Niyazi Mehdinin ilk romanı: filosof və
yazıçı dilemması
Esse
Bizi xoşbəxt olmağa qoymayan zamanın
varlığıdı. Nə vaxt ki, zamandan
asılılığımızı qıracaq,
"ipimizi" əlindən qoparacağıq, bax o andaca
"dünyanın xoşbəxti" olacağıq.
Zeynəb Xanlarova necə oxuyurdu?.. Amma xanım Xanlarovanın mahnıları daha bu əsrin
havasıyla ayaqlaşa bilmir, axı.
İndi hər şey konkret, lakonik və tezbazar olub. Nə Tolstoyun
dövrüdü,
nə də guya onu örnək alıb "uzun
yazan" Süleyman Rəhimovun. Hər şey
"əlüstüləşib". Dönərin,
hotdoqun və əlbəttə, "Makdonalds"ın atı
bərk gedir. Hə, bir də
"qlamurların starbaksı" var.
Qəzetçilik də axsayır artıq. Saytların da
"təkərinin oxu" laxlayır. İçi
televiziyalar qarışıq, hamısı sosial şəbəkələrə
uduzur. Bapbalaca ağıllı telefonlar,
planşetlər, noutbuklar yepyekə şirkətləri
yarımcan edib. Bu proseslərin
hamısı da zamanın varlığına gəlib dirənir.
Qəzetçilik demişkən, qəribə
nostalgiyası ilə yanaşı, maraqlı bir tərəfi
də var bu peşənin. Redaksiyanın
koridorlarında hər cür tiplə rastlaşırsan.
Baxırsan
ki, yazı masanın düz yanında bir adam
bitib və onu qətiyyən tanımasan, hər hansı ortaq
mövzunuz olduğunu düşünməsən də,
bütün ömrünün qatlarını açıb sənə
iki daşın arasında. Hansı
"ehtiyac"lasa özündən yazı-pozu adamı
düzəldib.
Baxırsan
ki, səninlə dialoq əvəzinə monoloq məşqi edən
adam tərpənsə də, nəfəs
alsa da, lap danışsa da, ölüb. Çoxdan
e, çoxdan reallıqdan üzülüşüb.
Tanınmış ədəbiyyatşünas-redaktorlardan
biri bu tiplər haqqında maraqlı müşahidəsini
bölüşmüşdü.
Demişdi ki, bu cür adamlar üçün zaman
artıq öz anlamını itirib. Onlar üçün
dünyada, ölkədə, ətrafında nə baş verir
maraqlı deyil. Sadəcə öz
dünyalarında, xəyali zamanlarında yaşayırlar.
Onlar üçün "vaxt məhdudiyyəti"
anlayışı yoxdu. Ən bol şeyləri elə
zamandı - ölümlərinə sayılı günlər
qalsa belə...
Niyazi Mehdi isə bu "zaman vakuumu"ndan çox
uzaqdırsa da, yenə də arxayınlaşmır, ondan
qaça bildikcə qaçır. Ona görə də
XXI əsrin sürətilə ayaqlaşa bilir. Çalışıb çabalayır ki,
yaşı artsa da, qocalmasın. Gənclərlə
cavan, qocalarla müdrik ola bilsin. Məncə, bacarır da. Buna ən
yaxşı misal onun "Altay və Umay" romanıdır.
"In
time" filmi var (dilimizə "Zamana qarşı" kimi
çevrilib). Orda personajlar zamanla
yarışırlar. Qollarında
daşıdıqları saniyəölçən qalan limitli
ömürlərini göstərir. Hər gün də
bu limit yenilənir. Vaxtı
yenilənməyən ölür. Pulu da,
var-dövləti də vaxt əvəzləyir. Adamlar hər şeyi vaxtla, öz ömürləri
ilə ala, əldə edə bilirlər.
Müəllifin vaxtölçəni kimi "Altay və
Umay" çıxış edir. Onu müasirliyə
yaxınlaşdırır, mühafizəkarlıqdansa əksinə,
uzaqlaşdırır.
Niyazi Mehdi ədəbi və elmi camedə filosof kimi
tanınır.
Öyrəşmişik, bütün filosoflar, ədəbiyyatşünaslar,
elm adamları dolaşıq cümlələr qurmağın
ustası olurlar. Ya da buna
çalışanda özləri dolaşıb qalırlar, - ədəbiyyatşünas
tanıyıram, yazısının ilk on cümləsinin hərəsində
ən azı bir "mən" əvəzliyi olur, - ona
görə də elmi məqalələri oxumağı sevmirəm.
Elə elm adamlarının yazdığı
romanları da.
Niyazi Mehdinin kitabını açmamış məndə
həmin o qərəz yenə baş
qaldırmışdı. Üstəlik, müəllifdən
oxuyacağım ilk ədəbi mətn olacaqdı. Birdən
o da...
Birinci gözümə dəyən "heç də bayağı olmayan melodrama" frazası oldu. Bu cümlə nəsə çox oynaqdı. Azərbaycanda mövcud "Elm adamı" qəlibinə heç sığmırdı. O ifadə də kinayə də, lağ da, sentimentalizm də vardı, hələ üstəlik, özünümüdafiə də. Amma hardan baxsan, sarkazm daha ağır gəlirdi tərəzinin gözündə. Buna rəğmən yenə də ilk təəssüratımı doğruldacaq ipucu axtarırdım kitabda. Axtara-axtara bir də baxdım ki, kitabı yarılamışam.
Mətn çox oynaq yazılıb. Mövzusuyla üslubu bir-birinə uyğun gəlir. Müəllif oxucunu uşaq kimi qabağına qoyub danlamır, əlindən tutub yeriməyi öyrətmir. Ayaqlarını altına pambıq səpə-səpə getdikcə uzaqlaşır. Elə bil buludun üstündə gəzirsən. Amma hərdən qəfil yan-yörədən boylandığı, eyhamlara, sataşmalara keçdiyi də olur. Və bu boylanmalar, dostyana gözvurmalar, qımışmalar, qəmiş qoymalar qıcıq doğurmur. Əksinə, istiqanlılıq, dostyanalıq aşılayır oxucuya. Müəlliflə də, personajlarla da yaxınlaşmaq, qədəh-qədəhə toqquşdurmaq, lap elə Altay kimi, hansısa pivəxanada lül-qənbər olmaq istəyirsən. Təki roman axdıqca, axsın, heç bitməsin, nöqtəsi qoyulmasın.
Bir haşiyə çıxım: Müsbət xanaya yazılacaq xallardan digəri müəllifin yumoru, sarkazmıdır. Niyazi Mehdi öz dostlarına, sənət və qələm yoldaşlarına, hətta özünə belə gülməyi bacarır. Çatşmayan cəhətlərini ustalıqla göstərir...
"Kitabı elə yoldaca, yarısını işə gedəndə, yarısını da işdən qayıdanda oxuyub bitirdim" desəm, yalan olar. 10-12 səhifə qaldı. Onu da yeməyimi yeyəndən sonra, divanda uzanıb mixəkli çayı ləzzətlə qurtumlayanda bitirdim.
Belə əsər haqqında yazmamaq günahdı. Adam yazmayanda korşalır/korlanır. Korlanan/korşalan yazıçıdan da ki, nəinki cəmiyyətə, heç özünə mədəd yoxdur.
Üstəlik, müəllif qeyd edir ki, "Altay və Umay" onun birinci və ola bilsin, sonuncu romanıdır.
Azərbaycan folklorunda, şifahi xalq ədəbiyyatında əksliklərdən geninə-boluna istifadə olunub. Gecə-gündüz, xeyir-şər, saçlı-keçəl, varlı-kasıb, qorxaq-igid, ağ qoç-qara qoç. Siyahını mənim üçün ayrılan bir qəzet səhifəsi dolana qədər uzada bilərəm.
Niyazi Mehdinin də sözügedən mətndə bu ikililikdən çox müztərib olduğu göz qabağındadır. Mətn boyu filosof Niyazi Mehdiylə yazıçı Niyazi Mehdi hey qovğadadılar. Gah biri güc gəlir, gah o biri. Amma mətn boyu da biri o birinin dizini yerə gətirə bilmir. Ta ki... "Ta ki"si, filan yoxdu. Bir də baxıb görürsən ki, filosof Niyazi Mehdi yoxa çıxıb. Sənin yanında qalan ancaq yazıçıdır. Üstəlik, onun qələmindən oxuduğun ilk mətn olsa belə, müəllifin kimliyindən əminsən. Dəqiq bilirsən ki, bu mətni məhz Niyazi Mehdi yazıb, özü də yazıçı Niyazi Mehdi.
Professor bəzi ədəbi sualları dilemmaları elə yüngül "akkord"larla oxucuya təqdim edir ki, heç ruhun da incimir. Hətta "Sənət sənət üçündürmü?" sualına axtarılan cavab bu arayışa doymuş oxucuları belə qıcıqlandırmır. Əksinə, bu əzəli mübahisəyə fərqli baxış bucağı qazandırır.
Altayın dilindən eşitdiyimiz "bir istəkan su" ifadəsi də ilk baxışda diqqət çəkən məqamlardandır. Bu ifadənin kökü XIX əsr İngiltərəsində yaşayan bir zadəgan kişiyə gedib çıxsa da, XX əsrin əvvəllərində rus bolşeviklərinin "atüstü münasibətlər"dəki qadınlara verilən paroluydu. Bu detal/parolun xatırlanması məğzdən xəbərdar olanların üzündə ən azından təbəssüm oyadır.
Başqa bir təqdirəlayiq cəhət romandakı gözlənilməzliklər bolluğudur. Sanki heç nə planlı deyil. Əslində, bu, müəllifin hər şeyi dəqiqliklə, ən xırda detalına qədər ölçüb-biçməsindən xəbər versə də, işin sirri elə bundadı - oxucunu gözlənilən təsadüfiliyə inandırmaqda. Əsərdə hər şey ssenarisiz, məşqsiz, dublsuz, işıqsız, kameralarsız, spontan baş verir. Qəhrəmanlar heç nəyə hazırlaşmadan hadisələrin mərkəzinə düşürlər. Təxminən Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü"ndə yazdığı kimi, həyat rəssamın çəkdiyi eskizlərin eskizidir. Nəyisə məşq etməyə vaxt, şans olmur. Əslində, Niyazi Mehdi "Altay və Umay"ı bir az da kunderavari yazıb. Böyük çex yazıçısında, - Jan Pol Sartrda olduğu kimi, - bütün cümlələr sanki dairəvidir. Əvvəliylə sonu sıx bağlıdır. Ona görə təsir gücü kəskin olur. Lap şərabın qəfil sərxoş etməsi kimi... Niyazi Mehdi də öz fəlsəfi düşüncələrini, ideyalarını, həyata baxışını sadə cümlələrə, spontan şəkildə yükləməyi ustalıqla bacarır. Mətn minalı sahəyə dönür. Səni söz silləsi, məna fırtınası, mesaj axını harda yaxalayacaq, bilmirsən.
Filosof-yazıçı (söhbət "Altay və Umay" romanından gedirsə, bu ifadə "yazıçı-filosof" şəklində olmalıdır!) əslində, mətn boyu oxucunun əsəbinin oyaqlığını yoxlamaqdan yorulmur. Xüsusən, Altayın timsalında bəzən elə mövzulara, üstəlik elə üslubda girişir, "heç kim öz dost-tanışıyla pivələyəndə bu cür danışmır" düşüncəsi Cənnətdəki ilan kimi gəlib boynuna dolanır. Amma oxuduqca görürsən ki, müəlliflə razılaşırsan ki, üslub da, mövzu da tam yerindədi. Olmasaydı, roman da, müəllif də, elə oxucu da bir növ yarımçıq qalardı.
Məni oxucu, eyni zamanda, gənc kimi təəccübləndirən detallardan biri də Niyazi Mehdinin Sovet hökumətinə, üsul-idarəsinə münasibəti oldu. Onun yaşıdlarının əksəriyyəti hələ də Sovet hökumətinin, o illərin xiffətini çəkir. Amma professor Altayın diliylə çox aydın şəkildə o vaxtın problemlərini qabardır, dövrün və nəsillərin müqayisəsini aparır. Bu da bir növ "atalar və oğullar" davasını, Edip kompleksini xatırladır:
"... Düzdür, çörəyin qiyməti dəyişmirdi, ancaq hər yerdə çörək almaq üçün növbəyə durmaq lazım idi. İndi biz bu dəhşəti az görürük, hərdən poliklinikada növbəyə durmalı olursan. O çağlar isə hər yerdə nəsə almaq üçün növbəyə durmalı idik. Televiziyalar, qəzetlər qəzaları, zəlzələni, bir sözlə, ölkənin əhvalına pis təsir edəcək hadisələri gizlədirdilər - bundan da adamlarda cənnət hissi yaranırdı. İndiki adamlar o dövrü yada salanda bu hiss yaranır. Bu onun gözünün "kor" olmasından deyildi - nəyə görə xaricə səfər etmək elə çətin olurdu ki, hamı həsrət çəkirdi. Deyirlər, bəziləri orada marketləri görəndə havalanırdı. Bir düşünün, indiki Bakı marketləri 70-ci illərdə bir anlıq peyda olsaydı, camaat necə dəliyə dönərdi".
Bu qısa hissədə nə boyda həqiqət, nə boyda sosial düşüncə məhsulu gizlənib...
Niyazi Mehdini, bax, elə bu cümlələrinə görə, Azərbaycan düşüncəsinin, azərbaycanlı yanaşmasının Suqovuşanı adlandırmaq olar. Çünki bizə nəsillərin didişməsi yox, birləşməsi lazımdı.
Yaxud düşünün ki, kitabı açan kimi, "Azərbaycan yaxşısı, zir-zibili ilə həmişə biz düşündüyümüzdən böyükdür. Sanki onun oğlan və qızlarını, kişi və qadınlarını bir mentalitet fırladır. Azərbaycan başdan-ayağa klonlar, bir-birinin kopyası olan adamlar dünyası kimi görünür. ...Hamısı oxşar düşünür, oxşar arzularla çalışır, oxşar qızır, oxşar sevinir, oxşar gülür" sözlərilə qarşılaşırsan. Adamın başına hava gələr. Amma oxuduğunuz Niyazi Mehdidisə, daha artığına hazır olmalısınız. Əlbəttə, müəllif bəzi məqamlarda klişelərdən, ifrata varmaqdan, hətta dayazlıqdan qaça bilməyib. Ya da kim bilir, bəlkə də qaçmayıb. Axı, bura Azərbaycandı, yan-yörəmiz özünü dərin sanıb "çimərlik toru"nu keçə bilməyən dayaz adamlarla doludu.
"Altay və Umay" bütün zahiri
göstəricilərinə görə, Şərqin yox, Qərbin
romanıdı. Və əlbəttə, semantikasından
dolayı. Mətnin ürəyi Şərqlə
döyünür, öz yerində. Amma qalan hər şey Qərbə
hesablanıb. Bu dediyim maddi, göstərilə biləcək nəsnə
deyil. Mətnin qərbli olmasını intuitiv olaraq hiss etmək
lazımdır. Kitabın özündən,
sözlərindən, cümlələrindən, fəsillərindən
- hər şeyindən Qərb qoxusu gəlir və roman
(çox qəribə şəkildə) bütövlükdə
elə Azərbaycandır. Şəqliliyi, qərbliliyi,
dolaşıqlığı, üslubu, bir az miyanəliyi,
yumoru, sarkazmı - özüylə.
Cavid QƏDİR
525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.19.