Sosial şəbəkələr dövründə ədəbiyyat  

 

"Qələmsiz Yazılanlar"ı necə oxumalı...

 

 

 

Müasir incəsənətin ən qabarıq cəhəti kəskin, qatı sərhədlərin yoxa çıxması, divarların əriməsidir. Bugün bütün dünyada interdisiplinar (təlimlərarası) metodlar daha aktualdır. Əslində, müxtəlif sənət sahələrinin bir-birinə inteqrasiyası təzə söhbət deyil. Bu, əvvəlki əsrlərdə də müxtəlif səviyyələrdə mövcud olub, sadəcə bugün artıq sözügedən meyl prioritetlərdən birinə çevrilib.

Bugün bizim incəsənət, sənətkarlıq, yaxud elm deyə adlandırdığımız sahələr XVI əsrə qədər ümumi sənət sisteminin içindəydi, yəni istedad, texniki ustalıq, əqli zəhmət, istehsal vasitələri tələb edən bütün sahələr bir bütövün içində başa düşülürdü.  XVI-XVII əsrlərdə akademiyaların qurulmasıyla əvvəllər vahid bir bütöv kimi təsəvvür edilən sənətdə parçalanma, ayrılma getməyə başladı. XVIII əsrin ikinci yarısında isə incəsənət digər texniki sənətkarlıq tələb edən sahələrdən ayrılıb ayrıca sahə kimi oturuşdu. Bu dövrdəki əsas nəzəri mübahisələr sənət sahələrinin suverenliyi, müstəqilliyi ilə bağlıydı. Sözügedən mübahisələr içində görkəmli alman mütəffəkiri və tənqidçisi Qothold Lessinqin 1766-cı ildə çap etdirdiyi "Laokon" əsəri məşhurlaşdı. Lessinq bu əsərində sənəti şərti olaraq zaman sənətləri və məkan sənətləri şəklində iki yerə bölürdü. Onun fikrincə,  tutalım, ədəbiyyat kimi mövzularını zamanın axarı içində ifadə edənlər zaman sənətləri, heykəltaraşlıq, rəssamlıq kimi konkret bir məkanın içində zamanın bir anını ifadə edənlər isə məkan sənətləridir. Çünki ədəbiyyat öz mövzusunu geniş zamanın içində ifadə edir, rəssamlıq, heykəltaraşlıq kimi sənətlər isə materialları maddi olduğu üçün konkret bir məkanda cisimləşir, statikləşirlər. Mütəffəkirin fikrincə, hər sənət öz müstəqil qaydalarını yaradaraq həmin qaydalara tabe olduqca uğurlu nəticəyə çata bilər.

XIX əsrdə də arabir sənət sahələri, sənət növləri arasında inteqrasiyadan söz açılıb. Sənət sahələri arasında parçalanmanın əleyhinə ən aktiv tənqidi fikirləri alman romantikləri səsləndiriblər. Onlar deyirdilər ki, sənət, təbiət, elm arasında bu qədər uçurumlar yaratmaq dünyanın bütövlüyünü pozacaq.  Məsələn, görkəmli alman mütəfəkkiri Şelegel məhdudlaşdırıcı qaydalardansa, hər cür sərhəddin, qaydanın şəffaflaşdığı, beləliklə, sənətin həyatın bütün tərəflərinə nüfuz etdiyi "fasiləsiz şəkildə irəliləyən universal poeziya"dan bəhs edirdi. 

Sonrakı illərdə əfsanəvi bəstəkar Rixard Vaqner də sənət növlərinin bir-birindən ayrılmasına qarşı çıxmış, sənət sahələri arasındakı kəskin sərhədlərin aşılmasıyla yeni formaların tapılmağından mümkünlüyündən bəhs edib. Bəstəkar 1849-cu ildə "Sənət və inqilab" adlı yazısında sənət sahələrinin ayrılmasının əleyhinə "Gesamkuntswerk" (bütöv, vahid sənət əsəri) anlayışını ortaya atır. Vaqnerin fikrincə, mükəmməl sənət əsəri Antik Yunanıstanda olduğu kimi dramdır. Onun fikrincə, poeziyanın, musiqinin, rəqsin, hətta memarlığa qədər bir-birindən fərqli sənət sahələrinin "teatral təmsilin içində" çulğalaşması vasitəsilə bütöv sənət əsəri yaradıla bilər.  

XX əsrin başında estetik modernizmin tərəfdarı olan tənqidçilər də, eynən Lessinq kimi, sənət sahələrinin muxtariyyətindən, müstəqilliyindən, sənət növləri arasında sərhədlərin müəyyənləşdirilməsindən yanaydılar. Məsələn, Klement Qrinberqin fikrincə, hər sənət özünü istifadə etdiyi başqa sənət sahələrinə aid vasitələrdən arındırmalı, təmizləməlidir. Ancaq XX əsrdə əvvəlcə futuristlərin, dadaistlərin, sonra isə postmodernistlərin başlatdığı polemikalar nəticəsində bu yanaşmalar dəyərini itirməyə başladı, bugün isə tamam keçərsizləşib. Görkəmli amerikalı ədəbiyyatşünas Lesli Fidlerin məşhur kitabının adıyla desək, bugün artıq sənət sahələri arasındakı "Xəndəklər doldur(ulub), sərhədlər aş(ılıb)".

Bu məsələni bir az da açmağa çalışaq. XX əsrin əvvəllərində avanqard sənətçilər böyük bir polemika başlatdılar. Sualları çox sadə idi: Niyə sənət mühitində keçmişə aid şeylər indiyə aid şeylərdən daha imtiyazlıdır, niyə cəmiyyət onları qoruyur, restavrasiya edir, muzeylərdə saxlayır, onlara sərmayə yatırır, amma digər şeylər diqqətdən kənarda qalır, aqibətləri taleyin ixtiyarına buraxılır?  Bu suallara çoxsaylı cavablar verilsə də, artıq heç biri cavab inandırıcı gəlmirdi. Buna görə də məsələni gündəmdə saxlamaq, polemikanı davam etdirmək üçün Tomasso Marinetti kimi futuristlər deyirdilər ki, modern bir avtomobil, yaxud təyyarə antik yunan heykəllərindən daha gözəldir. Soruşurdular ki, qədim dövrdə kiminsə içində yemək yediyi saxsı qabı, taxta qaşığı bu günün kəşflərindən daha dəyərli edən hansı meyarlardır? Deyirdilər ki, bizim keçmişi gələcəkdən dəyərli saymağımız absurddur, çünki keçmişdə yox, indidə yaşayırıq. Bu məzmunlu tənqidlər həmin dövrdə daha çox muzeylərə tuşlanmışdı. Amma bu polemik vəziyyət birdən-birə baş verməmişdi. Bu fikirlər bir xeyli dərəcədə həmin dövrün ictimai-siyasi həyatındakı bərabərlik, demokratiya diskurslarının əks-sədası idi. O dövrün siyasətçilərinin, hüquqşünaslarının, aktivistlərinin insanların bərabər hüquqlara malik olmağını tələb etməsinə paralel olaraq, avanqard sənətçilər də nəsnələrin, məkanların, əsas da tarixi dövrlərin bərabərliyini tələb edirdilər.  Onlar başlatdığı bu hərəkat tezcə effekt verməsə də, cəmi 40 il içində artıq qatı, statik, kanonik olan hər şeyə qarşı şübhəylə baxmaq qaçılmaz oldu.

XX əsrin ortalarında ən müxtəlif sahələrdə xeyli paradiqma dəyişikliyi baş verdi, əvvəllər məhdud şəkildə istifadə olunan xeyli anlayışın əhatə dairəsi genişləndi. Məsələn, görkəmli fransız ədəbiyyatşünası Rolan Bartın əvvəllər ancaq yazılı ədəbiyyat nümunələr üçün istifadə edilən Mətn sözünün sərhədlərini genişləndirdi. Bart fotonu da, kinonu da mətn kimi oxumaqla Mətn deyiləndə nəzərdə tutulanın coğrafiyasını böyütdü. Bir başqa misal da görkəmli kommunikasiya nəzəriyyəçisi Marşal Makluhanın məşhur "Quttenberq qalaktikası" kitabında istifadə etdiyi "qlobal kənd" anlayışı və "media" sözünün yeni mənalarıdır. Latın sözü olub "araçı, vasitə" olan "media" sözü əvvəllər yalnız kütləvi informasiya vasitələrini, yəni qəzeti, radionu və televiziyanı ifadə etmək üçün istifadə edilirdi. Makluhan "media" sözünün sərhədlərini bütün sənət sahələrini əhatə edəcək şəkildə genişləndirdi. Makluhanın fikrincə, bütövlükdə media insanın davamıdır: təkər ayağımızın, kitab gözümüzün, paltar dərimizin, elektrik şəbəkəsi mərkəzi sinir sistemimizin davamıdır. Alimin düşüncəsinə görə, insan bədəniylə gerçəkləşdirməyə çalışdığı, yaxud düşüncəsində reallaşdırmağı planlaşdırdığı hər şeyin davamını, uzantısını yaradıb ki, bunlar da hamısı vasitədir, yəni media.

XX əsrdə əvvəlcə internetin kəşf olunması, ardınca isə smartfonların, sosial şəbəkələrin insan həyatına daxil olmasıyla bəşəriyyət tamam başqa bir mərhələ qədəm qoydu: Virtual reallıqlar mərhələsinə. Necə ki, fotoqrafiyanın, kinonun, televiziyanın kəşfindən sonra ədəbiyyat özünü bu operativ, birbaşa sahələrlə yarışda yeniləməli olmuşdu, internetin, sosial şəbəkələrin də həyatımıza girməsindən sonra bədii ifadə formalarında yeni axtarışlar başladı. Əlyazmalar "word" oldu, kağız kitab "e-book" oldu.  Bugünün ədəbiyyatında artıq sərhədlər, divarlar yoxdur, hər şey birbaşadır, onlaydır. Dünya bir düymə uzaqlıqdadır. Bugün ənənəvi sənət metodları ilə yanaşı ağlasığmaz bir sürətlə elektron sənət nümunələri, hipertekstlər, şəbəkə ədəbiyyatı inkişaf etməkdədir. Artıq dünyanın aparıcı universitetlərində, böyük elm müəssisələrində bu sahəyə xüsusi diqqət ayrılır, kürsülür qurulur, kafedralar yaradılır. Aparıcı ölkələrin alimlərin artıq anlayıblar ki, gələcəyin sənəti geri dönüşü olmayan şəkildə elektron media ilə, sosial şəbəkələrlə bağlı olacaq. Məsələn, iki il öncə yeni texnoloji vasitələrdən məharətlə istifadə edən "Nyu-York Xalq Kitabxanası" yeni roman formatı təklif etdi: insta-roman. İnstaqram sosial şəbəkəsində Kafkanın "Çevrilmə"si kimi məşhur klassik mətnlərin instaqram variantını yayımladılar. Kitabxananın nümayəndəsi mətbuata açıqlamasında dedi ki, elektron vasitələrlə böyüyən, gözünü açıb sosial şəbəkələri görən yeni nəsli köhnə metodlarla maraqlandırmaq, maarifləndirmək çətindir. Buna görə də onların dilindən danışmağa çalışırıq.

Klassik kitabla böyüyən adamlar üçün kağızın qoxusu, onun maddi ağırlığı necə dəyərlidirsə, gözünü açıb planşetləri, smartfonları, elektron kitabları görən yeni nəsil üçün də hər hansı texnoloji vasitənin düymələri, funksiyaları o qədər doğmadır, dəyərlidir.

Bugünkü dünyada insanın reallıq hissi, dünyaya baxışı fasiləsiz şəkildə sosial şəbəkədəki linklər vasitəsilə parçalanır, başqa-başqa ünvanlara yönləndirilir. Bu, mərkəzi olmayan dünyadır. Belə bir dünyanı ifadə etmək üçün ənənəvi metodlar həmişə işə yaramır, burda yeni eksperimentlərə ehtiyac var.

Son illərdə bu parçalanmış, fraqmentar gerçəkliyi elə özünə uyğun formada ifadə etməyə çalışan bir neçə kitab oxumuşam. Onlardan ən maraqlısı yeni dövrün ən məşhur amerikalı tənqidçilərdən biri olan Deyvid Şildsin "Reallıq aclığı" kitabıdır. Bu nəzəri kitab bütövlükdə bir cümləlik, bir abzaslıq, bir paraqraflıq hissələrdən ibarətdir. Elə bil, kitab feysbuk statusları kimi yazılıb. Müəllif özü yazır ki, yeni dövrün metodu ədəbi kollajdır, yəni ayrı-ayrı sahələrdən maraqlı olan fraqmentləri, parçaları yan-yana gətirməkdir.

Bizim ədəbiyyatımızda son illərdə gerçəkliyin bu tipli fraqmentar formada ifadəsini Rəşad Məcidin "Qələmsiz yazılanlar: status-esselər, sms-esselər" kitabında görürük. Rəşad Məcid klaviatura dövrünün status, sms kimi formalarını qələm dövrünün esse janrıyla sintez edərək bəzən replikanı, bəzən isə gələcəkdə yazılacaq bir yazının eskizini xatırladan mətnlər yazır. Akademik İsa Həbibbəyli kitaba yazdığı geniş ön sözdə bu məqama diqqət çəkərək yazır: "Rəşad Məcidin statusları və sms-ləri bir romanın eskizləridir".

Bu məqamda mən 2013-cü ildə "Beynəlxalq Buker Mükafatı"nın qalibi, minimalist hekayələr ustası Lidiya Deyvisi xatırladım. Məncə, Rəşad Məcid gələcəkdə bu cür bir hekayə kitabı, yaxud roman yazmağı yoxlaya bilər. Lidiya Deyvis məşhur yazıçı Pol Osterlə evli olub, onların Daniel adlı bir oğlanları da var. Lidiya Deyvisin qısa hekayələrini fotoaparatın ani yanıb-sönən işığına, şimşək çaxmasına bənzədirlər. Mən ilk dəfə Deyvisin "Buker" mükafatını qazanmış hekayələr kitabını oxuyanda çaşıb qalmışdım: bəzisi cəmi bir cümlədir, bəzisi cəmi abzas, bəzisi isə bir paraqrafdır. Heç bir hekayəsi bir səhifədən çox deyil, bu mərkəzsiz kitabı ensiklopediya kimi təsadüfi bir yerindən açıb oxumaq mümkündür. Amma nə qədər paradoksal səslənsə də, bu fraqmentarlığın, yarımçılığın, minimalizmin, son qədər deməməyin içində insanla, həyatla, dünyadakı yerimizlə bağlı qəribə bir informasiya bolluğu, detal zənginliyi də var. Gəlin Lidiya Deyvisin bir hekayəsini oxuyaq:

“İt tükü”

“İt getdi. Onun üçün darıxırıq. Qapı döyüləndə artıq heç kim hürmür. Evə qayıdanda bizi gözləyən yoxdur. Hələ də evin ətrafında, paltarlarımızın üstündə ağ tüklərə rast gəlirik. Tükləri yığırıq. Əslində atmalıyıq. Amma ondan bizə qalan ancaq tüklərdir. Atmırıq. Çılğın bir arzumuz var - yetərincə tük yığa bilsək, bəlkə iti təzədən yarada bilərik".

Vəssalam, elə bu. Əgər bir hekayə bir yazının içinə yerləşdisə, demək, həmin yazını bitirmək lazımdır.  

 

 

QİSMƏT

 

525-ci qəzet.- 2019.-  28 sentyabr.- S.21.