Bizim Yaqub bəy...
Və bizim hekayələr...
Türkiyənin və Azərbaycanın birliyi, qardaşlığı
haqqında çox danışa bilərik və bunu dünyaya
bəyan etməyimiz üçün min bir üsulumuz, sübutumuz
var.
Tarixin, dilin, dəyərlərin, mədəniyyətin,
ənənələrin eyniliyi
haqqında sonsuza qədər danışmaq
olar. Əslində, bu, illərdir
yazılır, deyilir,
sübuta yetirilir.
Yaqub Öməroğlunun
hekayələrini ardıcıl
oxuduqca eyniliklərimiz
haqqında bir az da dərindən düşünməyə
başladım. On ildən çoxdur, türk dünyası təəssübkeşi kimi
tanıdığım adamın
bu qədər
BİZİM olmasını məhz hekayələrindəki
hadisələr və
qəhrəmanlar vasitəsiylə
bir daha anladım. Və onu da başa
düşdüm ki, Yaqub Öməroğlunun Türkiyənin nüfuzlu
yaradıcılıq təşkilatı
olan Avrasiya Yazarlar Birliyindəki fəaliyyəti ilə bu hekayələr bir-birinin davamıdır...
Əslində, bu tezislə
yeni bir fikir demədiyimin də fərqindəyəm.
Məsələ burasındadır ki, şəxsiyyət hər zaman iri plandadır. Hansı işlə məşğul
olursan ol, içini, necəliyini, varlığını, xislətini
gizlədə bilməzsən.
Bu mənada on il öncədən gördüyüm, tanıdığım
təmkinli, mehriban, təəssübkeş Yaqub
bəyin elə hekayələri də özünə bənzəyir.
Və bu hekayələr yaddaşımda qalan ən müxtəlif işıqlı xatirələri
oyadır.
2012-ci ildə Xalq yazıçısı Anar
Türk dünyasında
"İlin ədəbiyyat
adamı" ödülünə
layiq görüldü
və mən də Azərbaycandan gedən heyətin tərkibində Qazaxıstanın
Astana şəhərində keçirilən tədbirlərə,
təqdimat mərasiminə
qatıldım. O zaman
Yaqub bəydən müsahibə də aldım və o, Avrasiya Yazarlar Birliyinin sədri kimi belə bir böyük tədbirin - "Türkdilli
ölkələrin ədəbiyyat
dərgiləri konqresi"nin
çətin və məsuliyyətli təşkilati
işləri haqqında
danışanda müsahibimin
təmkininə heyrət
etdim... Eyni zamanda, bütün
türkdilli ölkələrdən
qatılmış qonaqların
hər biri ilə öz dilində, öz ləhcəsində danışması
da mənim üçün təəccüblü
idi. Sonralar öyrəndim ki,
bir müddət Qazaxıstanda işləyən
Yaqub bəy qazax, qırğız, özbək türkcələrini
də öyrənib, hətta tatar, çuvaş və başqa dilləri də az-çox bilir. Bir sözlə, elə o zamandan Yaqub bəyin bu eyni
dəyərləri paylaşan,
amma həm də müəyyən dərəcədə fərqlənən
insanların arasında
necə rahat olduğunu müşahidə
edirdim... İndi hekayələrində də məhz bu xasiyyətinin əksini apaydın görə bilirəm.
Hər şeydən öncə milli dəyərlərə
sədaqət və türk dünyası təəssübkeşi olması
Yaqub bəyin istər yazılarında,
istərsə də çıxışlarında, fəaliyyətində nəzərə
çarpan məqamdır.
Yadımdadır, hələ illər
öncə Yaqub bəy Bakıda Azərbaycan Yazıçılar
Birliyinin Bəxtiyar Vahabzadə mükafatına
layiq görüləndə
çox təsirli bir çıxış etmişdi. Söyləmişdi
ki, 90-cı illərdə
Türkiyəyə səfər
edən yazıçı
Anar kitab mağazalarında az qala bütün millətlərdən olan müxtəlif yazıçıların,
müəlliflərin əsərlərinin
türkcəyə çevrildiyini,
yayımlandığını görür, amma Azərbaycan ədəbiyyatından
bircə kitab da tapmır bunların arasında... Anar müəllim Türkiyədə
tədbirlərdən birində
bu narahatlığını
dilə gətirəndə
Yaqub Öməroğlu
tezliklə Azərbaycan
ədəbiyyatından ən
dəyərli nümunələrin
türkcəyə çevriləcəyinə
və kitabların işıq üzü görəcəyinə söz
verir. Həqiqətən
qısa müddətdə
Mirzə Cəlil, Rəsul Rza, Ənvər Məmmədxanlı,
Anar, Mövlud Süleymanlı, Elçin,
Aqil Abbas, İradə Tuncay, Rəşad Məcid və başqa dəyərli qələm
adamlarının əsərləri
türkcəyə tərcümə
olunur və "Bengü yayınları"nda
işıq üzü
görür. Eyni zamanda,
şair Əli Ağbaşın redaktorluğu
ilə çıxan
"Qardaş qələmlər"
dərgisində də
bu illər ərzində yüzlərlə
Azərbaycan ədəbiyyatı
nümunəsi işıq
üzü görüb.
Mənə belə gəlir
ki, bu dediyim
faktların oxşarını
istənilən türkdilli
ölkənin ədəbiyyat
adamları söyləyə
bilərlər. Yəni həm
Yaqub bəy, həm də rəhbərlik etdiyi təşkilat ümumtürk
mədəniyyəti, ədəbiyyatı
üçün dəyər
sayılan nə varsa, ona sadiq
olmağa, keşiyində
durmağa və təbliğ etməyə
çalışır. Bu mənada mən Türkdilli ölkələrin
Ədəbiyyat Dərgiləri
Konqresini, Kaşğarlı
Mahmud adına hekayə, Kitabi-Dədə
Qorqud pyes yarışmalarını xüsusi
qeyd etməliyəm. Çünki son on ildə məhz
bu layihələr və müsabiqələrlə
mədəni əlaqələr
genişləndi, yeni ədəbi nümunələr
meydana çıxdı.
Belə
böyük layihələri
təşkil etmək
sadə məsələ
deyil... Yüzlərlə adamın qatıldığı
tədbirlərin, görüşlərin
təşkili bəzən
aylarla vaxt aparır. Ona görə də Yaqub bəyin öz şəxsi yaradıcılığına zamanının
az qalması
təbiidir. Amma bununla belə
arabir "Qardaş qələmlər" dərgisində
yayımlanan tək-tək
əsərləri hər
zaman diqqət çəkib.
Görünür, bir az özünə biganəlikdən, bir az da təvazökarlıqdan Yaqub Öməroğlu bunları toplamaq, kitab halında nəşr etmək istəməyib. Və bu da simvolik məqamdır ki, bu hekayələr ilk dəfə Azərbaycanda Azərbaycan türkcəsində kitab halında yayımlanır... Son vaxtlar tərcümə olunmuş nümunələrdən bəziləri "525-ci qəzet"in səhifələrində yer aldı. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın hekayələr və onun müəllifi haqqında söylədiyi bir fikri oxuculara çatdırmaq istərdim: "Yaqub bəyi uzun illərdir ki, tanıyıram. Onun ümumtürk mədəniyyəti, ədəbiyyatı adına gördüyü işlər son dərəcə dəyərlidir. Bu təmkinli, təvazökar adamın hekayələr yazdığını bilirdim... İndi bu hekayələri oxuduqca Yaqub bəyin nə qədər həssas, hətta kövrək olduğunu bir daha gördüm. Yalnız çox həssas müşahidəçi, çox ciddi qələm adamı belə maraqlı əsərlər yaza bilər..." "525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid isə bu hekayələrin şeir kimi oxunduğunu söylədi: "Yaqub bəy dinamik həyatın içərisində olan, tədbirlər, görüşlər, ədəbi-mədəni hadisələrlə yaşayan insandır. Özüm də belə yaşadığım üçün bu şəraitdə yaradıcılığa köklənməyin, yazmağın necə çətin olduğunu bilirəm. Amma işlərin çoxluğuna rəğmən yaradıcılıq ilahi hadisədir və mən Yaqub bəyin hekayələrində onun bu işə, yazmağa xüsusi ayin kimi yanaşdığını görürəm. Bəlkə ona görə də hekayələr sanki bir poema, şeir təsiri bağışlayır..."
Həqiqətən, ictimai həyatla yaradıcılığı birləşdirmək, yaşayaraq yazmaq və yaza-yaza yaşamaq sadə iş deyil... Amma məncə, bu məsələdə yaradıcı adama ailə üzvlərinin münasibətinin də müsbət mənada ciddi təsiri olur. Bir neçə il öncə İstanbulda Türkdilli ölkələrin gənc yazıçılarının konfransı keçirilirdi. Həmin səfər çərçivəsində Yaqub Öməroğlunun ailəsi ilə tanış olduq. Ailəni bir yerdə görəndə Yaqub bəyin böyük bir sirrini anladım. Sən demə, bu uğurlu, istedadlı, böyük layihələr müəllifi olan adamın arxasında dağ kimi ailəsi durubmuş. Həyat yoldaşı Hava xanımın, qızı Özgənin, oğlu Osmanın ona sevgisini, hətta bir az da azarkeşliyini müşahidə etdikcə zövq alırdım. Həm də XXI əsrdə bu cür möhkəm ailələrin varlığı gələcəyə ümidləndirirdi məni. Həyat yoldaşı Hava xanım sosioloqdur, qızı Özgə universitetin psixologiya bölümündə oxuyur, oğlu Osman pilot olmaq istəyir. Onlarla danışdıqca mənə elə gəlirdi ki, bu ailədə hər kəsin peşəsi, gördüyü iş Yaqub bəyə bağlıdır. Yəni hər şeydə onun fikri, düşüncəsi üstünlük təşkil edir. Üstəlik, Yaqub bəyin də işlərində, tədbirlərində ailəsi yaxından iştirak edir, yardımçı olurlar. Axşam yeməyində bizimlə bir süfrə arxasında əyləşmiş Özgənin, Osmanın reaksiyalarını müşahidə edirdim. Hər hansı çıxışda atalarının adını eşidən kimi diqqət kəsilir, üzləri gülürdü... Mən də çıxışımda üzümü Yaqub bəyin ailəsinə tutub minnətdarlıq borcumu ifadə etməyə çalışmışdım. 2015-ci ildə Bakıda Kitab Fuarı keçirilirdi. Vaxtsız itirdiyimiz, böyük minnətdarlıq və borcluluq hissi ilə andığım mərhum Bəhruz Axundovun "Təhsil" nəşriyyatında "Anar dünyası" kitabım çapa hazırlanırdı o ərəfələrdə. Kitabın cəmi bir neçə nüsxəsini sərgi üçün tələsik hazırlamışdılar. Yaqub bəy kitabımı görəndə təbrik etdi və bir nüsxəsini götürüb zarafatla - biz də Türkiyədə basarıq - dedi. Bir ay keçdi, Milli Kitabxanada kitabımın təqdimat mərasimindən çıxanda Yaqub bəydən emeyl gəldi - Aysun xanım kitabının tərcüməsinə başladı, sualı olsa, yazacaq sənə... Sevincimin həddi-hüdudu yox idi. Anarın ikinci vətənində - Türkiyədə bu kitabın işıq üzü görməsi mənim üçün böyük hadisə olacaqdı. Belə də oldu. Bir neçə aydan sonra kitab artıq hazır idi. Ankarada Anar müəllimin, Rəşad Məcidin kitabları ilə birgə "Anar dünyası"nın da imza günü keçirildi. Mənim düşüncəmdə indiki zamanda - söz verib telefonu söndürənlərin, vəd verib xilaf çıxanların zəmanəsində bu, çox nadir keyfiyyətdir. Və mənə görə yaxşılıq məhz bu cür olmalıdır - yormadan, incitmədən, gözlətmədən, bezdirmədən, "edəcəm - edəcəm" - deyib ürəyi üzmədən! Bütün bunları həmin axşamkı məclisdə deməyə bilməzdim, necə ki, indi bu ön sözdə yazmaya bilmərəm!
Qısa müddətdə Öməroğlularla
xeyli doğmalaşmışdım. İndi də hekayələri oxuduqca
bu ailənin bütövlüyünü
hiss edirəm. Xüsusən
"Çətinlik" hekayəsində qəribə durumla üz-üzə qalmış Əhmədin
ailəsinin onunla zarafatı, ona dayaq olması Öməroğullarının
münasibətinə bənzəyir. Ümumiyyətlə, rahat təhkiyə ilə, yüngül,
qrafik təsvirlərlə
yazılmış bu əsərlərin hər
birində ciddi və xeyli
dərəcədə ağrılı hadisələr əksini
tapıb. Mən daha öncə hekayələrlə
Yaqub bəyin ictimai fəaliyyətinin
iç-içə olduğunu
vurğuladım. Bu mənada "Qazax - gördüyün əzab"
hekayəsini xüsusi qeyd
etməliyəm. Və mənə görə bu
hekayələrin müəllifi bilinməsə, istənilən
türk ləhcəsində orijinal təsiri bağışlaya bilər. Misal üçün, Azərbaycan
atalar sözü -
"Ağacı qurd içindən yeyər"
"İki çinar"
hekayəsinin sloqanı kimi qəbul edilə
bilər. Yaxud "Qayğanaq
və bəhməz" hekayəsinin qəhrəmanı, fədakar
Məryəm ana müharibə vaxtı
ailəsini qoruyan, min bir üsulla ac qalmağa qoymayan nənələrimizə necə bənzəyir?
Və yəqin ki, bu cür oxşar məqamları
digər türkdilli oxucular
da tapa, görə bilərlər.
Səbəb isə çox sadədir -
müəllif də, onun hekayələri
də ümumtürk mədəniyyətinin,
dəyərlərinin bir
parçasıdır.
PƏRVİN
525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.17.