90 illik milli
xoreoqrafiya təhsili: problemlər və
perspektivlər
Məlum
olduğu kimi, 2019-cu il milli xoreoqrafiya
sənəti üçün
əlamətdar ildir, çünki 90 il öncə Müsəlman
Şərqində ilk dəfə
məhz Azərbaycanda
xoreoqrafiya təhsilinin
əsası qoyulub, 5 il öncə isə Bakı Xoreoqrafiya Məktəbinin
bazasında müasir dövrdə milli xoreoqrafiya sənəti ənənələrinin qorunub
saxlanılması, öyrənilməsi,
tədqiqi, təbliği
və gələcək
nəsillərə çatdırılması
fəaliyyətlərini həyata
keçirən, öz
çoxpilləli təhsili
ilə unikal ali təhsil müəssisəsi adını
qazanan Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
təsis olunub.
Yarandığı gündən düz
85 il ərzində ölkədə xoreoqrafiya
sənəti üzrə
yeganə ixtisaslaşdırılmış
orta ixtisas təhsil müəssisəsi
olan Bakı Xoreoqrafiya Məktəbi nəinki Azərbaycanda, eyni zamanda, dünyanın
bir çox ölkələrində tanınan,
seçilən balet artistləri və rəqs ustaları yetişdirib. Onlardan Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Tamilla Məmmədova, Xumar Zülfüqarova, Afaq Məlikova, Roza Cəlilova, Ramazan və Olqa Arifulinlər, Vladimir Pletnyov, Qızqayıt Xudaqulu qızı, Nailə Nəzirova, Rüfət və Valentina Zeynalovlar, Ella Almazova kimi görkəmli
sənətkarlar milli
xoreoqrafiya sənəti
xəzinəsinə əvəzsiz
töhfələr veriblər.
Bu sənətkarların əksəriyyəti Moskva
və Peterburqun xoreoqrafiya məktəblərində
stajçəkmə və
ixtisasartırma kurslarını
keçərək, sonralar
Bakıya qayıdıb
pedaqoji fəaliyyətlə
də məşğul
olublar. Lakin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eyni zamanda, Azərbaycan
Dövlət Filarmoniyasının
Dövlət Rəqs Ansamblı və Dövlət Mahnı və Rəqs Ansamblın zəngin repertuarını nəzərə
alsaq, burada yüksəkixtisaslı balet
və rəqs ifaçılarına ehtiyac
artmaqla, peşəkar
pedaqoq və baletmeysterlərə də
ehtiyac artırdı.
Əlbəttə, bir müddət
sonra, yəni 90-cı
illərin ortalarında
baletmeyster və xoreoqraflara olan ehtiyacı ödəmək
üçün Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində "Baletmeyster
sənəti" ixtisası
açılmış, universitet
illər boyunca ali təhsilli
baletmeysterlər hazırlayıb,
müxtəlif teatr və kollektivləri peşəkar kadrlarla təmin etmişdi. Lakin sənət baxımından
belə bir pərakəndəlik bir çox problemlərə səbəb olmuş, sözü gedən sahədə inkişaf templərini xeyli zəiflətmişdi.
Odur ki, Azərbaycanda mədəniyyət siyasətinin
əsas xüsusiyyətlərindən
olan sənət və bədii təhsildə konseptuallıq,
Azərbaycan Respublikasında
xoreoqrafiya sənəti
ənənələrinin qorunması
və inkişaf etdirilməsi zərurətini
nəzərə alaraq,
xoreoqrafiya sahə üzrə yüksəkixtisaslı
kadrların, o cümlədən,
peşəkar ifaçı,
pedaqoq və tədqiqatçıların hazırlanması
məqsədilə 2014-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin
bazasında ümumi, orta ixtisas və
ali təhsil proqramlarını həyata
keçirən Bakı
Xoreoqrafiya Akademiyası
yaradıldı. Məhz bunun
nəticəsi olaraq Azərbaycanda milli xoreoqrafiya sənəti sahəsində elm, təhsil
və yaradıcılıq
işlərinin koordinasiyasını
və bu sahədə olan problemlərin həllində
mütəxəssislərin birbaşa iştirakının
təmin edilməsini göstərmək olar.
Fəaliyyətə başladığı gündən
Bakı Xoreoqrafiya Akademiyası hər hansı bir əsərin xoreoqrafik təcəssümünü həyata
keçirmək üçün
tələb olunan peşəkar kadrların hazırlanması məqsədilə
zəruri ixtisasların
açılması ilə
bağlı müvafiq
dövlət qurumları
qarşısında əsaslı
olaraq vəsatət qaldırıb. Xoreoqrafiya sənəti (klassik
rəqs, baletmeyster sənəti, milli rəqs, modern rəqs, balet rejissoru) ilə yanaşı, akademiyada rəqs müəllimliyi, sənətşünaslıq
(səhnəqrafiya tarixi,
geyim tarixi, xoreoqrafiya tarixi), dizayn (səhnə tərtibatı, milli və klassik rəqslər üçün
geyim dizaynı) və digər əlaqəli ixtisaslar açılıb.
"Rəqs müəllimliyi"
ixtisası üzrə
peşəkar kadr hazırlığı tarixən
formalaşmış və
mədəniyyət baxımından
mühüm olan klassik xoreoqrafiya sənəti sistemi vasitəsilə həyata keçirilərək, ali
və orta ixtisas məktəblərində
rəqs fənləri
üzrə müəllimlər,
eyni zamanda, paytaxt və regionlarda fəaliyyət göstərən balet truppaları, teatrlar,
professional rəqs ansamblları
və konsert təşkilatlarında çalışan
balet və ansambl artistlərinin peşə bacarıqlarını
artıran, səhnə
çıxışlarına hazırlayan məşqçi
müəllimlərin hazırlanmasını
təmin edir. Bunları nəzərə
alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 10 aprel 2017-ci il tarixli 135 nömrəli Qərarı
ilə
"Rəqs müəllimliyi"
ixtisasını dövlət
tərəfindən tanınan
ixtisasların təsnifatına
daxil etmişdir.
Balet və ya ansambl artistlərinin
səhnə fəaliyyəti
zaman etibarı ilə çox məhduddur və 38-39 yaşına çatdıqda
onların səhnə
karyeraları bitmiş
hesab olunur. Lakin pedaqoq
kimi fəaliyyət göstərmələri üçün
onların səhnə
fəaliyyətlərindəki uğurları kifayət etmir, onların mütləq xoreoqrafiya sahəsində pedaqoji təhsili, bilik və bacarıqları olmalıdır. "Rəqs müəllimliyi"
ixtisası da məhz buna xidmət edir.
Bununla belə
xoreoqrafiya sənətinin
yaşadılması və
inkişafı üçün
fundamental elmi tədqiqat
işlərinə də
böyük ehtiyac vardır. Buna görə
akademiyada fəaliyyətdə
olan magistratura və doktorantura təhsil səviyyələrinin
də rolu böyükdür.
Bakı Xoreoqrafiya
Akademiyası 90 illik xoreoqrafiya
sənəti ənənələrinin keşikçisi
olsa da, çox gənc bir ali təhsil müəssisəsidir.
Ümidvarıq ki, çox
yaxın gələcəkdə əsası son
beş il ərzində
qoyulan çağdaş
xoreoqrafiya təhsili ənənələri
öz bəhrəsini verəcək
və hamımız bunun canlı şahidi olacağıq.
Əbülfəz
BABAZADƏ
Bakı
Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri
525-ci qəzet.- 2019.- 27 sentyabr.- S.10