Oqtay Rzanın portret yaradıcılığı

 

 

Oqtay Rza bizi tərk etdi. Onun haqqında "vaxtsız getdi" demək mümkün deyil, amma "heyif getdini" onu tanıyanların hamısı dilə gətirməsə , mütləq ürəyində deyir.

 

Oqtay Rza şair idi, alim idi, vətəndaş idi, hamıya kömək etməyə tələsən, səmimi mehriban bir insan idi. Onunla ilk dəfə 2005-ci ildə "Qobustan" jurnalının o vaxtkı baş redaktoru Ələkbər Salahzadənin otağında tanış olduq. İmzamı soruşdu. Nizami Məmmədov dedim, sonra atamın adını soruşdu, Murad dedim. Dedi ki, bundan sonra Nizami Murad yaz. elə o gündən sonra ustadın məsləhəti ilə Nizami Muradoğlu yazmağa başladım.

 

Son zamanlar ustadla Kamil Məhərrəmoğlunun 60 illik yubiley tədbirində görüşmüşdük. Oqtay müəllimə demişdim ki, 85 illiyinizə sizin haqqınızda bir məqalə yazacağam. İndi o məqaləni yazmağa başladım, amma heyif ki, Oqtay müəllim bizdən ayrıldı.

 

Oktay Rza portret ustasıydı. Onun şeirlərində həm ulu sələflərimizin, həm bu gün respublikamızın ictimai-siyasi, ədəbi-bədii həyatında fəaliyyət göstərən, yaşayan, yazıb-yaradan bir çox adamların portretini görə bilərsiniz. Mövlana Rumidən milli qəhrəman Salatın Əsgərovaya qədər. Belə portret şeirlərdən biri 1991-ci ildə Xəlil Rza Ulutürkə yazılıb. Şeirin ilk bəndi belədir:

 

İqlim-iqlim, mahal-mahal, diyarbadiyar

Ərzi gəzən misraların, kəlmələrin var;

Çünki odu azalmayan nəğmələrin var!

Quş da bilir hardan, nədən başlanır Vətən,

Şair qardaş! Səndən,

"Məndən başlanır Vətən".

 

Xəlil Rza Ulutürk vətəndaş şair idi. "Məndən başlanır vətən" kitabının ümumən bədii yaradıcılığının əsas məğzini vətənə həsr edilmiş şeirlər təşkil edirdi. Xəlil Rzanın vətən sevgisinin arxasında əzablı yollar, qaranlıq zindanlar - Lefertova həbsxanası, ağır işgəncələr, sorğu-suallar, oğul itkisi -şəhid atası olmaq  bütün bunlara mərdliklə sinə gərən şair ürəyi dururdu. Oqtay Rza da məhz bu baxımdan Xəlil Rzanın portretini yaradanda onun vətən sevgisini önə çəkmişdi.

 

Oqtay Rza həqiqi mənada günümüzün aynası kimi həyat həqiqətlərini poeziyaya gətirir, yaratdığı orijinal nümunələrlə ədəbiyyatımızı zənginləşdirir, oxucunun mənəvi dünyasına nüfuz edir, yüksək əxlaqi keyfiyyətlər aşılayırdı.   Şairin şəhid Mübariz İbrahimliyə həsr etdiyi "Vətən naminə" şeirini oxuduqca sanki bir film seyr edirsən. İstər bədii ifadə vasitələri, istərsə Mübarizin portret cizgiləri elə ustalıqla verilib ki, qəhrəmanın şücaəti, müəllifin bacarığı adamı heyran edir. Mübariz İbrahimlinin obrazı gözlərimizin önündə canlanır: 

 

Sinəmdə - sönməyən Vətən sevgisi,

Azğın düşmənlərə qarşı kimiyəm.

Dözüm - babaların müqəddəs irsi,

Mən şəhid Mübariz İbrahimliyəm.

 

Şeirdə Mübariz İbrahimlinin döyüşə yollanmazdan əvvəl ata-anasına yazdığı məktubundakı fikirlərin bədii inkasını yaradan şair Oqtay Rza həm qəhrəmana öz məhəbbətini ifadə edir, həm ona bir el sevgisi qazandıraraq heykəlləşdirir.

 

Döyüşən oğluyam doğma diyarın,

Yağı həmləsinə sinə gərmişəm.

Şəhriyar düzünün, Biləsuvarın

Şöhrət sarayına tac göndərmişəm.

Yazdığım namədə ürək sözlərim,

Vətən məhəbbəti, torpaq eşqi var.

atam, anam, əzizlərim

Göz yaşı axıdıb ağlamasınlar.

 

Şairin bu məhəbbəti milli qəhrəman, xalqımızın mərd, cəsarətli qızı, şərəfli ölümüylə düşmənin sinəsinə dağ çəkən Salatın Əsgərovanın bədii portretini yaradanda da özünü bariz şəkildə göstərir.

 

Doğuldun qız, öldün fəqət kişitək,

Qucaqlayıb məzarını gül-çiçək.

Neçə fəsil, neçə nəsil keçəcək

Tunc özüllü söz körpündən, Salatın!

 

Şairin bədii portretini yaratdığı şəxslərin içərisində Xoşbəxt Yusifzadə, Buludxan Xəlilov, Nizami Cəfərov, Tağı Sadiq, İlqar İlkin, İlqar Cəfərli, Milli qəhrəman Koroğlu Rəhimovun başqalarının adları keçir.

 

Akademik Nizami Cəfərovun şəxsiyyətini şair oxucuya belə təqdim edir:

 

İgid ölkəsini Ərzə tanıdır,

Bir günü həftəyə tən olan səfər.

Mənim nəğməmin qəhrəmanıdır -

Müdrik, alicənab Nizami Cəfər.

 

Yaxud Buludxan Xəlilov haqqında şair belə yazır:

 

Dost alim Buludxan Əzizoğlusan,

Sən məmləkətin əziz oğlusan.

Ürəyi işıqlı, göy qədər geniş,

Ürəyi çeşmədən təmiz oğlusan!

 

Oqtay Rza sadə, təmiz qəlbli, kövrək bir adam idi. fəxri ad hərisi idi, var-dövlət. Ürəyi məhəbbətlə dolu bu sadə insan asta-asta yeriyərdi, hər səhər radio verilişlərinə qulaq asar, zəng edib müzakirələrə qatılar, müasir gəncliyə tövsiyələrini verərdi. Belə sadə həyat tərzi onun həyat kredosuna çevrilmişdi:

 

Köhnə evimizin varisiyəm mən,

Sanki arabamda daş yox, qum gəlir.

var, dəbdəbə hərisiyəm mən,

Belə yaşamaqdan çox xoşum gəlir.

 

Bu da şairin özü haqqında yazdığı, yaratdığı portreti idi. Oqtay Rza məhz belə sadə yaşayırdı, amma bu sadəliyinin içində böyük bir mənəviyyat zənginliyi vardı. Xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır. Allah Oqtay Rzaya rəhmət eləsin,  məkanı cənnət olsun.

 

Nizami MURADOĞLU

Filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.19.