Ərşad Əzimzadə: "İnsan üçün Sağlam Həyat Tərzinin alternativi yoxdur"

 

 

"Ana Təbiət" Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist Ərşad Əzimzadəni əsasən tibb elmi, sağlamlıqla bağlı yazıları, araşdırmalarıyla tanıyırıq.

 

İllər öncə düçar olduğu xəstəliklərdən məhz öz araşdırmaları sayəsində qurtulan jurnalist bir-birinin ardıyca yazdığı kitablarda təcrübələrini xalqla da bölüşdü, hələ də bölüşməkdə davam edir.

Müsahibimizə ilk sualım onillər öncə ağır xəstəliklər keçirərək məşəqqətlər yaşamış Ərşad müəllimin səhhətinin indiki durumu ilə bağlı oldu. 

- Dünyaya göz açdığım gündən 85 il keçib, bunun da 30 ilini rəsmi tibb elminin sağalmaz xəstəlik saydığı 8 ağır xəstəliyin daşıyıcısı olmuşam. 60 yaşa çatanda özüm özümü təbii üsullarla müalicə edib, onlardan yaxa qurtarmışam və 1995-ci ildən sağlam həyat tərzi yaşayıram və indi deyə bilərəm ki, pis deyiləm. Tibb elminin 30 il ərzində edə bilmədiyini mən sağlam həyat tərzinin köməyi ilə 30 günün içində etdim. Sağlamlığımı və gəncliyimi qaytardım, eynəkləri atdım, təfəkkürüm dərinləşdi, yaddaşım gücləndi. 70 yaşdan sonra daxilimdə şeir yazmaq tələbatı oyandı. Daxili orqanlarım saat kimi işləyir. Qıçım bir balaca zədələnib, onu da düzəldirəm.

- Allah şəfa versin! Ərşad müəllim, insan niyə xəstələnir? Sizcə, nədir xəstəlik?

- Təbiətdə, cəmiyyətdə, canlı orqanizmdə baş verən hər bir hadisə - səbəbin nəticəsidir. Məsələn, xəstəlik qeyri-sağlam həyat tərzinin qaçılmaz nəticəsidir. Qeyri-sağlam həyat tərzi isə cəhalətin  nəticəsidir. Cəhalət də pis vərdişlərin labüd nəticəsidir. Gözəl təbib, 3 ölkənin (Almaniya, Rusiya, İtaliya) tibb elmləri doktoru Abram Zalmanov deyirdi: "Bütün elmlərin şahı, zirvəsi - orqanizmə qulluq etmək elmidir. Onu bilməyən - cahildir". Boynuma alıram: 60 yaşa qədər mən də cahil olmuşam - vaxtında yatıb, vaxtında durmamışam, düzgün qidalanmamışam, canımı  qorumamışam. Deməli, orqanizmə qarşı cinayət törətmişəm. Cəzasını da almışam. Xəstəlik - orqanizmin tamlığının pozulmasıdır.

- Bəzən düzgün qidalanmaq deyəndə, az qala, hər şeydən imtina kimi başa düşülür...

- Dünyada yollar çoxdur. Amma taleyin cəmi 2 yolu var: biri - sağlamlıq və xoşbəxtlik, o biri - xəstəlik və bədbəxtlik. Sağlam həyat tərzi adamı sağlamlıq və xoşbəxtlik yolu ilə irəli aparır, qeyri-sağlam həyat tərzi isə - xəstəlik və bədbəxtlik yolu ilə uçuruma sürüyür. Sağlam həyat tərzinin sütunu - düzgün qidalanmaqdır. Nə deməkdir düzgün qidalanmaq? Təbiətdə hər canlının öz qidası və öz təyinatı var. İstər Səmavi kitablar, istərsə də naturalist alimlərin əsərləri belə hesab edir ki, insanın  4 qidası var: Günəş işığı, hava, çiy su, Bitki Səltənəti. Tərkibində Günəş işığı və şəfalı elementlər olan qida Canlı qida sayılır.  Belə qida bizi qoruyan 70 trilyon hüceyrəni bütün zəruri elementlərlə təmin edə bilir. Tərkibində Günəş işığı olmayan qidalar isə ölü qidadır. Belə qida bizi qoruyan hüceyrələrin deyil, virus daşıyıcısı olan mikrobların və bakteriyaların sevimli qidasıdır. Canlı ərzaq termal təsirə məruz qalanda, duza və şəkərə qoyulanda, rafinələşdiriləndə onun strukturu pozulur, tərkibindəki faydalı elementlər məhv olur. Ölü qida qanı zəhərləyir, hüceyrələri kütləvi şəkildə qırır, "düşmən ordusu"nu gücləndirir, nəticədə orqanizmin immun sistemi zəifləyir və biz xəstələnirik. Naturalist alimlər "düzgün qidalanmaq" deyəndə aşağıdakıları nəzərdə tuturlar:

1.Qidaları təbii şəkildə, heç bir təsirə (atəş, duz, şəkər) məruz qoymadan yemək.

2.Qidaların növbəliliyinə əməl etmək - uzlaşmayan qidaları qarışdırmaq olmaz.

3.Daxil olan enerji (qida) ilə çıxan enerjinin balansını qorumaq.  

- Həyatınızı, adətən,  iki hissəyə bölürsünüz: "xəstəlikdən öncə" və "xəstəlikdən sonra". Bu zaman gözünüzün qabağına hansı mənzərə gəlir?

- Əslində, mənim həyatım 3 təzadlı zolaqdan ibarətdir: 30 yaşa qədər, 30-dan 60-a qədər və 60-dan sonrakı illər. 30 yaşa qədər nisbətən sağlam olsam da, həyatım çox ağır keçib: uşaqlıq illərimi əcaib kolxoz quruluşu qarsaladı, İkinci Dünya Müharibəsi məni atasız və qardaşsız qoydu, ağlamaqdan anamın gözləri tutuldu. Tamam kimsəsiz qaldım. Orta məktəbdə oxuya-oxuya işləyib, çörəkpulu qazanmalı oldum. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini də işləyə-işləyə bitirdim. O vaxtın ən populyar mətbuat orqanı olan "Azərbaycan gəncləri" qəzetində işləməyə başlayanda sevindim, elə bildim, pis günlərim geridə qaldı, qarşımda "uğur" zolağı açılıb. Sən demə, ən pis günlərim hələ qabaqda imiş. Uşaqlıq illərində torpaq daxmada keçirdiyim işgəncəli günlər, kasıblıq, ac-yalavaclıq izsiz qalmadı - ağır xəstələndim. Bakının və Moskvanın ən güclü klinikalarında aldığım müalicələr məni xəstəliyin caynağından qurtara bilmədi, əksinə, böyük dozalarda qəbul etdiyim dərmanlar daxili orqanlarımı bir-bir sıradan çıxartdı. 40 yaşa çatanda iş qabliyyətimi tamam itirdim, 1-ci qrup əlil kimi pensiyaya çıxdım, sevimli peşəmdən ayrılmalı oldum. 60 yaşa çatanda artıq 8 ağır xəstəliyim vardı. Elə xəstəliklər ki, müasir tibb elmi onların birini də sağalda bilmir - poliartrit, Bexterev xəstəliyi, şəkərli diabet və sairə. Xoşbəxtliyim bundadır ki, mən heç vaxt ümidimi itirmir, sağalmaq üçün yollar axtarırdım - tibbə dair hər gün ədəbiyyat oxuyurdum. İnadkarlığım səmərəsiz qalmadı. 1995-ci ildə dahi yapon alimi Katsudzo Nişinin möhtəşəm Sağlamlıq Sistemi ilə tanış oldum, Sağlam Həyat Tərzinin köməyi ilə  özümü dava-dərmansız sağaltdım. Bununla da rəsmi tibb elminin yanlış yolda olduğunu və mikrob qarşısında acizliyini sübut etdim. Həyatımın 1-ci və 2-ci parçalarını itirilmiş illər sayıram. Daxili azadlığımı, gec olsa da, 3-cü mərhələdə tapdım.

- Mühit sağlamlığa nə dərəcədə təsir göstərir?

- İnsanı bioloji varlıq və şəxsiyyət kimi formalaşdıran mühitdir. Mühitə ailədəki fiziki və psixoloji şərait də aiddir, küçədəki, orta və ali məktəbdəki, iş yerindəki mühit də. Əgər ata-ana cahildirsə, qeyri-sağlam həyat tərzini normal hesab edirsə, valideynlik borcunu uşağın qarnını doldurmaqda, əyin-başını saz saxlamaqda görürsə, övladı həm mənən, həm də cismən xəstə olacaq. Təbiətə və insanlara sevgi ruhunda tərbiyə olunan uşaq isə planetin kamil vətəndaşı kimi formalaşacaq. Belə uşaq xeyir qüvvədir. Xeyir qüvvə yetişdirmək üçün uşaqlara, hər şeydən öncə, professor Zalmanovun "bütün elmlərin zirvəsi" saydığı "orqanizmə qulluq etmək" elmini öyrətmək lazımdır. Bəşəriyyətin faciəsi bundadır ki, heç bir ölkə uşaqlara bu elmi öyrətmir. Heç yerdə tədris proqramına Sağlam Həyat Tərzi fənni daxil olunmayıb. Heç bir parlament Sağlam Həyat Tərzi haqqında qanun qəbul etməyib. 

- Müsahibələrinizi, yazılarınızı oxuduqca mənə elə gəldi ki, "Möcüzəsiz möcüzə" məhz möhkəm insan iradəsidir...

- Əlbəttə, möhkəm iradəm olmasaydı, mən o ağır vəziyyətdən çıxmaq üçün yollar axtarmazdım, 60 ilin pis vərdişlərini ata, sağlam həyat tərzi yolunu seçə bilməzdim, qarşıma xalqı  maarifləndirmək kimi çətin bir vəzifə qoymazdım. Maarifləndirmə işi insandan möhkəm iradə ilə bərabər, ağır zəhmət, güclü   səbr tələb edir. Yəqin elə buna görədir ki, bu yükü çiyninə götürən ziyalı çox azdır. Bunları etmək üçün ziyalılarımızdan 2 vacib keyfiyyət tələb olunur: dərin zəka və möhkəm iradə. Nəyi və necə etməyi əsərlərimdə ətraflı göstərmişəm.

- Sağlamlığın etibarlı dostlarından danışarkən "azadlıq" sözünü bir neçə yerdə işlədibsiniz. Azadlıq və sağlamlıq... Nə kimi əlaqə var bunların arasında?

- Bunlar bir-birini tamamlayan qüvvələrdir. Sağlamlıq yoxdursa - heç bir azadlıqdan söhbət gedə bilməz. Həqiqi azadlıq yalnız bir halda mümkündür - daxili azadlıq mövcud olanda. Diqqətlə fikir versək görərik ki, hətta dünyaya "demokratiya ixrac edən" Amerikanın özündə də daxili azadlıq yoxdur. Çünki insanlar mənən və cismən sağlam deyil. Orda insanlar yırtıcı kapitaldan daha çox asılıdır, qanunlar insanların daxili azadlığını təmin etməklə məşğul olmur, biznesin azadlığını qoruyur. Böyük Azərbaycan filosofu Abbasqulu ağa Bakıxanov deyirdi ki, insan yalnız bir halda xoşbəxt ola bilər: qəlbi rahat olanda. Alim əlavə edirdi: "Yalnız aza qane olan insanın qəlbi rahat ola bilər". Kapitalist ölkələrində insanları elə hipnoz ediblər ki, aza qane olmağı axmaqlıq hesab edirlər. Sosialist cəmiyyəti də başqa cür axsayırdı: hamı dilənçi kimi yaşamalıydı. Dahilərin əsərlərini dərindən oxuyandan sonra bu qənaətə gəldim ki, insan ayrıca götürülmüş bir ölkədə azad, sağlam və xoşbəxt ola bilməz. Mümkün deyil - ətrafdakılar mane olacaq. Ona görə də mən Karl Marksın "Manifest"inin tam əksi olan "Natural Gigiyena Hərəkatının Manifesti"ni və "Sağlam Həyat Tərzi haqqında qanun" tərtib edib, bəşəriyyətə Cəhənnəmdən xilas yolunu göstərdim. Yeganə düzgün yol - Sağlam Həyat Tərzidir. İnsan üçün bunun alternativi yoxdur!

- Bir az da publisistik fəaliyyətinizdən, yaradıcılığınızdan danışaq.

- Yarım əsr respublikanın mərkəzi qəzetlərində ("Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinskiy raboçiy" və "Azərbaycan") işləmişəm. Brejnev dövründəki Sovet rejimində partiyanın özü kimi mətbuat da nüfuzdan düşdü. O vaxt mən "Bakinski raboçi" qəzetinin aparıcı şöbəsində (partiya həyatı) işləyirdim. Ən quru və pafoslu yazıları bizim şöbə verməli olurdu. Şöbə müdiri, az qala hər gün, mənə tapşırmışdı: çalış məqalədə 4-5 dəfə Brejnevi təriflə - gah "sədaqətli leninçi" kimi, gah "dahi rəhbər kimi", gah "Malaya zemlya" əsərinin, gah da "Tselina" əsərinin müəllifi kimi. Canımı dişimə tutub, tərifləyirdim. Şöbə müdiri qane olmurdu, özü də bir-iki yerdə əlavə tərifləyirdi, mənsə boğulurdum. Yəqin elə buna görə də Qorbaçovun  "yenidənqurması" meydana çıxanda, maddi vəzifəm yaxşı olduğu halda, birincilər sırasında Xalq hərəkatına qoşuldum və... işdən qovuldum.

- Qabaqlar sağlamlıq mövzusunda çox yazırdınız. Davam etdirirsinizmi?

- "Azərbaycan" qəzetində işləyəndə müntəzəm olaraq bitki mənşəli qidaların müalicəvi xassəsi haqqında məqalələrim çıxırdı. Pensiyaya çıxandan sonra boş vaxtım çoxaldı və maarifləndirmə işi aparmaq üçün imkanım genişləndi. Facebookda "Möcüzəsiz möcüzə Ərşad Əzimzadə ilə" adlı xüsusi sağlamlıq səhifəsi açdım. Demək olar ki, hər gün internetə yeni yazı qoyuram. Bu, sağlamlıqla bağlı problemlər də olur, oxucuları düşündürən aktual suallara cavab da, pis vərdişləri qamçılayan təzə şeirlərim də. Bunlar gündəlik işimin kiçik bir hissəsidir. Vaxtımın çoxunu yeni əsərlər yazmağa həsr edirəm. "Möcüzəsiz möcüzə" əsərinin ardınca "Dilemma", "Rədd olsun eynəklər", "Sunami", "Boleznğ veka: mif i istina"  və başqa elmi-publisistik əsərlərim, "Dərd əlindən havalandım" və "Tanrıya sualım var" adlı şeir toplularım çıxıb. İndi "Xoşbəxt ailə düsturu" (gənc qızlar və oğlanlar üçün bələdçi) və "Bizi yaşadan da qidadır, öldürən də" adlı elmi-publisistik əsərlərimi, eləcə də "Ağatlı oğlan" adlı geniş həcmli tarixi romanımı  çapa hazırlayıram. 

Üç böyük arzum ürəyimdə qalıb. Özümü dava-dərmansız sağaldandan sonra ümid edirdim ki,  hansı bir TV şirkəti mənə sağlamlıqla bağlı xüsusi veriliş aparmağı təklif edəcək, arzum çin çıxmadı. Düz 20 ildir, hazırladığım "Sağlam Həyat Tərzi haqqında" qanun layihəsini yuxarı təşkilatlara göndərirəm ki, qəbul olunsun. Təəssüf ki, heç məktublarıma cavab da vermirlər. Üçüncü arzum da budur: 1997-ci ildən üzü bəri kitab "piratları" mənim müəlliflik və sahibkarlıq hüququmu pozaraq, əsərlərimi məndən icazəsiz çoxaldıb satırlar. İndi İrandakı dələduzlar da bizim  dələduzların yolu ilə gedirlər: "Möcüzəsiz möcüzə" kitabımı farscaya çevirib satırlar. Zəhməti mən çəkirəm, pulu isə dələduzlar qazanır. Mən ehtiyac içində yaşayıram, kimlərsə varlanır. Özümə dahi Çin filosofu Konfutsinin bir kəlamı ilə təsəlli verirəm: "Pul itirdin - heç nə itirmədin, vaxt itirdin - çox şey itirdin, sağlamlığı itirdin - hər şeyi itirdin". Sağlamlığımı qoruyuram. Hər kəsə də bunu məsləhət görürəm.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.-25 sentyabr.- S.17.