"Bu universitet bir palıd ağacına oxşar ki..."

 

100 ildir kölgəsindən minlərlə insan bəhrələnir

 

 

"Bakıda darülfünun olması mümkündürmü?"

Bu, yüz il əvvəlin sualıdır...

"UNESCO-da Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub".

Bu isə bu günlərin xəbəridir.

Amma yüz  il əvvəl "Bakıda darülfünun olsun, yoxsa olmasın" sualı indiki kimi sadə səslənmirdi.

Yüz il əvvəl zəmanə başqa idi.

1919-cu ilin isti bir avqust günündə Azərbaycan parlamentində gedən müzakirənin baş mövzusu belə idi:

Bakıda darülfünun olsun, olmasın? 

Bu sual cəmiyyətin qabaqcıl adamlarını iki cəbhəyə bölmüşdü: "Hə" deyənlərə və "yox" deyənlərə...

Mürəkkəb zaman idi...

İnsanlar isə...

Hər iki cəbhəni təmsil edənlər yeni, müstəqil Azərbaycanı quranlar idi.

Sadəcə "hə" deyənlər universitet yaratmaqla fundamental elmlərin inkişafına təkan vermək istəyirdilər.

"Yox" deyənlər isə... bütövlükdə universitet yaradılmasının əleyhinə deyildi, onlar fikirlərini bunun "hələ tez olduğu" ilə əsaslandırırdılar.

Əslində isə tez deyildi!

Hətta gec idi!

Bakıda bu müzakirələrin getdiyi bir vaxtda dünyada yaradılmasının min illiyi qeyd olunan universitetlər var idi.

Və bir də elmi araşdırmalarla ortaya qoyulmuşdu ki, orta əsrlərdə ilk universitetlərin yaranması şəhərlərin inkişafı ilə bağlı olub.

XX əsrin əvvəllərində Bakı kifayət qədər inkişaf etmiş şəhər sayılırdı. Ən azı XIX əsrin ikinci yarısından başlayaraq bu şəhərdə neft sənayesinin sürətli inkişafı Bakını dünyanın aparıcı yaşayış məntəqələrindən birinə çevirmişdi. O illərin mətbuatında Bakını hətta Amerika  şəhərləri ilə müqayisə edirdilər...

Bəs belə bir sürətli inkişaf yolu tutan şəhərdə universitet niyə yox idi?

Səbəb sadə idi.

Rusiya imperiyası ucqarlarda əhalinin təhsilinin artırılmasında maraqlı deyildi.

Yerli əhalinin rus dilini öyrənməsi, müxtəlif peşələrə yiyələnməsi üçün böyük şəhərlərdə ibtidai və texniki təhsil müəssisələri açılırdı. Məsələn, dənizçilik sahəsinə dövlət xüsusi əhəmiyyət verdiyindən 1881-ci ildə Bakıda Dənizçilik Sinifləri yaradılmışdı. 

Amma nəinki Bakıda, bütün Qafqazda ali məktəb təşkil etmək nəzərdə tutulmamışdı...

1907-ci ildə Rusiya hökuməti bütün Cənubi Qafqazda maarifin ehtiyaclarına cəmi 114 min rubl xərcldiyi halda, həbsxanaların saxlanmasına 103 min, polis orqanlarının saxlanmasına isə 5 milyon rubl ayırmışdı...

Yalnız Rusiyada 1917-ci ilin fevral inqilabından sonra Qafqazda ali məktəb yaratmaq barədə müzakirələr yenidən aktuallaşmış və onda da... yenə Bakı unudulmuşdu: ancaq Tiflisdə universitet açmağa icazə verilmişdi...

Amma onda artıq xoşbəxtlikdən bu xalqın Peterburq, Kazan, Moskva, Sorbonna... universitetlərini bitirən oğulları var idi...

Və 1918-ci ilin mayında Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqdə ilk demokratik respublikanın yaradılması barədə İstiqlal bəyannaməsini məhz belə universitet məzunları imzalamışdı...

1918-ci il dekabrın 7-də bu respublikanın parlamenti fəaliyyətə başlamış və cəmi 10 gün sonra ilk dəfə bu parlament tribunasından Bakıda Avropa tipli universitet təsis edilməsi barədə məsələ qaldırılmışdı: "Əhrar" partiyasının nümayəndəsi demişdi ki, "ümum fəlakətlərin birinci səbəbi maarif yoxluğudur".

Və bir də əlavə etmişdi ki, "...cümhuriyyət daxilində bu sənədən etibarən darülfünun təsis edilməlidir".

1919-cu ilin aprelində parlamentdə çıxış edən baş nazir N.B.Usubbəyov isə bəyan etmişdi ki, Tiflisdə yaradılması nəzərdə tutulan Qafqaz universitetinin Bakıya köçürülməsi barədə müzakirələr gedir və sentyabrın əvvəllərində tədrisin başlanmasına səy göstəriləcəkdir...

Bakıda universitet yaradılması barədə qızğın parlament müzakirələri isə həmin ilin avqustunda başlanmışdı...

Amma qəribədir ki, hələ bundan il yarım əvvəl Bakının yazıb oxumağı belə bacarmayan bir milyonçusu da universitet sevdasını dilə gətirmişdi... 

H.Z.Tağıyev universitet arzulayır...  oğlunun dəfn günündə

Parlamentdə universitetlə bağlı müzakirələr zamanı S.M.Qənizadə hələ 1918-ci ilin martında H.Z.Tağıyevin oğlu Məhəmmədin əlində tüfəng açılması nəticəsində Lənkəranda həlak olmasını yada salaraq demişdi: "...Onun cənazəsi bura gətirilib dəfn edildikdə, neçə min adam müşayiət edirdi. O vaxt Hacı cənabları adamların hüzurunda uca səslə dedi: Həzarat! Mən hazırlaşırdım ki, oğluma toy edim. Lakin qəza belə gətirdi ki, oğlum əlimdən getdi. Ona görə mən oğlumun yadigarı olaraq, millətin xeyri üçün, gələcəkdə cavanlar xoşbəxt olsunlar deyə istəyirəm ki, burada bir darülfünun təsis olunsun. Onun təsisindən ötəri də öz passajımı darülfünuna bəxş edirəm".

Hacı sonradan öz passajını - indi hamının "köhnə univermaq" kimi tanıdığı binanı uinversitetə niyə verməyib?

Bu, başqa məsələdir. Amma hətta təhsili olmayan bir adamın "millətin xeyri üçün" darülfünun arzulaması bu millətin təhsil yanğısından xəbər verirdi.

1919-cu ilin avqustunda parlamentdə gedən qızğın müzakirələr də bu yanğının təzahürü idi: universitet olsun, yoxsa olmasın?

Onda M.Ə.Rəsulzadə millətin istəyini qısaca belə ifadə etmişdi: "Madam ki, biz hamımız bir nöqteyi-nəzərdəyik ki, ülum (elmlər - M.H.), fünun (fənlər - M.H.)  bizə lazımdır. Etiraf etməliyik ki, darülfünun da bizə lazımdır".

O dövrün leksikonunda işlənən "darül" ev demək idi, "fünun" isə fənlər...

Deməli, bizə darülfünun - "fənlər evi", "elmlər evi" lazım idi.

Amma hələ millətin belə bir təhsil ocağı yaratmağa hazır olmadığını əsaslandıranlar, bunun təhlükəli olduğunu düşünənlər də var idi. Hətta  Yusif Əhmədov adlı parlament üzvü demişdi ki, "darülfünunun Bakıda olması münasib deyildir, çünkü məncə bilirsiniz ki, darülfünun olan yerlərdə həmişə böyük inqilablara bais olmuşdur".

Maraqlıdır ki, bu gün ifrat solçu mövqeyinə görə bəzən hətta nifrətlə yad etdiyimiz Ə.H.Qarayev də həmin müzakirələrdə universitet əleyhidarlarına sərt cavab vermişdi: "...Bir mədəniyyət ki, füqərayi-kasibə üçün gəlir, siz barmağınız ilə onu tutmayın, qoyun o işıq Azərbaycan füqərayi-kasibəsi üzərinə düşsün".            

Niyə məhz universitet?

Müzakirələr zamanı universitet yox, sadəcə müəllim hazırlayan ali məktəb təşkli barədə də fikirlər səslənmişdi.

M.Ə.Rəsulzadə dərhal izah etmişdi ki,  "...darülfünun yalnız tələbələr hazır etməyir. Bununla bərabər, elm və fənnə aşina adamların və ərbab ixtisasın bir məcmui olacaq ki, bir tərəfdən təlim etməklə digər tərəfdən məmləkəti öyrənir, onun əhval və xüsusiyyatını təhlil və tədqiq edir".

Yəni açılacaq ali təhsil ocağı sadəcə müəllim hazırlamaq məqsədi güdmürdü. Yeni təhsil ocağı sadə bir ali məktəb deyil, elmi biliklərin əsasını təşkil edən bir neçə fənn üzrə mütəxəssislər hazırlayan və fundamental elmləri araşdıran tədris ocağı olmalı idi.

Həm də Cümhuriyyət qurucuları Bakıda Avropa tipli universitet yaratmaq istəyirdilər. Maarif naziri R.Kaplanov Avropada gedən inkişafdan söhbət açaraq deyirdi ki, "onlarda ruhi-gövhər, bizdə isə buna müqabil qalın bir pərdə vardır. İştə o pərdəni yırtacaq və ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir".

Həmin müzakirələrdə hətta sosialist təmayüllü Səmədağa Ağamalı oğlu da demişdi ki, "indi darülfünundan qalmaq ilə Avropadan məhrum olacağıq və vəziyyətdən də xəbərimiz olmayacaqdır".

Sonra da əlavə etmişdi: "Burada söylədilər ki, universitet 18 milyon pul aparır. Ona görə o ağır xərci cəmaətin üstünə yükləmək olmaz. Mən bilmirəm, bu yazıq cəmaət necə olur ki, qeyri-şeylərdə yaddan çıxır, elm, şkol ki, cəmaətin gözünü açır, onda cəmaət yada düşür".

Parlamentin bu "solçu" üzvü hesab edirdi ki, "...universitet açmaq bir işə sərmayə qoymaqdır. ...Mən öylə bilirəm ki, universitet öylə bir şey deyil ki, istədiyin vaxt onu asanlıqla tikə biləsən. Bunu hər kəs bilir. Bu universitet bir palıd ağacına oxşar ki, basdırarsan, iyirmi ildən sonra çıxacaq".

Müzakirələr universitet açılmasının vacibliyini sübut edir.

Bu dəfə universitetin hansı dildə açılacağı mübahisə doğurur.

Rusdilli universitetdən qorxanlar və... 

O vaxt Bakıda kifayət qədər "üləma" - alimlər yox idi. Ona görə Cümhuriyyət qurucuları bu işin təşkilini o dövrün tatınmış rus alimi V.Razumovskiyə həvalə etmişdilər.

Təbii ki, universitetdə təhsil rus dilində olmalı idi, türk dilinin məcburi tədrisi ilə...

Amma bu fikir də mübahisə doğururdu. Məsələn, Abdulla bəy Əfəndiyev deyirdi ki, "...indiki darülfünunu yetişdirən müəllimlər, gərək türk dilinə aşina olsunlar. Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin".

Belə müəllimlər isə yox idi!

Onda M.Ə.Rəsulzadə yenə söz alır: "...bizə elmi və fənni Çində belə olsa öyrənməyi tövsiyə etmişlər. Binaən-ileyh Çində öyrənilməsi lazım gələn bir elmi Azərbaycan paytaxtında bir çinli ağzından öyrənməkdən bizim üçün heç bir fərq və xətər yoxdur. Biz rusluq mərkəzində, rus darülfünunlarında təhsil edənlərdən zərər görmədik".

R.Kaplanov isə əlavə edir: "Əvət bu ocağın meydana gəlməsi üçün bunun milli olmasını icab (zəruri - M.H.) edir. Təbii milli dediyimiz zamanda milli bir elm xatirə gəlməsin. Çünkü bir elm milli olamaz. Elm nə türklərə, nə fransızlara aiddir".

Beləcə Azərbaycan parlamenti gərgin müzakirələrdən sonra - 1919-cu il  sentyabrın 1-də "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" qanun qəbul edir.

Bakı Dövlət Universiteti gənc müstəqil respublika üçün kadrlar hazırlamağa 1919-cu il noyabrın 15-dən başlayır...

Amma...

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik işğalına məruz qalır və hakimiyyət devrilir. Lakin cümhuriyyət qurucularının yaratdığı dövlət universiteti yaşayır...

1922-ci ildə 30 nəfər gənc ali təhsilli həkimə ilk universitet diplomları təqdim olunur. Onlardan iki nəfəri Azərbaycanlı qızlar idi və sonralar respublikanın adlı-sanlı həkimləri olacaqdı...

Sonralar xalqın taleyində mühüm rol oynayan ilk mütəxəssislər bu universiteti bitirirlər...

Sonralar Nobel mükafatı alacaq məşhur fizik Lev Landau bu universitetin ilk tələbələrindən olur...

Və zaman dəyişir...

Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet böyüyür, yeni fakültələr açılır. İllər keçdikcə bu universitetin bazasında yeni ali məktəblər yaranır...

Sonralar  "S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti"nə çevrilsə də, Bakı Universiteti bütün dövrlərdə ölkənin aparıcı təhsil və mədəniyyət mərkəzi olaraq qalır. Dil və ədəbiyyatın, tarix və mədəniyyətin inkişafında əvəzsiz rol oynayır.

Son söz əvəzi

... 80-ci illərin sonlarında Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı başlayır. Və bu təhsil ocağı bu dəfə də klassik universitet statusuna sadiq qalır - xalq hərəkatının mərkəzinə çevrilir.

Az sonra Azərbaycan dövlət müstəqilliyini bərpa edir.

Lakin müstəqilliyin ilk illəri gərgin siyasi və iqtisadi çətinliklərlə müşayiət olunur.  Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaranır. Keçid dövrünü yaşayan ölkəni xaos və parçalanmadan Bakı Universitetinin dünya şöhrətli məzunu xilas edir: Heydər Əlirza oğlu Əliyev...

Və illər keçəcək, həmin məşhur məzun qürurla deyəcəkdi: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır".

İndi milli iftixarımız olan bu universitetdə 18 fakültə, 127 kafedra fəaliyyət göstərir,  250-yə yaxın ixtisas üzrə kadrlar hazırlanır.

O kadrlardan biri də bu sətirlərin müəllifidir...

 

Müsəllim HƏSƏNOV

Yazı Bakı Dövlət Universitetinin "100 ilin zirvəsində" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

525-ci qəzet.- 2019.-  27 sentyabr.- S.8.