Həsən bəy Zərdabinin Bakı
Şəhər Dumasındakı fəaliyyətinə dair tədqiqat
Xalqımız, geniş oxucu kütləsi Həsən bəy Məlikov Zərdabini görkəmli müəllim və maarifçi, milli mətbuatın, milli teatrın, xeyriyyə cəmiyyətinin banisi, filosof, təbiətşünas kimi tanıyır.
Lakin
çoxları bilmir ki, o, 1897-ci ildən ömrünün
sonuna qədər Bakı Şəhər Dumasına üzv,
qlasnı seçilmiş, çar Rusiyası hakimiyyətinin
təsis etdiyi bu seçkili orqanda fəal iştirak etmiş,
şəhər əhalisinin həyat şəraiti, məişəti,
su təminatı, təhsil, səhiyyə müəssisələri
və digər məsələlərə dair vacib qərarların
qəbul edilməsində mühüm rol oynamışdı. Məlum olduğu kimi, 1870-ci ildə imperator II
Aleksandr "Şəhər ictimai idarəsinin
yaradılması ilə bağlı fərman
imzalamışdı. Fərmana görə,
şəhərlərin qanunverici orqanı şəhər
Duması, icraedici orqan isə Uprava idi. Lakin
Bakıda Şəhər Duması və Uprava 1877-ci ilin
dekabrında təsis olundu və 1918-ci ilədək fəaliyyət
göstərdi.
Onun səlahiyyətləri yalnız şəhər təsərrüfatının
inkişafı, şəhər quruculuğu, su təminatı,
xalq səhiyyəsi, təhsil, maarif və bu kimi yerli məsələlərlə
məhdudlaşırdı. Hüquqi baxımdan
şəhər Duması və Uprava qubernator və yerli polisdən
asılı idi. 1892-ci ildə qəbul
edilmiş şəhər haqqında yeni qanuna əsasən
şəhər idarəsi (Uprava) tamamilə hökümət
rəhbərliyinə tabe edildi, faktiki olaraq şəhər
Upravası kollegiyaya, Duma isə Uprava yanında şuraya
çevrildi. Şəhər
Dumasının üzvləri - qlasnılar arasından təyin
olunurdu. Şəhər idarəsi sədrini
- şəhər merini Duma seçirdi. Duma
üzvləri arasında azərbaycanlılar azlıq təşkil
edirdi, yalnız Kamil bəy Səfərəli 1905-1907-ci illərdə
Bakı şəhər başçısının səlahiyyətlərini
müvəqqəti olaraq icra etmişdi. Çətinliklərə
baxmayaraq, Həsən bəy Zərdabi Məlikov, Nəcəf
bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Səfərəliyev
qardaşları, Fərrux bəy Vəzirov, Məmmədrza Vəkilov
kimi azsaylı ziyalılarımız Duma qlasnıları
arasına düşə bilmişdilər. Duma
və Upravada yerli əhalinin ehtiyaclarına laqeyd münasibət
bəsləyən başqa millətlərin nümayəndələri
sayca çoxluq təşkil edirdi. Həsən
bəy Zərdabi 1897-ci ildən ardıcıl olaraq Dumaya
qlasnı seçilmiş, əvvəl təftiş
komissiyasının üzvü, sonra sədri, məktəb,
tibb, bağçılıq və təsərrüfat
komissiyalarının daimi üzvü, yarmarka komitəsinin və
su təchizatı komissiyanın üzvü olmuşdu.
Eyni zamanda, "Qocalar evi"nin qəyyumu,
Mariya gimnaziyasında qəyyumlar şurasının
üzvü idi. Bakı rus-müsəlman qız
məktəbinin layihəsinin və nizamnaməsinin
hazırlanmasında iştirak etmişdi.
Həsən
bəy Dumanın iclaslarının fəal
iştirakçısı idi, toplantıların əksəriyyətində
iştirak edir, demək olar ki, müzakirəyə
çıxarılan bütün məsələlərlə
bağlı fikir bildirir, şəhər üçün
vacib problemlərə dair mövqe ortaya qoyur, şəhərin,
yerli əhalinin maraqlarını müdafiə edir, şəxsi
mənafeyini güdən işbaz və monopolistləri tənqid
edirdi. H.Zərdabi Dumada sözün həqiqi mənasında
dövlət vəasitlərinin xalq üçün vacib olan
sahələrə ayrılması uğrunda yorulmadan
mübarizə aparırdı.
Bakı şəhər Dumasının bütün
iclasları 1878-1918-cü illərdə "Kaspi" qəzetində
işıqlandırılıb. AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira
Cavadova "Kaspi" qəzeti səhifələrindəki Duma
iclasları protokolları içərisindən Həsən bəy
Zərdabinin və məsləkdaşlarının iştirakını,
çıxışlarını əks etdirən hissələri
böyük əmək hesabına toplayaraq kitab halında tərtib
edib. "Kaspi" qəzeti və "Kaspi" təhsil
şirkətinin maliyyə dəstəyi ilə rus dilindən
Azərbaycan dilinə tərcümə olunaraq çap edilən
bu kitab sözün həqiqi mənasında böyük
maarifçi, milli mətbuat, teatr və xeyriyyə cəmiyyətimizin
banisi Həsən bəyin xalqın tərəqqisi uğrunda
fəaliyyətinin bizə naməlum qalmış tərəfini
üzə çıxarmaqdadır. Kitabın tərtibçisi
və ön sözün müəllifi Esmira Cavadova neçə
illərdir ki, öz məhsuldar fəaliyyəti ilə zərdabişünaslığa
öz töhfələrini verməkdədir. O,
böyük maarifçi-demokratın etnoqrafik
görüşlərini araşdırıb, 2012-ci ildə
işıq üzü görmüş "Həsən bəy
Zərdabinin etnoqrafik görüşləri" adlı
monoqrafiyasında onun xalqımızın əkinçilik mədəniyyəti
və maldarlıq təsərrüfatı ilə bağlı
fikirlərini tədqiq edib. Burada həmçinin,
Həsən bəyin Azərbaycan xalqının maddi və mənəvi
mədəniyyəti məsələlərinə, ailə məişəti
ilə bağlı olan bir sıra mütərrəqi və zərərli
adət-ənənələrə münasibəti də nəzərdən
keçirilib. Esmira xanımın 2016-cı ildə
çap etdirdiyi "Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi
biblioqrafik göstərici" kitabına böyük
maarifçi-demokratın həyat və fəaliyyəti ilə
bağlı nəşr olunan bütün materiallar-əsərləri,
məqalələri, dəyərli fikirləri, habelə onun
haqqında yazan müəlliflərin kitabları, məqalələri,
fikirləri, dissertasiya işləri, şeirləri və s.
haqqında məlumatlar toplanıb. Zərdabi
irsini araşdıranlar üçün bu biblioqrafik göstərici
ən zəruri mənbəyə çevrilib. Onu da xüsusi olaraq qeyd etmək istərdik ki, elmi fəaliyyətində
yalnız inkaredilməz sənədlərə, arxiv
materiallarına istinad edən E.Cavadova dəfələrlə
mətbuatda çıxış edərək Həsən bəyin
doğum tarixini yanlış göstərmək istəyənlərə
tutarlı dəlillərlə cavablar verib.
584 səhifəlik
"Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər
Dumasında fəaliyyəti (1897-1907)" kitabda əksini
tapmış Bakı Şəhər Dumasının
protokollarından görürük ki, H.Zərdabi Dumanın
iclaslarında şəhər büdcəsindəki vəsaitlərin
pulsuz xəstəxanaların, məktəblərin,
kitabxanaların, uşaq evlərinin (yetim uşaqlar
üçün sığınacaqların), kitab evlərinin,
xalq evlərinin (bura ictimai binalar, yaşayış evləri və
s. daxil idi), qocalar evlərinin, uşaq
bağçalarının, parkların, bulvarların, səliqəli
bazarların, körpülərin tikilməsi və təmirinə,
küçələrin işıqlandırılması və
orada təmizliyin qorunmasına, sərf edilməsinə
çalışırdı. E.Cavadova kitaba
yazdığı ön sözdə haqlı olaraq göstərir
ki, "faktiki olaraq H.Məlikov Dumadakı vəzifəsindən
tribuna kimi istifadə edərək xalqın problemlərini
hakimiyyətin diqqətinə çatdırırdı. Bu mövqedən çıxış etmək isə
öz ideyalarını həyata keçirmək
üçün ona əlavə imkan idi".
Təhsil, xalq maarifi Zərdabinin bütün həyatının
məqsədinə çevrilmişdi. O, bütün şüurlu
həyatını xalq arasında maarifin, elmi biliklərin,
müasir mədəniyyətin, qabaqcıl ideyaların
yayılmasına, məktəblərin açılmasına həsr
etmişdi. Buna görə də Dumanın həmin
məsələlərlə bağlı iclaslarında fəal
iştirak edirdi. 1904-cü ildə II Nikolayın uzun
müddət gözlənilən vəliəhdi dünyaya gəldikdən
sonra imperiya ərazisində bayram tədbirləri
keçirməyə başladı. Dumanın 21 sentyabr
1904-cü il tarixli iclasında Həsən
bəylə digər azərbaycanlı qlasnı Əlimərdan
bəy Topçubaşov birləşib bu hadisədən
yararlanmağı qərara alırlar, vəliəhdin adına
yeni ibtidai məktəb açmağı təklif edirlər.
H.Zərdabi hələ Dumadakı fəaliyyətindən
öncə, 1896-cı ilin 18 yanvarında Bakı qubernatoruna
müsəlman qızlar üçün məktəb
açılması təklifi ilə müraciət
etmişdi. Mənfi cavab aldıqdan sonra o, Hacı Zeynalabdin
Tağıyevə müraciət edir. H.Z.Tağıyev
ideyanı dəstəkləyir və inkişaf etdirir. 1898-ci ilin 16 martında məktəbin nizamnaməsi təsdiqlənir,
mayın 24-də isə hakimiyyət qızlar
üçün nəzərdə tutulan təhsil müəssisəsinə
imperiatriçə Aleksandr Fyodorovnanın adının verilməsini
dəstəkləyir. 1901-ci ilin 7
oktyabrında qız məktəbinin
açılışı baş tutur. Bakı
Dumasının qlasnıları Hacı Zeynalabdin
Tağıyev, Həsən bəy Zərdabi, Fərrux bəy
Vəzirov, Əlimərdan bəy Topçubaşov məktəbin
qəyyumlar şurasına seçilirlər, onlar qız məktəbinin
sonrakı fəaliyyətində mühüm rol oynayırlar.
"Kaspi" qəzeti səhifələrindən
götürülmüş xronikalardan görmək olar ki, Həsən
bəy tibb sahəsi ilə bağlı məsələlərin
müzakirəsində də çox fəal olmuşdur. Bu sahədə
problemlər çox idi. Dumanın və
Upravanın səhiyyə ehtiyacları ilə bağlı vəsaitlər
məmurlar və işbazlar tərəfindən mənimsənilir,
çox zaman ünvanına çatmırdı. 1901-ci ilin avqust iclaslarından birində xəbər
verilir ki, iyulun sonunda şəhər yetimxanasındakı
uşaqlar arasında göz xəstəliyi yayılıb və
avqustda bu xəstəlik epidemiya halını alıb, vəziyyəti
ağırlaşmış uşaqların sayı qırxa
çatıb. H.Məlikov Zərdabi
çıxışında Dumanı qınayaraq bildirir ki, bu
orqan yetim uşaqlar üçün
sığınacaqlardakı anormal vəziyyət barədə
məsələ qaldırıb və smetanın müzakirəsi
zamanı bu cür müəssisələrin idarəsi üzrə
plan işləyib-hazırlamaqla bağlı Upravaya göstəriş
verib. Görünür, yetimxanaya nəzarət
yoxdur, xəstəliyin qarşısının vaxtında
alınmaması üzündən uşaqların təxminən
yarısı xəstəlib. Həsən bəyin
çıxışından sonra dərhal məsələ
ilə bağlı ölçü götürülür.
Dumanın 4 oktyabr 1902-ci il tarixli iclasında H.Zərdabi, Ə.Topçubaşov və bir neçə başqa şəxsdən ibarət qlasnılar komissiyası Bakıda 6 sahə müalicəxanasının yaradılmasını təklif edir. Eyni zamanda, məktəb həkimləri və sanitarları məsələsi də müzakirə olunur. Həsən bəy vurğulayır ki, məktəb işi ilə məşğul olacaq Uprava üzvləri məktəb təsərrüfatını yaxşı bilməlidirlər.
1898-1907-ci illərdə Dumanın, demək olar ki, bütün iclaslarında su təchizatı ilə bağlı su kəməri komissiyasının işi, şəhərin içməli su ilə təminatı barədə görülən tədbirlər müzakirəyə çıxarılırdı. Bu problem ciddi kommersiya məsələləri ilə bağlı idi, mühəndislərlə yanaşı, iri müəssisə sahibləri olan bəzi qlasnı üzvlərin də maraqları burada toqquşurdu. Duma uzun müddət məsələylə bağlı yekdil fikrə gələ bilmirdi. Yalnız Zərdabi kimi qlasnılar şəhər əhalisinin, sadə vətəndaşların maraqlarını nəzərə alaraq öz obyektiv fikirlərini açıq bəyan edirdilər. Həsən bəy əhaliyə içmək üçün yararsız suyun şirinləşdirərək verilməsi təklifinə etiraz edərək belə demişdi: "Bulaq suyu təkcə içməli su deyil, həm də orqanizm üçün qidadır, biz hamımız quyu suyu ilə boya-başa çatmışıq, şirinləşdirilmiş su bütün tənqidlərdən aşağıdır. Biz fabrik üçün nəyin yarayıb-yaramadığının qeydinə qalmırıq, biz əhalidən danışırıq".
Zərdabi "Kaspi" qəzetində su məsələsi barədə "Şərqi Zaqafqaziyada suya ehtiyac", "Susuzluq" adlı məqalələri ilə çıxış etmişdi. Nəhayət, Varşava su kəmərinin qurucusu Lindleyin mühəndisliyi ilə Samurun Şollar bulağından Bakıya su kəməri çəkilməsi qərarına gəlinir. 1917-ci ildə Şollar-Bakı su kəməri tam istifadəyə verilir. Qeyd edək ki, Həsən bəy çıxışlarında da məqalələrində də, Kür çayından Bakıya su çəkilməsinin, əhalinin, kənd təsərrüfatının ehtiyaclarının ödənilməsi üçün Kür suyunda istifadə edilməsinin tərəfdarı kimi çıxış edirdi. Onun bu arzusu sovet hakimiyyeti illərində həyata keçdi: Kür çayından Bakıya su kəməri çəkildi. Kür çayının üzərində Mingəçevir su anbarı və su elektrik stansiyası tikildi. Şəhərin icra və bələdiyyə orqanlarının işinə nəzarət kimi məsuliyyətli iş yoxlama komissiyasının üzərinə düşürdü. Şəhərdə işıqlandırma, su təminatı, kanalizasiya bərbad vəziyyətdə idi. Bir qayda olaraq komissiyaya rəhbərliyi qlasnılar arasında təmiz ad, güclü nüfuz qazanmış şəxsə etibar edirdilər və heç də təəccüblü deyil ki, qlasnılar uzun illər bu məsul vəzifəni Həsən bəyə etibar etmişdilər. Duma iclaslarının xronikası və yoxlama komissiyasının məruzələri ilə tanış olarkən Zərdabinin ictimai işə necə ədalətli və dürüst yanaşdığının, onun yerli əhalinin maraqlarını necə vətənpərvərliklə qoruduğunun, dövlət xəzinəsini çapıb-talayan məmurları necə ciddiyətlə ifşa etdiyinin şahidi oluruq.
Həsən bəy son dəfə 1907-ci ilin 17 fevralında Dumanın iclasında iştirak edir, həmin ilin 28 noyabrında vəfat edir. Onun vəfatı ziyalılar, sadə xalq arasında dərin hüznlə qarşılanır, dəfni ümumxalq mərasiminə çevrilir. Bütün mətbuat orqanları məhrumun həyat və fəaliyyəti barədə yazılar dərc edirlər. Jurnalist Qriqori Cinoridze "Kaspi" qəzetinin 29 noyabr 1907-ci il tarixli sayında yazırdı: "Həsən bəy Məlikov" dünən səhər dünyasını dəyişdi. Yerli müsəlmanlar arasında öz xalqına bütün qəlbi ilə bağlı olan adamlarda biri də azaldı. O, həqiqəti qorxmadan hamının və hər kəsin düz üzünə deyirdi. Həsən bəy qlasnı kimi əvəzolunmaz idi və uzun illər müxtəlif komissiyaların üzvü kimi fəaliyyət göstərmiş, ictimai işə öz töfhələrini vermişdi. O, gecə-gündüz yalnız bir şeyi - xalqını cəhalətdən tərəqqi yoluna çıxmaq barədə düşünürdü.
Esmira Cavadovanın böyük əmək
bahasına tərtib edərək "Kaspi" nəşrlər
seriyasında oxuculara təqdim etdiyi "Həsən bəy Məlikov
Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti,
1897-1907" adlı kitab milli mətbuatımızın,
teatrımızın banisi, böyük maarifçi-demokrat
Həsən bəy Zərdabinin bizə naməlum
qalmış Bakı Şəhər Dumasındakı səmərəli,
fədakar fəaliyyəti barədə dəyərli məlumatlar
verir. Bu kitab Həsən bəyin həyat və fəaliyyətinin
mühüm bir səhifəsini
işıqlandırmaqdadır.
Paşa
ƏLİOĞLU
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini
525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.20.