"Qorxu"nun poetik anatomiyası

 

 

Rəşid Təhməzoğlunun "Qorxu" poeması əşirətdən də əvvəlki dövrü, hələ ibtidai insan sürülərinin olmadığı, hələ qəbilənin, tayfanın yaranmadığı, ilk insanın təşəkkül tapdığı çağdan bəhs edir, Adəm və Həvva əhvalatını xatırladır.

 

Elə bir dövrdür ki, yer də, göy də, hava da, su da təmizdir, safdır. Hələ insan əli ilə heç nə qurulmayıb, heç nə çirkləndirilməyib. Amma təbiət öz qaydasındadır: dənizdə fırtınalar qopa bilir, yerdə zəlzələlər, qasırğalar, tufanlar...

Dəniz içərisindəki bir adada yaşayan ailə Torpaqoğlu və Odlarqızı adlı iki qocadan və onların bir oğlundan ibarətdir.

Torpaqoğlu da, Adəm kimi, mənşəcə torpaqla bağlıdır. Odlarqızı məhəbbət odundan yaranıb. Onların oğlu - Odlaroğlu da bu iki insanın sevgi odundan doğulub.

Odlaroğlu təkdir. Bir gün təbiət onun da qismətini yetirir, dənizdə qopan fırtınanın sahilə atdığı, saçları kötüyə dolaşmış Sularqızını görüb kömək edir, saçlarını kötükdən aralayır. Dəniz sularının sirli yetirməsi olan gözəl Sular qızı sularda doğulmuşdur. Odlaroğlu onu azad etsə də, əllərini əllərindən buraxmır. Qocalar oğlanlarının cüt qayıtdığını görüb sevinirlər. Bu cütdən yeni insanlar, bacı və qardaş-əkizlər doğulur. Dəniz içərisindəki adada doğulan əkizlərə Adaoğlu, Adaqızı adlarını verirlər.

Aylı, Günəşli, dalğalı, dənizli günlər bir-bir ötür. Bir gün, bir gecə göy gurultusu, güclü tufan başlayır, qasırğa adanı qoynuna alır. Ömür boyu hər cür qorxuya qalib gələn Torpaqoğlu bu dəfə nə heyvanları, nə quşları, nə də özünü qoruya bilir. Tufanın pəncəsində balıq kimi çırpınsa da, xilas ola bilmir, yoxa çıxır. Nəhəng bir ağac komanın qapısına düşüb, onu açılmağa qoymur, ana-ata və əkizlər xilas olurlar.

Odlarqızı da qocanın yoxluğuna dözmür, canını tapşırır. Çox gözləsələr də, yatan qarı ayılmır. Odlaroğlu hörmə qamışlarla onun cəsədini bürüyüb, boz qayanın dibini oyaraq anasını orada dəfn edir. O yerlərdən köçməli olurlar.

Bir mif kimi, bütün qədimliyi insan su ilə bağlamışdır. Şumer əfsanəsində də belədir: bütün Varlığın "böyük anası" sayılan Nammu okean sularında yaşayır.

Qeyd etdiyimiz kimi, əsər bəşərin yaranmainkişaf yolunu Yer üzü əhalisinin miflərinə müvafiq əks etdirir. Yer üzündə bir pöhrə kimi zərif və titrək olan ailənin adada baş verən təbii fəlakətdən sonra salamat qalan üzvləri təbiət qüvvələri ilə vuruşa-vuruşa, dağlı-meşəli, bulaqlı-çəmənli, otlaqları, çayları, gözəl iqlimi olan əlverişli bir məkana gəlib çıxır və orada məskən salırlar.

Müəllif dilin, varlığın, əxlaqi keyfiyyətlərin, təbiətə uyğunlaşmanın, ümumi inkişafın - bütün hadisələrin təsvirində ibtidai inkişafı, ilkin doğuluşu poetik yolla əsaslandırmağa çalışıb.

Təbiətin hər bir hadisəsi bu ilk insanlar üçün həm möcüzə, həm də fəlakətdir. Lakin insan bütün qorxulara sinə gərə-gərə bərkiyir və gələcəkdə adi vərdişə çevriləcək bir çox adət və ənənələrin əsasını qoyur.

Əsər boyu ailənin fəaliyyətində ilkin adqoyma tələb və ənənələri, ilkin yaranış, ilkin vərdiş və adətlər, hər cür insani fəaliyyət diqqətlə nəzərə alınmış və mümkün məqamlarda onların ilkinliyi xatırlanmışdır. Yəni tutaq ki, indi Odlaroğlu dəniz sularında bir-birinə bağlanmış tirlər üzərində üzürsə, ilk insanın bu fəaliyyəti gələcəkdə ağır yüklər, qorxulu silahlar daşıyan ağır gəmilərin yaranması ilə nəticələnəcəkdir. Poemada bu cür təsvir hər bir hadisə və əşyadan danışılarkən nəzərə alınmışdır. Və məhz poetik təsvirin bu cür gedişi oxucunu ilkinlik obrazlarının təbiətinə inandıra bilir.

Əsər lirik-epik poemadır. "Ön söz yerinə", "Üçüncü işıq: su", "Dördüncü işıq: tapım - 2", "Son söz yerinə" hissələrindən ibarətdir. Hər bölmənin yazılma tarixi var. Müəllif əsəri bütövlükdə 2016-cı ilin iyun ayında başlayıb, 2018-ci ilin dekabrında bitirib. Poema əksəriyyət etibarilə müəllifin baş qəhrəmanı Sularqızına müraciətlə yazılıb. Lakin əsərdə poetik təhkiyədən də geniş istifadə edilib.

Müəllif, dediyimiz kimi, bütün əsər boyu, bütün söz və ifadələrində, bədii təsvir vasitələrində imkan daxilində ilkinliyi, qədimliyi qorumağa çalışmışdir. Əsas diqqəti, fikri, istiqaməti yaranışın, doğuluşun təbiətinin təsvirinə yönəltməyə səy göstərmiş və qeyd edə bilərik ki, həqiqətdə də, buna nail ola bilmişdir. Odur ki, poema əksəriyyət etibarilə daha çox el dilindən gələn, qədimliyi daha çox andıran sadə danışıq sözləri və bir sıra spesifik şivə leksikası üzərində qurulub. Bu cür sözlər bütün nitq hissələrini əhatə edir: İstək, dilək, itik, yarılğan, cığır, yol-yolaq, çala, şır-şır, sızlartı, göynərti, gizlinc, ağlartı, koma, qan-qada, çöllük, paya, yalquzaq, koğuş, cəngəl (qarışıq ot topası), çırpı, cələ və başqa isimlər, çöysütmək (sakitləşdirmək), iriltmək, səngimək, çözə bilmək, quzulaşmaq (fağırlaşmaq), çırtmaq (günün çırtması - təzəcə görünməsi), çaş-baş düşmək, calamaq, karıxmaq, şivən salmaq, vurnuxmaq, çimir eləmək, çimmək, təpimək, çöməlmək, çökmək, yumulmaq, yaxmaq (çox qızmaq, yandırmaq), oyalamaq, aşırmaq (yemək), yuvalamaq, şitlik eləmək kimi feillər bədii fikri məqsədəuyğun şəkildə ifadə etmək üçün böyük imkanlar yaratmışdır. Naxış-naxış (geyimlər), islaq (torpaq), kum (dəstə, topa, gül dəstəsi), donuq-donuq (baxdı), uzalı (qalmaq), laqqalaqla (yalamaq), çığırtıyla (çəkmək), bığaltından (gülümsədi) kimi atributivadverbial leksika da bədii dildə eyni gücə malikdir.

Rəşid Təhməzoğlunun üslubu üçün qalxanmadı, deyənmirdi, tutanmadı, duranmadı, tapanmırdı, dözənmədi, çatanmırdı, çözənmədin tipli feili quruluş da xarakterik olub, təbiilik və qədimlik təsiri bağışlayır: Qalxanmadın, ayaqların saxlamadı. Deyənmirdin, bir düşüncə səni candan üzürdü hey. Odlaroğlu ha çırpındı, tutanmadı əllərindən. Odlarqızı dözənmədi, bir quş kimi uçub getdi...

Bu sözlər məzmunca bacarıq tərzinin mənasına müvafiq mənanı şivə çalarında daha yığcam ifadə edir. Hoppanmıram və dözənmirəm sözlərində -an şəkilçisi fərqli mənalar ifadə edir. Birinci sözdə sözdüzəldici şəkilçidir, hoppanmaq istəmirəm mənasını ifadə edir, ikinci sözdə qrammatik şəkilçi olub, bacarmaq, bilmək mənasında qayıdış növ feil düzəlmişdir. İndi geri assimilyasiya ilə bəzi şivələrdə bu cür sözlər dözəmmirəm, deyəmmirəm şəklində işlənməkdədir.

Müəllif bu cür qədimliyi əks etdirən -m,-ım şəkilçili sözlərdən də hadisələrə müvafiq faydalanmışdır. Bu cəhətdən poemada həyat, yaşayış mənalarında yaşam sözü daha çox müşahidə olunur: Ada imiş bu yaşıllıq-oxşarların yaşam yeri. Yaşamının bu çağına uğur olsun, Sularqızı! Həmin günü calayardız yaşamının xoş gününə. Göy sularda yaşıl ada yaşamını yaşayırdı.

Ötüm, keçim, yönüm, tapım sözləri də ilkin sözdüzəldicilik təsiri bağışlayır: Günlər ötdü bu ötümlə, günlər keçdi bu keçimlə. Yoxsa arxlar bu yönümdə ilkin oldu, təməl oldu? Yoxsa tapım gələcəyə işıqlı bir əməl oldu?

-ıq,-tı.-ış şəkilçilərindən də bu məqamda düzgün istifadə edilmişdir: Dönmüş idin bu dənizin, bu suların itiyinə. Əkiz çağa ağlartısı düşdü yaşam komasına. Nənə-baba, ata-ana, bacı-qardaş, bəlkə də, ilk yaranışdı...

Sadə, daha çox el dilindən gələn təbii leksika ilə yanaşı, el dilindən gələn ən qədim ifadələr də hadisələrin ruhuna müvafiq seçilmişdir. Poemada qıyya çəkmək, dinclik tapmaq, çaş-baş düşmək, qaş-qabağı açılmamaq, himini qoymaq, himəbənd (olmaq), çığır-bağır salmaq, qanad açmaq, üz tutmaq, yol(aq) açmaq, gözlərini ovmaq, üzü dönmək, ütü(k) çəkmək, şivən salmaq, göz açmaq, göz yummaq, çaxmaq çəkmək, ocaq çatmaq kimi maraqlı frazeoloji vahidlər fikrin təbii və emosional ifadəsində mühüm estetik gücə malikdir. Yol(aq) açmaq, ütü(k) çəkmək kimi ifadələrdə ismi tərəfin arxaik forması qədimlik, ilkinlik təəssüratı üçündür: Ana kimi çağaların qayğısına yolaq açdın (övlada qayğı çəkmək yolunun əsasını qoydun). Bax beləcə ütük çəkdi qasırğalar bu adaya (yəni olan-qalanı silib-süpürüb apardı, yox elədi).

Əksər ifadələrdə məişətlə bağlılıq, sadəlik var. Odlaroğlu göz açınca; Sevinclərə göz açdınız - birləşmə və cümləsində göz açmaq həm həqiqi mənaya yaxın-baxmaq mənasında, həm də başa düşmək mənasındadır; Dalğınlığa göz yumdunuz - cümləsində göz yummaq ifadəsi unutmağa çalışmaq, fikir verməmək mənasını ifadə edir. Bunlar frazanın da əmələ gəlməkdə olduğunu düşünmək baxımından münasibdir.

Rəşid Təhməzoğlu maraqlı metaforik ifadələr ustasıdır. Sözün məcazi və metaforik ifadəsi fikrin emosional təsir gücünü artırır. Ləpələrin qanadları, sevincin burulğanı, dalğınlığın köynəyi, dəli yellər qanadında, ağrıların ipləri, yorğunluğun damarı kimi birləşmələrdə insana aid xüsusiyyətlər əksərən mücərrəd varlıqların üzərinə köçürülmüşdür. Belə feili metaforik ifadələr daha təsirlidir: Sevincindən gömgöy dəniz sahillərlə öpüşürdü. Dalğınlığın köynəyini əllərinlə cırdın, diddin. Ləpələrdən suyun üzü göpük-köpük qırış oldu. Buludların gözlərindən göz yaşları axdı yerə. Quraqlıqdan çat-çat torpaq çimdi suda birdən-birə. Yüngül-yüngül əsən yel də sığal çəkib, saçı oxşars.

Yel-çöllərin nəfəsiydi kimi perifrastik ifadələr də təbiidir.

Konkret əşya ilə mücərrəd əlamət və hadisənin müqayisəsi əsasında əlamətin gücləndirilməsi: Dənizdən də güclü idi sevincinin burulğanı. Elə bil ki, suya düşən dan yerinin işığıydın - cümlələrində sevincin burulğanının gücü - dənizin gücü, Sularqızının suya düşən bədəni - dan yerinin işığı kimi uğurlu müqayisələr yerinə düşür. Əks əlamətlərin ustalıqla qarşılaşdırılması, birləşdirilməsi: Yırtıcıya dönmüş dəniz quzulaşdı bircə gündə. Sevinclərə göz açdınız, dalğınlığa göz yumdunuz.

Qayalarsa boz dumanı gah bürünər, gah oyalar - misrası dağların zirvəsində, dağlar döşündə qıvrılıb açılan, qaynayan, oyalananya sakit-sakit sürünən dumanın yaratdığı mənzərəni gözəl əks etdirir. Həm də müəllif dumana bürünən demir, arxaik çalarlı dumanı bürünən formasından istifadə edir.

Maraqlı qoşmalı müqayisələr: Çıxdın tirlər üstünə sən sözəbaxan uşaq kimi. Bir yıxılan ağac kimi üzü üstə düşdün yerə. Hey çırpındı balıq kimi. Odlaroğlu yumulmuşdu yumaq kimi. Acgöz kimi tez çəkdiniz suyu başa. ...bir quş kimi hara isə uçarsan sən və s.

Poemada bədii təyinlərin xüsusi tutumu var. Qorxusaçan, qanlar tökən od (silahlar), adsız (düşüncə), oddan doğan (duyğu), işıqgözlü (dan çağı), ağılpozan (ağırlıq), islaq (torpaq)... kimi təyinedici sözlərin seçimi də məntiqi və hadisələrin məzmununa müvafiqdir. Yəni poema süjetkompozisiya quruluşu, vəzni, ahəngi, ümumi məzmunu ilə yanaşı, leksikfrazeoloji ifadə vasitələri, poetik imkanları, məcazilik keyfiyyətləri, trop növlərindən istifadə ustalığı baxımından da birləşərək bir ahəng yaradır, müəllif istəyinin ifadəsinə xidmət edir. Odur ki, əsər oxucuda bəşərin ilkin inkişaf yolunu necə keçdiyi barədə aydın təsəvvür və təəssürat yarada bilir. Təbii ki, bunun üçün şair tarixi yaxşı-yaxşı öyrənməklə yanaşı, tarixilik düşüncəsi yaradan vasitə və üsulları seçməyi də bacarmalı idi və bacarmışdır da. Poema 16-lıq şeir forması ilə yazılmış, sonra səkkizlik şəklində bölünmüşdür.

Poemada qorxu ideyası hadisələrin gedişi prosesində ardıcıl olaraq xatırlansa da, sonda yekunlaşdırılmır, əsərin pafosu ilə açılmır. İlk bəşər övladlarının təbiətin yaratdığı qorxu və fəlakətlərə necə üstün gəldikləri yalnız əlverişli şəraitə çatmaları ilə əsaslandırılmış olur. Müəllif bu cəhətə bir qədər diqqət yetirə bilər.

Poema maraqla oxunur. Rəşid dilimizin tarixinə, bəşərin qədim adət və ənənələrinə, yaradılışın zəruri tələb və qanunauyğunluqlarına yaxşı bələd olduğundan hadisələri nəzərdə tutduğu istiqamətdə nəzmə çəkməkdə çətinlik çəkməmiş, ustalıq göstərmişdir. Qafiyələri təbii axınla gəlir. Zərif duyğu və düşüncələrlə, sevgi və məhəbbətlə, özü dəzərif bir fidan kimi dünyaya gələn, təbiətin hər bir kiçik hərəkət və şıltaqlığı ilə qorxuya düşən, qoxu ilə üzləşən, adi ağacları, tirləri bir-birinə bağlayıb dənizdə üzmək öyrənəninsan indi nəhəng gəmilərlə nəhəng odlu silahlar daşıyaraq təbiətin özü üçün böyük qorxuya, fəlakətə çevrilmişdir. İnsan keçmişini, təbiətin ona etdiklərini yada salmalı, duymalı, düşünməli və geriyə baxmağı bacarmalıdır.

 

 

Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2019.-  27 sentyabr.- S.12.