidəsinə sadiq qaldı.

Yıxılanın, gedənin dalınca danışmağı sifariş verənlər və gözləyənlər görəsən düşünürlərmi ki, bir gün onlar da gedəndə onlar haqqında da yamanlayıcı yazılar sifariş veriləcək. Kimsə yazacaq, kimsə yazmaqdan imtina edəcək. Çox vaxt yazanın qazandıqları yazmayanınkından qat-qat artıq olacaq.

Əhməd bəyin hər zaman öz sifətini saxlaması bəzi hallarda Qaziyə xoş gəlir, bəzi hallarda onu qıcıqlandırırdı. Əhməd bəyə qızdığı anlarda ona gah "professor", gah da "Ağayoff" deyərmiş. Bir məsələylə bağlı Əhməd bəyin təklifinə gülərək: - Guya bu fikir professor bəydən başqa kimsənin ağlına gəlməyib - deyir. Sərbəst firqə yaradılmasından və süqutundan sonra, Əhməd bəyin "Akın" qəzetini çıxarmasıyla bağlı Qazinin ona münasibəti daha də sərtləşir. Əsəbi tonla Əhməd bəydən: hələ söylə görək sən qəzet çıxarmaq üçün pulu haradan alırsan? - soruşur. Başqa bir səfər Əhməd bəyin qızına: Babanın başı İran fəlsəfəsiylə doludur - deyir. Amma ən ağır yaranı Əhməd bəyə Atatürkün bu sözləri vurur:       

"Onu da unutma ki, gəlib burada bizim qoltuğumuza sığınmısan".

Əsəbi və səbrsiz Əhməd bəy bütün iradəsini toplayaraq, Qaziyə təmkinlə cavab verir:

- Paşam, mənə çox adamlar bu sözü söylədilər. Hamısını gülərək keçdim. Amma indi eyni sözləri sizin dilinizdən eşitmək məni ruhumun ən dərin qatlarına qədər sarsıtdı. Əsir bir məmləkətdən türkün öz hürriyyətini mühafizə etməyə müvəffəq olduğu torpaqlara gəlmiş xalis bir türkə "qoltuğa sığınmaq" deyirsiniz. Bu, qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir təzadlı uçurum üzərində görmək fəlakətini nəsib etdi.

Səməd Ağaoğlunun sözlərinə görə, Atatürk dərhal səhvini başa düşmüş, artıq salonu tərk etməkdə olan Əhməd bəyi qucaqlamış "sən məni yanlış anladın" desə də, Əhməd bəyi qaytara bilməmişdi. Vilayət Quliyev Atatürkün bu sözlərini "böyük adamın kiçik qisası" adlandırır.

Hərəkətindən peşmançılıq hissi uzun zaman Atatürkü rahat buraxmır. Bir məclisdə Əhməd bəyin qızını rəqsə dəvət edərək: - Baban nə xoşbəxt adamdır, sənin kimi qızı var - deyir. Başqa bir məclisdə yenə də övladlarına: - Babanıza telefon edin, deyin ki, onun şərəfinə badə qaldırıram - söyləyir.

Amma iş işdən keçmişdi. Əhməd bəyi cüzi məvaciblə dərs dediyi Universitetdən təqaüdə çıxarmışdılar. Qazinin bütün bu dolayı yolla onun könlünü almaq təşəbbüslərinə Əhməd bəy: - Mən...istənilən vaxt oxşanacaq, istənilən vaxt atılacaq adam deyiləm. Kimsənin də önündə əyilmərəm - demişdi.

Aralarında son görüş Atatürkün ölümündən bir il əvvəl - 1937-ci ilin yayında Böyük adada olur, Süreyya xanım xatırlayır:

"Qazi atama sarıldı "Həsrətin qəlbimdə, lakin kim bilir, sən hardasan?" şərqisinin sözlərini söylədi. Çox darıxdım sənsiz” - dedi".

Atatürkün ölümü Əhməd bəyə çox ağır təsir edib, sevimli həyat yoldaşı Sitarə xanımın ölümündən sonra yaşlı vaxtı aldığı ikinci ağır zərbə oldu. Süreyya xanım xatırlayır:

"Atam başını yazı masasının üstünə əyərək hönkür-hönkür ağladı:

- O, sanki yanar bir dağ idi - dedi - bəzən alov püskürürdü. Alovu məni də qarsdı, amma bu, nə gözəl alov idi".

Atatürkün ölümündən sonra onun əleyhinə yazılanlara cavabı yenə də Əhməd bəy verdi, fransızların Napoleonun vəfatından sonra onun haqqında bir tənqidi yazı yazmadıqlarını belələrinə örnək göstərdi.

Atatürkdən sonra cəmisi yeddi ay yaşadı. Ölüm yatağında oğuluna son dedikləri:

- Ömür bitdi Səməd - sözləri oldu.

Səməd Ağaoğlu 60-cı illərdə Bakıya da gəlmişdi. Öz təşəbbüsüylə anamla Yazıçılar İttifaqında görüşmüşdülər. Yanıb yaxılıram ki, anamdan bu görüşün təfsilatı haqqında bir şey soruşa bilmədim.

Türkiyəyə səfərlərimin birində Əhməd bəyin nəvəsi, Səməd bəyin oğlu Təkdaş Ağaoğluyla zəngləşdik (onunla hələ Bakıda tanış olmuşduq), bərabər bibisigilə, Əhməd bəyin həyatda olan son övladı Gültəkin xanımgilə getdik. Təkdaşın qardaşı Mustafa Kamal da ordaydı. Otağın divarlarını rəsmlər, fotolar, o cümlədən, Atatürkün Əhməd bəyə yazıb imzaladığı fotoşəkilləri bəzəyirdi.

Ən qəribəsi odur ki, Təkdaş kommunist əqidəli bir ziyalıdır. Marksın "Kapital" əsərini türkcəyə çevirib. Şoloxovun "Sakit don"unu da türkcəyə tərcümə edib. Əqidəsinə görə məhbəsdə də yatıb, sonra arvadı heykəltəraş-keramika ustası Qədriyyə xanımla birlikdə 9 il mühacirətdə, İsveçrədə qalmalı olub. Xatırlayıram ki, babası Əhməd bəy Maltada sürgündə olub, atası Menderes hökumətinin naziri kimi bu rejim devriləndə, bir müddət məhbəsdə yatıb. Əhməd bəy əqidəsi etibarıyla tam bir cümhuriyyətçi, Səməd bəy "aşırı sağçı", Təkdaş isə kommunist. Üçü də əqidələrində, inamlarında ardıcıl, güzəştsiz insanlar, müxtəlif rejimlər tərəfindən təqib olunan siyasət adamları.

- Atanla əqidə ixtilaflarınız şəxsi münasibətlərinizdə necə əks olunurdu - deyə Tekdaşdan soruşuram.

- Bir-birimizin əqidələrinə böyük sayğıyla yanaşır və bir-birimizi çox sevərdik - deyir. - Atamla babamın da əqidələri fərqli, amma ürəkləri bir idi.

Azərbaycanın üç dəyərli övladı...

Səməd bəy və Təkdaş əcdadlarının vətəninə gələ bildilər, Səməd bəy həyat yoldaşıyla doğma Şuşalarında da oldular. Ata-baba evlərinin qarşısında şəkil çəkdirdilər.

Əhməd bəyə isə bir də vətəni görmək qismət olmadı.

Uzun illərin sovet yasaqlarından sonra Əhməd Ağaoğlu da əsərləriylə, şərəfli ömür yoluyla, təmiz, namuslu, qürurlu adıyla 150 illik yubileyində iştirak etməkçün müstəqil Azərbaycana qayıdır.

Sentyabr 2019

Zuğulba.

 

 

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.10-11-12-13.