Azərbaycanda "Türk ocağı" bərpa olundu

 

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan "Türk ocağı"nın bərpası konfransı keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-a yaxın elm adamı, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransı açaraq "Türk ocağı"nın bərpaçılarını təqdim edib. Çıxışlardan öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və "Türk ocağı"nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan "Türk ocağı"nın bərpaçıları - millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Qənirə PaşayevaCavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir.

"Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı çıxışında Azərbaycanda "Türk ocağı"nın bərpası barədə uzun zamandır düşündüyünü deyib: "1911-ci ildəTürkiyənin çöküşü prosesinin qarşısını alan 190-a yaxın tibb tələbəsinin israrlı tələbi üzərinə türk ziyalıları İstanbulda Əhməd bəy Ağaoğlunun evində toplaşdılar. 1912-ci ildə İstanbulda "Türk ocağı" quruldu. Bu Ocağın qurucuları çağdaş Türkiyənin qurulmasında mühüm rol oynadılar. Eyni zamanda milli ruhun diri tutulmasında iştirak etdilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən "Türk ocağı"nın yaradılmasının tarixi bağlantılarını nəzərə alaraq belə bir cəmiyyətin Azərbaycanda təsisinin zəruri olduğunu düşündük. Bununla bağlı Türkiyədən olan dəyərli elm adamları və ziyalılarla müzakirələr apardıq. Müzakirələrdə bizə dəstək verdiyinə görə İstanbul Türk Ocaqları başqanı Cezmi Bayrama, həmçinin, Türk Ocaqları başqanı Mehmet Özə minnətdarlığımı bildirirəm. Nəzərə çatdırım ki, Cümhuriyyət vaxtı Azərbaycanda milli təsisatlar yaradılmışdı ki, onlardan biri də "Türk ocağı"nın bərpası idi. Azərbaycandakı "Türk ocağı" Türkiyədəki təşkilatla eyniyət təşkil edirdi. Məramı türk birliyini təşkil etmək, yenicə qurulan Cümhuriyyətə Türkiyənin maddi-mənəvi yardımlarını təmin etmək idi".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında "Türk ocağı"nın bərpasını həyata keçirənlərə təşəkkür edib: "Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. "Türk ocağı"nı bərpa edən hər kəsə minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss edirik. Çünki könül rahatlığı ilə arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir. Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil, insanlığı və mədəniyyəti daha irəliyə götürmək məqsədi güdür. O səbəbdən bəyan edirəm ki, səfirlik olaraq "Türk ocağı"nın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq".

Millət vəkili Cavanşir Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib: "Türk ocağı"nın bərpası çox nəcib bir təşəbbüsdür. 1990-cı illərdən etibarən dünya xəritəsində yeni türk dövlətlərinin ortaya çıxması "Türk ocağı"nın bərpasını zəruri edirdi. Çünki biz qloballaşan dünyada türk mədəniyyətini, siyasətini bütün dünyaya çatdırmalıyıq. Fikrimcə, qurumun fəaliyyəti bu istiqamətdə yardımçı olacaq".

Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram da "Türk ocağı"nın uğurlu fəaliyyət göstərəcəyindən əminlik ifadə edib: "Çox xoşbəxtəm ki, belə bir tarixi ana şahidlik edirəm. 60 ilə yaxındır türkçülük və turançılıq ideyasının yayılması üçün çalışıram. Hesab edirəm ki, "Türk ocağı"nın Azərbaycanda bərpa konfransına qatılmağım indiyə kimi gördüyüm faydalı işlərin mükafatıdır. "Türk ocağı"nın qurucuları arasında Əli bəy Hüseynzadə, Əhməd bəy AğaoğluYusuf Akçura kimi türk dünyasının böyük fikir adamları var idi. Yəni, "Türk ocağı" qurulduğu gündən etibarən sadəcə Türkiyəyə məxsus bir dərnək olmayıb. Bütövlükdə türk dünyasının cəmiyyəti olaraq ortaya çıxıb. Buna görə də fəaliyyət bölgəsi "türklərin yaşadığı hər yer" olaraq müəyyən edilib. Cəmiyyətin heç vaxt siyasi məramı olmayıb. Məqsəd türklərin mədəni birliyini təsis etmək, tariximizindilimizin qorunması olub. Azərbaycanda bərpa edilən "Türk ocağı" Türkiyə ilə digər türk respublikaları arasında mədəni əlaqələrin qurulması baxımından çox önəmlidir".

Millət vəkili Qənirə Paşayeva da vurğulayıb ki, belə bir qurumun varlığına ehtiyac böyükdür: "Əhməd bəy Ağaoğlunun gözəl bir sözü var. Deyir ki, "türklük bölünə bilməyəcək qədər tamdır". Bizim də məqsədimiz bu missiyaya xidmət etməkdir. Xeyli öncədən hesab edirdik ki, "Türk ocağı"nın Azərbaycanda bərpa edilməsi zəruridir. Çünki bunun böyük tarixi əhəmiyyəti var. Akif Aşırlı bu işə çox böyük əmək sərf edirdi. Çox şadam ki, Akif bəy bunun reallaşması istiqamətində yorulmadan çalışdı və bizim hamımızı "Türk ocağı"nın ətrafına cəm etdi. Bəziləri hesab edir ki, əgər 100 il keçibsə, deməli Türk ocaqlarının işibaşa çatıb. Qətiyyən elə deyil. Çünki Türk ocaqlarının missiyasındakı ana xətt sərhədlər üstü milli düşüncə anlayışıdır. Bizim buna çox ehtiyacımız var".

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri İrfan Çiftçi də "Türk ocağı"nın Azərbaycanda bərpa edilməsinin çox anlamlı olduğunu söyləyib. O deyib ki, yenidən bərpa olunan Azərbaycan "Türk ocağı"nı dəyərli edən bir məsələ də odur ki, burada ocağın ilk qurucularının nəvələrinin varisləri çalışacaqlar: "Çox sevindirici haldır ki, onlar babalarının əmanətlərinə sahib çıxırlar. Təəssüf ki, Türkiyədəki "Türk ocağ"larında biz buna nail ola bilmədik. Amma burada onlar özləri böyük həvəslə, məsuliyyyətlə bu işə sahib çıxırlar. Buna görə onlara təşəkkür edirik.

Dünyada təkcə türk millətçiliyi "başqalıq" üzərinə deyil, "ənənə" deyə bir dəyərlər sistemi üzərinə qurulan məfkurədir. Bu məfkurənin ilk dəfə birliyə qovuşduğu bu qədim "atəşgahımız" Türk Ocağının Azərbaycanda 101 il sonra bərpası ulularımızın ruhunu şad edən bir gündür”.

Daha sonra çıxış edənlərdən Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarixçi-alim Firdovsiyyə Əhmədova, "Türk ocağı"nın qurucularının varisləri - Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə belə bir təşəbbüs üçün əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan "Türk ocağı"nın başqanı seçilib. "Şərq" qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli isə başqan yardımçısı seçilib.

Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib.

Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan "Türk ocağı"nın eyni adlı mətbuat orqanı da fəaliyyət göstərəcək.

Tədbirdə A.Aşırlının Mərkəzi Dövlət Tarix Arxivinin, "Azərbaycan", "Açıq söz" qəzetlərinin, Türkiyə mənbələrinin materialları əsasında "Türk ocağı"nın fəaliyyətini geniş araşdırması ilə çap olunan "Türk ocağı" kitabı qonaqlara hədiyyə olunub. Kitabın elmi redaktoru Azərbaycanda Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, rəyçi siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Qənirə Paşayevadır. Kitabın "Türk ocağı" İstanbul şöbəsi tərəfindən Türkiyədə çapı nəzərdə tutulur.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.16.