Gözəl insan, dəyərli
alim
Fizika üzrə elmlər
doktoru Niyazi Hüseynovun xatirəsinə
Alimin tanınması üçün
onun öz kəşfləri kifayət
deyil, gərək onun özünü də kəşf edənlər olsun.
Əbu Turxan
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu dünya elm aləminə tanınmış və gözəl alimlər bəxş edib. Bu adın ardınca çox dəyərli alimlərimizin isimləri və titulları yazılıb. Ruhu qarşısında bir ömür boyunca borclu olduğum elmi rəhbərim olan fizika üzrə elmlər doktoru Niyazi Müzəffər oğlu Hüseynovdur. Tanrının bəxş etdiyi bilik, savadla bərabər o insanda yüksək mədəniyyət və səmimiyyət var idi. Düz deyiblər ki, elm məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bütün bu insani keyfiyyətlərin hamısı Niyazi Hüseynovda cəmləşmişdi.
N.Hüseynov 24 iyul 1953-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1970-1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsində, 1973-1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində fizika fakultəsində təhsil almışdı. 1977-ci ildən Fizika İnstitutunda, "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasında çalışmışdı.
1980-1983-cü illərdə akademik Firudin Həşimzadə tərəfindən Çernoqolovka şəhərində L.D.Landau adına Nəzəri Fizika İnstitutuna ezam edilmişdi. 1984-cü ildə İ.B.Levinsonun rəhbərliyi altında namizədlik dissertasiyasını, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi. N. Hüseynov qeyri tarazlıqlı fononların həcmi və ikiölçülü yarımkeçiricilərdə yayılması məsələlərinə baxmışdı. Onun tərəfindən zəif əlaqəli polyaronun enerji spektri disk şəkilli kvant nöqtəsində nəzərə alınaraq, polyaronun enerjisi üçün analitik ifadə hesablanmışdı.
İlk dəfə olaraq nanoborunun səthi ilə məhdudlaşmış elektronların qarşılıqlı təsirində aşqarın Kulon potensialı və polyaronun yaranmasında əsas rol oynayan elektron-fonon qarşılıqlı təsirində nanoborunun dielektrik funksiyası hesablanmışdı.
2003-cü ildən "Nanokristallar" laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdı.
N.Hüseynov 2006-cı il oktyabrın 6-da 53 yaşında dünyasını dəyişdi.
Onun elmi işlərinə hələ də istinadların edilməsi bir daha sübut edir ki, dəyərli və unudulmaz ziyalımızın elmi işlərinin nəticələri hələ də yaşayıb öz bəhrəsini verməkdədir.
N.Hüseynovun ömür gün yoldaşı Fəridə xanımla onun xatirələrini paylaşdıqda gözəl ailə başçısı, qayğıkeş və mehriban bir ata olduğunun bir daha şahidi oldum. Xatırlanarkən onu tanıyan hər bir insanın üzündə xoş bir təbəssümün olması onu bir daha sübüt edir ki, alimliyi ilə bərabər mükəmməl insani keyfiyyətləri ilə də qəlblərdə özünəməxsus yer tutub.
Fizika İnstitutunun tarixinin səhifələrini araşdırdıqda itirdiyimiz şəxsiyyətlərimizin fəaliyyətini daha da aydın hiss edir, onların xatirəsinə hörmət və ehtiramımız getdikcə daha artır. Belə şəxsiyyətlərdən biri də N.Hüseynov idi ki, bütün şüurlu ömrünü elmə sərf etdi.
Mənim üçün unudulmaz olan, əziz elmi rəhbərim N.Hüseynov! Əgər 53 illik ömrünüz boyunca bütün bu nailiyyətləri əldə edə bilmisinizsə, deməli, sizin xatirəniz sizi tanıyan insanlar yaşadıqca həmişə yaşayacaq. Bax budur əsl alimlik, budur gözəl insani keyfiyyətlərin olması.
Ruhunuz şad olsun!
Suma HÜSEYNOVA
AMEA Fizika İnstitutunun əməkdaşı,
fizika üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 25 sentyabr.-
S.22.