Cavanşir Quliyevin iki cildlik
"Divan"ı Mərkəzi Elmi Kitabxanada
Professor Zümrüd Dadaşzadəyə
kitabxanaya bir sıra sanballı nəşrlər təqdim edib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasına Əməkdar
incəsənət xadimi,
bəstəkar Cavanşir
Quliyevin iki cilddən ibarət
"Divan" adlı əsərlər
toplusu daxil olub.
"Divan"ın I cildində
C.Quliyevin ötən əsrin 70-ci illərinin sonu - 80-ci illərinin I yarısında gənc ikən bəstələdiyi
əsərlər yer alıb. "Divan"ın II cildinə daxil edilən opuslar - bəstəkarın yaradıcılığının
əsasən 2000-ci ildən sonrakı dövrünü
əhatə edir. Əsərin
ön sözünün
və şərhlərin
müəllifi - Əməkdar
incəsənət xadimi,
musiqişünas, Bakı
Musiqi Akademiyasının
professoru Zümrüd
Dadaşzadə bəstəkarın
yaradıcılığının I dövrünə münasibət
bildirərək qeyd edir ki, "yaradıcılıq məqsədinin
təəccüb doğuracaq
aydınlığı, həmin
məqsədin janr, bədii qayə baxımından fərqli əsərlərdə heyrətamiz
ixtiraçılıqla gerçəkləşdirilməsi,
buradan irəli gələn nadir üslub vəhdəti gənc azərbaycanlı müəllifə
güzəşt deyilən
münasibəti büsbütün
ləğv edir".
Z.Dadaşzadə vurğulayır ki,
"Divan"ın hər
iki cildinə daxil olan əsərlər
konkret bədii qayə, həmin qayənin təcəssümü,
instrumental heyət baxımından
nə qədər fərqli olsa da, müəllifin fərdi üslubunun səciyyəvi cəhətlərini
əyani sərgiləyirlər.
Qeyd olunur ki, bəstəkarın
erkən əsərləri
ilə yaradıcılığının
sonrakı dövrü
arasında kəskin fərq yoxdur.
Eyni zamanda, MEK-ə Əməkdar
incəsənət xadimi,
Bakı Musiqi Akademiyasının professoru
Zümrüd Dadaşzadənin
müəllifi olduğu
"Ədilə Hüseynzadə",
"Azərbaycan simfoniyası"
və "Elnarə Dadaşova" adlı kitablar da təqdim
edilib.
"Ədilə Hüseynzadə"
adlı kitabda peşəkar bəstəkar
və görkəmli pedaqoq, Azərbaycanın
ilk qadın bəstəkarlarından
biri, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin
zəngin həyat və yaradıcılıq
yolu işıqlandırılıb
və sənətkarın
Azərbaycan musiqisi tarixində tutduğu şərəfli yerə,
musiqi üslubunun özünəməxsus cəhətlərinin
tədqiqinə xüsusi
diqqət yetirilib.
"Azərbaycan simfoniyası"
adlı kitabda
1960-80-ci illər Azərbaycan
simfoniyasının başlıca
inkişaf istiqamətlərindən
bəhs olunur. Kitabda ilk növbədə
silsilə, janr və formaca orjinal əsərlər təhlil olunur, muğam və simfonizmin qarşılıqlı
münasibətlərinin yeni
mərhələsi üçün
səciyyəvi cəhətlər
aşkarlanır, simfoniyaya
müasir teatr, kino dramaturgiyası və leksikasının təsirindən söz açılır.
"Elnarə Dadaşova"
adlı kitabında isə müəllif bəstəkar Elnarə Dadaşovanın bəstələdiyi
əsərlərini şərh
edir.
Bu kitablarla yanaşı,
Z.Dadaşzadənin atası,
görkəmli ədəbiyyatşünas
alim Araz Dadaşzadənin kitabı
da MEK-ə təqdim olunub. Kitabda Araz Dadaşzadənin
"XVIII əsr Azərbaycan
lirikası" monoqrafiyası
verilib. Monoqrafiyada poetik ədəbi
irsimizin mühüm hissəsini təşkil edən lirikanın inkişaf qanunauyğunluqları,
məzmununun rəngarəngliyi,
forma xüsusiyyətləri, ədəbi metod məsələsi araşdırılıb,
həmin dövr poeziyamızın orta əsrlər ədəbi prosesində yeri və əhəmiyyəti
müəyyənləşdirilib. Kitabda həmçinin A.Dadaşzadənin
müxtəlif illərdə
dövri mətbuatda nəşr edilən məqalələri də
yer alır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.13.